Məhkəmə qərarları › İş №2(006)-1336/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1336/2024

12.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1336/2024 12.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İddiaçının nümayəndəsi - Nümayəndə, Cavabdehin nümayəndəsi - X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və X1 İctimai Birliyi Baş İdarəsinin iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 Cəmiyyətinin Xətai Rayon Enerji Təhcizatı və Satışı İdarəsi olmaqla cavabdeh X6 Cəmiyyətinə qarşı “maddi ziyan, kartdan qanunsuz tutulan pul vəsaitinin geri ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və X1 İctimai Birliyi Baş İdarəsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərişıq ASC-nin Xətai Rayon Enerji Təhcizatı və Satışı İdarəsi olmaqla cavabdeh X6 Cəmiyyətinə qarşı “maddi ziyan, kartdan qanunsuz tutulan pul vəsaitinin geri ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təşkilata məxsus olan 12-47-681 nömrəli smart-kart tipli sayğacın kartından 21086 manatı qanunsuz tutulan pul vəsaitinin geri ödənilməsini və təşkilata vurulan 9500 manat məbləğində 13 il dövr ərzində sahibkarlıq fəaliyyətinə vurulan ziyan və 3 il məhkəmə prosesində gedən çəkişmələrin əlavə olaraq "xxxx" ASCnin İnzibati orqanlarına avtomobilinin işlətdiyi sərfiyyat yanacaqlarının 569 manat olmaqla ümumilikdə 31155 manat məbləğində dəymiş ziyanın tam şəkildə plastik karta ödənilməsi haqqında cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, təşkilat adından göründüyü kimi şəhid ailələri, əlillər və X1 ilə məşğul olur. Xətai rayon şöbəsi bu birliyin ən böyük şöbələrindən biridir. Şöbənin 700-ə yaxın üzvü vardır. Şöbə Xətai rayonu Nobel prospekti 139C ünvanında yerləşir. Şöbənin ofisi 3 otaqdan ibarətdir. Bununla belə Xətai rayon Enerji Təchizatı və Satışı İdarəsinin hesab fakturasına görə şöbənin həmin idarəyə borcu 21086 manat təşkil edir. Sayğacın göstəricisi ilə onlar hər ay ödəniş edir. Lakin Azərişıq ASC şişirtmə rəqəmlə qanun pozuntusuna yol verərək, 21086 manat ödəmə qəbzi göndərir. Müraciətlərinə cavab olaraq, Azərişıq ASC onların kompüter sistemlərində onların borclu olduqlarını bildirir. Azərişıq ASC tərəfindən onların təşkilata olan qərəzli münasibət bütün üzvlərdə təəssüf hissə yaratmışdır. Bakı “Elektrikşəbəkə ASC”-nin sədri Baba Rzayevə 1580 saylı, xx.xx.2021-ci il tarixli təşkilatın məktubu ilə müraciət edərək, məktubun xahiş edirəm hissəsində qanunsuz smart tipli sayğacın qanunsuz borcların tutulmasına son qoyulsun və qanunsuz tutulan borcu geri ödənilməsini smart tipli sayğacın kartına ödənilsin. Enerji Satışı Departamentinin direktoru Elçin Dadaşovun 7-01/xx-xx/2647 saylı xx.xx.2021-ci tarixli məktubunda qeyd etmişdir ki, informasiya bazasında 12/47-681 №-li kod altında qeydiyyatda olan Birliyin **********1 zavod nömrəli elektrik sayğacının istifadə olunan elektrik enerjisinə görə yaranmış borcu realdır və ödənişi təmin olunmalıdır, məktubunda şablon üzrə cavablandırılmışdır. "xxxx" ASC isə məktubunda smart tipli sayğacın üzərində araşdırma aparmamış hüquqi qiymət vermədən əsassız cavab vermişdir. Onlar isə hər dəfə kart vasitəsilə istənilən pul ödənişini ödəyərkən 50% hər dəfə smart kartdan qanunsuz olaraq mənimsəyərək çıxırlar. Beləliklə bu günə qədər smart kart tipli sayğacdan 10000 manat Təşkilata ziyan vurublar. Bu isə 51000 Təşkilatın üzvlərinə yəni, Şəhid Ailələrinə, Qazilərinə və Müharibə Veteranlarına süründürməçiliyə, büroktratiyaya və Konstitusyon hüquqlarını pozmaqdır cənab Prezidentin Fərman və Sərəncamlarına qarşı çıxmaqdır və bu qəbildən olan şəxslərə hörmətsizlik edir normativ hüquq pozuntusuna yol verir beləliklə Azərişıq ASC isə Prezidentin Fərman və Sərəncamına hörmətsizlik edir 51000 Təşkilatın üzvlərini Dövlətə qarşı çıxarmağa məcbur edir. Belə ki, onların 12/47-681 №-li kod altında olan Birliyinin **********1 zavod №-li elektrik sayğacının istifadə olunan elektrik enerjisinə görə Smart kart tipli sayğac olduğu üçün kart yükləməsi edərkən hər dəfə 50% qanunsuz pulu mənimsəyərək çıxarırlar. 2010-cu ildən bugünə qədər iki gündən bir sayğaca azı 20 manat, çoxu 100 manat məbləğində pul vəsaiti smart kart tipli sayğacın kartına ödəyirlər. Lakin hər dəfəsində 50% Azərişıq” ASC tərəfindən qanunsuz olaraq çıxılır. xx.xx.2023-cü il tarixdə 35 manat ödəmişlır, lakin həmin məbləğ 100% qanunsuz olaraq çıxılıb. Bundan öncə Nəsimi Rayon Məhkəməsi dəfələrlə bugünə qədər Məhkəmə prosesində Mülki işə düzgün hüquqi qiymət verməmiş, araşdırma aparmamışdır. Buna görə də "xxxx" ASC-nin 13 ildir ki, təşkilatlarına məxsus olan smart-kart tipli sayğacdan oğurluq etməsi davam edir.Beləliklə Nəsimi Rayon Məhkəməsinin düzgün qərar çıxarmayaraq normativ hüquq pozuntusuna yol verərək Azərişıq ASC tərəfindən smart-kart tipli sayğacın vəsaiti21086 manat məbləğində artmışdır. Qeyd edir ki, onların sayğac üzrə heç bir borcu yoxdur. Bununla bağlı düzgün araşdırma aparılarsa borcun olmadığı aşkar olunacaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə etiraz edərək, izahatına onu da əlavə etmişdir ki, məhkəməyə təqdim etdiyi abonent saldosundan görünür ki, sayğacın hesabında əlavə olaraq 1719,76 manat vəsait vardır. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və X1 İctimai Birliyi Baş İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış məktubdan görünür ki, təşkilat tərəfindən onlara məxsus olan 12-47-681 nömrəli smartkart tipli sayğacın kartından 21086 manatı qanunsuz tutulan pul vəsaitinin geri ödənilməsini və təşkilata vurulan 9500 manat məbləğində 13 il dövr ərzində sahibkarlıq fəaliyyəyinə vurulan ziyan və 3 il məhkəmə prosesindəgedən çəkişmələrin əlavə olaraq Azərişıq ASC-nin İnzibati orqanlarına avtomobilinin işlıtdiyi sərfiyyat yanacaqlarının 569 manat olmaqla ümumilikdə 31155 manat məbləğində dəymiş ziyanın tam şəkildə plastik karta ödənilməsi barədə "xxxx" ASC-yə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və X1 X4 Rayon Şöbəsinə ünvanlanmış məktubda 12/47-681 kod altında qeydiyyatda olan müəssisəyə hazırki vaxta qədər 7716,67 manat hesabat verilmişdir, həmin məbləğdən 479,76 manataktlara, 334.41 manat sayğacquraşdırma bədəli, 6..9 manat dəbbə pullarına hesablanmış, qalan 6896,21 manat elektrik sayğacının qeyd etdiyi sərfiyyatdır. Ümumilikdə təqdim olunmuş 7716.67 manat hesabdan 2513,77 manat ödənilmiş, qalan 5202,9 manat ödənilməmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş Abonent saldosundan görünür ki, təşkilatın sayğac hesabında əlavə olaraq 1719,76 manat qalıq vəsait vardır və borc mövcud deyil. İş materiallarında olan 035547 nömrəli xx.xx.2020-ci il tarixli aktdan görünür ki, yoxlama zamanı məlum olmuşdur ki, 12-47-681 nömrəli smart-kart tipli sayğacın giriş naqilində yaranmış qısa qapanma nəticəsində sayğacın giriş-çıxış qrifləri ərimişdir. Yoxlama nəticəsində sayğacın əvəz olunması və yeni smart sayğacın quraşdırılması müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icra vərəqindən görünür ki, 12-47-681 nömrəli smart-kart tipli sayğacın giriş naqilində yaranmış qısa qapanma nəticəsində sayğacın giriş-çıxış qrifləri ərimişdir. Sayğac dəyişdirilmişdir. İş materiallarında olan 204740 nömrəli xx.xx.2020-i il tarixli sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə aktdan görünür ki, çıxarılan sayğac salafana qoyulmuş və möhürlənmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Məhkəmə tərəflərin izahatlarına, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia tələbində haqlı deyildir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi dəlillər formal mülahizələrə əsaslanır. O, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sənəd və sübut təqdim edə bilməmişdir. Bununla bağlı, məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı: «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırkı mülki iş materiallarından da göründüyü kimi iddiaçı iddia tələbini təsdiqləyən hər hansı sənəd təqdim etməmişdir. Əksinə olaraq cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından və təqdim etdiyi abonent saldosundan görünür ki, iddiaçı təşkilatın sayğac hesabında əlavə olaraq 1719,76 manat pul vəsaiti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar