Məhkəmə qərarları › İş №2(006)-1340/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1340/2022

05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1340/2022 05.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmammədin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “televizorun təmir edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “televizorun təmir edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Soliton LTD" MMC-dən “Samsung 43TU7140” markalı televizorun tam təmir edilməsi və ya yeni televizorla əvəz edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Ağcabədi rayonunda yaşayır, hərbi əlildir və üç övladı var kasıblıqla ailəsini güclə dolandırır. “Soliton LTD" MMC-nin Ağcabədi filialından 02 sentyabr 2020-ci il tarixində “Samsung TV, modeli 43TU7140” olan 1.129 manat dəyərində televizoru kreditlə almışdır. Ona qarantiya talonu verilmişdir. Televizoru evdə yuxarı divardan asmış, uşaq və digər şəxslər müdaxilə edə bilməzdilər. Televizora baxıldığı yerdə qəfildən dayanmış və göstərməmişdir. Bu hadisə 2021-ci ilin avqustundan baş vermiş və o “Soliton LTD" MMC-nin Ağcabədi filialına gedərək, televizorun xarab olduğunu bildirmişdir. Hər ay kreditini gecikdirmədən ödəyir. Bir neçə dəfə gedib gəldikdən sonra şirkətin servisi də gələrək baxıb, ona cavab vermişdirlər ki, qarantiya müddəti bitib və ona görə də təmir edib verə bilmirlər. Eyni zamanda televizorun xarab olması səbəbini bilmək üçün ekspertiza təyin edilməsi işin obyektiv həlli üçün əsasdır. O zəmanət tələb etdikdə və məhkəməyə müraciət edəcəyini bildirdikdən sonra talona bir il müddəti ruçka ilə yazıb vermişdirlər. Lakin qarantiya blankında üç illik qarantiya nəzərdə tutulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AGK5864742 nömrəli borc müqaviləsindən görünür ki, Cavabdeh MMC “Samsung 43TU7140” markalı televizoru İddiaçı verməyi, sonuncu isə müqavilədə nəzərdə tutulmuş qaydada 15 ay ödəniş cədvəli üzrə hər ay 69 manat olmaqla, cəmi 1.129 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AGK5864742 nömrəli girov müqaviləsindən görünür ki, xx.xx.2020-ci il tarixli, AGK5864742 nömrəli borc müqaviləsinə əsasən yaranmış 1.129 manat məbləğində borcun qaytarılmasının təminatı kimi girov qoyan girov saxlayana “Samsung 43TU7140” markalı televizoru girov qoyur. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı “Samsung 43TU7140” markalı televizoru təhvil almışdır. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AGK5864742 nömrəli müqaviləyə əsasən müqavilə üzrə alıcıya xx.xx.2020ci il tarixli 1 illik zəmanət talonu verilmişdir. Fərdi ekspert X1 xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, televizora texniki baxış keçirilmiş və vətəndaş tərəfindən heç bir müdaxilə, zərər yetirilmədiyi müəyyən edilmişdir. Belə ki, qida blokunun düzgün işləməməsi, qabaq qırmızı işığının yanıb sönməsi buna sübutdur. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi tərəflər arasında hissə-hissə ödəmə şərti ilə alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. Hazırda iddiaçı televizordaki qüsurun istehsal qüsuru olmasını, həmin qüsurun keyfiyyət qarantiyasının qüvvədə olduğu zaman aşkar edildiyini iddia edərək xx.xx.2020-ci il tarixli, AGK5864742 nömrəli tarixli müqaviləyə əsasən əldə olunmuş televizorun tam təmir edilməsi və ya yenisi ilə əvəz edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 581.1-ci, 581.2-ci maddələrinə əsasən satıcı alıcıya keyfiyyəti alğısatqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Mülki Məcəllənin 587.1-ci maddəsinə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını və ya əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi tələb etsin. Həmin Məcəllənin 587.2-ci maddəsinə görə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Mülki Məcəllənin 588-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Mülki Məcəllənin 589.1-ci və 589.7-ci maddələrinə əsasən, əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. Məhkəmə qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmasına dair ehtimal ortaya çıxır. Beləliklə iddia ərizəsində göstərilən dəlillər ilə bağlı qeyd edilməlidir ki, cavabdeh televizorun məhz istehsal qüsuruna görə xarab olmasını, bunun əşyaya dair verilmiş keyfiyyət qarantiyasının qüvvədə olduğu zaman aşkar edilməsini, yəni televizorun 2021-ci ilin avqust ayında xarab olmasını və həmin tarixdə də mağazaya müraciət etməsini göstərsə də, bunu təsdiq edən hər-hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da televizordakı qüsurların istehsal qüsuru olmasını, onun sahibliyinə keçənədək və ya qarantiyasının qüvvədə olduğu zaman yaranan səbəblərdən əmələ gəldiyini və beləliklə də əşyanın qüsurları üçün cavabdehin məsuliyyət daşıdığını sübuta yetirə bilməmişdir. Əksinə məhkəmə iddiaçının 2022-ci ilin yanvar ayında məhkəməyə müraciət etdiyini nəzərə alaraq hesab edir ki, yarım il ərzində iddiaçının özünün iddia etdiyi kimi problemlər yaranmış, ekranı sönmüş televizordan istifadə etməsi ağlabatan deyildir və televizorda yaranmış qüsurların alıcının, yəni iddiaçının mübahisəli əşyadan istifadə və ya onun saxlanması qaydalarının pozulması nəticəsində əmələ gəldiyini güman etməyə əsas verir. Bundan başqa, iş materiallarına əlavə olunmuş X1 xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində televizora vətəndaş tərəfindən heç bir müdaxilə, zərər yetirilmədiyi, qida blokunun isə düzgün işləmədiyi, qabaq qırmızı işığının yanıb sönməsinin buna sübut olduğu qeyd edilmişdir. Məhkəmə bu mütəxəssis rəyində əks olunan halların digər mötəbər sübutlarla öz təsdiqini tapmadığını əsas götürərək hesab edir ki, bu rəyin sübut qismində dəyərləndirilməsi qeyri-mümkündür. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri sayır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə olunmalıdır. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır: sübutlar birlikdə dəyəndirilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırki iddia rədd edilməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “televizorun təmir edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar