Məhkəmə qərarları › İş №2(006)-1350/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1350/2021

15.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1350/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Muradov Asim Kərim oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunun üstü ünvanında yerləşən mənzil üzrə abonent kodu **********001355 olan sayğaca akt əsasında qanunsuz hesablanmış 533 (beş yüz otuz üç) manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunun üstü ünvanında yaşayır. O, qeyd edilən mənzili 2006-cı ildə torpaq sahəsi əldə etməklə inşa etmiş, bundan sonra müvafiq olaraq “xxxx” ASC-yə etdiyi müraciət əsasında işıqla yaşadığı ünvan təmin edilmiş və sayğac quraşdırılmışdır. Hər ay müvafiq olaraq sayğacın göstərişlərinə əsasən aylıq sərfiyyatının dəyəri 15-30 manat arasında dəyişmiş, habelə buna müvafiq olaraq aylıq ödənişləri etmişdir. Bu barədə müvafiq olaraq Abunə haqqında olan sənəddə görsənir. Sonuncu dəfə “xxxx” ASC-nin məsul əməkdaşı tərəfindən 11.05.2020-ci il tarixdə aylıq nəzarəti həyata keçirərkən ona yazılmış 533 manat borcun sayğacda qeyd edildiyini bildirmiş və bu barədə müvafiq bildiriş verilmişdir. O, bunun səhv olduğunu və sayğacın düz işləmədiyini bildirmiş və həmin tarixdə “xxxx” ASCnin Novxanı ərazisində yerləşən, habelə Mehdiabad qəsəbəsində yerləşən idarəsinə yaxınlaşmış, həmin sayğacın doğru işləyib-işləməməsinin müəyyən edilməsi üçün müvafiq mütəxəssislərin cəlb edilməsini xahiş etmişdir. 12.11.2020-ci il tarixdə həmin sayğaca baxış keçirən “xxxx” ASC-nin əməkdaşları ona bildirmişdir ki, sayğac düz işləmir və sayğaca hər hansı kənar müdaxilə olmamış, habelə sayğacdan evə istiqamətlənən hissədə hər hansı bir əlavə elektrik sərfiyyatının itkisi yoxdur. Həmin nöqsan sayğacın öz elektron tablosunda göstəricinin yüksüz rejimdə qabağa yazması ilə bağlıdır. Bu barədə “xxxx” ASC-nin əməkdaşları tərəfindən 12.05.2020-ci il tarixli akt tərtib edilmiş və müvafiq olaraq həmin sayğac yenisi ilə əvəzlənmişdir. Həmin vaxt köhnə sayğac plomblanaraq onun iştirakı ilə qablaşdırılmışdır. Ona isə bildirmişlər ki, 1 həftə ərzində zəng edib sayğaclar idarəsinə çağıracaqlar və onun iştirakı ilə açıb yoxlayacaq və nəticəsini bildirəcəklər. Bundan sonra xeyli müddət keçməsinə baxmayaraq təxminən 2 ay 3 gün sonra məcbur qalıb özü Dərnəgüldə sayğaclar idarəsinə yaxınlaşmış və sayğacın yoxlanmasının nəticəsi ilə bağlı müraciət etmiş, həmin vaxt jurnala əsasən bildirmişlər ki, onsuz yoxlamışlar və sayğac düz işləyir. Bundan sonra o, rəsmi olaraq “xxxx” ASC-nin baş idarəsinə, daha sonra müvafiq teleqram göndərmiş, lakin nəticəsi olmamışdır. Hazırda qeyd edilən sayğacdakı nöqsanla bağlı yazılmış borc onun üzərində qalmışdır. Hazırda maddi imkanı olduqca aşağıdır və himayəsində 2 azyaşlı övladı vardır, İ qrup əlil, digəri də İİ qrup əlil olmaqla hərbi xidmət dövründə olmuşdur. Yuxarıda göstərilənlərə əsasən “xxxx” ASC tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunun üstü ünvanında yerləşən mənzil üzrə abonent kodu **********001355 olan sayğaca akt əsasında qanunsuz hesablanmış 533 (beş yüz otuz üç) manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası “xxxx” MMC tərəfindən verilmiş 09.08.2011-ci il tarixli fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlinin surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunun üstü ünvanında yerləşən mənzil İddiaçı tam mülkiyyətindədir. 12.05.2020-ci il tarixli R 176824 saylı aktdan görünür ki, həmin tarixdə “xxxx” ASCnin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu – **********01355) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, mənzilin elektrik sayğacının elektron tablosunda göstəricinin yüksüz rejimdə qabağa yazdığı aşkar edilmişdir. Axon yük tərəflərindən amper maşın vasitəsi ilə ölçülmüşdür. Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması 16.05.2020-ci il tarixli protokolundan görünür ki, abunə kodu **********01355 olan 03738270 nömrəli sayğac çıxarlaraq, 77075172 nömrəli sayğac quraşdırılmışdır. 176894 nömrəli akta əsasən, sayğac yeni elektron sayğacla əvəz olunmuş, çıxarılan sayğac torbaya qoyularaq ******* nömrəli möhürlə möhürlənmişdir. Abunə kodu **********01355 olan abunə haqqında sənəddən görünür ki, İddiaçı limitdən artıq sərfiyyətə görə 14.05.2020-ci il tarixdə 178,04 manat əlavə ödəniş hesablanmışdır. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, 12.03.2020ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu- **********01355) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, mənzilin elektrik sayğacının elektron tablosunda göstəricinin yüksüz rejimdə qabağa yazdığı aşkar edilmiş, bununla əlaqədar 12.03.2020-ci il tarixli 176824 saylı akt tərtib edilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, iddiaçının mənzilində elektrik sayğacı 16.05.2020 ildə quraşdırılmış, həmin dövrə qədər istifadə olunmuş elektrik enerjisinə görə borc sayğacsız – işlədicilərin gücünə görə orta sərfiyyatla hesablanmış, sayğac quraşdırıldıqdan sonra isə borc sayğac göstəricələri əsasında hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Deməli, iddiaçının sayğac oxunuşu üzrə borcu 1277,36 manatdır. Həmin sənədin ödəmələr qrafasından görünür ki, iddiaçının istifadə olunmuş elektrik enerjisinə görə ödəmələri 1002,54 manat, hazırda qalıq borcu isə 274,82 manatdır. Həmin borcun yaranması abonentə məxsus evdə sayğacın quraşdırılmadığı dövrə təsadüf edir. Beləliklə, sayğac oxunuşu üzrə yaranmış borc 274,82 manatdır, 178,04 manat isə aktlar bölməsinə aiddir. Bu məbləğ işlədicilərin gücünə görə orta sərfiyyatla hesablanmış borc məbləğidir. Halbuki istifadə olunmuş elektrik enerjisinə görə borc yalnız sayğac göstəricisinə əsasən hesablanmalıdır. Ümumiyyətlə, cavabdeh həmin borcun yaranma əsasları və hesablanması qaydası ilə əlaqədar hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək 452,86 manat borc iddiaçının abunə hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmaqla, 452,86 manat məbləğində borc **********01355 saylı abunə hesabından silinməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 452,86 manat məbləğində borc İddiaçı məxsus **********01355 saylı abunə kodundan silinsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar