Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1380/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən yaşadığı ünvan 1 ünvana qanunsuz olaraq hesablanmış 3.268 manat 53 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X7 öncəki məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi 207 saylı evin 1 saylı mənzili iddiaçının mülkiyyətindədir. İddiaçı evinin bütün kommunal xərclərini, o cümlədən elektrik enerjisinə görə yaranan borclarını vaxtı-vaxtında ödəmişdir. Bu barədə ödənişləri təsdiq edən səndələr də var. Hətta lazım gəldikdə iddiaçı artıq da ödəmişdir. Lakin hazırda iddiaçıya 2017-ci il tarixə qədər 3.268,53 manat borc, həmçinin 31,22 manat dövlət rüsumu üzrə borcun olduğu bildirilmişdir. Lakin iddiaçı elektrik enerjisinə görə olan borcunu vaxtı-vaxtında ödəmişdir. Bu borcun haradan yaranmasını iddiaçıya izah etmirlər. İddiaçıya bildirirlər ki, guya iddiaçı hesabat sayğacdan artıq sərfiyyat sərf etmişdir. İddiaçının isə elektrik enerjisinə görə borcu yoxdur, nə üçün cavabdehə pul ödəməlidir? İddiaçının hüquqlarını pozurlar. İddiaçı borcu ödəyə-ödəyə bu qədər elektrik enerjisi sərfiyyatını necə edə bilər? İddiaçı heç yerdə işləmir, yaşlı insandır, şəkər xəstəsidir. İddiaçı heç vaxt artıq sərfiyyata yol verməmişdir. Həmişə istifadə etdiyi enerji sərfiyyatının pulunu vaxtında ödəmişdir. İddiaçıya qanunsuz borc yazılmışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəməyə gələ bilmədiyini qeyd etmiş, məhkəmədən mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə həmin ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, abonentin borcu olan 3.308 manat borc məbləği ödənilməlidir. Hər ay abonent qəbz alır və həmin qəbzdə onun nə qədər ümumi borcunun olması qeyd edilir. Bununla da, abonentin ümumi borcunun olmasından xəbəri olmuşdur. Beləliklə abonent 3 il ərzində məhkəməyə müraciət etməli idi, lakin o, məhkəməyə müraciət etmədiyi üçün iddia müddətini ötürmüşdür. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli 2(006)-521/2022 saylı qətnaməsindən görünür ki, "xxxx" ASC-nin X4 qarşı «pul» tələbinə dair iddiası təmin edilmiş, X1 1.082 manat məbləğində enerji sərfiyyatına görə yaranmış borcun və 31 manat 22 qəpik dövlət rüsumunun alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. "xxxx" ASC-nin 24 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli 2(006)-521/2022 saylı qətnaməsi tam şəkildə icra olunaraq, 1.082 manat məbləğində enerji sərfiyyatına görə yaranmış borc və 31 manat 22 qəpik dövlət rüsumu X5 tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd olunan məhkəmə aktı ilə müəyyən edilmiş hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Preyudisial əhəmiyyət kəsb edən qətnamədən göründüyü kimi, "xxxx" ASC həmin iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi dövrədək X2 1.082 manat məbləğində enerji sərfiyyatına görə borcu yarandığı qeyd olunmuşdur. "xxxx" ASC həmin dövrdə məhz 1.082 manat məbləğində enerji sərfiyyatına görə borcun tutulmasını tələb etmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdə qeyd edilir ki, 3308 manat 19 qəpik 2017-ci ilə qədər hesablanmış borc məbləğidir. İddiaçı X5 həmin borcun sistemdən silinməsinə dair ərizə ilə "xxxx" ASC-yə müraciət etmişdir. Həmin müraciətə verilən 29 noyabr 2023-cü il tarixli cavab məktubundan görünür ki, "xxxx" ASC-nin 24 noyabr 2023-cü il tarixli məktubunda qeyd edilənlərdən fərqli olaraq, iddiaçıya yuxarıda qeyd olunan qətnamənin icra edilmədiyi, onun tərəfindən 3.268 manat 53 qəpik borcun və 31 manat 22 qəpik dövlət rüsumunun ödənilmədiyi bildirilmişdir. Halbuki, "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 3.268 manat 53 qəpik borcun tutulmasını deyil, 1.082 manat məbləğində enerji sərfiyyatına görə borcun tutulması barədə qətnamə çıxarılmasını tələb etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli 2(006)-521/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, X1 1.082 manat məbləğində enerji sərfiyyatına görə yaranmış borc və 31 manat 22 qəpik dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə üzrə borc məbləği və dövlət rüsumu tam şəkildə ödənilmişdir. Abunə kartından görünür ki, iddiaçı tərəfindən cavabdehə qətnamənin icrasından əlavə digər ödənişlər də edilməklə, 2017-ci ilədək yığılması qeyd edilən məbləğdən bir hissəsi də ödənilmiş, abunə kartında iddiaçının 3.225 manat 82 qəpik borcunun qaldığı qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçıdan qalan məbləğlər əsassız tələb edilir. Həmin məbləğin iddiaçıdan tutulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə aktı yoxdur, mövcud olan məhkəmə aktı ilə tutulmalı məbləğ isə iddiaçı tərəfindən tam şəkildə icra olunmuşdur. Qeyd etmək lazımdır ki, «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Məhkəmə hesab edir ki, abunə kartına əsasən ünvan 2 ünvanı üzrə **********70001 saylı abunə koduna hesablanmış 3.225 manat 82 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, abunə kartına əsasən ünvan 2 ünvanı üzrə **********70001 saylı abunə koduna hesablanmış 3.225 manat 82 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Çünki, abunə kartına əsasən hazırda borc kimi göstərilən məbləğ 3.268 manat 53 qəpik deyil, 3.225 manat 82 qəpik təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abunə kartına əsasən ünvan 2 ünvanı üzrə **********70001 saylı abunə koduna hesablanmış 3.225 manat 82 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1380/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1380/2024
06.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver