Məhkəmə qərarları › İş №2(006)-139/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-139/2021

30.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-139/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X4, iddiaçının vəkili X5, cavabdeh Bakı şəhəri 03 saylı Notariat Ofisinin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Bakı şəhəri 03 saylı Notariat Ofisinə, 3-cü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 01 saylı Bakı şəhəri Ərazi İdarəsinə, “xxxx” MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 3 saylı Notariat Kontorunda Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli reyestrdə 4Ə-221 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi qanunsuz və əsassız bağlanmasına və formal xarakter daşıdığına görə adı çəkilən müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-4932/2019 saylı qərardadı ilə mülki iş üzrə icraat Bakı Apelyasiya Məhkəməsinin icraatında olan 2(103)- 5585/2019 saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılana qədər dayandırılmışdır. İddiaçı Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-4932/2019 saylı qərardadından apelyasiya şikayəti vermişdir. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-4932/2019 saylı qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-4932/2019 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməyərək şikayət işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-12318/2019 saylı qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-4932/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının nümayəndəsi X13 məhkəməyə ərizə təqdcim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadından xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə apelyasiya şikayəti vermişdir. Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilərək iddia ərizəsinə mahiyyəti üzrə baxılmışdır. İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək X2 ilə Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Xəzər rayonu, Xaşa Xuna baş sahəsində yerləşən 7 otaqlı, ümumi sahəsi 284,7 kv.m olan 183Ç saylı bağ evinin alqı-satqı müqaviləsi uydurma əqd olduğundan etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın tədbiri barədə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Xaşa Xuna baş sahəsində yerləşən 7 otaqlı, ümumi sahəsi 287,7 kv.m olan 183Ç ünvanında yerləşən baş evinin üzərinə həbs qoyulması xahiş etmiş və Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. İddiaçı Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından apelyasiya şikayəti vermişdir. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti əsassız olduğundan təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və mülki iş materialları Nəsimi Rayon Məhkəməsinə göndərilmişdi. Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən apelyasiya şikayəti prosessual normalara riayət edilərək verildiyindən baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və mülki iş materialları Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 və iddiaçının vəkili X18 eyni məzmunlu ifadə verərək və iddianı müdafiə edərək izahatında göstərmişlər ki, iddiaçı ünvan 2 ünvanında 0,03416 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 136,2 kv.m olan 7 otaqlı bağ evi “X8” MMC tərəfindən hərraca çıxarılaraq xx xxxxxxxx 2017-ci il tarixdə hərrac keçirilmiş bağ evi 40000 manata dəyərləndirilmiş və hərrac yolu ilə iddiaçı adı çəkilən daşınmaz əmlakı satış almış, adına çıxarış verilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. İş üzrə Cavabdeh1 cavabdeh “X8” MMC və 3-cü şəxslərə qarşı MMC tərəfindən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak barəsində keçirilən “X17 protokolun etibarsız hesab edilməsi” barədə Nərimanov rayon Məhkəməsində iddia tələbi irəli sürmüşdür. Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)-5233/2018 saylı qətnaməsi ilə iddia qanunsuz və əsassız olaraq təmin edilmiş, qətnamədən Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilmişdir. Belə ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak Cavabdeh3 adına DƏDRX Bakı şəhəri Ərazi İdarəsi tərəfindən hüquqi qeydiyyatdan keçmiş, Cavabdeh3 X3 60000 manat pul borcu olmuş, Cavabdeh3 borclu olduğu üçün X1 adına xx xxxxxx 2014-cü il tarixli reyestrdə 7E-44-39301 nömrə ilə qeyd edilmiş 1 il müddətində mülkiyyətində ünvan 3 ünvanında yerləşən bağ evini bütün dövlət və qeyri dövlət orqanlarında MİS-də, notariat kontorunda, DƏDR-də Asan X/M-də təmsil etməyi, həmin evə dair lazımi sənədləri və yüklü olmaması barədə arayış aldıqdan sonra onun üzərinə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı istənilən bankdan adına hesab açmağı, evin satılmasından əldə olunan pulları həmin hesaba qoymağı, həmin hesab üzərində sərəncam verməyi, hesabdan pul götürməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından bütün əməliyyatlar aparmağı və digər hərəkətləri etməyi etibar edir” kimi qeyd etmiş, bu etibarnaməni ləğv etdirməmiş, hətta, Bakı şəhəri 50 saylı notariat kontorunda xx xxxxxx 2015-ci il tarixli reyestr 3M-498 nömrə ilə qeyd edilmiş “borcun etirafı” müqaviləsində T.M.Qasımova 60000 manat borclu olduğunu qeyd etsə də, həmin mənzili qanunsuz olaraq T.M.Qasımova satmış, bu barədə T.Qasımova məlumat verməmişdir. Borc verdiyi pulu ala bilmədiyi üçün T.Cavabdeh1Əmirova qarşı pul tələbinə dair Xətai rayon Məhkəməsində iddia qaldırmış, Xətai rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, qətnamə qanuni qüvvəsini almış və xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsi verilmiş, Xətai rayon İcra Şöbəsinin icra məmuru Cavabdeh3 adına daşınar və daşınmaz əmlakların müəyyən edilməsi zamanı məlum olmuşdur ki, onun adına DƏDRX Bakı şəhəri Ərazi İdarəsi tərəfindən hüquqi qeydiyyatdan keçmiş, ünvan 4 ünvanında bağ evinin hərraca çıxarılması üçün icra məmuru tərəfindən məktub göndərilərək “X8” MMC tərəfindən daşınmaz əmlak hərraca çıxarılmış və iddiaçı hərracda adı çəkilən bağ evini 40000 manat ödəyərək almışdır. Mülkiyyətçi Cavabdeh3 T.Qasımovun adına həmin mülkə dair 1 il müddətinə etibarnamədən əlavə xx xxxxxx 2015-ci il tarixli reyestrdə 3M-498 nömrə ilə qeyd edilmiş borcun etirafı müqaviləsi Bakı şəhəri 50 saylı Notariat qaydasında təsdiq olunmasını üzərinə götürsə də, onu xəbərdar etmədən hazırki iş üzrə Cavabdeh1 Bakı şəhəri 3 saylı Notariat Kontorunda AN-İ ******* saylı alqı-satqı müqaviləsi əsasında xx xxxx 2015-ci il tarixli 4Ə-221 nömrəli edilməklə Bakı şəhəri, Xəzər rayonu, Xaşa Xuna baş sahəsi 183Ç ünvanında yerləşən bağ sahəsini güya 150000 manata satmış, ancaq nə notariat kontoru, nədə Cavabdeh1 tərəfindən 2 il 7 ay müddətində DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə müraciət etməmiş, Sonradan müraciət etmiş, ona xx xxxxxx 2018-ci il tarixli **********42 saylı məktubla DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən etiraz edilmiş, çünki alqı-satqı müqaviləsi formal bağlanması qeydə alınmışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi X14 və iddiaçının vəkili X18 iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri 03 saylı Notariat Ofisinin nümayəndəsi X19 iddianı qəbul etməyərək bildirdi ki, xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 3 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən notarial qaydada bağlanmış AN-İ ******* saylı «Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə» əsasən, Cavabdeh3 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 183 Ç ünvanında istifadədə olan 0,03416 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 284,7 kv.m, yaşayış sahəsi 148,5 kv.m, yardımçı sahəsi 136,2 kv.m olan 7 otaqlı baş evinin alqı-satqısı baş tutmuşdur, mənzilin satış qiyməti 150000 manat təşkil etmişdir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi dörd nüsxədə tərtib edilir, ondan ikisi tərəflərə təqdim edilir, biri 3 saylı Notariat Kontorunda saxlanılır, digəri isə işə tikilir. İddiaçının tələbi tam əsassızdır. Belə ki, tərəflərin arasında xx xxxx 2015-ci ildə Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən onun mühüm şərtlərinə əməl edilmiş və tərəflər mübahisə predmeti olan müqaviləni bağlayarkən Qanunun tələblərinə riayət etmişlər. Sonda cavabdeh Bakı şəhəri 03 saylı Notariat Ofisinin nümayəndəsi X19 iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, 3-cü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 01 saylı Bakı şəhəri Ərazi İdarəsinin və “xxxx” MMC-nin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi haqqında Məhkəməyə heç bir üzrlü səbəb bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Lakin Cavabdeh1 məhkəməyə “iddia müddətinin tətbiqi barədə” və “işə onun iştirakı olmadan baxılması barədə” ərizələr təqdim edərək bildirmişdir ki, onun iddiası Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə onun cavabdehlər “X8” MMC-yə, 3-cü şəxslər İddiaçı, Xətai Rayon İcra və Probasiya Şöbəsinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddiası təmin edilmiş “X8” MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən 7 otaqlı, ümumi sahəsi 284,7 kv.m olan, ev 183ç ünvanında yerləşən baş evi barəsində tərtib edilmiş xx xxxxxxxx 2017-ci il tarixli X17 138 nömrəli protokol və hərracın nəticələri etibarsız hesab edilmişdir. Yəni iddiaçının hazırda hərracın udması əsasında tələb etdiyi bağ sahəsinə dair subyektiv hüququnu itirmişdir. Həmin qətnamədən iddia tərəfindən apelyasiya şikayəti verilmiş və bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən iddiaçının kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi, “X8” MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşa Xuna bağ sahəsində yerləşən 7 otaqlı ümumi sahəsi 284,7 kv.m olan, ev 183ç ünvanında yerləşən bağ evi barəsində tərtib edilmiş xx xxxxxxxx 2017-ci il tarixli X17 138 nömrəli protokol və hərracın nəticələri etibarsız hesab edildiyindən iddiaçının hazırki iddia üzrə subyektiv hüququnu itirmişdir. Hazırda iddiaçının mübahisəli bağ evinə dair Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə xx xxxxxxxx 2017-ci il tarixli X17 protokol və bunun əsasında nəticələr etibarsız hesab edilmişdi, hətta həmin qətnamə icra olunmuşdu. Bundan başqa iddiaçı məhkəməyə xx xxx 2019-cu il tarixdə müraciət etmişdir, yəni alqı-satqı müqaviləsinin bağlandığı gündən 3 il 10 ay sonra müraciət etmişdir. Göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən 183Ç ünvanında olan bağ evinə dair Cavabdeh3 ilə onun arasında Bakı şəhəri 3 saylı notariat kontorunda xx xxxx 2015-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin rəsmiləşdirildiyi tarixdən məhkəməyə iddia verildiyi günədək 03 il 10 ay vaxt keçmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadə verərək qeyd etmişdir ki, o, xx xxxx 2016-cı ildə DƏDRX-nə sorğu göndərmiş və ona cavab gəlmişdir ki, əmlakın üzərinə həbs qoyulmuşdur. Bağ evinə 60000 manat pul tələbi ilə bağlı X6 tələbkar olmuşdur. Hərrac 2017-ci ildə keçirilmişdi. Ev 40000 manata satılmışdır. X6 tərəfindən 38000 manat pul qəbul edilmişdir. 2000 manat rüsum olaraq tutulmuşdur. Həbs xx xxxxxxx 2017-ci ildə götürülmüşdür. Daha sonra Nərimanov Rayon Məhkəməsində hərracın nəticələri ləğv edilmişdi. 50000 manata qiymətləndirilmişdir. 10000 manat tələbkar tərəfindən qəbul edilmişdi. Daha sonra yenidən Nərimanov Rayon Məhkəməsində bağ evinin üzərinə həbs qoyulmuşdur. İddiaçı isə evi hərracdan almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadə verərək qeyd etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində 183ç ünvanında 2012-ci ilin dekabr ayının 20-dən o, yaşayır. Bağ evinin sahibi Cavabdeh3 ona və onun oğlu Qasımov Təbrizə borclu olduğundan bu bağ evini mülki etibarnamə ilə xx xxxxxx 2014-cü ildə oğlu Qasımov Təbrizə vermiş və satın pulu götürüb ondan əl çəkməsini demişdir. Sonradan gəlib onları aldadıb bağ evinin sənədlərini alıb demişdir ki, sənədi aparsın girov qoysun və ona 150000 ABŞ dolları pul versin. O, Cavabdeh3la 3 saylı notariat ofisinin notariusu X7 yanına gəlmiş və Süleyman notariusu onun yanında rüşvət verərək, sözdə uydurma əqd bağlayaraq getdi onlara 150000 ABŞ dolları pulun gətirib verməsini demişdir. Əlavə pul haqqında heç bir söhbət olmamışdı. Buna aid onda diskdə yetərincə faktlar və dəlilər vardır. Çünki, Süleyman özü etiraf etmişdir ki, o, bu bağ evini notariusa girov qoymuşdur. Süleyman 2-3 saatdan sonra gəlib onlara demişdir ki, 150000 manatı qaçırdılar. Sonra dedi ki, pulu Rasim adlı arxitektor dostu Baksovetə rüşvət verərək Xətai rayon Xətai Bələdiyyəsinin 05/254 saylı xx xxxxxxx 2007-ci il tarixli və 05/47 saylı xx xxxxx 2008-ci il tarixli sərəncamına əsasən İ.İsmayılov küçəsi 50 saylı binanın yaxınlığında Süleymana ayrılmış torpaq sahəsini özəlləşdirmək üçün rüşvəti vermişdir. Sənədlər hazır olduqdan sonra Xətai rayonunda olan torpağı Süleyman özü Naxçıvanlı iş adamına hündürmərtəbəli bina tikmək üçün satıb, Səxavətin sözdə ona verdiyi 150000 manatı qaytarmışdır. Əslində heç ortada pul yoxdur. Süleyman ona pulu qaçırdılar deyəndə o, hirslənmişdir. Süelyman da Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ evinin ikinci hissəsinin, yəni 183ç və əlindəki bütün sənədləri ona vermiş və demişdir ki, onsuzda satanda iki hissəsini də bir yerdə satıb, onun pulunu verəcəkdir. Bakı şəhəri, Xəzər rayonu, Xaşa Xuna bağ evi 183Ç heç bir aidiyyəti olmayan Cavabdeh1 tərəfindən hərracın protokolu gizli olaraq Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən ləğv etdirmişdir. Çünki məhkəmələr gizli keçirilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan xx xxxxxxxx 2017-ci il tarixli “X17” 138 saylı protokolun surətindən görünür ki, sifarişçi-Xətai rayon İcra Şöbəsinin icra məmuru Gündüz Sadıqov; hərrac təşkilatçısı-“X9” MMC; Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 183 Ç ünvanında yerləşən 7 otaqlı ümumi sahəsi 284,7 kv.m bağ evi və 0,03416 ha torpaq sahəsinin tam dəyəri 50000 manat 10 faiz endirilməklə 45000 manat 20 faiz endirilməklə 40000 manat İddiaçı qalib gəlmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 3 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən notarial qaydada bağlanmış AN-İ ******* saylı «Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə» əsasən, mülkiyyətçi Cavabdeh3 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 183 Ç ünvanında yistifadədə olan 0,03416 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 284,7 kv.m, yaşayış sahəsi 148,5 kv.m, yardımçı sahəsi 136,2 kv.m olan 7 otaqlı baş evinin alqı-satqısı baş tutmuşdur, mənzilin satış qiyməti 150000 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna baş sahəsi, ev 183ç tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 01 nömrəli reyestr kitabında xx xxxxxx 2014-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)-5233/2018 saylı qətnaməsinin surətindən görünür ki, “X8” MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşa Xuna bağ sahəsində yerləşən 7 otaqlı, ümumi sahəsi 284,7 kv.m olan, ev 183Ç ünvanında yerləşən baş evi barəsində tərtib edilmiş xx xxxxxxxx 2017ci il tarixli X17 138 nömrəli protokol və hərracı nəticələri etibarsız hesab edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)-5585/2019 saylı qətnaməsinin surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)-5233/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)-5585/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclası zamanı tədqiq edilmiş sənədlərlə müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 183 Ç ünvanında yistifadədə olan 0,03416 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 284,7 kv.m, yaşayış sahəsi 148,5 kv.m, yardımçı sahəsi 136,2 kv.m olan 7 otaqlı bağ evi notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən dəyəri ödənilməklə Cavabdeh3 əldə edilmiş, xüsusi mülkiyyət kimi onun adına dövlət reyestrində qeydə alınmış və hazırda xüsusi mülkiyyətindədir. İddiaçı tərəf həmin müqaviləni etibarsız hesab edilməsini tələb etsə də, öz iddiasının əsasına dair məhkəməyə heç bir sübut təqdim etmir. Halbu ki, MPM-nin 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək vəzifəsi məhz onun üzərinə düşür. Bundan başqa yuxarıda qeyd olunan qüvvədə olan məhkəmə aktları da mövcuddur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında qeyd olunur: «İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.» “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Azərbaycan Respublikası MM-nın 331.1-ci maddəsi tələb edir ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Sözügedən Məcəllənin 390.2-ci maddəsinin tələbinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunula və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. MM-nın 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Nəhayət, MM-nın 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli Qərarında qeyd olunur: «Prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik olan məhkəmələr vicdanlı inamdan hakim qərəzliyinə və ya subyektivliyinə keçməmək üçün prosessual qanunvericiliklə müəyyən olunmuş qaydalara dönmədən əməl etməlidirlər. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir». Bundan başqa Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək iddiaçı tərəfindən qanunla müəyyən edilən iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən iddiadan imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası MM-nin 7.1-ci maddəsinin tələbinə görə mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmin Məcəllənin 373.1.2-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli (dərci xx xxxxxx 2001-ci il) qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və maliyyə intizamınm nizamlanmasına kömək etmək: mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin həmin qərarında göstərilmişdir kı, 2000-ci ilin sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Azərbaycan Respublikası yeni MM-nin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci ilin sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki MM-nin (1964 red) 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. İş materiallarından görünür ki, Cavabdeh1 iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən iddia ərizəsi müqavilə üzrə iddia müddətinin buraxılması ilə verildiyi üçün iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, həmçinin iddia müddətinin bərpa olunmasına dair məhkəməyə müraciət edilməmişdir. Beləliklə, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Bakı şəhəri 03 saylı Notariat Ofisinə, 3-cü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 01 saylı Bakı şəhəri Ərazi İdarəsinə, “xxxx” MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə” dair iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Bakı şəhəri 03 saylı Notariat Ofisinə, 3-cü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 01 saylı Bakı şəhəri Ərazi İdarəsinə, “xxxx” MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə” dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar