Məhkəmə qərarları › İş №2(006)-1391/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1391/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1391/2022 12.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «gecikmə faizi və borcun silinməsi» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «gecikmə faizi və borcun silinməsi» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş materiallarına verilmiş tələbi təsdiq edən sənədlər əlavə olunmadığından, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3-1-ci maddəsinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. Həmin Məcəllənin 284-3.2-ci maddəsinə əsasən ərizədə: - ərizənin verildiyi məhkəmənin adı; - iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); - iddiaçının tələbi və onun əsaslandığı hallar; - tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar; - əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İlk öncə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia ərizəsi məhkəməyə verilən zaman tərəflər ”iddiaçı” və “cavabdeh” qismində göstərilməli olduqları halda, hazırki iddia ərizəsində tərəflər ”kreditor” və “borclu” qismində göstərilmişlər. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı ondan Sizəyən Rayon Məhkəməsinin 24.04.2017-ci il tarixli, 2(059)-477/2017 saylı məhkəmə əmri ilə "xxxx" KB ASC-nin xeyrinə tutulmalı olan faiz və cərimə borcunun silinməsinə dair məhkəmə aktının qəbul edilməsini xahiş etsə də, onun cavabdehə bu məsələ ilə bağlı rəsmi qaydada müraciət etməsi, habelə borcunun olmamasını, yəni hazırki tələbini təsdiq edən sənəd (cavabdeh tərəfindən verilmiş arayış və s.) iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan halda iddiaçının hazırki tələbinə sadələşdirilmiş icraat qaydada baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. İddiaçıya izah edilməlidir ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanacaqdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «gecikmə faizi və borcun silinməsi» tələbinə dair ərizəsinin icraata qəbulundan imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanacaqdır. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar