Məhkəmə qərarları › İş №2(006)-1394/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1394/2024

13.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1394/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akta əsasən hesablanmış 1555.20 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində mərhum atası X1 məxsus evdə yaşayır və həmin ünvanda qaz sayğacı quraşdırılmışdır. Mənzil hələ də mərhum atasının mülkiyyətində olsa da, istehlakçı kimi iddiaçı özü qazdan istifadə edir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli akt tərtib edilərək qaz sayğacı yenisi ilə əvəz edilmiş, köhnə sayğac isə Cavabdeh İB-nin işçiləri tərəfindən götürülmüşdür. Sonradan 2023-cü ilin noyabr ayında iddiaçıya məlum olmuşdur ki, sayğaca görə ona 1555.20 manat cərimə yazılmışdır. Sayğac dəyişdirilməsi prosesində iddiaçı özü iştirak etmiş və sayğacda hər hansı texniki nasazlıq və qüsur olmamışdır. Lakin sayğaca cavabdeh tərəfindən uzun müddət texniki qulluq göstərilməmiş və dəyişdirilməmişdir. Qaz sayğacı dəyişdirilən zaman cavabdeh təşkilatın əməkdaşları sayğacda hər hansı nasazlığın olması barədə iddiaçıya məlumat verməmişlər. xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən guya iddiaçının istifadəsində olan qaz sayğacında “qoruyucu şüşənin üzərindəki iki ədəd plastmas plomb kəsikdir” qeyd edilmiş və guya iddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Bu tamamilə yalan məlumatdır. Belə ki, qeyd edilən akt iddiaçının iştirakı olmadan Cavabdeh İB-nin işçiləri arasında imzalanmış və həmin akta əsasən iddiaçıya qanunsuz sərfiyyat və cərimə yazılmışdır. Aktda formal olaraq “iddiaçının imzalamaqdan imtina etdiyi” qeyd edilmişdir. İddiaçıya aid qaz sayğacı qapıdan çöldə yerləşdiyindən həmin sayğacın yanmasına görə istehlakçı olaraq onun heç bir təqsiri olmamışdır. Buna baxmayaraq məcburiyyətdən, yəni qazdan istifadə etmək üçün iddiaçı öz vəsaiti hesabına qaz sayğacını dəyişdirmişdir. Cavabdeh İB tərəfindən iddiaçının qaz sayğacına müdaxilə etməsi, eləcə də hər hansı formada qeyd edilən qazın iddiaçı tərəfindən qeyri-qanuni istifadə edilməsi barədə hər hansı bir sübut təqdim edilməmiş, bu barədə tərtib edilmiş akt isə özlüyündə həmin borcun hesablanması üçün əsas hesab edilə bilməz. Ona görə də akt etibarsız hesab edilməli və borc silinməlidir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00000 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış ******* nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metereologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK-29/1710-04555-1 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan iki ədəd zavod plastmas plombu kəsikdir, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 12960 m3 təşkil etmişdir. Hesablanmış 1555,20 manat məbləğində dəymiş ziyan 2023-cü ilin mart ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunması iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. **********00000 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən edilmiş qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca guya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh İB-nin nümayəndəsi X2 məhkəmə iclasına gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, üzrlü səbəbdən iclasda iştirak edə bilməyəcəyini nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini, iddia ərizəsini və etirazı nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Zeynalov Abbasa (**********00000) məxsus Səməd Vurğun, ev 36 ünvanına quraşdırılmış qaz sayğacı sərfiyyatı qeyd etmədiyinə görə yenisi ilə əvəz edilmişdir. Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK-29/1710-04555-1 №-li aktdan görünür ki, G0004306 zavod nömrəli “G-4” markalı Aktaris tipli qaz sayğacına baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan iki ədəd zavod plastmas plombun kəsik olması, sayğacın istismara yararsız olması müəyyən edilmiş, qaz itkisi, müdaxilə nəticəsinə gəlinmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı (**********00000) məxsus ünvan 1 ünvanında sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan iki ədəd zavod plastmas plombun kəsik olması, sayğacın istismara yararsız olması müəyyən edilmiş, dəymiş ziyanın hesablanması qərara alınmışdır. Akt Cavabdeh İB-nin BRQSD-nin nümayəndələri nümayəndələri tərəfindən imzalanmış, lakin istehlakçı aktı imzalamaqdan imtina etmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2023cü il tarixdə tərtib edilmiş 29/1710-04555-1 nömrəli akt əsasında İddiaçı (**********00000) məxsus Nəsimi rayonu, Səməd Vurğun küç., ev 36 ünvanına quraşdırılmış sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan iki ədəd zavod plastmas plombun kəsik olması və itirilmiş qazın həcminin 12960 m3 olması müəyyən edilmişdir. İddiaçı (abonent kodu: **********00000) məxsus ünvan 2 ünvanı üzrə abonentin saldosundan görünür ki, 2023-cü ilin mart ayında qalıq və aktlar üzrə 1555,20 manat borc hesablanmışdır. Cavabdeh İB-nin rəsmi internet səhifəsindən (https://azeriqaz.az/az/balance) real vaxt rejimində əldə edilmiş məlumata görə, İddiaçı məxsus Səməd Vurğun küç., ev 36 ünvanı üzrə **********00000 nömrəli abunə kodunun 1265,20 manat təşkil edir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. Həmin ünvanda olan qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan iki ədəd zavod plastmas plombun kəsik olması, sayğacın istismara yararsız olması barədə akt tərtib edilmişdir. Bununla bağlı iddiaçıya verilmiş abonent koduna borc yazılmışdır. Hazırda iddiaçı 1555,20 manat məbləğində borcun əsassız yazıldığını iddia edərək, qaz sayğacına edilən müdaxiləyə görə özünün deyil, cavabdehin məsuliyyət daşıdığını bildirib, əsassız yazılmış borcun silinməsini məhkəmədən xahiş edir. Cavabdeh tərəf isə borcun əsaslı yazıldığını bildirərək, iddiaçının sayğacın hesablama mexanizmini pozmaqda maraqlı ola biləcəyini və itirilmiş qaza görə yaranmış borcun məhz iddiaçı tərəfindən ödənilməli olduğunu qeyd edir. Həmin borc yazıldıqdan sonra iddiaçı tərəfindən ödənişlər edildiyindən, iddiaçının hal-hazırda 1265,20 manat məbləğində qalıq borcunun olması müəyyən edilir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbinin dəlilləri iş materialları ilə öz təsdiqini tapdığından və qanunvericiliyə müvafiq olaraq, iddiaçının mənzilinə məxsus sayğacın işlək vəziyyətdə saxlanılmasına məsuliyyəti cavabdeh daşıdığından, cavabdeh isə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini, həmçinin, etirazda göstərdiyi dəlilləri təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin iddiaçının adına 1555,20 manat deyil, 1265,20 manat məbləğində qalıq borcu müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və yaehtiyatsızlıqdanedilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqımüqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiqvə təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qazsayğacı istehlakçının vəsaiti hesabına təchizedilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəzedilməsi)və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələbedildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə görə, qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə görə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Habelə, sayğacın nasaz vəziyyətə düşməsinin iddiaçının təqsirindən baş verməsi iş materialları, cavabdehin dəlil və sübutları ilə təsdiq olunmur. Cavabdeh tərəfindən sayğacın iddiaçının təqsiri ucbatından yararsız vəziyyətə düşməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə, cavabdeh tərəfindən tərtib edilmiş müvafiq aktda qeyd olunanlara görə itirilmiş qazın dəyərinin iddiaçıdan tutulmasını əsaslı hesab etmir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 2 ünvanı üzrə İddiaçı (abonent kodu: **********00000) əsassız hesablanmış 1265,20 (bir min iki yüz altmış beş manat iyirmi qəpik) manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 2 ünvanı üzrə İddiaçı (abonent kodu: **********00000) əsassız hesablanmış 1265,20 (bir min iki yüz altmış beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar