Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1405/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, cavabdehlər Cavabdeh2 nümayəndəsi və vəkili X4, "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 23.09.2010-cu il tarixli, 07L000002449 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka verən Cavabdeh2 ilə Bank arasında bağlanılmış 21.12.2012-ci il tarixli, 06M000000897 saylı ipoteka müqaviləsi (Goranboy rayonu Dövlət Notariat Kontorunun dövlət notariusu Z.M.Ağcayev tərəfindən təsdiq edilib) əsasında Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsini iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə şəhər Ərazi İdarəsi tərəfindən 6 №-li reyestr kitabının 74 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla Goranboy rayonu, Goran qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 0.35 ha torpaq sahəsinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Cavabdeh2 öhdəliklərini icra etmədiyindən ona və qeyrilərinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ilə Goranboy Rayon Məhkəməsinə müraciət edilmişdir. Goranboy Rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli, 2(045)-01/2020 saylı qətnaməsi ilə cavabdehlərdən birgə qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 06R000018703 saylı kredit razılaşması üzrə 41340.89 ABŞ dolları əsas, 9487,49 ABŞ dolları faiz və 1000 ABŞ dolları cərimə, 006R********** saylı kredit razılaşması üzrə 92329.2 manat əsas, 29134,03 manat faiz və 1500 manat cərimə, 006KK**********01 saylı kredit razılaşması üzrə 4993,21 ABŞ dolları əsas, 912,34 ABŞ dolları faiz və 200 ABŞ dolları cərimə, 150 manat məhkəmə xərcləri tutulmuş, tutmanın Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda 10 saylı evdə yerləşən Cavabdeh2 mülkiyyətində olan 23 saylı mənzilinə, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 0.35 ha torpaq sahəsinə, Göygöl rayonu Qızılqaya qəsəbəsində Cavabdeh2 mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 5 otaqlı 282.6 kv.metr sahədən ibarət fərdi yaşayış evinə və Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi) “Fatoğlu” müəssisəsinin hasarının qarşısında yerləşən Cavabdeh2 mülkiyyətində olan 1 mərtəbəli ümumi sahəsi 133,2 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi qət edilmişdir. Cavabdeh2 Cavabdeh1 ASC-yə və üçüncü şəxs İddiaçı QSC-yə qarşı iddia qaldırmış və iddiasında Goranboy rayonu, Goran qəsəbəsi Bakı-Gəncə yolunun sağ kənarında 0.35 ha torpaq sahəsinə dair bağlanmış 06.09.2014-cü il tarixli, GNC-2097 ip saylı ipoteka müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Təyin edilmiş məhkəmə iclaslarında iştirak etdikdən sonra aydın olmuşdur ki, İddiaçı QSC-nin xeyrinə yüklü edilmiş Goranboy rayonu, Goran qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 0.35 ha torpaq sahəsi bankın razılığı olmadan digər bir bankla - Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında 06.09.2014-cü il tarixli, GNC-2097 ip saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Goranboy rayonu, Goran qəsəbəsi Bakı-Gəncə yolunun sağ kənarında 0.35 ha torpaq sahəsində yerləşən 3420 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Göstərilənlərə əsasən Cavabdeh2 və Cavabdeh1 ASC arasında bağlanmış 06.09.2014-cü il tarixli, GNC-2097 ip saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X7 iddia tələbinin təmin olunmasına etiraz etmədi. Məhkəmə iclasında cavabdeh "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan "İddiaçı" QSC ilə Cavabdeh2 arasında bağlanmış 21.12.2012-ci il tarixli, 06M000000897 saylı ipoteka müqaviləsinə əsasən 23.09.2010-cu il tarixli əsas kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, Cavabdeh2 ona məxsus Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsi banka ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 46.702 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 22.12.2012-ci il tarixli, RX seriyalı, 00776018 №-li Çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus olan Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsi İddiaçı QSC-nin “Gəncə” filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan "Cavabdeh1" ASC ilə Cavabdeh2 arasında bağlanmış 06.09.2014-cü il tarixli, GNC-2097 ip saylı baş kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik 15% olmaqla, 1.000.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "Cavabdeh1" ASC-nin “Gəncə” filialı ilə Cavabdeh2 arasında bağlanmış 06.09.2014-cü il tarixli, GNC-2097 ip saylı ipoteka müqaviləsinə əsasən 06.09.2014-cü il tarixli əsas kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, Cavabdeh2 ona məxsus Goranboy rayonu, Goran qəsəbəsi, Bakı-Gəncə yolunun sağ kənarında istifadədə olan 0,35 ha torpaq sahəsində yerləşən 3420 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası banka ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 1.300.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 26.08.2014-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Goranboy rayonu, Goran qəsəbəsi, Bakı-Gəncə yolunun sağ kənarı Cavabdeh2 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beləliklə, iddia tələbindən də göründüyü kimi hazırki iş üzrə mübahisənin predmeti İddiaçı QSC-nin xeyrinə yüklü edilmiş Goranboy rayonu, Goran qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 0.35 ha torpaq sahəsi ilə bağlı bankın razılığı olmadan digər bir bankla - Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında 06.09.2014-cü il tarixdə bağlanılmış GNC-2097 ip saylı ipoteka müqaviləsidir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür (MMin 269.1-269.3-cü maddələri). İpoteka qoyulmuş əmlakın hüquqi mahiyyəti ondan ibarətdir ki, həmin əmlak əsas öhdəliyin icra olunmasının təminatı kimi çıxış edir. Bununla əlaqədar, ipoteka müqaviləsi ipoteka saxlayan ilə ipoteka qoyan arasında girovla təmin olunmuş əsas öhdəliyə münasibətdə əlavə öhdəlik yaradır. Deməli, ipoteka müqaviləsinə xitam verilməsi əsas öhdəliyə xitam verilməsi ilə müəyyən edilir. Bununla belə ipoteka əqdin bir növü olduğuna görə (Mülki Məcəllənin 324.2-ci maddəsi) onun bağlanmış hesab olunması üçün Mülki Məcəlləyə əsasən əqdin bağlanması üçün zəruri olan bütün şərtlərin mövcud olması vacibdir. Bu cür şərtlərdən tərəflərin fəaliyyət qabiliyyətinin və əqdin hüququn tələblərinə uyğun olmasının mövcudluğu zəruridir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İpoteka müqaviləsinin mühüm şərtləri Mülki Məcəllənin 307-ci maddəsində və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində öz əksini tapmışdır. Qanunverici tərəfindən qeyd olunan şərtlərin məcmusu qəti və geniş təfsir oluna bilməyən kimi müəyyən edilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir. Həmin Qanununun 51.2-ci maddəsinə əsasən torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda ipoteka qoyan həmin bina, tikili və ya qurğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququ (servitut) əldə edir. Sahənin həmin hissəsindən istifadə şərtləri ipoteka qoyanla ipoteka saxlayanın sazişinə əsasən müəyyən edilir, mübahisələr isə məhkəmə qaydasında həll olunur. Eyni Qanunun 52-ci maddəsinə əsasən ipoteka qoyan ipoteka müqaviləsi üzrə girov qoyulmuş üzərində tikinti olmayan torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada bina, tikili və ya qurğuları tikdirmək hüququna malikdir. Bu halda ipoteka hüququ həmin bina, tikili və qurğulara şamil edilir və ipoteka qoyan ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onlar barəsində ipoteka saxlayanın razılığı olmadan sərəncam vermək hüququna malik deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 ona məxsus Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsini "İddiaçı" QSC-yə, həmin torpaq sahəsinin üzərində yerləşən 3420 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasını isə "Cavabdeh1" ASC-yə ipotekaya qoymuşdur. Göründüyü kimi Cavabdeh2 ona məxsus ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasının başqa bir ipoteka saxlayana təqdim etməsi sözügedən mübahisəli ipoteka müqaviləsinin etibarsızlığına səbəb ola bilməz. Məhkəmə qeyd edir ki, Cavabdeh2 "İddiaçı" QSC ilə bağladığı ipoteka müqaviləsində yalnız Goranboy rayonu, Goran qəsəbəsində yerləşən torpaq sahəsini ipoteka qoyduğundan, ondan sonra həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası ilə bağlı "Cavabdeh1" ASC ilə ipoteka müqaviləsi bağlanıldığından bu hal ilə əlaqədar hər hansı qanun pozuntusundan söhbət gedə bilməz. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1405/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1405/2021
18.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver