Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1410/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 01 oktyabr 2013-cü il tarixli, 40İ/13SU saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Quliyeva (Əhmədova) Təhminə Yaşar qızı arasında bağlanmış 01 oktyabr 2013-cü il tarixli 40/13SU nömrəli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 03 oktyabr 2013-cü il tarixli, 40-1/13SU saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 30 ay müddətinə, 03 aprel 2014-cü il tarixədək, illik 25 % ödəmək şərtilə 24.000 ABŞ dolları və 19 mart 2014-cü il tarixli, 40-2/13 SU saylı əlavə kredit müqaviləsinə əsasən X1ma 18 ay müddətinə, 19.09.2015-ci il tarixədək, illik 25% ödəmək şərtilə 6.500 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin müqavilənin təminatı kimi "xxxx" KB ASC ilə İddiaçı arasında 01 oktyabr 2013-cü il tarixli, 40İ/13SU saylı ipoteka müqaviləsi bağlanmış, Sumqayıt şəhəri, 5-ci mkr-da yerləşən 138/23 saylı evin 1 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)- 3541/2018 saylı 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Quliyeva(Əhmədova) Təhminə Yaşar qızından 03 oktyabr 2013-cü il tarixli, 40-1/13SU saylı əlavə kredit müqaviləsi üzrə 14542.20 ABŞ dolları məbləğində əsas və 2051,19 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 16643,39 ABŞ dolları məbləğində borcun, 19.03.2014-cü il tarixli, 40-2/13SU saylı kredit müqaviləsi üzrə 4620,63 ABŞ dolları əsas, 565,30 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 5249,93 ABŞ dolları məbləğində kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi məzənnə ilə hesablanaraq, 30 manat məhkəmə xərci və iş üzrə ödənilmişdövlət rüsumunun tutularaq, "xxxx" KB ASC-yə ödənilməsi, tələbin İddiaçı məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 138/23 saylı evin 1 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Quliyeva (Əhmədova) Təhminə Yaşar qızının "xxxx" KB ASC-yə olan cəmi 22079 ABŞ dolları kredit borcunun, 30 manat məhkəmə xərci və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 32200 manat müəyyən edilməsi, "xxxx" KB ASC-yə ödənilməli olan kredit borcu, məhkəmə xərci və dövlət rüsumunun əvəzi ödənildikdən sonra əldə olunmuş ipoteka predmetinin hərracda satışından sonra əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-124/2020 saylı mülki iş üzrə 08 yanvar 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin 2(102)- 3541/2018 saylı, 27 iyun 2018-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bildirir ki, məhkəmə ipoteka predmetinə tutma yönətdiyi halda, ipoteka predmetinin ilkin satış qiymətinin aşağı olmasını nəzərə almamış bu hissədə araşdırma aparmamışdır. Məhkəmə zamanı müəyyən edilən məbləğ mənzil real qiyməti deyil, mənzilin real bazar qiyməti əhəmiyyətli dərəcədə artıqdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. Mülki işin hallarından müəyyən edildiyi kimi “ipoteka müqaviləsinin etibarsızlığı” tələbinə dair hazırki iş üzrə cavabdeh daha əvvəl məhkəməyə müraciət edərək borcun tutulması və hazırda etibarsızlığı tələb edilən ipoteka müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia irəli sürmüşdür. Qeyd edilən iş üzrə Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə müvafiq tələblər qismən təmin edilmişdir. Bu qətnamədən sözü gedən işin baxılmasında cavabdeh qismində iştirak edən İddiaçı apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-124/2020 saylı, 08.01.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi həmin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddia ərizəsinə əsasən göründüyü kimi hazırda İddiaçı məhkəməyə müraciət etməklə Abşeron Rayon Məhkəməsinin 2(012)-3541/2018 saylı 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş Sumqayıt şəhəri, 5-ci mkr-da yerləşən 138/23 saylı evin 1 saylı mənzilinin ilkin satış qiymətinin real bazar qiymətindən az olduğuna əsaslanaraq ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qanunun tələbindən göründüyü kimi, ipoteka predmetinə tutma yönəldiyi təqdirdə onun ilkin satış qiymətinin məhkəmə qərarında göstərilməsi mütləqdir. İpoteka predmetinin ilkin satış qiymətinin məhkəmə qətnaməsində göstərilməsi həm də məhkəmə qətnaməsinin icrası ilə bağlı onun açıq bazarda, yaxud hərracda satılmasının təmin edilməsindən irəli gəlir. Tərəflərdən hər hansı biri məhkəmə qətnaməsində göstərilən qiymətlə razı olmadığı halda, qətnamənin ipoteka predmetinin ilkin satış qiymətilə bağlı hissəsi yuxarı instansiya məhkəmələrində mübahisələndirə bilər. Belə olan halda məhkəmə hesab edir ki, Quliyev X2 Rayon Məhkəməsinin 2(012)-3541/2018 saylı 27 iyun 2018-ci il tarixli qətnaməsini apellyasiya icraatı qaydasında mübahisələndirməklə, pozulduğu ehtimal edilən hüququnun bərpası üçün qanunvericiliklə ona verilmiş məhkəmə müdafiəsi imkanlarından artıq istifadə etmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri sayır ki, mübahisə predmeti olan ipoteka müqaviləsi üzrə ipoteka hüququ ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin müqavilənin etibarlığı artıq yoxlanılmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müqavilənin etibarsızlığı ilə bağlı müvafiq maddələrinə istinad edərək qiymət verilmişdir. Belə ki, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair işə baxan məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün ilk növbədə bu tələbin əsasını təşkil edən etibarlı ipoteka müqaviləsinin bağlanıb-bağlanmadığını müəyyən etmək vəzifəsi daşıyır və həmin vəzifəni yerinə yetirməklə tələbin qanuni və əsaslı olmasına hüquqi qiymət verir. Ona görə də bu mübahisəyə baxılan vaxt və yaxud baxıldıqdan sonra ipoteka müqaviləsinin etibarsızlığına dair ayrıca iddia tələbinin irəli sürülməsi və həmin tələbə mahiyyəti üzrə baxılması prosessual qanunvericiliyin normaları baxımdan mümkün deyildir. Oxşar mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 22 aprel 2021-ci il tarixli Qərarında əks olunmuşdur. Belə ki, həmin qərarda qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Göstərilənlərə əsasən hazırda işə baxan məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda, həmin tutmanın yönəldilməsinə əsas olan ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə hazırki mübahisəyə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyildir və belə olduğu təqdirdə bu Məcəllənin 261.0.2-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261.0.2, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1410/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1410/2021
29.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver