Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1415/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X2 və X3 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, Mahmudov X5 Elşən Mansur oğlu və İddiaçı4 cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, Mahmudov X5 Elşən Mansur oğlu və İddiaçı4 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 112 saylı binaya gələn içməli suyun verlişini təmin edən elektrik enerjisi ilə işləyən mühərrikin və binanın liftinin hərəkətini təmin edən elektrik enerjisinin fasiləsiz və dayanıqlı verilməsinin təmin edilməsi öhdəliyinin “Azərişıq"' Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 112 saylı çoxmərtəbəli binanın sakinləridirlər və həmin binada yaşayırlar. Kommunal xidmətlərdən, o cümlədən X1yə görə aidiyyəti qurumlara, həmçinin, Azərişıq ASC-yə və onun yerli qurumu olan Nərimanov rayon enerji Təchizatı və Satışı İdarəsinə heç bir borcları yoxdur. Lakin, mütəmadi olaraq (sonuncu dəfə xx.xx.2023-cü il tarixdə) cavabdeh Azərişıq ASC və onun yerli qurumu olan Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən binaya gələn içməli suyun binaya verlişini təmin edən elektrik enerjisi ilə işləyən mühərrikin və binanın liftinin hərəkətini təmin edən elektrik enerjisi qanunsuz olaraq dayandırırlar. Nəticədə, cavabdehlər bina sakinlərini içməli sudan və liftdən istifadədən məhrum edilirlər. Hər bir sakinin evində yaşlı, xəstə insanlar var, azyaşlı uşaqlar var, məktəbə gedənlər var, insanlar işə gedirlər. Cavabdeh tərəfindən elektrik enerjisinin qanunsuz kəsilməsi liftin hərəkətinin və içməli suyun dayandırılmasına səbəb olur. Binada fəlakətli vəziyyət yaranır, bina sakinləri fəlakətli vəziyyətdən ciddi ziyan çəkirlər. İçməli su dayandırıldığından sakinlər hər gün su ehtiyaclarını qarşılamaq üçün əlavə nə qədər xərc çəkərək su almalı olurlar. Bu qanunsuz hərəkətlər cavabdeh tərəfindən dəfələrlədir ki, təkrarlanır, mütəmadi xarakter daşıyır, cavabdehin bu cür hərəkətləri istehlakçı kimi onların hüquqlarını pozur. Bina sakinlərindən heç kəsin cavabdehlərə borcu yoxdur, X1yə görə aylıq ödənişlərini edirlər. Cavabdehin bu cür qanunsuz hərəkətlər etməsinin səbəbi isə odur ki, Azərişıq ASC ilə yaşadıqları binanı vaxtilə inşa etmiş üçüncü şəxs Səbinə Mənzil Tikinti Kooperativi arasında 6-7 il əvvələ olan borc münasibətidir. Səbinə MTK özü fəaliyyətini dayandırıb, binanın su mühərriki və lifti isə Səbinə MTK-nın balansında qalıb, həmin su mühərrikindən və liftdən Səhinə MTK istifadə etmir, onlardan bina sakinləri istifadə edir, Azərişıq ASC Səbinə MTK-ya xeyli məbləğdə əsası olmayan, yəni sayğacla hesablanmayan borc yazmışdır. Ona görə də onların arasında köhnə borcla bağlı hazırda da məhkəmə çəkişmələri davam edir. Su mühərriki və liftdən onlar bina sakinləri istifadə edir, istifadə nəticəsində təbii ki, elektrik enerjisi sərf olunur, həmin sərfiyyat Səbinə MTK-nın adından hər ay ödənilir. Səbinə MTKnın hazırki dövrdə, yəni 2022-ci il, 2023-cü ilə Azərişığa heç bir borcu yoxdur. Belə olan halda, yəni su mühərrikinin və liftin sərf etdiyi elektrik enerjisinin dəyərini istehlakçı kimi Səbinə MTK-nın adından ödədiklərinə görə cavabdehlərin həmin enerjini dayandırmağa hüququ yoxdur, əksinə, cavabdehlər sözügedən mühərrikə və liftə gələn enerjinin davamlı təmin edilməsinə görə cavabdehlik daşıyırlar, bu onların öhdəliyidir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, Səbinə MTK-nın "xxxx" ASC-yə 39000 manat borcu vardır. Səbinə MTK o borcu ödəməyənədək lift və su mühərrikinin işləməsi üçün elektrik enerjisi verilməyəcəkdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini etiraf etməyərək digər nümayəndənin izahatına oxşar izahat verdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-ya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıların iddiasının təmin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, MTK-nın “Azərişıq“ ASC-yə heç bir borcu yoxdur, əksinə "xxxx" ASC-nın MTK-ya 3.000 manat borcu vardır. Təsadüfi deyil ki, "xxxx" ASC "xxxx" MTK-ya qarşı bu günədək borcla bağlı heç bir iddia tələbi irəli sürməmişdir, bütün tələblər "Səbinə” MTK tərəfindən irəli sürülmüşdür. Lakin, "Azərişıq” ASC-nin baza məlumatlarında "xxxx" MTK-nın 4 akt üzrə - xx.xx.2014-cü il tarixli, R1018504 nömrəli aktla 6341,1 manat, xx.xx.2017-ci il tarixli NDQ0032535 nömrəli aktla 18500 manat, xx.xx.2017-ci il tarixli, NDQ003424 nömrəli aktla 5230.98 manat, xx.xx.2018-ci il tarixli NDQQ04565 nömrəli aktla 14300 manat, əlavə hesablanmış 3569 manat borc olmaqla, cəmi 47941 manat borcu olması barədə qeydlər aparmışdır. "xxxx" MTK "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət edərək həmin 4 akt üzrə yazılmış borcun silinməsini xahiş etmişdir. Məhkəmələr bu nəticəyə gəlmişdir ki, 2 akt (NDQ0032535 və NDQ004565 nömrəli) üzrə borc hesablanmayıb, digər 2 akt (R ******* və NDQ003424) üzrə isə hesablanmış 11572 manat borcdan 8517 manat borcu silmişdir. Beləliklə, məhkəmələr (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 988/2021 saylı qətnaməsi) bu qənaətə gəlmişdir ki, 4 aktdan 2-si üzrə borc silinir. 2-si üzrə isə borc hesablanmamışdır. Beləliklə, "xxxx" MTK-nın "xxxx" ASC-yə heç bir borcu olmadığı müəyyən olunmuşdur. Buna baxmayaraq, "xxxx" ASC "xxxx" MTK-nın adına heç bir hüquqi sənədə (sayğac göstəriciləri, akt və va digər sənədə) əsaslanmayan təxminən 37-38 minə yaxın borcun olması barədə bildirişlər göndərir. Bu cür qanunsuz hərəkətlərin dayandırılması və borcun olmaması barədə "xxxx" MTK tərəfindən "xxxx" ASC-yə yeni iddia qaldırılacaqdır. Qeyd etmişdir ki, "xxxx" MTK-nın hazırda işçi personalı və ofisi yoxdur. MTK kommersiya fəaliyyətini dayandırıb, fəaliyyət göstərmir, yəni, "xxxx" MTK "xxxx" ASC-də faktiki olaraq istehlakçı deyil. MTK Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi 112 saylı çoxmərtəbəli binanı inşa edib bina sakinlərinin istifadəsinə verib. Lakin, balansında MTK-nın istifadə etmədiyi, sakinlərin istifadə etdiyi binaya gələn içməli suyun binaya verilişini təmin edən mühərrik və bina lifti vardır. Həmin mühərrik və lift elektrik enerjisi ilə işləyir. Sərf olunan elektrik enerjisinin istehlakçıları faktiki olaraq bina sakinləridir. Yəni, həmin mühərrik və liftləri yalnız bina sakinləri istifadə edir. Liftin və mühərrikin bina sakinlərinin müştərək cəmiyyətinə verilməsi prosesi uzun müddətdir ki, gedir. Bina sakinləri həmin mühərrik və liftdən istifadə zamanı istehlak etdikləri enerjinin dəyərini "xxxx" MTK vasitəsilə "xxxx" ASC-yə ödəyirlər. Çünki, mühərrik və liftin balansdan çıxarılması prosesi başa çatmadığı üçün "xxxx" ASC ilə müqavilə "xxxx" MTK ilə bağlanıb. Ona görə də, istehlakçı sakinlər liftə və mühərrikə görə istehlak etdikləri enerjinin dəyərini "xxxx" MTK-ya qəbzlə pul ödəməklə. "xxxx" MTK da həmin pulu "xxxx" ASC-nin hesabına ödəniş terminalları və ya digər formada ödəməklə realizə edir. “Səbinə" MTK “Azərişıq" ASC-də abonent kimi qeydə alınsa da, lift və mühərrikə görə istehlakçı deyildir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 1-ci maddəsinə görə istehlakçı müqavilə tərəf, abonent deyil, xidmətdən istifadə edən şəxsdir. "xxxx"-ın xidmətindən istifadə edənlər isə bina sakinləridir. “Səbinə" MTK bina sakinlərinin istehlak etdiyi enerjinin ödənişinin ödənilməsinin təmin olunması üçün bir vasitədir. Bundan başqa, "xxxx" MTKnın Nizamnaməsinə görə MTK-nın bina sakinlərini elektrik enerjisi ilə təmin etməklə bağlı öhdəliyi və vəzifəsi yoxdur. MTK-nın vəzifəsi Nizamnamənin 3.2-ci bəndinə görə ona ayrılmış torpaq sahəsi hüdudunda müəyyən olunmuş abadlaşdırma qaydalarına əməl etmək, yaşayış yerinin tikilməsi üçün verilmiş bank kreditlərindən məqsədəuyğun istifadə elmək, borcları vaxtında qaytarmaqdır. "xxxx" ASC-nin Əsasnaməsinə əsasən isə istehlakçıları (hazırki iş üzrə mühərrik və liftdən istifadə edən bina sakinlərini) enerji ilə təmin etmək Azərişıq ASC-nin öhdəliyi və vəzifəsidir. Həmçinin, onu da bildirmişdir ki, sakinlərin istehlak etdiyi enerjini də “Səbinə" MTK dayandırmayıb, onu dayandıran şəxs “Azərişıq" ASC-dir. Səbinə MTK-nın işçi personalı olmadığı üçün bina ilə bağlı faktiki olaraq bütün işlər - liftə qulluq, mühərrikin işlək vəziyyətdə saxlanılması, təmir zamanı ustanın cəlb edilməsi, ərazinin abad saxlanılması, xadimənin xidmətindən istifadə edilməsi, təmizlik işləri və sair faktiki idarəçilik iddiaçılar və digər bütün bina sakinlərinin özləri tərəfindən könüllü qaydada icra edilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" MTK tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışın surətindən görünür ki, İddiaçı1, İddiaçı2, Mahmudov X5 Elşən Mansur oğlu və İddiaçı4 Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 112 saylı binada yaşayırlar. İş materiallarında olan "xxxx" MTK tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 112 saylı binaya gələn içməli suyun verilməsini təmin edən elektrik enerjisi ilə işləyən mühərriki və binanın lifti "xxxx" MTK-nın balansında qalsa da, həmin mühərrik və lift bina sakinlərinin ehtiyaclarını təmin etmək üçündür və istifadəçiləri bina sakinləridir. "xxxx" MTK fəaliyyətini dayandırdığı, ofisdən istifadə elmədiyi və işçi personalı olmadığı üçün həmin mühərrik və lifdən istifadə etmir. Mühərrik və liftin enerji sərfiyyatının dəyəri isə "xxxx" MTK-a adından ödənilir. Bununla bağlı Azərişıq ASC-yə borc yoxdur "xxxx" MTK ilə Azərişıq ASC arasında olan borc mübahisəsinin həmin mühərrik və liftlə bağlı eletrik sərfiyyatına heç bir adiyyatı yoxdur. İş materiallarında olan Azərişıq ASC tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MTKya ünvanlanan xəbərdarlıqda göstərilmişdir ki, onun istifadə edilmiş elektrik enerjisinin sərfiyyatına görə 39483 manat məbləğində debitor borcu vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 1S saylı Qərarı ilə təsdiq edilmiş "X1 Qaydaları"nın müvafiq bəndlərinə üyğurı olaraq Cəmiyyət elektrik enerjisi haqqını vaxtında ödəməyən istehlakçının borcu ödənilənədək enerji təchizatını dayandırmaq hüququna malikdir. 06 yanvar 2010-cu il tarixli 3 №»-li qərarı ilə edilmiş əlavəyə görə (EEİQ- 9.13.2) enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra tam məbləğdə ödənilmədikdə elektrik enerjisinin verilməsi dayandırılır. Ödənilməmiş borca görə obyektin enerji təchizatı əlavə xəbərdarlıq edilmədən xx.xx.2024-cü il tarixdən etibarən dayandırılacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş hesab ödəniş vərəqindən görünür ki, "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixə 39783,35 manat borcu vardır. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilməklə, "xxxx" ASC-nin üzərinə "xxxx" MTK-ya hesablanmış 47941 manat məbləğində borcun silinməsi vəzifəsi qoyulmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməklə, iddia təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməklə, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməklə, "xxxx" MTK-ya hesablanmış 8517.25 manat borcun silinməsi vəzifəsi "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 16 maddəsinin İ bəndində göstərilmişdir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su istehlakçılarını müəyyən olunmuş müddətlərdə və həcmdə su ilə təmin etmədikdə su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. “X1 Qaydaları” haqqında Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Həmin Qanunun 8.20-ci maddəsinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Həmin Qanunun 8.25-ci maddəsinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlər (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) üçün sərf etdiyi elektrik enerjisinə görə şəbəkənin balans mənsubiyyəti sərhəd nöqtəsində quraşdırılmış hesablaşma elektrik sayğacı vasitəsilə, bu qrup istehlakçılar üçün müəyyən edilmiş tarif üzrə enerjitəchizatı müəssisəsi ilə hesablaşır. Məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə "xxxx" MTK arasında mövcud münasibətlər hazırki iddianın predmeti olmamaqla, bu mübahisə üçüncü şəxslərin mənafeyinə ziyan gətirməməlidir. Belə ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Hər bir şəxs öz ehtiyaclarını təmin etmək üçün su istehlak etmək hüququna malikdir. Bu hüququnun məhdudlaşdırılması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb ola bilər. Cavabdeh binaya elektrik enerjisinin verilməsini dayandırmaqla sakinlərin içməli su ilə təmin edilməsinə maneə yaratmış, onların təbii ehtiyaclarını qarşılamalarında çətiklik törətmişdir. Eyni zamanda yaşayış binasının sərnişin lifti birdən çox sərnişinin daşınmasına xidmət etməklə eyni zamanda yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə (istifadəçilərinə, sakinlərinə və s.) mənsubdur. Elektrik enerjisinin kəsilməsi liftdən istifadə edən şəxslərin yaşayış binasının pilləkənlərini piyada qalxmalarına məcbur edilmələri deməkdir. Lift hər bir şəxsin mənzilinə rahat şəkildə qalxmasına xidmət edir. Kifayət qədər əsas və zərurət olmadan hər hansı bir şəxsin onun zəruri ehtiyaclarını ödəməyə xidmət edən vasitədən məhrum edilməsi isə yolverilməzdir. İş materiallarında da göründüyü kimi, sakinlər tərəflərindən binaya su təmin edən müəhərrikin və liftin istifadəsinə görə enerji sərfiyatına dair ödənişlər edirlər. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 112 saylı binaya gələn içməli suyun verilməsini təmin edən mühərrikə və binanın liftininə elektrik enerjisinin fasiləsiz və dayanıqlı verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə işə baxılarkən çəkilən xərclərin tutulmasına dair aşağıdakıları qeyd edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edildiklərindən, dövlət rüsumu, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" ASC-dən 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" ASC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 112 saylı binaya gələn içməli suyun verilməsini təmin edən mühərrikə və binanın liftininə elektrik enerjisinin fasiləsiz və dayanıqlı verilməsi öhdəliyi qoyulsun. "xxxx" ASC-dən 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1415/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1415/2024
13.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver