Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1424/2021 12.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunvericiliyə zidd olduğu üçün xx.xx.2019-cu il tarixli müqavilənin 10.8.1 və 10.8.2.1-ci bəndlərinin bağlandığı andan etibarsız hesab edilməsi; taksit əməliyyatının bərpa edilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, qanunvericiliyə zidd olduğu üçün xx.xx.2019-cu il tarixli BRED1694833A102 saylı kredit kartına dair müqavilənin 10.8.1 və 10.8.2.1-ci bəndlərinin bağlandığı andan etibarsız hesab edilməsi; taksit əməliyyatının bərpa edilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması; ödənişin gecikməsinə görə Cavabdeh ASC tərəfindən tutulmuş cərimə, faiz və xidmət haqqı məbləğinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh ASC arasında xx xxxxxx 2019-cu il tarixli BRED1694833A102 nömrəli kredit kartına dair müqavilə, «xxxx» MMC ilə isə «Kart vasitəsi ilə kreditin verilməsinə dair» xx xxxxxx 2019-cu il tarixli müqavilə imzalanıb. Müqaviləyə əsasən ona 1.200 manat limiti olan kredit xətti açılıb və «BirKart» kartından son istifadə müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilib. 2020-ci ilin yanvar ayında «BirKart»ın tərəfdaş mağazası «Kontakt Home» mağazalar şəbəkəsindən «BirKart» vasitəsi ilə 159 manat 98 qəpik məbləğində çaydan, 299 manat 99 qəpik məbləğində Ariston firmasına məxsus su qızdırıcı, mart ayında isə 569 manat 99 qəpik məbləğində Samsung firmasına məxsus paltaryuyan almışdır. İlk iki məhsulu 12 ay taksitlə (hissəli ödəniş), paltaryuyanı isə 24 ay taksitlə almışdır (Qəbzdə də taksit, 24 aya ödəmə sözləri qeyd edilmişdir). Hər üç məhsul üzrə «BirKart» vasitəsi ilə aylıq olaraq ümumi məbləğdə ödəniş etmiş, bütün ödənişlər vaxtında edilmişdir. Hər dəfə telefon nömrəsinə gələn sms bildirişlər əsasında öncə ilk iki məhsul üzrə fevral ayı üzrə cəmi 40 manat, paltaryuyan alandan sonra isə üç məhsula görə 2020-ci ilin aprel ayı üzrə 65 manat, may ayı üzrə 63 manat, iyun ayı üzrə 64 manat, iyul ayı üzrə 62 manat, avqust ayı üzrə 65 manat, sentyabr ayı üzrə 40 manat, oktyabr ayı üzrə isə həmişəkindən çox – 75 manat ödəniş etmişdir. Hər dəfə sms bildirişlərdə qeyd edilən məbləğləri yuvarlaşdıraraq, qeyd edildiyindən artıq ödənişlər etmişdir. Oktyabr ayı üzrə həmişəkindən çox məbləğ (75 manat) barədə sms bildiriş gəldikdə bunu aydınlaşdırmaq üçün «BirKart»ın 196 məlumat mərkəzinə zəng etmişdir. Ona artıq üç məhsulun yox, iki məhsulun taksitlə olduğu, aldığı məhsullardan ən bahalı olanını (569 manat 99 qəpik) isə nağd ödəməli olduğu bildirilib. Məhsulları aldığı yer üzrə cavabdehin İnşaatçılar filialına müraciət etdikdə, ona bildirilmişdir ki, iyul ayında aylıq məbləği səksən qəpik az ödədiyinə görə taksit əməliyyatı qeyri-taksit əməliyyatına (nağd ödəniş) dəyişdirilib. Lakin burada sual doğuran bir sıra məqamlar var ki, əgər iyul ayında səksən qəpik az ödəmə olubsa, o zaman nə üçün avqust ayında ödəmə qeyri-taksitlə yox, həmişəki kimi taksitlə aparılıb? Nə üçün sentyabr ayında həmişəkindən az məbləğ (39 manat) ödənilməsi ilə bağlı sms bildiriş gəlib? Bu qaranlıq qalan suallarına cavab verə bilməyiblər. Səksən qəpiyə görə taksit əməliyyatının qeyri-taksit əməliyyatına dəyişdirilməsini qanunsuz hesab etdiyi üçün ödənişin əvvəlki vəziyyətinin bərpa edilməsi üçün cavabdehə həm rəsmi (yazılı), həm də elektron poçt ünvanına, eyni zamanda cavabdehin rəhbərliyinə məktublarla müraciətlər etmişdir. Cavabdehin müraciətinə email vasitəsi ilə verdiyi cavabında kredit müqaviləsinə istinad edilməklə bildirilmişdir: «xx.xx.2020-ci il tarixdə 569 manat 99 qəpik məbləğdə həyata keçirdiyiniz əməliyyat taksit əməliyyatları çərçivəsində 24 ay müddətinə bölünmüşdür. İyul ayının 1-dən 10-dək taksit borclarınız üzrə ödənilməli borc məbləği 62 manat 08 qəpik, faiz hesablanan əsas borc üzrə 0,80 manat, faiz borcu üzrə 0,14 manat təşkil etmişdir. Tərəfinizdən xx.xx.2020-ci il tarixdə 62 manat ödəniş həyata keçirilmişdir. Qeyd olunan aylıq ödəniş natamam ödənildiyindən və tam ödənişi 20 gündən artıq gecikdirdiyiniz üçün taksit əməliyyatınızın qalıq borcu qeyri-taksit əməliyyat kimi formalaşmışdır». Cavabdehin bildirdikləri ilə razılaşmadığı üçün Müqavilənin 10.8.1 və 10.8.2.1-ci bəndlərinin dəyişdirilməsini istəmişdir. Lakin bu müraciətinə də eyni cavab verilib və Müqavilənin dəyişdirilməsindən imtina olunub. Cavabdehin istinad etdiyi Müqavilənin 10.8.1-ci bəndində qeyd edilib ki, BirKartla aparılan hər bir taksit əməliyyatı, əməliyyatın aparıldığı opsiyaya uyğun ayların sayına bölünərək aylıq bərabər hissələrlə (faizsiz) ödənilir. Amma müştəri taksit əməliyyatlar çərçivəsində müvafiq əməliyyat üzrə aylıq ödənişinin (borcunun) ödənilməsini 20 gün gecikdirərsə, müvafiq taksit əməliyyatının ödəniş forması dəyişdirilir və qeyri-taksit əməliyyatları üzrə bu müqavilədə nəzərdə tutulmuş ödəniş formasına keçirilir (müvafiq taksit əməliyyatının bütün qalıq borc məbləği qədər kredit yaranır və güzəşt müddəti olmayan əməliyyatlara aid edilir). Bu halda müştəridən əməliyyat məbləğinin 1 faizi qədər xidmət haqqı tutulur və borca əlavə edilir. Müqavilənin 10.8.2.1-ci bəndində isə deyilir ki, …istifadə edilmiş məbləğ güzəşt müddəti ərzində natamam ödənildikdə və ya ümumiyyətlə ödənilmədikdə istifadə edilmiş məbləğə və ya ödənilməmiş hissəsinə bu Müqavilə ilə nəzərdə tutulmuş kredit xəttinin illik faiz dərəcəsi ilə gündəlik faizlər hesablanır. Bu halda güzəşt müddəti ərzində borcun qalığına gündəlik hesablanmalı olan faizlər də Müştərinin faiz borcuna əlavə olunur. Aşağıdakılara görə Müqavilənin qeyd edilən bəndləri qanunsuz və əsassızdır: Standart şərtli müqavilənin birtərəfli dəyişdirilməsinin yolverilməzliyi. Cavabdeh ona Müqavilə formasını təqdim edib və o da, onu təqdim edildiyi şəkildə imzalamışdır. Buna görə də, Müqavilə Mülki Məcəllənin 417-420-ci maddələrinə əsasən standart şərtlər əsasında bağlanmış müqavilədir. Bu hər bir şəxs üçün eyni müddəa və şərtlərin müəyyən edilməsi, müqavilə tərəflərinin müəyyən qədər qeyri-bərabər vəziyyətdə olmaları, müştərinin Müqaviləni olduğu kimi qəbul etmək məcburiyyətində olması, onun heç bir müddəasını dəyişdirə və qeyd-şərtlər irəli sürə bilməməsi, iradəsindən asılı olmayaraq həmin müqaviləni qəbul etmək məcburiyyətində qalması ilə bağlıdır. Bu yanaşma, Konstitusiya Məhkəməsi Plenumunun ««İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair» xx xxxxxxx 2012-ci il tarixli qərarındakı hüquqi mövqeyindən irəli gəlir. Həmin qərarda formalaşdırılmış hüquqi mövqeyə görə, təbii inhisar subyekti ilə bağlanan müqavilə normativ xarakterli aktla tənzimləndiyindən hər bir şəxs üçün standart, yəni eyni müddəa və şərtlərlə müəyyən edilir. Bu növ müqavilənin tərəfləri müəyyən qədər qeyribərabər vəziyyətdə olurlar. İstehlakçı müqaviləni olduğu kimi qəbul etmək məcburiyyətində olur, onun heç bir müddəasını dəyişdirə və qeyd-şərtlər irəli sürə bilmir. Xidmətlər daxili bazarda yalnız təbii inhisarçı tərəfindən verildiyindən şəxs iradəsindən asılı olmayaraq həmin müqaviləni qəbul etmək məcburiyyəti ilə üzləşir. Həmçinin qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun «Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısını alınmaması üçün) mümkün olsun. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Bu baxımdan, Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə), müştərinin isə xeyrinə təfsir edildiyindən taksit əməliyyatının qeyri-taksit əməliyyatına dəyişdirilməsi barədə cavabdehin hərəkətinin geriyə dönüşü həyata keçirilməli və əməliyyat (taksit) əvvəlki vəziyyətdə saxlanılmalıdır. Bundan başqa, Mülki Məcəllənin 420.1.4-cü maddəsinin tələbinə görə, standart müqavilədə digər tərəf üçün qeyri-məqbul olan təklif etmiş tərəfə vəd olunmuş işi dəyişdirmək və ya ondan imtina etmək hüququ verən müddəalar daxil edilməsi yolverilməzdir və bu hal müqavilənin standart şərtlərinin etibarsız sayılmasına əsasdır. Qeyd olunmuş maddənin mətnindən göründüyü kimi, inhisarçı mövqeyində olan şirkətə onun tərəfindən təklif edilən xidməti birtərəfli dəyişdirmək və ya həmin xidmətin göstərilməsindən imtina etmək hüququ verən standart şərtli müqavilənin hər hansı müddəası etibarsızdır. Həmçinin qeyd edilməlidir ki, qanun bu cür müddəaların etibarsızlığını əlavə olaraq onunla şərtləndirmişdir ki, «bu barədə razılaşma müqavilənin digər tərəfi (yəni müştəri) üçün qeyri-məqbul olsun». Azərbaycan Dilinin İzahlı Lüğətində (Şərq-Qərb nəşriyyatı, İİİ Cild, 2006) «qeyri-məqbul» sözünə dair verilmiş izahdan görünür ki, qeyd olunan söz «qəbul edilməyən», «bəyənilməyən, yararsız» mənalarından istifadə edilir. «Qəbul edilməyən» mənasında şərtin qeyri-məqbul olması onun müştəri tərəfindən şüurlu və aşkar surətdə qəbul olunmadığını nəzərdə tutur. Yəni, bu məna baxımından şərtin «məqbul» olması üçün belə şərt müştəri tərəfindən əlavə olaraq imzalanmalı və ya həmin şərt xüsusi (müqavilənin digər şərtlərindən fərqlənən və şəxsin diqqətini cəlb edən) şriftlə yazılmalıdır. Taksit əməliyyatının qeyri-taksit əməliyyatına dəyişdirilməsi barədə Müqavilənin 10.8.1 və 10.8.2.1-ci bəndləri isə xüsusi şriftlə yazılmayıb. «Bəyənilməyən və ya yararsız» mənasında şərtin qeyri-məqbul olması onun müştəri üçün əlverişsiz, ziyanlı olduğunu nəzərdə tutur. Bu baxımdan şərtin «məqbul» olması üçün belə şərt müştəriyə hər hansı üstünlük və ya fayda verməlidir. Cavabdehə birtərəfli qaydada taksit əməliyyatının qeyritaksit əməliyyatına dəyişdirilməsi ilə bağlı hüquq verən Müqavilənin 10.8.1 və 10.8.2.1-ci bəndlərini müştəri olaraq qəbul etmədiyindən (qeyd olunan müddəa adi şriftlə yazılıb və o, həmin bəndi ayrıca olaraq imzalamamışdır), eləcə də ona hər hansı üstünlük və fayda vermədiyindən və tamamilə əlverişsiz olduğundan məqbul hesab edilə bilməz. Ona görə də, Müqavilənin sözügedən bəndləri etibarsız hesab edilməlidir. Bundan başqa, Mülki Məcəllənin 420.2-ci maddəsinin tələblərinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Müqavilə şərtlərinin dəyişdirilməsi ilə bağlı hüququn müqavilənin bir tərəfinə verilməsi və yalnız bir tərəfin mülahizəsindən asılı edilməsi müqavilənin digər tərəfi üçün zərərli olan haldır. Bu cür xüsusi hüquqdan istifadə etməklə müştərinin vəziyyətinin pisləşdirilməsi isə birmənalı olaraq vicdanlılıq prinsipinə ziddir. Onunla Müqaviləni bağlayarkən cavabdeh məhz vicdansızlıq nümunəsi göstərərək etimadından sui-istifadə edib. Əlavə olaraq bildirir ki, aylıq ödəniş üç məhsul üzrə ümumi məbləğlə ödənildiyi halda, taksit əməliyyatının qeyri-taksit əməliyyatına keçirilməsi zamanı cavabdehin nağd ödənişi aldığı üç məhsuldan məhz ən bahalı avadanlığa aid edib ondan 569 manat 99 qəpiyin ödənilməmiş hissəsi (470 manat) nağd ödəməsini tələb etməsi də qanunsuzdur. Mülki Məcəllənin 420.3.4-cü maddəsinə əsasən təklif etmiş tərəfi müqavilənin digər tərəfini xəbərdar etməyə və ya öhdəliyin icrası üçün ona müddət verməyə dair (öhdəliyin icrası barədə xəbərdaretmə; müddət təyin etmə) qanunla nəzərdə tutulan vəzifədən azad edən müddəalar. Cavabdeh iyul ayı üzrə ödəniş zamanı 80 qəpik borcun olması barədə ona hər hansı xəbərdarlıq da etməyib. Mülki Məcəllənin 420.3.8-ci maddəsinə əsasən təklif etmiş tərəfin, öhdəliyi hissə-hissə icra etdiyi halda müqavilənin digər tərəfini bütövlükdə müqavilənin icra edilməməsi üçün zərərin əvəzinin ödənilməsini tələb etmək barədə müddəalar etibarsız sayılır. Müqavilə Mülki Məcəllənin 347.2.2-ci maddəsinə əsasən də etibarsızdır. Belə ki, həmin maddəyə görə şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdirsə, bu, vacib əhəmiyyətli yanılmadır. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd isə belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Müqavilənin 10.8.1 və 10.8.2.1-ci bəndləri Mülki Məcəllənin 339.2-339.3-cü maddələrinə əsasən də etibarsızdır. Həmin maddələrə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Müqavilənin 10.8.1 və 10.8.2.1-ci bəndləri həm də Mülki Məcəllənin oferta ilə bağlı 408-ci maddəsinə də ziddir. Həmin maddəyə görə müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır (Mülki Məcəllənin 408.1-ci və 408.2-ci maddələri). Lakin cavabdeh rəsmi internet səhifəsində «BirKart» barədə yerləşdirdiyi elanda (reklamda) Müqavilənin əsas şərtlərindən biri olan taksit əməliyyatının qeyri-taksit əməliyyatına keçirilməsi və qeyritaksit əməliyyatları çərçivəsində borcların ödənişi barədə heç bir məlumat əks edilməyib. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Hesab edir ki, cavabdeh iyul ayı üzrə səksən qəpik borc qalması barədə ona bilərəkdən xəbərdarlıq etməyib. Çünki qəpiyə görə taksit əməliyyatının qeyri-taksit əməliyyatına dəyişdirilməsi cavabdehin müştərini tələyə salıb onu nağd ödənişə məcbur etməsi üçün bir vasitədir və cavabdeh öz maraqlarını güdüb. Missiyası vətəndaşların həyatının hər bir dönəmində ölkənin sosial-iqtisadi rifah halını yüksəltmək olan (cavabdehin rəsmi saytında bankın missiyası olaraq belə qeyd edilib) bank ağır müqavilə şərtləri ilə vətəndaşları çıxılmaz vəziyyətə salırsa, burada hansı sosial rifahdan danışmaq olar? Dürüstlüyü dəyərlərindən biri hesab edən, bunun həmişə və hər zaman, hətta heç kəsin müşahidə etmədiyi halda belə yalnız düzgün olan addımı atmaq, ölkənin qanunlarına və qaydalarına hörmətlə yanaşmaq, heç vaxt şirkətin maraqlarını şəxsi mənfəət naminə qurban verməmək, müştəriləri qarşısında vicdanlı olmaq və onların etimadını qazanmaq demək olduğunu bildirən cavabdeh əslində öz mənafeyini müştərinin maraqlarından üstün tutmaqla dəyərlərinə sadiq olmadığını göstərmiş olur. Cavabdehin fəaliyyəti nə missiyasına, nə özü üçün seçdiyi dəyərlərə qətiyyən uyğun deyil. Görünən odur ki, cavabdehin - bankın maraqları hər şeydən üstündür. Qəpiyə görə taksiti (hissəli ödənişi) ləğv etmək cavabdehin müştərisinə həm də hörmətsizliyidir. Cavabdeh maliyyə maraqlarını düşünür, lakin nüfuzunu, etibarlılığını və müştəri güvənini, müştərinin maddi durumunu, ölkənin indiki durumunu düşünmür. O, 40 illik jurnalist təcrübəsi olan təqaüdçüdür. Nağd ödəniş etməyə, əsassız yerə faiz ödəməyə maddi imkanı yoxdur. O, məhsulları ona görə «BirKart» kartı ilə almışdır ki, ödənişləri hissə-hissə etsin. Çünki, cavabdehin rəsmi saytında da qeyd edilib ki, «xxxx» MMC-nin yaradılmasının məqsədi əhalinin maliyyə resurslarına çıxış imkanlarının daha da yaxşılaşdırılması, xüsusilə nağdsız ödənişlərin stimullaşdırılması üçün kart məhsullarının onlar üçün əlçatan nöqtələrdə satılmasıdır. Bunun əksinin olduğunu bilsə idi, əsla müqavilə bağlamaz, «BirKart» kartı almazdı. Onsuz da səkkiz aydan artıqdır ki, koronavirus pandemiyasının yaratdığı problemlər bir yandan, Vətən Müharibəsinin ağrısı bir yandan, üstəlik, cavabdehin ədalətsizliyi də bir yandan. Bütün çətinliklərə görə dövlət vətəndaşının həyatını asanlaşdırmağa çalışdığı bir zamanda (kredit borclarının silinməsi) bank vətəndaşa problem yaradır. Müqavilənin mübahisəli bəndləri müqavilədə xüsusi olaraq göstərilməmiş, müqavilə bağlanarkən cavabdeh istehlakçı olaraq ona həmin bəndlər barədə zəruri və düzgün məlumat verməyərək onu aldatmış, bununla da «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun da tələblərini pozmuşdur. Qanunun 13.1, 13.7, 18.0.5-ci maddələrinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, cavabdeh tərəfindən isteşlakçı olaraq onun hüquqları pozulmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən müqavilənin 10.8.1-ci və 10.8.2.1-ci bəndləri qanunvericiliyə zidd olduğundan etibarsız hesab edilməlidir. Müqavilənin 16-cı bəndinə əsasən bu müqavilənin hər hansı bəndinin qismən və ya bütünlüklə etibarsız, yaxud Azərbaycan Respublikası qanunvericiliyinə zidd olması müəyyən edildikdə, sözügedən etibarsız bənd və ya onun etibarsız hissəsi bu müqavilədən çıxarılmış hesab ediləcək. Digər qanunvericilik normalarına istinad edən iddiaçı, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və iddia ərizəsinə etiraz təqdim edərək izahatında bildirdi ki, İddiaçı ilə bank arasında xx.xx.2019cu il tarixdə kart vasitəsi ilə kreditin verilməsinə dair BRED1694833A102 nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən bank, iddiaçıya son istifadə tarixi xx.xx.2022-ci il olan bərpa olunan kredit xətti ayırmışdır. İddiaçı kredit kartı ilə xx.xx.2020-ci il tarixdə 159 manat 98 qəpik dəyərində, xx.xx.2020-ci il tarixdə 299 manat 99 qəpik dəyərində və xx.xx.2020-ci il tarixdə 569 manat 99 qəpik dəyərində elektronik məişət texnikası əldə etmiş və ödəniş məbləğləri 12 və 24 taksitə bölünmüşdür. Lakin müştəri müqavilə üzrə öhdəliyini natamam icra etdiyi üçün gecikmə yaranmışdır. Belə ki, müqavilənin 10.1-ci bəndinə əsasən nağdsız ödənişlər üzrə istifadə edilmiş məbləğin istifadə tarixindən sonra növbəti ayın 10-dək ödəniş edilməlidir. Lakin xx.xx.2020-ci il tarixdə ödəniş tam edilmədiyi üçün 21 gün gecikmə yaranmışdır. Belə ki, iddiaçıya xx.xx.2020-ci il tarixdə bank tərəfindən SMS göndərilərək 63 manat 02 qəpik aylıq borcunun olması barədə məlumat verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə 62 manat ödəməklə aylıq ödənişini natamam etmişdir. Müqavilə üzrə öhdəliyin icrası qaydası pozulduğu üçün müştəri ilə bank arasında imzalanmış müqaviləyə əsasən taksit əməliyyatı qeyri-taksit əməliyyatına keçirilmişdir. İddia tələbini əsassız hesab edir. Belə ki, Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Qanunun mənasına görə əqdin bağlanması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir. Mülki Məcəllənin 324.1, 324.2, 385.1, 389.1, 390.1, 390.3, 421.1, 421.2, 423.2, 425.1, 442-ci maddələrinə istinad edən cavabdehin nümayəndəsi daha sonra qeyd etmişdir ki, «Kart vasitəsi ilə kreditin verilməsinə dair» müqavilə kredit xətti müqaviləsidir. BirKart Cavabdehın təqdim etdiyi, faizsiz və komissiyasız taksit imkanı verən unikal kartdır. Müştəri, nə qədər ki, ona ayrılmış limitdən müqavilə şərtlərinə uyğun olaraq istifadə edir və ödəniş məbləğini vaxtında və tam olaraq banka geri qaytarır, bu zaman, istifadə edilmiş məbləğə faiz hesablanmır. Əks halda, müqavilə şərtləri pozulduğu üçün istifadə edilmiş məbləğə faiz hesablanır, taksit əməliyyatı qeyri-taksit əməliyyatına çevrilir. Belə ki, Müqavilənin 10-cu bəndinə əsasən bank, borc alana son istifadə tarixi xx.xx.2022-ci il olan ilkin istifadə məbləği 1.200 manat olan kredit xətti ayırmış və bundan sonra borc alan öz istəyinə uyğun həmin kredit məbləği üzərində müstəqil sərəncam vermək imkanı əldə etmişdir. İstifadə edilmiş məbləğ və ya taksit məbləği növbəti ayın 10-dək tam olaraq borc verənə geri ödənilməlidir. Göründüyü kimi, bankla müştəri arasında imzalanmış müqavilə ilə kredit kartı və ondan istifadə qaydaları, öhdəliklərin icrası üsulu və qaydası əvvəlcədən müfəssəl şəkildə təsvir olunmuşdur. Borc alan müqavilə ilə tanış olmuş, müqaviləni imza etməklə müqavilə şərtlərini qəbul etmiş və bunu öz imzası ilə təsdiq etmişdir. İddiaçı müqavilə öhdəliyini pozduğu üçün (tam və vaxtında ödəniş etmədiyi üçün) taksitlə ödəmə qaydası qeyritaksitlə ödəmə qaydasına keçirilmişdir. Göründüyü kimi bank müqavilə şərtlərini ümumiyyətlə dəyişməmiş, əvvəlcədən qarşılıqlı razılıq əsasında müəyyən edilmiş müqavilə şərtlərini işin faktiki hallarına uyğun tətbiq etmişdir. Müqavilə şərtlərinin dəyişməsi dedikdə, müqavilədə nəzərdə tutulmuş şərtlərin başqası (yeni şərtlər) ilə əvəz edilməsi, edilmiş dəyişikliklərlə yeni müqavilə qaydalarının müəyyən edilməsi nəzərdə tutulur. İddiaçı ilə bank arasında imzalanmış müqavilənin 10.8.1 və 10.8.2.1-ci bəndləri müqavilə ilə müəyyən edilmiş şərtlərə sonradan dəyişiklik etmək imkanını nəzərdə tutmadığı üçün həmin şərtlərin etibarsız hesab edilməsi ilə bağlı iddiaçının tələbi qanunsuz və əsassızdır. Eyni zamanda, bank, müqavilə ilə əvvəlcədən vəd etdiyi işi və ya xidməti dəyişməmişdir. Beləliklə, müqavilənin 10.8.1 və 10.8.2.1-ci bəndləri vəd olunmuş işi dəyişdirmək və ya ondan imtina etmək hüququnu nəzərdə tutmadığı üçün Mülki Məcəllənin 420-ci maddəsində nəzərdə tutulan mənada etibarsızlıq halına uyğun hesab edilə bilməz. İddiaçının müqavilə üzrə öhdəliyini icra etməməsi hüquq pozuntusudur. Taksit əməliyyatının qeyri-taksit əməliyyatına keçirilməsi bu hüquq pozuntusu nəticəsində baş vermişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında öz əksini tapmış hüquqi mövqeyə əsasən borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2019-cu il tarixdə kart vasitəsi ilə kreditin verilməsinə dair BRED1694833A102 nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən bank, iddiaçıya son istifadə tarixi xx.xx.2022-ci il olan bərpa olunan kredit xətti ayırmışdır. İddiaçı kredit kartı ilə xx.xx.2020-ci il tarixdə 159 manat 98 qəpik dəyərində, xx.xx.2020-ci il tarixdə 299 manat 99 qəpik dəyərində və xx.xx.2020-ci il tarixdə 569 manat 99 qəpik dəyərində məişət texnikası əldə etmiş və ödəniş məbləğləri 12 və 24 taksitə bölünmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini natamam icra etmiş və gecikmə yaranmışdır. Müqavilənin 10.1-ci bəndinə əsasən nağdsız ödənişlər üzrə istifadə edilmiş məbləğin istifadə tarixindən sonra növbəti ayın 10-dək ödəniş edilməlidir. Lakin xx.xx.2020-ci il tarixdə ödəniş tam edilmədiyi üçün 21 gün gecikmə yaranmışdır. Gecikmə ilə bağlı iddiaçıya xx.xx.2020-ci il tarixdə bank tərəfindən SMS göndərilərək 63 manat 02 qəpik aylıq borcunun olması barədə məlumat verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə 62 manat ödəməklə aylıq ödənişini natamam etmişdir. Müqavilə üzrə öhdəliyin icrası qaydası pozulduğu üçün müştəri ilə bank arasında imzalanmış müqaviləyə əsasən taksit əməliyyatı qeyri-taksit əməliyyatına keçirilmişdir. Göründüyü kimi, müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmuş, tərəflər müqaviləni sərbəst şəkildə, iradə ifadələrinə müdaxilə olunmadan bağlamışlar. Müqavilədə tərəflərin öhdəlik və vəzifələri müfəssəl şəkildə göstərilmişdir. Müqavilədə anlaşılmazlıq yoxdur. Bu səbəbdən, müqavilənin, yaxud onun bəzi bəndlərinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Müqavilənin etibarsız hesab edilməsinin qanuni əsasları müvafiq maddi hüquq normalarında öz əksini tapmışdır. Hazırkı iş üzrə qeyd olunan əsaslar müəyyən edilmir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1424/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1424/2021
12.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver