Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1427/2025 14.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh ASC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında aldatma yolu ilə bağlanmış RGTK 1843509C102 saylı xx.xx.2024-cü il tarixli Kredit Müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2024-cü ilin may ayında "Paşa Bank"ın Facabookda reklamına baxmış və həmin reklamda göstərilmişdir ki, "50" manat pul qoy və ayın sonunda "250" manat pul qazan. İddiaçının pula ehtiyacı olduğu üçün həmin reklama üzv olmuş və iki gündən sonra ona Azərbaycanda fəaliyyət göstərən mobil nömrədən zəng gəlmiş və rus dilində onunla danışmışdır. İddiaçı ondan azərbaycan dilində danışıb-danışmamasını soruşduqda, həmin şəxs azərbaycan dilində danışa bilmədiyini bildirmişdir. Ona görə iddiaçı onunla danışmamış və mobil telefonunu söndürmüşdür. Bir neçə dəqiqədən sonra, həmin şəxs yenidən zəng etmiş və bildirmişdir ki, əgər 115 manat pul vəsaiti banka qoyarsa, o zaman ayın sonu "450" dollar qazana bilər. İddiaçı o zaman borc edərək kartına 115 dollar pul qoymuşdur. Sonra yoxlamışdır ki, karta qoyduğu pulu çıxarıblar. Ona görə həmin Kartı ləğv etdirmiş və əvəzində yeni bank kartı almışdır. Təxminən 2024-cü ilin oktyabr ayında ona Karpov Roman adlı şəxs zəng etmiş və bildirmişdir ki, guya Bankda onun adına 4440 dollar pul yığılıb və Kartına 500 manat pul qoymalıdır ki, sonradan həmin məbləği kartdan çıxara bilsin. Bu faktı elektron qaydada çıxarılmış qəbzlə müəyyən etmək olur. İddiaçı həmin şəxsin sözlərinə şirniklənmiş və qonşusundan borc götürərək kartına yerləşdirmişdir. Oktyabrın 14-də Bankdan zəng gəlmiş və kredit götürmək istədiyini soruşmuşdur. İddiaçı bank əməkdaşına bir mənalı olaraq heç bir məbləğdə kredit götürmək istəmədiyini bildirmişdir. 15 oktyabrda iddiaçının adından Bankdan 6200 manat pul kredit verilmişdir. İddiaçının bundan xəbəri olmamışdır. 17 oktyabr iddiaçıya təkrar zəng gəlmiş və kredit götürmək istədiyini soruşmuş və iddiaçı bildirmişdir ki, ona kredit lazım deyil və iddiaçıya verilmiş kartı bağlasınlar. 18 oktyabrda iddiaçı Banka gedərək məsələni aydınlaşdırmaq istəmiş və iddiaçıya bildirmişlər ki, iddiaçının adına 6460 manat kredit götürmüşlər və iddiaçı onların təqdim etdiyi qəbzə imza etməlidir. O zaman iddiaçı həmin sənədə imza etmək istəməmiş, lakin bank əməkdaşı iddiaçıya hədə-qorxu gəlmiş bildirmişdir ki, müqaviləyə və qəbzə imza etsin. Əks təqdirdə iddiaçını dələduzluqda ittiham edəcəklər. Ona görə iddiaçı məcburiyyət qarşısında qalaraq müqaviləyə və qəbzə imza etmiş və həmin vaxtı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək şikayət etmişdir və Bankın onu aldatdıqlarını bildirmişdir. İddiaçının şikayəti əsasında 40 saylı Polis Bölməsində araşdırma aparılmış və iddiaçı həmin iş üzrə izahat vermişdir. Polis Bölməsində iddiaçıya bildirilmişdir ki, Bankda imza edilmiş Kredit Müqaviləsinin surətini götürərək mülki qaydada həmin müqavilənin etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etsin. Ona görə iddiaçı banka gələrək adına bağlanmış kredit müqaviləsinin, qəbzin, ödəniş cədvəlinin sürətlərini tələb edərək almışdır. Eyni zamanda hazırda qanunsuz kredit əməliyyatları barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində iş üzrə araşdırmalar aparılır. Sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh "xxxx" ASC ilə arasında aldatma yolu ilə bağlanmış BRST0714439C299 nömrəli xx.xx.2024-cü il tarixli Birbank Star Kredit xətti müqaviləsi və RGTK 1843509C102 saylı xx.xx.2024-cü il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək iddiaçı ilə eyni məzmunda izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə yazılı mülahizə təqdim edərək iddianın əsassız olduğunu bildirmiş və təmin edilməməsini xahiş etmişdir. Mülahizədə qeyd etmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh ASC-nin mobil bank tətbiqi olan “Birbank” tətbiqindən istifadə edir. İddiaçı özünə məxsus olan +**********59 mobil nömrə ilə Birbank mobil tətbiqindən qeydiyyatdan keçmiş və təyinatı üzrə Xiaomi M2010J19SG, HONOR VNE-LX1 və Samsung SM-T819 cihazlarında istifadə etmişdir. “Birbank” mobil tətbiqindən qeydiyyatdan keçərkən və ya “Birbank” mobil tətbiqinin qeydiyyatı başqa cihaza dəyişdirilərkən gücləndirilmiş müştəri autentifikasiyası tətbiq edilməklə müştəri eyniləşdirilir, yəni müştərinin bildiyi (kart məlumatları, FİN kod, PİN, şifrə və s.) və sahib olduğu (mobil nömrə və həmin nömrəyə göndərilmiş təhlükəsizlik kodlarının) daxil və təsdiq edilməsi yolu ilə aparılır, daha sonra hər dəfə müştəri tətbiqə daxil olarkən özünün təyin etdiyi şifrədən və ya öz seçimi ilə həmin şifrənin əvəzi olaraq üztanımadan/barmaq izindən istifadə edir. İddiaçı Bankın mövcud müştərisi olduğu üçün sahib olduğu Birbank mobil telefon tətbiqi (“sahib olduğu” element) üzərindən kreditin alınması üçün proses başladılmış, qanunvericiliyin tələbinə əsasən video çəkiliş aparılmış, fotoşəkillər çəkilmiş, xüsusi təyinatlı dövlət informasiya resursu olan İAMAS sistemindən şəxsiyyət vəsiqəsi barədə məlumatlar və şəxsiyyət vəsiqəsində olan fotoşəkli əldə olunmuş, video çəkiliş zamanı götürülmüş fotoşəkildə və videoda olan müştərinin üz siması ilə şəxsiyyət vəsiqəsində olan fotoşəkildə olan üz siması əsasında “Face recognition” sistemi vasitəsi ilə üz tanınma (“məxsus olan” element) aparılmış, video eyniləşdirmə zamanı şəxsin üz siması ilə şəxsiyyəti təsdiq edən sənəddəki fotoşəkildə olan üz simasının uyğunluq təşkil etdiyi üçün proses uğurla davam etdirilmiş və kredit xətti müqaviləsi və ona əlavə edilmiş sənədlər təsdiq edilmişdir. Bununla da iddiaçı (müştəri) ilə Bank arasında gücləndirilmiş müştəri autentifikasiyasının həyata keçirilməsi yolu ilə məsafədən BRST0714439C299 nömrəli, xx.xx.2024-cü il tarixli Birbank Star Kredit Xətti Müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin 4.1-ci yarımbəndinə əsasən müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ Bank tərəfindən 6216 (altı min iki yüz on altı manat) AZN müəyyən olunmuşdur. Həmin müqaviləyə əsasən ayrılmış 6216 AZN məbləğində olan kredit xəttindən istifadə edilərək xx.xx.2024-cü il tarixdə 6200 AZN məbləğində pul vəsaiti iddiaçının Bankda olan digər 523915******3273 nömrəli kart hesabına (********************) köçürülmüşdür. Həmin kart hesabından isə aşağıda göstərilən 3 köçürmə əməliyyatı icra edilməklə fərqli kart hesablarına köçürülmüşdür: - xx.xx.2024-cü il tarixdə saat 14:23:35-də 1150 AZN məbləğində pul vəsaiti 559656******1000 nömrəli kart hesabına köçürülmüş və həmin köçürülmə əməliyyatının aparılmasına görə 17.25 AZN məbləğində komissiya tutulmuşdur;- xx.xx.2024-cü il tarixdə saat 14:41:24-də 4000 AZN məbləğində pul vəsaiti 523915******6422 nömrəli kart hesabına köçürülmüşdür;- xx.xx.2024-cü il tarixdə saat 15:25:36-da 1000 AZN məbləğində pul vəsaiti 516751******0426 nömrəli kart hesabına köçürülmüşdür. Bu əməliyyatların aparılması üçün iddiaçının istifadəsində olan, onun Banka olan +**********59 mobil nömrəsinə SMS-lər vasitəsi birdəfəlik 3D təhlükəsizlik kodları göndərilmiş və həmin kodlar daxil edilərək təsdiq edildiyi üçün həmin əməliyyatlar uğurla həyata keçirilmişdir (3D təhlükəsizlik kodlarının göndərilməsini təsdiq edən çıxarış iş materiallarına əlavə edilmişdir):- xx.xx.2024-cü il tarixdə saat 14:23:35-də 1150 AZN məbləğində pul vəsaitinin 559656******1000 nömrəli kart hesabına köçürülməsi ilə bağlı əməliyyatın aparılması üçün xx.xx.2024-cü il tarixdə saat 14:22:39da SMS vasitəsi ilə birdəfəlik 3D təhlükəsizlik kodu göndərilmişdir;- xx.xx.2024-cü il tarixdə saat 14:41:24-də 4000 AZN məbləğində pul vəsaiti 523915******6422 nömrəli kart hesabına köçürülməsi ilə bağlı əməliyyatın aparılması üçün xx.xx.2024-cü il tarixdə saat 14:40:54-də SMS vasitəsi ilə birdəfəlik 3D təhlükəsizlik kodu göndərilmişdir;- xx.xx.2024-cü il tarixdə saat 15:25:36da 1000 AZN məbləğində pul vəsaiti 516751******0426 nömrəli kart hesabına köçürülməsi ilə bağlı əməliyyatın aparılması üçün xx.xx.2024-cü il tarixdə saat 15:25:15-də SMS vasitəsi ilə birdəfəlik 3D təhlükəsizlik kodu göndərilmişdir. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış BRST0714439C299 nömrəli, xx.xx.2024-cü il tarixli Birbank Star Kredit Xətti Müqaviləsinin:- 7.2.6cı yarımbəndinə əsasən kart və FİN kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədi ilə lazımi tədbirləri görür (Kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti müştəri daşıyır).- 8.2-ci yarımbəndinə əsasən müştəri anlayır və təsdiq edir ki, bu Müqavilə üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədiblər görəcəkdir, lakin Müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı Müştəriyə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır. Qanunvericilikdə ödəyici onun tərəfindən bu Qanunun 38-ci maddəsinin tələblərini qəsdən və ya kobud ehtiyatsızlıqdan pozulması və dələduzluğa yol verildiyi hallarda avtorizə edilmədən həyata keçirilən ödəniş əməliyyatları üzrə belə yaranan itkilərə görə tam məsuliyyət daşıyır. Yuxarıda qeyd olunan köçürmə əməliyyatları isə avtorizə edilmiş əməliyyatlardır. Belə ki, həmin əməliyyatların aparılması zamanı iddiaçının istifadəsində olan +**********59 mobil nömrəyə birdəfəlik 3D təhlükəsizlik kodları göndərilmiş və həmin kodlar daxil edilərək təsdiq edildiyi üçün əməliyyat uğurla həyata keçirilmişdir. Avtorizə etmə – ödəniş əməliyyatının həyata keçirilməsi üzrə ödəniş xidməti istifadəçisinin ödəniş xidməti təchizatçısına verdiyi razılıqdır (“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” AR Qanununun 1.1.2-ci maddəsi). Ödəniş sərəncamı – ödəniş əməliyyatının icrası üçün ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş xidməti təchizatçısına ödəniş aləti vasitəsilə verilən tapşırıqdır (“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” AR Qanununun 1.1.39-cu maddəsi). Hazırki halda sözügedən əməliyyat “Birbank” mobil tətbiqi vasitəsi ilə həyata keçirilmişdir. “Birbank” mobil tətbiqinə, yəni ödəniş hesabına daxil olmaq üçün GMA tətbiq edilir. Belə ki, müştəri tərəfindən bildiyi şifrədən və mobil telefon tətbiqinin quraşdırıldığı cihazdan, yəni sahib olduğu iki müstəqil elementdən istifadə olunur. Bu məqsədlə Bank tərəfindən həmin ödəniş əməliyyatlarının aparılması zamanı iddiaçının +**********59 nömrəli mobil nömrəsinə birdəfəlik 3D təhlükəsizlik kodu göndərilmiş və həmin kod daxil edilərək təsdiq edildiyi üçün sözügedən əməliyyat uğurla həyata keçirilmişdir. Göründüyü kimi iddiaçının sərəncamına və razılığına əsasən sözügedən köçürmə əməliyyatları icra edilmiş və həmin köçürmə əməliyyatları kredit xəttindən istifadə edilərək kredit vəsaiti hesabına icra edildiyi üçün Banka ödənilməmiş borcu yaranmışdır. Bundan sonra iddiaçı Banka yaxınlaşmış və həmin borcun restrukturizasiya edilməsi məqsədi ilə onunla Bank arasında RGTK1843509C102 nömrəli xx.xx.2024-cü il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı illik faiz dərəcəsi 20 % (FİFD:20,49 %) olmaqla 59 (əlli doqquz) ay müddətinə qaytarılmaq şərti ilə 6524,60 (altı min beş yüz iyirmi dörd manat altmış qəpik) AZN məbləğində kredit verilmişdir (kredit müqaviləsi və ona əlavə edilmiş sənədlər iş materiallarına əlavə edilmişdir). Həmin kredit vəsaiti hesabına iddiaçının BRST0714439C299 nömrəli, xx.xx.2024 cü il tarixli Birbank Star Kredit Xətti Müqaviləsi üzrə Banka olan borcu ödənilərək bağlanmışdır. Bununla da BRST0714439C299 nömrəli, xx.xx.2024-cü il tarixli Birbank Star Kredit Xətti Müqaviləsi ləğv edilmiş və həmin müqavilə üzrə iddiaçının öhdəliyinə xitam verilmişdir. İddiaçı tərəfindən həmin müqavilənin hədə-qorxu ilə bağlanılmasına dair bildirdiklərinə münasibətdə qeyd edilir ki, əsassızdır və azad surətdə tərəflərin öz iradəsinin bildirilməsi yolu ilə bağlanılmış müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Həmçinin nəzərə alınmalıdır ki, əgər sözügedən əməliyyatların iddiaçının özü tərəfindən aparılmaması, üçüncü şəxs tərəfindən aparılması öz təsdiqini tapsa belə, həmin əməliyyatların aparılması iddiaçının təqsiri üzündən baş vermişdir. Belə ki, həmin əməliyyatlar məxfi saxlanılmalı olan məlumatların və birdəfəlik 3D təhlükəsizlik kodlarının üçüncü şəxsə ötürülməsi, həmin kodların daxil edilməsi və təsdiq edilməsi yolu ilə aparılmışdır. Məhkəmənin əvvəlki iclaslarında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X2 izahatında bildirmişdir ki, o, telegram kanallarından birində bir reklam görmüşdür, həmin reklam iş təklifi barədə olmuşdur, tələblər isə yalnız kart hesabı üzərindən əməliyyatların aparılması ilə bağlı olmuşdur. O da həmin işlə bağlı müraciət etmişdir.xx.xx.2024-cü il tarixdə onun kart hesabına tanımadığı şəxsdən pul göndərilmiş, bundan sonra ona zəng edib dedilər ki, pulu digər bir kart hesabına göndərsin. O da göndərmişdir. Bu əməliyyatı icra etdiyi üçün ona da 50 manat pul qalmışdır. Hazırda həmin şəxslərlə yazışmaları təqdim edə bilmir, çünki qarşı tərəf yazışmaları silmişdir. İş materialları: İddiaçı 15 oktyabr 2024-cü il tarixdə elektron ərizə ilə Cavabdeh ASC-yə müraciət edərək ona gündəlik tələbat məqsədləri üçün 6.216 manat məbləğində BRST0714439C299 saylı müqavilə ilə kredit verilməsini xahiş etmişdir. 15 oktyabr 2024-ci il tarixdə İddiaçı ilə Cavabdeh ASC arasında BRST0714439C299 saylı Birbank Star Kredit Xətti Müqaviləsi bağlanmış, cavabdehin kartına illik 27% dərəcəsi ilə 59 ay müddətinə qaytarılmaq şərtilə 6.216 manat məbləğində pul mədaxil edilmişdir. İddiaçı ilə cavabdeh arasında 17 dekabr 2024-cü il tarixdə RGTK1843509C102 saylı kredit müqaviləsi bağlanmış, müqavilə şərtlərinə əsasən cavabdeh iddiaçıya kredit götürülən zaman 64.60 manat birdəfəlik xidmət haqqı ödənilməsi, 59 ay müddətinə illik 20% dərəcəsi ilə qaytarılması şərtilə 6524.60 manat məbləğində kredit vermişdir. Nağd pulun mədaxil edilməsi üçün tərtib edilmiş qəbzdən görünür ki, ödənişin təyinatı 6460 manat BRST071443C299 nömrəli kredit müqaviləsinin tam ödənişidir. Məhkəmənin sorğusuna əsasən İddiaçı məxsus 523915******3273 pan nömrəli plastik kart hesabından çıxarış məhkəməyə təqdim edilmiş, xx.xx.2024-cü il tarixdə 6200 AZN məbləğində pul vəsaiti iddiaçının Bankda olan digər 523915******3273 nömrəli kart hesabına (********************) köçürülmüşdür. Sübutların təmin edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1427/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının icrasına cavab olaraq Cavabdeh ASC tərəfindən məhkəməyə ünvanlanmış 27 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, banka daxil olmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1427/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı məxsus 523915******3273 nömrəli bank kartı hesabından xx.xx.2024cü il tarixdə 1150 manat və 1000 manat məbləğində pul vəsaitinin köçürüldüyü digər bank kartı hesabına dair məlumatların Cavabdeh ASC-dən götürülməsi qərara alınmışdır. Banka daxil olmuş xx.xx.2025-ci il tarixli müraciətə cavab olaraq Bankın səlahiyyətli nümayəndəsi tərəfindən də xx.xx.2025-ci il tarixdə yazılı olaraq bildirilmişdir ki, qeyd olunan məbləğlər xx.xx.2025-cil tarixli məktubla Bank tərəfindən təqdim edilmiş İddiaçı məxsus 523915******3273 nömrəli bank kartı hesabından olan çıxarış məlumatlarından da göründüyü kimi, 1000 AZN məbləğində əməliyyat 516751******0426 pan nömrəli kart hesabına, yəni “Azərbaycan Beynəlxalq" ASC-yə məxsus karta edilmiş köçürmə əməliyyatıdır, 1150 AZN məbləğində əməliyyat isə 559656******1000 pan nömrəli kart hesabına, yəni xarici ölkə bankına məxsus karta edilmiş köçürmə əməliyyatıdır. Bu səbəbdən həmin məlumatların Cavabdeh ASC tərəfindən təqdim edilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1427/2025 saylı qərarı ilə əlaqədar bildirilir ki, "xxxx" ASC-yə məxsus 5167-5133-4716 0426 nömrəli plastik kart X3 (FİN:010E2EF) məxsusdur. Məhkəmə tərəfindən təyin edilmiş kompüter-texniki ekspertizasına dair Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 5/570 rəyindən görünür ki, 1.Tədqiq olunan "Honor" markalı "VNE-LX1" modelli mobil smartfonun yaddaşında müxtəlif formatlı mövcud olan məlumatlar və yalnız "çat seansı, kontaktlar, cookie faylları, zaman qeydləri və foto təsvirlər" kateqoriyaları üzrə pozulmuş məlumatlar müəyyən olundu. 2. "Tədqiqat prosesinin təsviri" hissəsinin 1-ci və 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan mobil cihaza xx.xx.2024cü il tarixdə hər hansı bir kiberhücumun edilib-edilməməsinin konkret olaraq müəyyən edilməsi mümkün olmamışdır. 3. İş materiallarında qeyd olunan kart üzrə xx.xx.2024-cü il tarixindəki əməliyyatın (6 200.00 AZN) aparılmasına əsas server üzərində "BirBank5" kimi qeyd olunan kartdan-karta köçürmə əməliyyatı olmuşdur. 4. Qeyd olunan xx.xx.2024-cü il tarixindəki əməliyyatın (6 200.00 AZN) aparıldığı təxmini saat aralığında "91d28cd81b35dfac" identifikatorlu "HONOR VNE-LX1" mobil cihazın girişinə (login) dair rəqəmsal izlər müəyyən edilmişdir. 5. Bank tərəfindən təqdim edilən məlumatlara əsasən, xx.xx.2024-cü il tarixində qısa intervallarla (dəqiqələr) "+99*** *** ** **" mobil nömrəsinə bir neçə dəfə təhlükəsizlik kodları göndərilmişdir. "Tədqiqat prosesinin təsviri" hissəsinin 5-ci bəndində göstərilən səbəblərə görə, ekspertiza qarşısında qoyulmuş 3-cü sualın cavablandırılması mümkün olmamışdır. 6. "Tədqiqat prosesinin təsviri" hissəsinin 6-cı bəndində göstərilən səbəblərə görə, ekspert qarşısında qoyulmuş 1-ci və 2-ci suallarda göstərilən bankda olan kart hesablarına, bankın mobil tətbiqinə, o cümlədən bankın əməliyyatların aparılmasını təmin edən prosessinq sisteminə kibermüdaxilə olub-olmamasının müəyyən edilməsi üzrə tədqiqat aparılması mümkün olmadı. 7. Ekspert rəyinin "Tədqiqat prosesinin təsviri" hissəsinin 7-ci bəndində göstərilən profilaktik tövsiyələrin nəzərə alınması məqsədəmüvafiq hesab olunur. Tərəflər arasında bağlanmış və hazırda iddiaçı tərəfindən mübahisələndirilən müqavilənin Mərkəzi Bankın müvafiq qaydalarına uyğunluğunun müəyyən edilməsi məqsədilə mütəxəssis rəyinin alınması üçün Mərkəzi banka müraciət edilmiş, məhkəməyə təqdim edilmiş rəydən görünür ki, bankla müştərilər arasında bağlanılan kredit müqaviləsinin forması və şərtləri Mərkəzi Bankın hər hansı bir qaydası ilə tənzimlənmir. Bu tərəflərin qarşılıqlı razılaşması ilə müəyyənləşdirilib təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Belə razılaşma müqavilənin tərəfi olan şəxslərə hüquq və vəzifələr yaradır. Məhkəmə işində təqdim olunan xx.xx.2024-cü il tarixli RGTK1843509C102 nömrəli kredit müqaviləsi və ona əlavə olunan ödəniş qrafiki tərəflərin iştirakı ilə şəxsən izalanmışdır. Kredit müqaviləsinin rəsmiləşdirilməsi zamanı müştəri İddiaçı Sadiq oğlunun yazılı razılıq ərizəsi alınmış və kassa məxaric orderi (6524,60 manat) bank əməkdaşlarının və borcalanın imzası ilə təsdiqlənmişdir. Əlavə olaraq bildirilir ki, qərardadın preambula hissəsində qeyd olunan xx.xx.2024cü il tarixli BRSR0714439C299 nömrəli "Birbank star kredit xətti" kredit müqaviləsi məsafədən rəsmiləşdirilmişdir. X6 Heyətinin xx.xx.2023-cü il tarixli 46/4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"nın 8.5-ci bəndinin tələbinə əsasən istehlak krediti müqaviləsinin məsafədən bağlanması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və xx.xx.2022-ci il tarixli 04/2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası"nın (Qayda) 5-ci hissəsinin tələblərinə əməl edilməlidir. Qaydanın 5-ci hissəsinin kredit müqaviləsinin bağlandığı tarixdə qüvvədə olan redaksiyasına əsasən yeni müştəri olan rezident fiziki şəxslər üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası (GMA) və video zəng əsasında aparılır; Məlumat üçün qeyd edirik ki, gücləndirilmiş müştəri autentifikasiyası dedikdə Qaydanın 5.7-ci bəndinə əsasən autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin "bildiyi" (şifrə, pin, suallar toplusu və s.), "sahib olduğu" (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona "məxsus olan" (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Məhkəmə tərəfindən təqdim olunan materiallara əsasən İddiaçı Sadiq oğlu bankın yeni müştərisidir. Bu zaman Qaydanın yuxarıda qeyd olunan tələblərinə riayət olunmaqla GMA (bankın mobil tətbiqi üzərindən +**********59 nömrəli mobil nömrəyə göndərilmiş 3D təhlükəsizlik OTP təsdiq kodu və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin portalından müştərinin fərdi məlumatlarını əks etdirən elektron arayış (şəxsiyyət vəsiqəsi, iş yeri, əmək müqaviləsi, sosial sığorta nömrəsi, pensiya, sosial müavinət və ya digər təqaüd növləri və sair)) video zəng vasitəsilə eyniləşdirilmə aparılmaqla onunla bank arasında məsafədən kredit müqaviləsi rəsmiləşdirilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1 və 337.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 743.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir. 746-2.5-ci maddəsinə əsasən istehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. 746-2.6-cı maddəsinə əsasən istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına dair digər tələblər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mərkəzi Bankının 46/4 №-li 21 sentyabr 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Banklarda kredit risklərinin idarə edilməsi Qaydası»nın 8.5-ci yarımbəndinə əsasən istehlak krediti müqaviləsinin məsafədən bağlanması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və «Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası»nın 5-ci hissəsinin tələblərinə əməl edilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının 46/4 №-li 04 fevral 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası»nın 5.6-cı bəndinin xx.xx.2025-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən Bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza, rezident fiziki şəxslər üçün isə gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilər. Bank bu qaydada hesabın açılmasını riskli hesab edərsə, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda video çəkiliş üsulunu video zəng ilə əvəz edə, gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər. Həmin Qaydanın 5.7-ci yarımbəndinə əsasən gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin «bildiyi» (şifrə, pin, suallar toplusu və s.), «sahib olduğu» (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona «məxsus olan» (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddianın dəlilləri nəzərə alınmaqla iddia tələbi araşdırılaraq hüquqi qiymət verilməli, yəni sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq iddia tələbinin hüquqi əsası tapılmalıdır. İddia tələbinin bu qaydada qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, iddianın dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın “əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər” kimi fərqli növlərini meydana gətirir. Belə ki, mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Məhkəmə araşdırması zamanı iddiaçı bankla müqavilə bağlamadığını bildirsə də, bank tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı kredit müqaviləsi bağlamaq üçün iradə ifadəsini bəyan etmiş, banka elektron qaydada müraciət etmiş, bu zaman bankın mobil tətbiqində müraciət edən şəxslə bankın mobil tətbiqində qeydiyyatdan keçmiş şəxs, yəni iddiaçının şəxsiyyəti eyniləşdirilmişdir. Bundan sonra müqavilənin bağlanması üçün bank üzərinə düşən öhdəliyi icra edərək iddiaçının istifadəsində olan və mobil tətbiqdə qeydiyyatdan keçmiş telefon nömrəsinə OTP kod göndərmiş, iddiaçı da müvafiq kodu daxil edərək kredit müqaviləsini rəsmiləşdirmişdir. Keçirilmiş ekspertizanın nəticəsi olaraq rəylə də müəyyən edilmişdir ki, iddiaçının müraciəti əsasında bir neçə dəfə ona proqram üzərindən OTP kod göndərilmişdir. Rəsmiləşdirmənin nəticəsi olaraq müqavilə əsasında kredit məbləği iddiaçının hesabına köçürülmüşdür. X5 mütəxəssisləri tərəfindən verilmiş rəy də də bank tərəfindən həyata keçirilmiş əməliyyatların mövcud qaydalara uyğunluğu qeyd edilmişdir. Beləliklə də iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi BRST0714439C299 nömrəli xx.xx.2024-cü il tarixli Birbank Star Kredit xətti müqaviləsi üzrə bank tərəfindən həyata keçirilmiş əməliyyatlarda pozuntu aşkar edilmədiyindən məhkəmə kreditin etibarsızlığına əsas görmür. Məhkəmə qeyd edir ki, hazırkı işdə mobil nömrə istifadəçisi olan iddiaçının telefonuna kənar şəxslər tərəfindən müdaxilə edilmiş olsa belə, burda təqsirli şəxs bank deyildir. Əlavə olaraq məhkəmə qeyd edir ki, hüquqlarını pozaraq ona zərər vurmuş və pulunu ələ keçirmiş şəxsə qarşı iddiaçı müvafiq olaraq hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət edə bilər. Məhkəmə borcun restrukturizasiya edilməsi məqsədi ilə tərəflər arasında bağlanmış RGTK1843509C102 nömrəli xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə münasibətdə isə qeyd edir ki, sözügedən müqavilə fiziki qaydada bağlanmış, iddiaçı Banka yaxınlaşaraq müqavilə şərtləri ilə tanış olmuş və bankla illik faiz dərəcəsi 20 % (FİFD:20,49 %) olmaqla 59 (əlli doqquz) ay müddətinə qaytarılmaq şərti ilə 6524,60 (altı min beş yüz iyirmi dörd manat altmış qəpik) AZN məbləğində kredit verilməsi ilə bağlı müqavilə imzalamışdır. Kredit müqaviləsinin rəsmiləşdirilməsi zamanı İddiaçı Sadiq oğlunun yazılı razılıq ərizəsi alınmış və kassa məxaric orderi (6524,60 manat) bank əməkdaşlarının və borcalanın imzası ilə təsdiqlənmişdir. Məhkəmə bağlanmış kredit müqavilələrinin Mərkəzi Bankın müəyyən etdiyi standartlara uyğun olub-olmaması ilə bağlı müvafiq rəy alaraq belə qənaətə gəlmişdir ki, müqavilələr müəyyən edilmiş standartlara uyğun olmaqla qanunvericiliyin şərtlərini pozmadan, tərəflərin iradə ifadəsinə zidd olmayaraq bağlanmışdır. Beləliklə, müqavilənin etibarsız hesab edilməsinə dair məhkəmə yuxarıda göstərilənlərə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə əsasən müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hallar göstərilmişdir. Belə ki, mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. Hazırkı işin araşdırılması zamanı müqavilənin etibarsız hesab edilməsi üçün Mülki Məcəllə ilə müəyyən edilmiş dispozitiv şərtlərdən heç birinin mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı öz iradə ifadəsinə əsasən cavabdeh banka müraciət edərək məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə müqavilə bağlamış və kredit götürmüşdür. Eyni zamanda, iddiaçı öz iddia tələbində müqavilə üzrə müəyyən edilmiş pul vəsaitini almadığı, hədəqorxu altında müqaviləyə və qəbzə imza atmasına istinad etsə də, həmin halı sübut edəcək hər hansı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia əsaslı deyil və təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh ASCyə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. İddia tələbi rədd edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 180 manat xərc İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 180 (bir yüz səksən) manat xərc İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (X1, Kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1427/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1427/2025
14.01.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver