Məhkəmə qərarları › İş №2(006)-143/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-143/2022

14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-143/2022 14.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı fərdi firmasının Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı fərdi firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 250.000 (iki yüz əlli min) manat məbləğində borc pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsu tutularaq İddiaçı fərdi firmasına ödənilməsi barədə qətnamə qəbul edlməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi firması ilə Cavabdeh arasında bağlanmış 16 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh “Səma" fərdi firmasına 250 000 manat məbləğində borcu vardır. Həmin məbləğ 2008-2015-ci illər ərzində Cavabdeh İddiaçı fərdi firmasından aldığı un məmulatlarına görə yaranmışdır. Cavabdeh borcunu 16.12.2020-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı fərdi firması dəfələrlə Cavabdeh borcunu tam şəkildə ödəməklə əlaqədar olaraq müraciət etmişdir. Cavabdeh başqa şəxslərdən almalı olduğu pulları ala bilməməsini bəhanə gətirərək borcunu ödəməkdən boyun qaçırır. Lakin həmin bəhanələr cavabdehin məsuliyyətdən boyun qaçırma məqsədi daşıyan formal xarakterli subyektiv mülahizələrindən ibarətdir. İddiaçı fərdi firması 22.09.2000-ci il tarixdə AR Ədliyyə Nazirliyi Hüquqi X5 Üzrə Bakı Bölgə Şöbəsində “Fərəh” fərdi firması kimi qeydiyyatdan keçmişdir. 15.08.2003-cü ildə X1 Reyestrindən 15.08.2003-cü il tarixli Çıxarışa əsasən “Fərəh” fərdi firmasının adı dəyişdirilərək İddiaçı fərdi firması olmuşdur. Hal-hazırda İddiaçı fərdi firması ********** saylı VÖEN əsasən fəaliyyət göstərir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehin iddiaçıya 500000 manatadək borcu vardır, lakin 250000 manat borcunun olması barədə rəsmi müqavilə bağlanmışdır. Cavabdeh ümumi borcundan ödənişləri 2015-ci ildən sonra da edirdi, lakin onun borcu 250000 manatdan çox olduğuna görə ödənişlər digər borcundan silinirdi. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X9 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyib, iddianın rədd edilməsini xahiş etmişlər. Cavabdeh həmçinin bildirmişdir ki, təqdim etdiyi dəftərdə Ədalət adı hallanır. Belə ki, Ədalət adında olan şəxsin ona borclu olduğu üçün, arada onun iddiaçıya olan borcundan ödənişləri Ədalət həyata keçirirdi. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. “Səma" fərdi firması ilə Cavabdeh arasında bağlanılmış 16.12.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən - “Səma" fərdi firması borc alana - Cavabdeh 2008- 2015-ci illər ərzində nisyə olaraq un məmulatları vermiş və aralarında 250.000 manat pul borc yaranmış, borc alan isə həmin məbləği 16.12.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. “Səma" fərdi firması tərəfindən tərtib edilmiş 18.11.2021-ci il tarixli, 60 saylı arayışddan görünür ki, 16.12.2015-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı fərdi firmasına 250.000 manat məbləğində borcu vardır. 16.12.2015-ci il tarixindən hal-hazıra kimi “Səma" fərdi firmasına borcu ilə əlaqədar firmanın kassasına və bank hesabına Cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. “Səma" fərdi firması tərəfindən tərtib edilmiş 14.12.2021-ci il tarixli, 68 saylı arayışddan görünür ki, 2015-ci ildən bu günə qədər X6 baş mühasib, X3 mühasib, X7 baş mühasib, X4 mühasib-xəzinədar vəzifəsində işləmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, 2006-cı ildən İddiaçı fərdi firmasında mühasib vəzifəsində işləyir. Cavabdehin iddiaçı firmaya çox məbləğdə borcu var idi. Cavabdeh firmanın müdiri ilə ona məlum olmayan qaydada danışmışdı, eşitdiyinə görə ona cavabdehin 250000 manat məbləğində müqavilə üzrə borcu vardır. Cavabdeh borcunu ödəməmişdir. Cavabdehin sübut qismində məhkəməyə təqdim etdiyi dəftərdə qeyd olunan imzalar ona məxsusdur, lakin dəftər cavabdehə deyil, iddiaçı firmaya borcu olan Ədalət adlı şəxsə məxsusdur. Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şətləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 250.000 manat məbləğində borc vermiş, cavabdeh isə borc məbləğini 16.12.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə mübahisələndirilən və aydınlaşdırılmalı olan hal cavabdehin iddiaçıya borclu olduğu pulun məbləğidir. Qeyd edilən halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə aşağıdakılara əsasən iddiaçının dediklərinin həqiqəti əks etdirdiyi qənaətinə gəlir. Belə ki, cavabdehin iddiaçıya 250.000 manat məbləğində borclu olduğu işin mübahisələndirilməyən halıdır və bu hal məhkəməyə təqdim edilmiş 16.12.2015-ci il tarixli kredit müqaviləsinə əsasən öz təsdiqini tapmaqdadır. Cavabdeh borcunun müəyyən hissəsini qaytardığını bildirərək məhkəməyə sübut təqdim etmişdir. Həmin sübuta münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 529.3-cü maddəsinin tələblərinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Beləliklə cavabdeh “kassa dəftəri”ni məhkəməyə təqdim etmiş, Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən borc sənədinin özündə olmasına istinad etmiş, bununla da öhdəliyə qismən xitam verildiyinin öz təsdiqini tapdığını bildirmişdir. Məhkəmə təqdim edilən sübuta (“kassa dəftəri”nə) nəzər salaraq hesab edir ki, bu dəftərin sübut qismində dəyərləndirilməsi qeyri-mümkündür. Belə ki, pulun qismən qaytarılmasını təsdiq edən yeganə sübut olan dəftərin cavabdehin sahibliyində olmasına baxmayaraq bu dəftərdə cavabdehin və ya iddiaçının adı qeyd olunmamış, qeydlərə əsasən isə hansı müqavilə üzrə və kim tərəfindən ödənişlərin həyata keçirildiyini müəyyən etmək mümkün olmamışdır. Halbuki Mülki Məcəllənin 529.7-ci maddəsinin tələblərinə görə icra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. Qeyd edilən qeyri-müəyyənlikləri aydınlaşdırmaq məqsədilə məhkəmə tərəfindən sənəddə əks olunan imzanın məxsus olduğu X4 şahid qismində dindirilmişdir. Şahidin verdiyi ifadəyə əsasən cavabdehin məhkəməyə sübut qismində təqdim etdiyi dəftərdə qeyd olunan imzaların ona məxsus olduğu, lakin dəftərin cavabdehə aidiyyəti olmadığı müəyyən edilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, cavabdehin təqdim etdiyi sənəd - “kassa dəftəri” qüsurlu olduğundan, yəni qanunvericiliklə bu cür sənədlərin tərtibatı üçün nəzərdə tutulan qaydalara uyğun olmadığından, bu dəftər borcun qismən qaytarıldığını təsdiq edən sübut kimi məhkəmə tərəfindən qəbul edilə bilməz. Məhkəmə həmçinin Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən kreditorun icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməsini tələb etmək borclunun hüquqlarına aid edildiyini qeyd edir. Belə ki, qanunun tələblərinə və öhdəliyin şərtlərinə tam cavab verən icranı qəbul edən kreditor borclunun tələbi ilə icranın həcminə müvafiq olaraq onu tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Göstərilən maddədən göründüyü kimi belə sənədin verilməsi borclunun tələbindən asılıdır. Cavabdehin öhdəliyin icrasına yönəlmiş hərəkətlərini ciddi hesabat blankı olan ödəniş qəbzlərinin tərtib edilməsi ilə təsdiq etmək hüququndan lazımi qaydada istifadə etməməsini məhkəmə mübahisə predmeti olan ödənişlərin həyata keçirilmədiyinə dəlalət edən hallar kimi qiymətləndirir. Belə ki, “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq hesabat blanklarının tərtibi və tətbiqi Qaydalarının 1.2-ci maddəsinə əsasən ciddi hesabat blankları ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılıq almış hüquqi və fiziki şəxslər tərəfindən sifarişçilərinin vəsaiti hesabına çap edilir. Həmin Qaydaların 1.4-cü maddəsinə əsasən ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Qaydaların 2.1-ci bəndinə görə ciddi hesabat blankları iş xüsusiyyətlərinə uyğun olaraq özündə aşağıdakı zəruri rekvizitləri əks etdirməlidir: ciddi hesabat blanklarının sifarişçisi: fiziki şəxs olduqda onun adı, atasının adı, soyadı və VÖEN-i, hüquqi şəxs olduqda adı və VÖEN-i, ciddi hesabat blanklarını çap edən şəxsin adı və VÖEN-i, bu blankları təkrar çapdan müdafiə etmək məqsədi ilə gizli nişanları (xüsusi emblemi, toru, qoloqramı, su nişanları, xüsusi gizli nişanlarından istifadə etməklə, blankların müxtəlif yerlərində şəxsin adı və VÖEN-i), ciddi hesabat blanklarının adı, seriya və nömrəsi, təsərrüfat əməliyyatlarının məzmununu və ölçülərini əks etdirən məlumat qrafaları. Mülki Prosessual Məcəllənin 89.1-ci və 89.2-ci maddələrinə əsasən yazılı sübutlar— iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Öhdəliyin qismən icrasını təsdiq edən borc sənədi məhkəmə tərəfindən sübut qismində qəbul edilmədiyindən, cavabdeh öhdəliyi icra etdiyini başqa sübut vasitəsilə təsdiq edə bilmədiyindən, məhkəmə onun öhdəliyi icra etmədiyi qənaətinə gəlir. Beləliklə məhkəmə, pulun qaytarılmasına dair sübüt etmək yükünü cavabdehin daşıdığını, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, borc olaraq verilmiş pulun cavabdeh tərəfindən iddiaçıya qaytarılması halı sübuta yetirilməmişdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Beləliklə, cavabdehlər MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımı şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən borc müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, borc müqaviləsi üzrə borc verənin müəyyən məbləğdə pulu borc olaraq verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, 250.000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 280.000 məbləğində pul Cavabdeh tutularaq İddiaçı fərdi firmasına verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh 250.000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 280.000 məbləğində pul tutularaq İddiaçı fərdi firmasına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar