Məhkəmə qərarları › İş №2(006)-1433/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1433/2023

18.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1433/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC BOKT-un nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi və "xxxx" QSC BOKT-a qarşı “nəqliyyat vasitəsinə dair ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış 1341 nömrəli, xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab olunaraq, eləcə də həmin müqavilə əsasında birgə nikah dövründə əldə edilmiş “Geely Emqrand EX7” markalı, (2013-cü il buraxılışı olan, mühərrik №:*01690, Ban № *3073539) **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində ipoteka yüklülüyü haqqında qeydin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 ilə xx.xx.1999-cu ildən etibarən rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu vaxtdan etibarən ər-arvad olaraq birgə təsərrüfat aparmışdır. Bu təsərrüfatın nəticəsində onlar ailələrinin ehtiyaclarının ödənilməsi üçün büdcələrinə uyğun olaraq “Geely Emqrand EX7” markalı avtomobil əldə etdilər. Bununla əlaqədar "xxxx" Şirkəti ilə həyat yoldaşı Cavabdeh2 alğı-satqı müqaviləsi bağlamış və əldə edilən avtomobilin dövlət qeydiyyatı onun adına aparılmışdır. Lakin, bir neçə aydan sonra Cavabdeh2 guya ona verilmiş kredit pulu üzrə yaranacaq öhdəliklərin təminatı məqsədilə ondan xəbərsiz olaraq onun razılığı olmadan həmin avtomobili ipoteka müqaviləsi ilə yüklü etmişdir. Halbuki, bu əmlak birgə nikah dövründə əldə edilmiş və qanuna əsasən əmlak üzrə payları da bərabər olaraq ümumi mülkiyyət kimi tanınır. İpoteka müqaviləsinin mövcudluğu haqqında bu yaxınlarda bilmişdir. İpoteka müqaviləsi bağlanılarkən onun ümumiyyətlə razılığı alınmamışdır. Belə ki, bir neçə ay bundan öncə "xxxx" QSC BOKT Cavabdeh2 qarşı Yasamal Rayon Məhkəməsində iddia tələbləri irəli sürərək “vaxtı ilə xx.xx.2013-cü il tarixində "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini yerinə yetirmədiyinə görə 10141,66 ABŞ dolları, faiz borcu üzrə 3322,86 ABŞ dolları, cəmi 13464,52 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 159,18 manat və iddianın təmin etmə tədbirinə ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə ödənilməsi, eləcə də tutmanın Cavabdeh2 mülkiyyətində olan “Geely Emqrand EX7” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin "xxxx" QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh2 qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh2 tutulub "xxxx" QSC-nin hesabına ödənilməsinə dair” qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq mərhələsi davam edir. Ümumiyyətlə, avtomobilin ipoteka müqaviləsi ilə yüklü edilməsində, o yalnız bu günlərdə bilmişdir. Elə bu günlərdə ona bildiriş gəlmiş və Yasamal Rayon Məhkəməsinin 2(004)-828/2022 nömrəli iş üzrə 3-cü şəxs qismində xx.xx.2022-ci il tarixində keçiriləcək hazırlıq iclasına dəvət olunmağından, sonra həmin məhkəmə işindən məlumatlı olmuşdur. Qeyd edilənləri nəzərə alaraq cavabdehlər arasında bağlanmış 1341 nömrəli, xx.xx.2022-ci il tarixli “İpoteka müqaviləsi” əsasında birgə nikah dövründə əldə edilən və ümumi mülkiyyətlərində olan “Geely Emqrand EX7” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüklü edilməsi qanunsuzdur və ona görə də cavabdehlərin bağladığı ipoteka müqaviləsi etibarsız hesab olunmalı və avtomobil yüklülükdən azad edilməlidir. xx.xx.2022-ci il tarixdə cavabdeh "xxxx" ASC vəsatətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 saylı, 14 iyun 2022-ci il tarixli Qərardadına istinad edərək, 2(006)-4633/2022 saylı mülki iş üzrə iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4633/2022 saylı qərardadı ilə vəsatət təmin edilmiş, İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi və "xxxx" QSC BOKT-a qarşı “nəqliyyat vasitəsinə dair ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan İddiaçı tərəfindən şikayət verilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4633/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4633/2022 saylı qərardadından narazı qalan İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1532/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4633/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş və mülki iş icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün Bankı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərardadda qeyd edilmişdir ki, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır (Qərardadın nəticə hissəsi). O da vurğulanmalıdır ki, əqdə əsaslanan tələb hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər (bənd 54). Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı (bənd 55). Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir (bənd 54). Göründüyü kimi ipoteka predmetinə tutma yönəldilməsi tələbi əşya hüququna əsaslanan iddia olduğu üçün və həmin iş üzrə icraat çərçivəsində hazırkı iş üzrə iddiaçı tərəfindən ipoteka hüququnun əsaslandığı qeydin mötəbərliyinə yazılı tələb (o cümlədən qarşılıqlı iddia) irəli sürülməklə etiraz edilmədiyi üçün həmin işə baxan məhkəmənin ipoteka qeydinin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmamışdır. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunanlar nəzərə alınmadığı üçün Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.” Hazırki məhkəmə baxış iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək izahatında qeyd etmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır və təmin edilməməlidir. Əvvəla, “Azərbaycan Beynəlxalq Bankı" ASC bu iş üzrə əsl cavabdeh deyil. Belə olan halda Bankın cavabdeh olmadığı məsələ ilə bağlı iddiaçı tərəfindən Banka qarşı iddia qaldırması əsassızdır və belə bir iddianın təmin edilməsi qanuna ziddir. Belə ki, iş materiallarından aydın olur ki, Bankın Cavabdeh2 qarşı olan problemli aktiv üzrə tələb hüququ "xxxx" QSC BOKT-a güzəşt edilib və müvafiq sənədlər (kredit müqaviləsi, ipoteka müqaviləsi və s.) S-AVK-2256 saylı, 22 may 2018-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC BOKT-a verilib. Hüquq nəzəriyyəsində tələbin güzəşti sessiya (latınca cessio) adlanır. Burada tələbi güzəşt edən (ilkin kreditor) sedent, tələbi alan (sonrakı kreditor) isə sessionar adlanır. İşdən bəlli olur ki, bu münasibətlərdə Bank sedent, "xxxx" BOKT isə sessionar olub. Sedent tərəfindən tələb güzəşt edildikdən sonar tələb ilə bağlı bütün bəhərlər və risklər sedentdən sessionara keçir və sedent həmin münasibətlə bağlı heç bir məsuliyyət daşımır. Yuxarıda qeyd edilənlərlə yanaşı, həmçinin işin materialları ilə tanış olduqda bəlli olur ki, iddiaçı bu iddiası ilə hüquqdan sui-istifadə nümayiş etdirir və qeyri-vicdani davranış sərgiləyir və onun hərəkətləri qanunazidd olduğu və iddiası tamamilə əsassız olduğu üçün müvafiq tələbləri təmin edilməməlidir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin də 3 (üç) fərqli qərarında olan mövqelərini bildirməmişdən qabaq xüsusilə qeyd etmək lazımdır ki, Bank ilə Cavabdeh2 arasında müvafiq ipoetka müqaviləsi (1341 saylı) xx.xx.2013-cü il tarixində imzalanıb, "xxxx" BOKT tərəfindən Cavabdeh2 qarşı Yasamal Rayonu Məhkəməsində iddia icraatı 2021-ci ildə başladılmış və yalnız bundan sonra İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək bu işi (2(006)- 1433/2023 saylı) başlatmışdır. Bu addım iddiaçının hərəkətinin sui-istifadə olduğunu, qeyri-vicdani olduğunu, əri Cavabdeh2 qarşı başladılmış müvafiq prosesdə onun hüquqi vəziyyətinin yaxşılaşdırılmasına yönəldiyini göstərir. Halbuki, işin materiallarından bəlli olur ki, 8 il ərzində iddiaçı bu iddianı qaldırmamışdır və əslində bu hərəkətləri ilə müvafiq əqdi bəyəndiyini nümayiş etdirmişdir. Bu əslində onu da sübut edir ki, Cavabdeh2 tərəfindən müvafiq daşınar əşya ipoteka qoyularkən arvadının razılığı alınmış və bu prezumpsiyaya əsasən Bankla onun arasında ipoteka müqaviləsi bağlanmışdır. İddiaçının bu məsələdən (ipotekadan) guya xəbərsiz olduğuna istinad edərək 2022-ci ildə iddianı qaldırdığı faktı isə əslində onu göstərir ki, onun davranışı hüquqa ziddir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edilir ki, İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh2, miihahlsə predmetl barəsində müstəqil tələb İrəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi və "xxxx" QSC BOKT-a qarşı “nəqliyyat vasitəsinə dair ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi tamamilə əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırki məhkəmə baxış iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC BOKT-un nümayəndəsi X4 iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, izahatında qeyd etmişdir ki, İddiaçı cavabdehlər "xxxx" ASC-yə qarşı "nəqliyyat vasitəsinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər arasında bağlanmış 1341 saylı, xx.xx.2013-cü il tarixli İpoteka müqaviləsinin etibarsız hesab olunaraq, eləcə də həmin müqavilə əsasında Cavabdeh2 arasında birgə nikah dövründə əldə edilmiş “GEELY Emqrand EX7” minik markalı, buraxılış ili 2013, ban- L108DBZ54E3073539, rəngi-ağ) avtomobil üzərində ipoteka yüklülüyü haqqında qeydin ləğv olunmasına tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi iddia müddətini ötürməklə məhkəməyə verilmişdir. Belə ki, iddiaçı "Aqrarkredit” QSC Cavabdeh2 qarşı məhkəməyə müraciət edərək borcludan əsas borc üzrə ümumilikdə 13464,52 ABŞ dolları məbləğində vəsaitin və ödənilmiş 50 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan **-GH-*** dövlət qeydiyyat nömrəli “GEELY Emqrand EX7” minik markalı, buraxılış ili 2013, ban-L108DBZ54E3073539, rəngi-ağ) avtomobilinə yönəldilərək açıq hərracda satılması tələbinə dair mülki iş Yasamal Rayon Məhkəməsinin icraatında olmuşdur və həmin iş üzrə Cavabdeh2 əsas borc üzrə ümumilikdə 13464,52 ABŞ dolları məbləğində vəsaitin və ödənilmiş 50 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan **-GH-*** dövlət qeydiyyat nömrəli “GEELY EMQRAND EX7” minik markalı, buraxılış ili 2013, ban-L108DBZ54E3073539, rəngi-ağ) avtomobilinə yönəldilərək açıq hərracda satılması tələbi ilə məhkəmədə iddia qaldırılmışdır. Lakin, hazırki mülki iş üzrə iddiaçı olan İddiaçı tərəfindən qeyd olunan iş üzrə həmin müddətdə nə qarşılıqlı iddia ərizəsi, nə də müstəqil olaraq həmin kredit və ipoteka müqavilələrini mübahisələndirilməmişdir. İş üzrə İddiaçı iddia müddətini ötürməklə iddia ərizəsi tələblərini nəzərə almadan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" BOKT QSC-yə qarşı “nəqliyyat vasitəsinə dair ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair 2(006)-1433/2023 saylı iş üzrə iddia müddətini tətbiq edilməklə iddiaçı tərəfindən iddia müddətini tətbiq etməklə iddiaçı tərəfindən iddia müddəti ötürüldüyü üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq üzrlü səbəb olaraq hazırki məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iclasın hər hansı bir səbəbdən təxirə salınması mümkün olmadığı halında isə iddianın tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə digər Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaqla iclasa dəvət edilmiş, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçı, digər cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Mülki işin materiallarında olan məhkəmə baxışı zamanı tədqiq edilmiş: -AB № 924800 seriyalı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-GH-*** qeydiyyat nişanlı, “Geely Emqrand EX7” minik markalı avtomobilin sahibi Cavabdeh2dur. -xx.xx.1999-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X6 xx.xx.1999-cu il tarixdə nikaha daxil olmuşlar. -xx.xx.2013-cü il tarixli, 1341№-li İpoteka müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixli, 1341 nömrəli kredit müqaviləsinə əsasən 19760 ABŞ dolları məbləğində 36 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “Geely Emgrand EX7” minik markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-38/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" BOKT QSC Cavabdeh2 qarşı “əsas və faiz borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmiş, həmin qətnamə əsasında iddia tələbi qismən təmin edilmişdir. -xx.xx.2023-cü il tarixli Baş X10i İdarəsi tərəfindən verilən sorğuya cavab məktubundan görünür ki, “Geely Emgrand EX7” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınaraq "xxxx" ASC-nin Sənaye filialının xeyrinə yüklü edilmişdir. -xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz hallarından göründüyü kimi, hazırki iş üzrə cavabdehlər Cavabdeh2 ilə "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixdə kredit və ipoteka müqavilələri bağlanmış, Cavabdeh2 mülkiyyətində olan “Geely Emgrand EX7” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Sonradan "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC iddia ərizəsilə məhkəməyə müraciət edərək, əsas və faiz borcun cavabdeh O.İntiqamdan tutulması, tutmanın ipoteka predmeti olan “Geely Emgrand EX7” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında iddia tələbi qismən təmin edilmişdir. Hazırda iddiaçı Orucov Almaz iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ilə "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsini və nəqliyyat vasitəsi üzərində ipoteka yüklülüyü haqqında qeydin ləğv olunmasını məhkəmədən xahiş edir. Tələbini onunla əsaslandırır ki, ipoteka müqaviləsinin predmeti olan nəqliyyat vasitəsi birgə nikah dövründə əldə edildiyindən onun da həmin avtomobil üzərində pay hüququ olmuş, ipoteka müqaviləsi bağlanarkən onun razılığı alınmamış, bu yaxınlarda ipoteka müqaviləsinin mövcud olduğunu bilmişdir. Hazırki tələblə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. İlk olaraq nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (Mülki Prosessual Məcəllənin 50-ci maddəsi). Həmçinin, qeyd olunmalıdır ki, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Eləcə də, iddia ona cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə cavabdehi əsl cavabdehlə əvəz edə bilər. İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 ilə bağlanmış sözügedən kredit və ipoteka müqavilələrindən yaranan hüquq və vəzifələr "xxxx" ASC tərəfindən "xxxx" QSC BOKT-a ötürüldüyündən hazırki tələb üzrə cavab verməli olan şəxs (cavabdeh) "xxxx" ASC deyil, “"xxxx" QSC BOKT olmalıdır. Lakin, mülki iş üzrə cavabdeh əsl cavabdehlə əvəz olunmadığından və Cavabdeh2 iddia üzrə cavabdeh olduğundan, məhkəmə iddianın əsaslılığı məsələsinə qiymət verməyi zəruri hesab edir. İddianın əsaslılığı məsələsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33-cü maddəsinə əsasən ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 41-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilib ki, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin qərarda eyni zamanda qeyd olunmuşdur ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Göründüyü kimi, ər-arvad ümumi əmlakları əşya hüquqlarını mülki qanunvericiliyin birgə mülkiyyət qaydalarına uyğun olaraq həyata keçirməlidir. Ər-arvaddan hər hansı biri daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlayarsa, vicdanlılıq prinsipinə uyğun olaraq bu əqdin bağlanmasına digər tərəfin (ərin və ya arvadın) razılığının olmasına hüquqi ehtimal verilir. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki iş üzrə İddiaçı iddia predmeti ilə bağlı qanunvericilikdə nəzərdə tutulan müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, Mülki Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Mülki Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Beləliklə, işin müəyyən edilmiş hallardan görünür ki, cavabdehlər arasında ipoteka müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlanmış və müqavilə bağlanan zaman iddiaçı ilə Cavabdeh2 birgə nikahda olmaqla birgə təsərrüfat aparmışlar. İddiaçı tərəfindən isə müqavilə bağlandıqdan 8 il sonra onun etibarlılığı mübahisələndirilmişdir. Qanunvericiliyə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Buna görə də məhkəmə hesab edir ki, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş kəsici müddət keçdiyinə görə iddia tələbləri təmin olunmamalıdır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi və "xxxx" QSC BOKT-a qarşı “nəqliyyat vasitəsinə dair ipoteka müqaviləsinin etibarsız hesab edilməsi”nə dair iddia tələbi əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi və "xxxx" QSC BOKT-a qarşı “nəqliyyat vasitəsinə dair ipoteka müqaviləsinin etibarsız hesab edilməsi”nə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar