Məhkəmə qərarları › İş №2(006)-1446/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1446/2023

13.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1446/2023 13.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona guya istehlak etdiyi elektrik enerjisinə görə Azərişıq ASC tərəfindən tərəfindən borc tələbinə dair müxtəlif vaxtlarda dəfələrlə əsassız bildirişlər daxil olmuşdur. Hazırda elektrik enerjisinin istehlakına hər hansı bir borcu mövcud deyil, ödənişləri vaxtında icra edir. Azərişığın əməkdaşlarına dəfələrlə qeyd edilən borcun əsassız olduğunu bildirsə də, heç bir əhəmiyyət verməmişdirlər. Daha sonra rəsmi qaydada cavabdehə müraciət edərək yaranmış borc məbləğinin hansı dövrləri əhatə etdiyini araşdırmaq qərarına gəlmişdir. Cavabdeh tərəfindən müraciətinə cavab olaraq ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01 99/İ-431/9290 nömrəli məktubla bildirilmişdir ki, “070007000X4015B nömrəli fərdi kod üzrə fərdi yaşayış evinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, xx.xx.2022-ci il tarixinə olan 1171,88 manat məbləğində borcun fərdi yaşayış evində istehlak edilmiş, lakin ödənilməmiş enerjisinin dəyəri olduğu məlum olmuşdur. Qeyd edilən borclarına guya BARMEK şirkətinin zamanında yaranmış olduğunu bildirərək "xxxx" ASC tərəfindən əhaliyə qanunsuz və əsassız olaraq belə bildirişlər hal-hazırda da göndərilməkdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsində müddətin keçməsinə görə öhdəliyin xitamı halları tənzimlənmişdir. Hazırki tarixdən 5 il əvvələ qədər olan müddəti əhatə edən dövr üçün elektrik enerjisinin dəyərini ödəmək öhdəliyinə MM-nin 550 və 551.2.1-ci maddələrinə əsasən müddətin keçməsi əsası ilə xitam verilməlidir. Başqa sözlə, bu dövrə aid borc MMnin 551.2.1-ci maddəsinə əsasən hazırda qüvvədə (mövcud) olmadığından tələb edilə bilməz. Qeyd olunanlardan göründüyü kimi cavabdehin tələb etdiyi borc vaxtaşırı ödənişlər haqqında tələbə daxil olduğundan və həmin borc məbləği üzrə (hansı ki mövcud olmamışdır) qanunvericiliklə müəyyənləşdirilmiş müddət keçdiyindən cavabdehin tələbi qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC-nin ona elektrik enerjisindən istifadəyə görə hesablanmış olduğu 1171,88 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

3. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə ilə müraciət edərək bildirmişdir ki, 11 may 2007-ci il tarixindən 05 yanvar 2023-cü il tarixinədək ümumilikdə 1921,87 manat ona məlum olmayan və təqdim edilməyən aktlar üzrə pul cəriməsi tətbiq olunmuşdur. Qeyd olunan aktların nədən ibarət olması ona məlum olmadığından həmin aktlar üzrə hesablanmış 1921,87 manat pulun ona məxsus 070007000X4015B abunə kodundan silinməsi barədə qətnamə qəbul olunması məhkəmədən xahiş olunmuşdur.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, cavabdeh "xxxx" ASC tərəfindən dəfələrlə ona borc tələbinə dair müxtəlif vaxtlarda əsassız bildirişlər təqdim olmuşdur. Ancaq o, bugünə kimi bütün ödənişləri vaxtlı-vaxtında ödəyir. Onun heç bir borcu olmamış, bununla bağlı cavabdehin nümayəndələrinə dəfələrlə məlumat verməyinə baxmayaraq onlar buna əhəmiyyət verməmişlər. O, həmin borcun nədən ibarət olması ilə əlaqədar cavabdeh şirkətə müraciət etdikdə isə cavab məktubunda bildirmişlər ki, xx.xx.2022-ci il tarixə qədər 1171.88 manat məbləğində borc fərdi yaşayış evində istehlak olunan, lakin ödənilməyən borcdur. Cavabdeh şirkət tərəfindən qeyd edilən borcla bağlı elektrik enerjisinin istifadəsi dayandırıldığından o, cavabdeh şirkətlə müqavilə bağlamaq məcburiyyətində qalmışdır. Həmin müqaviləyə əsasən qeyd edilən borcdan aylıq 10 manat ödəməyi müqabilində elektrik enerjisi bərpa olunmuşdur. Nəticədə ondan aylıq əsassız olaraq 10 manat pul tutulmaqdadır. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, ilk dəfə iddiaçının hazırda mülkiyyətində olan mənzilə 1984-cü il tarixində sayğac quraşdırılmışdır. Lakin 2011-ci ildə Azərişıq ASC-nin nümayəndəsi sayğaca baxış keçirmək istəyərkən ona məlum olmuşdur ki, sayğac yerində yoxdur. Həmin vaxt sayğac abonentin sərəncamında olduğundan onunla bağlı məsuliyyətdə abonentin üzərinə düşürdü. Bundan sonra akt tərtib olunaraq yeni sayğac quraşdırılmışdır. Hazırki mübahisə predmeti olan borc məbləği isə iddiaçının 2011-ci ilə qədər, yəni sayğac quraşdırılana qədər yaranmış olan elektrik enerjisinin istifadəsi ilə bağlı olan borcdur və tam tam həcmdə ödənilməlidir. 2011-ci il tarixinə qədər sayğac olmadığından iddiaçıya orta sərfiyyat hesabı ilə borc hesablanmışdır. Ancaq 2011-ci il tarixinə qədər iddiaçı tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbi tam əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Mülki iş materiallarında olan abonentin hərəkət cədvəlindən görünür ki, 070007000X4015B nömrəli abonentin 2017-ci il üzrə 7,01 manat borcu yaranmış; 2018-ci il üzrə 344,99 manat sərfiyyatdan ödəniş etmiş, 352 manat borcdan ödəniş etmiş, 15,8 manat borc məbləği yaranmış, 2019-cu il üzrə 299 manat ödəniş etmiş, 283,2 manat sərfiyyatdan ödəniş etmiş, 299 manat borcdan ödəniş etmiş, 11,73 manat borc məbləği yaranmış, 2020-ci il üzrə 354 manat ödəniş etmiş, 342,27 manat sərfiyyatdan ödəniş etmiş, 354 manat borcdan ödəniş etmiş, 47,52 manat borc məbləği yaranmış, 2021-ci il üzrə 487 manat ödəniş etmiş, 439,48 manat sərfiyyatdan ödəniş etmiş, 487 manat borcdan ödəniş etmiş, -107,25 manat borc məbləği yaranmış, 2022-ci il üzrə 760 manat ödəniş etmiş, 867,25 manat sərfiyyatdan ödəniş etmiş, 0 manat borcdan ödəniş etmiş, - 355,22 manat borc məbləği yaranmış, 2023-cü il üzrə 110 manat ödəniş etmiş, 465,22 manat sərfiyyatdan ödəniş etmiş, 0 manat borcdan ödəniş etmiş, -338,83 manat məbləğində borcu yaranmışdır.

8. İddiaçı Abonent haqqında çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə verilən abonent kodu 070007000X4015B-dir. Həmin çıxarışdan görünür ki, xx.xx.2000-ci il tarixədək abonentin borcu 1921,87 manat təşkil edir.

9. İddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 01 99/İ-431 9290 nömrəli cavab məktubdan görünür ki, xx.xx.2022-ci il tarixinə 1171,88 manat məbləğində elektrik enerjisi istehlak edilmiş, lakin dəyəri ödənilməmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə aid olan hesablaşma elektrik sayğacına cavabdeh təşkilatın əməkdaşları tərəfindən baxış keçirilmiş və həmin baxışın nəticəsi olaraq akt tərtib etmişlər. Həmin akt əsasında "xxxx" ASC tərəfindən iddiaçının abonent hesabına əlavə olaraq borc yazılmışdır.

c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir.

13. Qaydaların 7.6-cı bəndinə əsasən Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.

14. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.

15. Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı abone kodu üzrə hesablanmış borclar onun akt üzrə pozuntuları olmamaqla, yalnız sərfiyyatla bağlı (istehlak etmiş olduğu) yaranmış borcudur. İddiaçının silinməsini tələb etdiyi borcun qanunsuz hesablanması halı da öz təsdiqini tapmamış və bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

17. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən öhdəliyin xitamı üçün müddətin keçməsinə istinad etsədə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il tarixli qərarındakı hüquqi mövqe ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlərin hüquqi təbiəti baxımından iddia müddətləri olması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olması müəyyən edilmişdir.

18. Məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyə görə iddiaçının öhdəliyi bitməmiş və tam icra edilməmişdir. Bu da iddiaçını qeyd olunan hüquqi mövqeyə görə üzərinə götümüş olduğu öhdəliyindən azad etmir.

19. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

20. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar