Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1457/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “istehlakçı hüquqlarının bərpası və qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “istehlakçı hüquqlarının bərpası və qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus **********00320 nömrəli abonent koduna qaz sərfiyyatına görə tələb edilən 216 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən 57 saylı evin 32 nömrəli mənzilinin mülkiyyətçisi olmaqla ona istehlakçı olaraq həmin mənzildə təbii qazdan istifadəyə görə **********00320 nömrəli abonent kodu verilmişdir. xx.xx.2020-ci il tarixində qeyd edilən mənzildə quraşdırılmış “G-4” markalı itron tipli qaz sayğacına Cavabdeh əməkdaşları tərəfindən keçirilən baxış zamanı sayğacının ekranının işləmədiyi müəyyən edildikdən sonra həmin sayğac çıxarılmış və bu barədə “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Cavabdeh X1 Departamentinin tərtib etdiyi “qaz sayğacının yoxlanılması barədə” akta əsasən xx.xx.2020-ci il tarixində əhali sektorunda istismarda olan mexaniki tipli qaz sayğacları dövlət yoxlanmasından keçirilmiş, sayğaca ümumi baxış keçirilən zaman klapanın işlək olmadığı, sayğacın element yuvasının qapağının alt hissədən gövdəyə birləşən hissədən sınıq olması və klapanın bağlı olunduğu aşkar edilmişdir. Qeyd edilən akt əsasında Bakı Regional Qazın Satışı Departamenti tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktın tərtib edilməsində İddiaçı iştirak etməmiş və akt istehlakçı tərəfindən imzalanmamışdır. Cavabdeh BRQSD “İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası” tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə ******* nömrəli, xx.xx.2020-ci il tarixli akt əsasında 2160 m3 qazın itkiyə getdiyi hesablanmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış qaz sərfiyyatına görə tələb edilən 216 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edib, əlavə olaraq izahatında bildirdi ki, sayğac mənzildən kanar quraşdırılmışdır. Bundan başqa o, Cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən sayğacın ekranının işləmədiyi və mənfiyə işlədiyi, sayğacın element yuvasının qapağın alt hissəsindən gövdəyə birləşən hissədən sınıq olması barədə məlumatlı olmamış, həmçinin qaz sayğacının işlək vəziyyətdə olub-olmamasına görə məsuliyyət daşımır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən 57 saylı evin 32 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1957 nömrəli reyestr kitabının 180723 nömrəli vərəqində xx.xx.2013-cü il tarixində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında aktdan müəyyən edilir ki, İddiaçı məxsus mənzilə dair (**********00320 nömrəli abonent kodu) 1202AQ**********1 nömrəli “G-4” markalı itron tipli qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh xx.xx.2020-ci il tarixli 29/1710-03183-2 nömrəli qaz sayğacının yoxlanılması barədə rəyindən görünür ki, 1202AQ**********1 nömrəli “G-4” markalı itron tipli qaz sayğacına keçirilən baxış zamanı sayğacın ekranının işləmədiyi və mənfiyə işlədiyi, sayğacın element yuvasının qapağın alt hissəsindən gövdəyə birləşən hissədən sınıq olması müəyyən edilmişdir. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli 29/1710-03183-2 nömrəli rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən 57 saylı evin 32 nömrəli mənzili üzrə quraşdırılmış 1202AQ**********1 nömrəli “G-4” markalı itron tipli qaz sayğacına keçirilən baxış zamanı sayğacın ekranının işləmədiyi və mənfiyə işlədiyi, sayğacın element yuvasının qapağın alt hissəsindən gövdəyə birləşən hissədən sınıq olması və klapanın bağlı olması müəyyən edilmişdir. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamentinin “İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası” tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli 29/1710-03183-2 nömrəli qaz sayğacının yoxlanılması barədə rəyə əsasən 1202AQ**********1 nömrəli “G-4” markalı itron tipli qaz sayğacının klapanının işlək vəziyyətdə olmaması səbəbindən 2160 m3 qazın itkiyə getdiyi hesablanmışdır. Mülki işin materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı (**********00320 nömrəli abonent kodu) qazdan istifadəyə görə 2020-ci il tarixinə 216 manat borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçıdan tələb olunan borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanması və borcun yaranması əsası müəyyən edilmədiyindən həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9cu hissəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı tərəfindən aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq müraciəti olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, qaz paylayıcısı ilə müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Həmin Məcəllənin 77.2-ci maddəsi imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. İşin materiallarından da göründüyü kimi qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı (**********00320 nömrəli abonent kodu) fiziki şəxs kimi qazdan istifadə etdiyindən, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, 1202AQ**********1 nömrəli “G-4” markalı itron tipli qaz sayğacının klapanının işlək vəziyyətdə olmaması onun təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) səbəbindən baş vermədiyindən, Cavabdeh tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli, həmin akt əsasında itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna 2160 m3 qazın sərfiyyatına dair hesablanmış 216 manat məbləğində əsassız borc silinməlidir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1.15-ci maddəsində göstərilmişdir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********00320) itirilmiş qazın bərpası üzrə hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Cavabdehndən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1457/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1457/2021
18.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver