Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1461/2021 11.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, cavabdeh “xxxx” MTK-nın nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və “xxxx” MTK-ya qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin Müştəri Xidmətləri Departamentinin 19.01.2018-ci il tarixli bildirişinin məzmunundan görünür ki, “xxxx” ASC-nin Müştəri Xidmətləri Departamenti ilə İddiaçı arasında bağlanılmış 08 fevral 2016-cı il tarixli, 31-08-02-2016-AF-MA N-li təminatlı kredit müqaviləsinə əsasən İddiaçı 255.030 manat məbləğində kredit verilmişdir. Həmçinin, kredit müqaviləsinin təminatı kimi İddiaçı ilə “xxxx” MMC arasında 08 fevral 2016-cı il tarixli, ********* saylı müqavilə imzalanmışdır. Bu müqavilələrin şərtlərinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 2-ci MKR, H.Əliyev küçəsi 3224-cü məhəllədə tikilməkdə olan bina 1, blok 2, mərtəbə 6, ümumi sahəsi 127,07 kvm olan 3 otaqlı 271 N-li mənzil iddiaçının və ailəsinin istifadəsinə verilmişdir. Həmçinin, iddiaçı aldığı mənzilə görə ilkin olaraq 30 000 (otuz min) manat, daha sonra isə 45000 (qırx beş min) manat məbləğində, ümumilikdə 75000 (yetmiş beş min) manat məbləğində pul ödəmiş, lakin sonradan maddi vəziyyəti pisləşdiyi və gəlirləri azaldığı üçün həmin mənzilə görə 3 ay ödəniş edə bilməmişdir. Bu baxımdan iddiaçı ailəsi ilə birlikdə mənzildən çıxarılsa da, ödədiyi pulların böyük bir qismi ona qaytarılmamışdır. Belə ki, yuxarıda qeyd edilən məbləğin 26000 (iyirmi altı min) manat məbləği “xxxx” MMC tərəfindən iddiaçıya qaytarılsa da, 49000 (qırx doqquz min) manat məbləği qaytarılmamışdır. İddiaçı bununla bağlı Tikinti şirkətinə müraciət etsə də, ona bildirilmişdir ki, yaranmış mübahisəyə görə iddiaçı cavabdeh “xxxx” ASC-yə müraciət etməlidir. Bu baxımdan iddiaçıya məxsus olan 49000 (qırx doqquz min) manat məbləğindəki pul vəsaiti cavabdeh “xxxx” ASC-dən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən cavabdeh “xxxx” ASC-dən ümumilikdə 49000 (qırx doqquz min) manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər “xxxx” ASC-dən və “xxxx” MTK-dan ümumilikdə 49000 (qırx doqquz min) manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini və cavabdeh “xxxx” MTK-nın hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322-ci maddəsinin əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh “xxxx” MTK-nın nümayəndəsi X9 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 08.02.2016-cı il tarixli, ********* saylı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, Cəmiyyət ünvan 1də tikilməkdə olan bina 1, blok 2, mərtəbə 6, 3 otaqlı, 271 №-li mənzili “alıcı”nın mülkiyyətinə təhvil verməyi, alıcı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin 4.2.8-ci bəndinə əsasən "Alıcı" tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan Kredit Müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında "xxxx" birtərəfli olaraq bu müqaviləni ləğv edib mənzilin sahibi ola bilər. Bu halda "xxxx" xxxx ASC və “Alıcı” arasında imzalanmış Zaminlik müqaviləsindən irəli gələn "Alıcı"-nın öhdəliklərini yerinə yetirməlidir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı qızı arasında bağlanmış 08.02.2016-cı il tarixli, 31-08-02-2016-AF-MA saylı təminatlı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı illik 8%lə, 239 ay müddətinə 255.030 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı və “xxxx” MMC arasında bağlanmış 08.02.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən zamin “xxxx” MMC borclu İddiaçı bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan X2 notarial qaydada təsdiq edilmiş 09.02.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, İddiaçı adına olan ünvan 1 ünvanında, “ünvan 2 yerləşən 3 otaqlı 271 saylı mənzildən və paydan imtina etməsinə razılıq vermişdir. Həmin mənzilin istənilən şəxsin adına sənədləşdirilməsinə, dəyişdirilməsinə və satılmasına heç bir etiraz etmir. Onun gələcəkdə bu mənzilə və MMC-yə qarşı heç bir iddası olmayacaqdır. İş materiallarında olan İddiaçı 19.02.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, ünvan 1də tikilməkdə olan bina 1, 2-ci blok, 6-cı mərtəbədə yerləşən 3 otaqlı 271 saylı mənzili ümumi sahəsi 127,07 kv.m mənzildən və hüququndan imtina edir. Gələcəkdə göstərilən mənzil barəsində “xxxx” MTK-ya qarşı heç bir iddiası olmayacaqdır. İş materiallarında olan “xxxx” ASC-nin 02.06.2021-ci il tarixli məktubundan görünür ki, bank ilə İddiaçı arasında bağlanmış 08.02.2016-cı il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" MMC-nin inşa etdiyi binalardan mənzilin alınması üçün 255,030.00 (iki yüz əlli beş min otuz,00) manat məbləğində kredit rəsmiləşdirilmişdir. Borc alan kreditin ilk aylarından başlayaraq gecikmələr yaratmış, nəticədə müştəridən savayı, şirkətin nümayəndələri (zaminlik müqaviləsinə əsasən) də müxtəlif tarixlərində ödənişlər aparmışdırlar. 19.01.2018-ci il tarixində borc alana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. Bildirişə əsasən borc alanın 19.01.2018- ci il tarixinə ödəniş cədvəli üzrə 4,303.15 manat məbləğində gecikdirilmiş borc təşkil etmişdir. Ümumilikdə isə borc alanın 19.01.2018-ci il tarixinə Bank qarşısında 249.279,17 manat, bundan 245.747,84 manat əsas borc, 3.531,33 manat isə faiz borcu təşkil etmişdir. Müvafiq kredit müqaviləsi üzrə 19.01.2018-ci il tarixinədək borc alan və şirkətin nümayəndələri tərəfindən ümumilikdə 45.380,18 manat, bundan 9.282,16 manat əsas borc, 36.098,02 manat isə faiz borcu ödənilmişdir. İş materiallarında 17.02.2018-ci il tarixdə tərtib edilmiş 01/2018 saylı aktdan görünür ki, 08 fevral 2016-cı ildə ********* №-li payçı müqaviləsinə əsasən İddiaçı ünvan 1də tikilməkdə olan 1-ci bina, 2-ci blok, 6-cı mərtəbə, 271 №-li, 3 otaqlı, 127,07 kv.m mənzili ABB-dən kredit ilə əldə etmişdir. Payçı İddiaçı hazırki mənzilin ödənişlərini edə bilmədiyi üçün 19 yanvar 2018-ci il tarixdə ABB Premyer filialı tərəfindən təqdim olunmuş MKX-56 №-li bildirişə əsasən mənzil "xxxx" MTK-nın “Əcəmi” filialı tərəfindən təkrar satışa çıxarılmış və qarşılıqlı razılaşma əsasında 26.600 manat geri qaytarılmışdır. Hazırki məbləğin 26.600 manatının 50%-i, yəni 13.300 manatı payçı İddiaçı həyat yoldaşı X3 17.02.2018-ci il tarixdə qayınatası X6 razılığı ilə verilir. Digər 13.300 manat isə payçı İddiaçı özünə veriləcəkdir. İş materiallarında 17.02.2018-ci il tarixdə tərtib edilmiş 01/2018 saylı aktdan görünür ki, 08 fevral 2016-cı ildə ********* №-li payçı müqaviləsinə əsasən ünvan 1də tikilməkdə olan 1-ci bina, 2ci blok, 6-cı mərtəbə, 271 №-li, 3 otaqlı, 127,07 kv.m mənzili ABB-dən kredit ilə əldə etmişdir. Payçı İddiaçı hazırki mənzil üçün ilkin ödəniş 28.336 manat, ABB aylıq ödəniş 45.200 manat, cəmi 75.536 manat ödəmişdir. Payçı İddiaçı hazırki mənzil üçün ilkin ödəniş 28.336 manat, ABB aylıq ödəniş 45.200 manat, cəmi 73.536 manat ödəmişdir. Payçı İddiaçı hazırki mənzilin ödənişlərini edə bilmədiyi üçün 19 yanvar 2018-ci il tarixdə ABB Premyer filialı tərəfindən təqdim olunmuş MXK-56 №-li bildirişə əsasən mənzil “xxxx" MTK-nın “Əcəmi” filialı tərəfindən təkrar satışa çıxarılmış və qarşılıqlı razılaşma əsasında 26.600 manat geri qaytarılmışdır. Payçı İddiaçı çatacaq 26.600 manat məbləğdən 13.300 manat atası X6 razılığı ilə həyat yoldaşı X8 tərəfindən götürülmüşdür. Qalıq 13.300 manat isə payçı İddiaçı veriləcəkdir. Mənzil təhvil verilərkən mətbəx mebeli də geri qaytarılmış və mətbəx mebelinə olan borc 1000 manat mənzilin satış qiymətinə əlavə ediləcəkdir. Mətbəx mebelinin dəyəri 3200 manat idi. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 323-1-ci maddəsinə əsasən daşınmaz əmlakın mülkiyyətçisi eyni zamanda ipoteka ilə təmin edilmiş tələbin şəxsi borclusu olmasa da, o, ipoteka saxlayana yalnız şəxsi borcluya məxsus olan qarşılıqlı tələb irəli sürə bilər; xüsusi olaraq bu pul öhdəliklərinin əvəzləşdirilməsi və tələbdən şikayətin verilməsi ilə bağlı qarşılıqlı tələblərdir. Bu, həmçinin mülkiyyətçinin ipoteka saxlayanın şəxsi borclusu olduğu hala da aiddir. Eyni Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Eyni Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Göstərilən Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 08.02.2016-cı il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı "xxxx" MMC-nin inşa etdiyi binalardan mənzilin alınması üçün 255.030 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit borcunu ödəyə bilmədiyi üçün mənzili geri qaytarmışdır. İddiaçıya mənzil üçün ödənilmiş puldan 26.000 manat məbləğində qaytarılmışdır. Hazırda iddiaçı qalan 49.000 manat pulun cavabdehlər tərəfindən geri qaytarılmasını tələb edir. Göründüyü kimi iddiaçı qeyd edilən mənzilin alınması üçün “xxxx” ASC-dən müvafiq məbləğdə kredit götürmüş və ödəniş cədvəlinə uyğun olaraq, vaxtında ödəmələri həyata keçirməmişdir. Göründüyü kimi "xxxx" ASC İddiaçı ilə aralarında bağlanmış təminatlı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq sözügedən mənzilin alınması üçün 255.030 manat məbləğində kredit vermiş və öhdəliyini tam olaraq icra etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 19.01.2018-ci il tarixinə Bank qarşısında 249.279,17 manat, bundan 245.747,84 manat əsas borc, 3.531,33 manat isə faiz borcu təşkil etmişdir. Müvafiq kredit müqaviləsi üzrə 19.01.2018-ci il tarixinədək borc alan və şirkətin nümayəndələri tərəfindən ümumilikdə 45.380,18 manat, bundan 9.282,16 manat əsas borc, 36.098,02 manat isə faiz borcu ödənilmişdir. Göründüyü kimi iddiaçının tələb etdiyi 49.000 manat məbləğindəki pul vəsaiti onun banka olan əsas və faiz borcuna silinmişdir. Belə ki, iddiaçı ilə Bank arasında kredit müqaviləsi bağlanmışdır ki, həmin müqavilənin şərtlərinə görə iddiaçı İ.İbayev Bank qarşısında əsas və faiz borcunu vaxtlı-vaxtında ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Göstərilən müqavilə əsasında Bank onun üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmiş (mənzilin dəyərini tikinti şirkətinə ödəmişdir), iddiaçı isə öz öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tələbinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə iddia tələbinin “cavabdeh “xxxx” MTK-nın hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322-ci maddəsinin əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə baxışı zamanı bu halların əsaslı olması öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, iş üzrə tərəflər arasında bağlanmış təminatlı kredit və zaminlik müqavilələrinə əsasən cavabdehlər öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmələrinə baxmayaraq, İddiaçı öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir və hal-hazırda cavabdehlərdən 49.000 manat pul tələb etməkdə haqlı deyildir. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və “xxxx” MTK-ya qarşı "pul tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və “xxxx” MTK-ya qarşı "pul tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1461/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1461/2021
11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver