Məhkəmə qərarları › İş №2(006)-1461/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1461/2022

10.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1461/2022 10.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pulun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pulun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin vəzifəli şəxslərinin 04 avqust 2021-ci il tarixli 222361 saylı aktı əsasında İddiaçı barəsində hesablanmış 98 (doxsan səkkiz) manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları 04 avqust 2021-ci il tarixdə yaşadığı ünvana gələrək küçə divarında, "xxxx" ASC-nin əməkdaşlarının özləri tərəfindən quraşdırılmış sayğaca baxış keçirmişlər. İddiaçının xəbəri olmadan, onun imzası olmadan sayğaca müdaxilə etmişlər. Sayğacı dəyişərək akt tərtib etmişlər. Sayğacı dəyişmələrinə səbəb isə guya onun qriflərinin əriməsi olmuşdur. İddiaçı və onun qonşuları dəfələrlə Biləcəridə yerləşən Biləcəri enerji təchizatı və satışı idarəsinə gedərək gərginliyin müqavilədə göstərilən 220V əvəzinə 160- 180V olduğuna görə şikayət etmişlər. Bildirmişlər ki, işlətdikləri elektrik cihazları tez-tez xarab olur. Onları təmir etdirməkdə çətinlik çəkirlər. Ancaq heç bir nəticə olmamışdır. Bütün bunlar azmış kimi öz təqsirləri ucbatından sayğacın göstəriciləri 1 ay müddətində görünmədiyinə görə iddiaçıya 98 manat borc yazıblar. Orta aylıq sərfiyyata görə ödəniş 20-22 manat olduğu halda sayğac dəyişdirildikdən sonra guya ki, onun göstəricisi 4 dəfə artmış, akt əsasında iddiaçıya cərimə yazılandan sonra yenə azalaraq normaya düşmüşdür. İddiaçı avqust ayında ailə üzvləri ilə birlikdə çox vaxt rayonda olduğu üçün enerji sərfiyyatı azalmaqdansa, əvəzinə əlavə sərfiyyat yazılmışdır. Ünvanda olmayaolmaya bu qədər elektrik enerjisi necə işlədə bilərdi? Bununla əlaqədar Biləcəri enerji təchizatı və satışı şöbəsinə şikayət etmiş, cavabında isə ona demişlər ki, 21 manat borc yazılıbdır. Həmin dövrlərdə işığın qiyməti bahalaşmamışdı. Həmin vaxtı iddiaçı orta hesabla ayda 20-22 manat pul ödəyirdi. Sayğacın göstəricisinə əsasən hesablanmış borcu iddiaçı qəbul etmir. Buna görə də, üzləşdiyi problemin hüquq müstəvisində həllinə nail olmaq üçün iddia ərizəsilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, 2006-cı ildən etibarən həmin ünvanda yaşayır. Heç vaxt borcu ödəməkdən yayınmamışdır. O, məzuniyyətdə olduğu dövrdə sayğaca müdaxilə ediblər. Onun razılığı və imzası olmadan sayğacı dəyişiblər və əlavə olaraq 190 manat borc yazıblar. Bütün bu qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, elektrik sayğacı qriflər əridiyi üçün dəyişdirilib. Daha sonra yeni sayğac quraşdırılıb. 13 gün ərzində istehlakçı tərəfindən 827 kv/saat enerji sərfiyyatından istifadə olunmuşdur. 48 günə isə 23 kv/saat istifadə olunmuşdur. Hazırda abonent saldosunda 97.93 manat borc qalmışdır. Buna görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilən 128 №-li, 13.01.2022-ci il tarixli Arayışa əsasən, Yaqubov X3 qəsəbəsi, Binəqədi şossesində inşa edilmiş özbaşına tikilidə qeydiyyatsız yaşayır. İş materiallarında olan cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunan 222361 №-li, 04 avqust 2021-ci il tarixli Aktdan görünür ki, abonent kodu **********3005A olan istehlakçı İddiaçı məxsus elektrik sayğacının qrifləri ərimişdir. Bu səbəbdən sayğac dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Bu, 29.11.2021-ci il tarixli icra vərəqində də qeyd olunmuşdur. Məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən 10.05.2022-ci tarixli abunə haqqında çıxarışdan görünür ki, abonent kodu **********3005A olan İddiaçı adına 97,93 manat qalıq borc yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra enerji təchizatı müəssəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Odur ki, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" ASC-nin vəzifəli şəxslərinin 04 avqust 2021-ci il tarixli 222361 saylı aktı əsasında İddiaçı barəsində hesablanmış 98 (doxsan səkkiz) manat cərimə silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdiqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin vəzifəli şəxslərinin 04 avqust 2021-ci il tarixli 222361 saylı aktı əsasında İddiaçı barəsində hesablanmış 98 (doxsan səkkiz) manat cərimə silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar