Məhkəmə qərarları › İş №2(006)-1462/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1462/2021

15.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1462/2021 15.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iştirakı ilə İddiaçı Məmmədova (Həsənova) Aysel Razim qızının cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədova (Həsənova) Aysel Razim qızı cavabdehlər ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh1nə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 oktyabr 2012- ci il tarixli, 2(004)-4470/2012 saylı qətnaməsinə əsasən X2 "‘Bank of Azerbaijan” ASC-nin xeyrinə 23.10.2007-ci il tarixli, 699 nömrəli kredit müqaviləsi üzrə 3682,84 manat məbləğində əsas borc, 4711,83 manat məbləğində faiz borcu və 600 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 8994,67 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat tutulması qət edilmişdir. Həmin qətnamə ilə tanış olarkən iddiaçıya aydın olmuşdur ki, guya ona 11.01.2008-ci il tarixli, 779 saylı kredit müqaviləsinə əsasən 1670 manat kredit verilmişdir. Nə iddiaçı ilə Cavabdeh3 ASC arasında kredit müqaviləsi bağlanmamış, nə də həmin kreditə görə iddiaçıya 1670 manat kredit ödənişi həyata keçirilməmişdir. Belə ki, guya İddiaçı “HOME CREDİT” firma mağazasından hər hansısa ev əşyaları almış və bu məqsədlə onunla Cavabdeh3 ASC arasında 11.01.2008-ci il tarixli, 779 nömrəli kredit müqaviləsi bağlanmışdır. İddiaçı 2005-ci ildən 2008-ci ilin avqust ayına kimi “HOME CREDİT” firma mağazaları şəbəkəsində kredit mütəxəssisi vəzifəsində işləmişdir. Qeyd edildiyi kimi 2008-ci ilin avqust ayında “HOME CREDİT” firma mağazasından işdən çıxdıqdan sonra yeni işə düzəlmək üçün müraciət etmiş və orada ona məlum olmuşdur ki, onun Cavabdeh3 ASC-yə kredit borcu var. Buna görə iddiaçı köhnə iş yerinə gedib bu məsələyə aydınlıq gətirmək istəmiş və “HOME CREDİT” firma mağazasından ona bildirmişlər ki, narahat olmağa dəyməz, özləri bu məsələni yoluna qoyacaqlar. İddiaçı da bundan sonra arxayın olub bu məsələni dərindən araşdırmamışdır. Ancaq dolayısı ilə öyrəndi ki, “HOME CREDİT” firma mağazasının rəhbəri ilə Cavabdeh3 ASC-nin 3 saylı filialının rəhbəri arasında əməkdaşlıq olub və işçilərin adlarına qeyri-rəsmi müqavilələr bağlayıblar. Bir neçə müddət ərzində həmin kreditlə bağlı heç kim iddiaçını narahat etmədiyi üçün düşünmüşdür ki, məsələni artıq yoluna qoyublar. Lakin bir müddət keçdikdən sonra məhkəmədən iddiaçıya bildiriş gəldiyi üçün yenidən “HOME CREDİT” firma mağazasına getmiş və orada yenə ona narahat olmamağını, Orxan adlı əməkdaşa etibarnamə verməyini və bu məsələni özlərinin həll edəcəyini bildirmişlər. Hazırda iddiaçı yeni işə, yəni “X10” -də işə düzəlmişdir. Əmək haqqı alarkən onun əmək haqqından 50% kreditə görə tutulduğu aydın olmuşdur. Belə olub iddiaçı vəkilə müraciət etmiş və vəkilinin müraciəti əsasında sözügedən qətnaməni əldə etdikdə ona məlum olmuşdur ki, 23.10.2007-ci il tarixli, 699 nömrəli kredit müqaviləsindən başqa iddiaçının adına əlavə olaraq 11.01.2008-ci il tarixli, 779 nömrəli kredit müqaviləsi də mövcudur. Göstərilənlərə əsasən iddiaçı ilə Cavabdeh3 ASC arasında bağlanmış 11.01.2008-ci il tarixli, 779 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, iddiaçı ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlandığı iddia edilən 23.10.2007-ci il tarixli, 699 nömrəli və 11.01.2008-ci il tarixli, 779 nömrəli kredit müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının vəkili ərizə təqdim edərək, Cavabdeh1 hazırki mübahisəyə heç bir aidiyyəti olmadığından həmin Cəmiyyətin cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı Məmmədova (Həsənova) Aysel Razim qızı, onun vəkili X5 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X8 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, ərizə təqdim edərək işə iddiaçının iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış 11.01.2008-ci il tarixli, 779 saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən X3 24 ay müddətinə, illik 28 faizlə, 1340 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış 23.10.2007-ci il tarixli, 699 saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən X3 24 ay müddətinə, illik 28 faizlə, 3780 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1187 №-li, 08 oktyabr 2021-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, müqayisəedici tədqiqat zamanı həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması müqayisə vaxtı imkan vermir ki, tədqiq olunan imzanın Məmmədova (Həsənova) Aysel Razim qızı tərəfindən icra olunub-olunmaması haqqında qəti (mənfi və ya müsbət) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Ekspertizaya təqdim edilmiş, mülki işin 5-6-cı vərəqələrində olan "xxxx" ASC ilə X6 adlarından olan 23.10.2007-ci il tarixli, 699 nömrəli kredit müqaviləsində “borclu” qrafalarındakı imzaların; 23.10.2007-ci il tarixli məxaric orderində (i.v.50) “müştərinin imzası” qrafasındakı imzanın və "xxxx" ASC ilə X6 adlarından olan 11.01.2008ci il tarixli, 779 nömrəli kredit müqaviləsində “borclu” qrafalarındakı imzaların - Məmmədova (Həsənova) Aysel Razim qızı tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsvirində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 124 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında kredit müqavilələri bağlanmışdır. Hazırda iddiaçı kredit müqavilələrinin onun tərəfindən imzalanmadığını əsas gətirərək etibarsız hesab olunmasını tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı heç kəsin təzyiqi olmadan, könüllü şəkildə Bank ilə kredit müqavilələri bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Məhkəmə qeyd edir ki, iddiaçı tələblərinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Məmmədova (Həsənova) Aysel Razim qızının cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı " kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 124 (bir yüz iyirmi dörd) manat iddiaçı Məmmədova (Həsənova) Aysel Razim qızından tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Məmmədova (Həsənova) Aysel Razim qızının cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 124 (bir yüz iyirmi dörd) manat iddiaçı Məmmədova (Həsənova) Aysel Razim qızından tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar