Məhkəmə qərarları › İş №2(006)-1467/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1467/2024

12.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1467/2024 12.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov, ev 7, mənzil 100 iddiaçının xüsusi mülkiyyətindədir. xx.xx.2023-cü il tarixdə qaz idərəsinin əməkdaşı Məmmədov Arzuman evinə gələrək qaz sayğacının dəyişdirilməsini təklif etmişdir. Sayğac saz vəziyyətində olduğunu nə üçün dəyişdirilməsi öyrənmək istiyəndə, cavab belə səsləndi, “İdarədən tapşırılıb”. xx.xx.2023-cü ildə qaz idarənin əməkdaşları Saz vəziyyətdə olan sayğacı, digər sayğac ilə dəyişdirib və yeni qaz kartı iddiaçıya təqdim etmişdilər. Yuxarıda qeyd etdiyi ünvanda qazın istifadəsinə görə ayda təxminən 40-50 manat pul ödəyir, evində 4 gözlü plitə və otaqları qızdırmaq üçün AQV-80 markalı 1 ədəd su qızdırıcısı quraşdırılıb. xx.xx.2024 -cü ildə 5 manat qaz ödənişi etdiyi zaman ödədiyi məbləğin 50 faizi silinir, həmin borcun nədən ibarət olduğunun araşdırılması üçün Nəsimi rayonunda yerləşən qaz idarəsinə müraciət etdi, orada bildirdilər ki, həmin borc xx.xx.2023-ci ilin dekabr ayından akt əsasında hesablanıb. Sayğac çıxarılıb və labolatoriyada yoxlanılıb və iddiaçıya 777 manat 60 gəpik borc yazılıb. Həmin borcla razı olmadığı üçün iddiaçını Xətai qaz departamentinə göndəriblər, orada eyni iddiaçının problemi ilə olan təxminən 50-70 nəfəri gördü. Növbə tutub kompyuter arxasında oturan bir cavan oğlana yaxınlaşdı. Hesabları yoxlayıb dedi ki, laboratoriyanın verdiyi rəyə əsasən onun sayğacının daxilində membran kənar təsir nəticəsində sındırılıb. O razı olmadı və sözügedən sayğacın dəyişdirməmişdən qabaq şəkilini çəkmişdi (foto işə əlavə olunmuşdur) sayğacın möhürü üzərindədir. Əlavə olaraq, artıq iddiaçıya aydın olmuşdur ki, Bakı X2 Departamentinin komissiyasının üzvləri istədiyi formada, həqiqətə uyğun olmayan rəy qəbul ediblər. Daha sonra sözügedən sayğacın iddiaçı ona göstərməsini xahiş etdi, xahişini yerinə yetirmədilər. Məhkəməyə müraciət etdiyini bildirdi. Cavab “Get, hara istiyirsən şikayət et”. Bu necə qurumdur, qayda-qanun yoxdur, yeyinti və korrupsiya baş alıb gedir. Qeyri-qanuni satdığı qazın pulunu abonentlərdən yalan bəhanələrlə tələb edirlər. Əlavə olaraq, abonentin saldosundan görünür ki, iddiaçının qazın istifadəsinə görə heç vaxt borcu olmayıb. Hesab edir ki, cavabdehin belə hərəkətləri ilə iddiaçının hüquqları və qanuni mənafeləri pozulub. Buna görə də pozulmuş hüququnun bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən iddiaçıya qeyri-qanuni hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat borcun silinməsi barədə qətnamə çıxararılması xahiş edilmişdir.

3. Daha sonra Cavabdeh nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********11000 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1102AQ**********7 sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK-14-2-2/3-5- 8532/Q001 saylı Akta əsasən “sayğacın gövdəsi tərəfimizdən kəsilib, məlum oldu ki, membran kənar təsir nəticəsində sındırıb, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 6480 kub metr təşkil etmişdir. Hesablanmış 777.60 manat məbləğində dəymiş ziyan 2023-cü ilin dekabr ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi, habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirilir ki, **********11000 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Göründüyü kimi iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkəti nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca guya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yanlış təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. xx.xx.2023cü il tarixdə cavabdeh qurumun əməkdaşı evinə gələrək ona qaz sayğacının dəyişdirilməsini təklif etdi. Sayğac yaxşı vəziyyətdə olduğundan bunun səbəbini soruşdu. Ona isə bildirildi ki, idarədən tapşırılıb. Həmin tarixdə sayğac dəyişdirildi. Bundan sonra xx.xx.2024-cü il tarixdə abunə hesabına yüklədiyi pulun 50%-nin çıxıldığını gördü və cavabdehə bununla bağlı müraciət etdi. Onda məlum oldu ki, sayğac yenisi ilə əvəz edildikdən sonra köhnə sayğac labaratoriyaya aparılmış və orada yoxlamalar nəticəsində guya sayğaca müdaxilə olunması məlum olmuşdur. Lakin bu tam əsassızdır. Tərəfindən sayğaca heç bir müdaxilə olunmayıb. Köhnə sayğac sökülərkən, o tam saz vəziyyətdə olub. Ona görə də ona bu əsasla hesablanmış cəriməni qəbul etmir. Hesab edir ki, həmin cərimə əsassız yazıldığından silinməlidir. Odur ki, bütün bu qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Mülki iş üzrə cavabdehin nümayəndəsi X1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 2023-cü ilin avqust ayında İddiaçı yaşadığı evə aid olan qaz sərfiyyatını hesablayan sayğac çıxarılaraq, yenisi ilə əvəz edilmişdir. Həmin ilin dekabrında isə çıxarılan sayğaca baxış keçirilmiş və gövdənin kəsilməsi və membranın kənar təsir nəticəsində sındırılması aşkar edilərək müvafiq akt əsasında iddiaçıya 777.60 manat məbləğində cərimə hesablanmışdır. Hazırda iddiaçı onun tərəfindən qaz sayğacına hər hansı müdaxilə olunmamasını iddia edərək xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 777.60 manat cərimə borcunun silinməsini tələb edir, cavabdeh isə iddia tələbi ilə razı deyildir.

Əsaslandırıcı hissə: b) Mülki işin materialları:

9. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

8. Mülki işin materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı yaşadığı C.Səlimov küçəsi, ev 7A, mənzil 100 saylı ünvanda qaz sayğacına baxış keçirilən zaman sayğac yenisi ilə əvəz edilmişdir.

9. Mülki işin materiallarında olan abonent İddiaçı (kod **********11000) abonent saldosundan görünür ki, ona 2023-cü ilin dekabr ayında 777.60 manat əlavə borc hesablanmışdır.

10. Mülki işin materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən belə məlum olur ki, istehlakçı İddiaçı ******* saylı, xx.xx.2023-cü il tarixli akt əsasında G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 6480 kub metr əlavə sərfiyyat hesablanmışdır.

11. Mülki işin materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvan 2 ünvanda sayğaca baış keçirilmiş, gövdənin istehlakçı tərəfindən kəsilməsi, membranın kənar təsir nəticəsində sındırılması aşkar edilmişdir. İstismar müddətində Alarm-1 rejimi aşkar olunmayıb. Hesablama mexanizmi nominal, minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır.

12. Mülki işin materiallarında olan İddiaçı aid xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, onun 2011-2023-cü illər üzrə cavabdehə heç bir borcu olmamışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.

14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəinsə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

15. «Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər.

16. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsində Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulmasına görə məsuliyyət müəyyən edilmişdir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 No-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydadarı”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

18. «Qaz istifadə Qaydaların»ın 1.3-cü bəndinin ikinci və ücüncü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır.

19. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, Cavabdeh İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Digər tərəfdən Cavabdeh İB ilə Xudaverdi Quluyev arasında qazın alğısatqısı barədə müqavilənin 3.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması və həll edilməsi müəyyən edilmişdir.

20. «Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na 2 nömrəli əlavəyə əsasən qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin şərtləri müəyyən edilmişdir. Həmin müqavilənin 2.3.1-ci maddəsində isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək vəzifəsi müəyyən edilmişdir.

22. Göründüyü kimi tərəflər arasında bağlanılmış qazın alğı-satqısı barədə müqaviləyə əsasən qazın dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Eyni zamanda müqavilə iştirakçılarının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəymiş ziyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır. Yəni dəymiş ziyanın tələb edilməsi yalnız məhkəmə qaydasında iddia qaldırılması yolu ilə qəbul edilmiş müvafiq məhkəmə qərarı əsasında yol verilir.

23. «Qaz istifadə Qaydaların»na 2 nömrəli Əlavədə nümunəsi verilmiş “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqı müqaviləsi”nin 2.2.5-ci bəndində göstərilmişdir ki, qaz paylayıcısının istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ var.

24. Beləliklə, akt əsasında iddiaçının abunə hesabına dəymiş ziyanın bərpası kimi yazılmış borc qanunun tələbləri pozulmaqla yazıldığı və cavabdeh qeyd edilən müvafiq orqanlara müraciətləri barədə sübutları məhkəməyə təqdim etmədiyi üçün həmin borcun İddiaçı abunə hesabından silinməsi barədə tələb əsaslı hesab edilməli, 777.60 manat iddiaçının abunə hesabından silinməlidir.

25. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat təşkil edir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

27. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulmalıdır.

28. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı barəsində ünvan 3 ünvanına dair Cavabdeh Bakı X2 Departamentinin xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən iddiaçının abunə hesabına (**********11000) yazılmış 777.60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat cərimə borcu silinməli, Cavabdehndən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulmalıdır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı barəsində ünvan 3 ünvanına dair Cavabdeh Bakı X2 Departamentinin xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən iddiaçının abunə hesabına (**********11000) yazılmış 777.60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat məbləğində cərimə borcu silinsin. Cavabdehndən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar