Məhkəmə qərarları › İş №2(006)-1469/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1469/2021

07.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1469/2021 07.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Nəsimi RİH MKTB-i Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən ünvan 1 ünvanda heç bir rəsmi icazə sənədi olmadan inşa etdiyi qanunsuz tikilinin sökülməsi və həmin ərazinin Cavabdeh vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən ünvan 2 ünvanda heç bir rəsmi icazə sənədləri olmadan qanunsuz tikinti işləri aparılmışdır. Həmin ərazidə xidmət göstərən 59 saylı MKİS tərəfindən Cavabdeh apardığı qeyri-qanuni tikilini söküb əvvəlki vəziyyətinə qaytarması barədə xəbərdar edilməsinə baxmayaraq sonuncu bu işləri yerinə yetirməkdən imtina etmiş və buna dair müvafiq akt tərtib edilmişdir. Məhkəmə baxış iclasında iddiaçı Bakı şəhəri Nəsimi RİH MKTB-nin nümayəndəsi X1 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş almasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında Cavabdeh iddianı qəbul etməyib, təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi RİH MKTB-nin 59 saylı MKİS-nin arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi RİH MKTB-nin 59 saylı MKİS-nin rəisi vəzifəsini müvəqqəti icra edən E.İsmayılov, mühəndis R.Süleymanov və sahə nəzarətçisi Ə.İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, qeyd edilən tarixdə xidməti ərazidə olarkən ünvan 1 ünvanda Cavabdeh tərəfindən 18 kv.metr qanunsuz tikilinin aparıldığı aşkar edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanda heç bir rəsmi icazə sənədləri olmadan qanunsuz tikinti işləri aparılmış, Bakı şəhəri Nəsimi RİH MKTB-nin 59 saylı MKİS tərəfindən Cavabdeh apardığı qeyri-qanuni tikilini söküb əvvəlki vəziyyətinə qaytarması barədə xəbərdar edilməsinə baxmayaraq sonuncu bu işləri yerinə yetirməkdən imtina etmiş və buna dair müvafiq akt tərtib edilmişdir. Məhkəmə əvvəlcə mülki iş üzrə mübahisə ilə əlaqədar iddiaçı Bakı şəhəri Nəsimi RİH MKTBnin müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiya»nın 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı). Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Bakı şəhəri Nəsimi RİH MKTB-nin Cavabdeh tərəfindən ünvan 1 ünvanda heç bir rəsmi icazə sənədi olmadan inşa edilmiş qanunsuz tikilinin sökülməsini tələb etməsinə baxmayaraq, özünün bu cür iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olmasını sübut etməmişdir. Göründüyü kimi iddiaçı Bakı şəhəri Nəsimi RİH MKTB-nin subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra - Mənzil Məcəlləsinin) 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Mənzil Məcəlləsinin 26-cı maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Mənzil Məcəlləsinin 27.1-ci maddəsinə əsasən 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya həmin Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq (yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi) təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-ci yarımbəndlərində göstərilmişdir ki, yerli icra hakimiyyəti başçısı tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etmək, eyni zamanda həmin əsasnamənin və 4.9.12-ci yarımbəndlərində görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək səlahiyyətlərinə malikdir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 272 nömrəli Fərmanının 1.4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsində tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə müraciət etmək hüququ yerli icra hakimiyyəti başçısına məxsusdur. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanda heç bir rəsmi icazə sənədi olmadan inşa etdiyi qanunsuz tikilinin sökülməsi və həmin ərazinin Cavabdeh vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması barədə məhkəməyə müraciət etmək hüququ müvafiq olaraq Bakı şəhəri Nəsimi RİH-nin başçısına aid olduğundan və göründüyü kimi Bakı şəhəri Nəsimi RİH MKTB-nin göstərilən iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququ olmadığından hazırki iş üzrə iddiaçının tələbi təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin Cavabdeh tərəfindən ünvan 1 ünvanda heç bir rəsmi icazə sənədi olmadan inşa etdiyi qanunsuz tikilinin sökülməsi və həmin ərazinin Cavabdeh vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar