Məhkəmə qərarları › İş №2(006)-149/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-149/2021

24.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-149/2021 24.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi ilə Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının atası X2 ailə üzvləri ilə birlikdə kəndli təsərrüfatı kimi ev quşlarının (broyler) yetişdirilməsi və satışı ilə məşğul olur. İddiaçının atası T.Əsgərov 2012-ci ildə ev quşlarına yem almaq üçün həmin yemi topdan satan Vüqar adlı bir şəxslə tanış olmuşdur. Həmin vaxtlar iddiaçının 18 yaşı yenicə tamam olmuşdur. 2012-ci ilin ortalarında atası ilə Vüqar razılığa gəlmişlər ki, əvvəlcədən razılaşdıqları qiymətə atası Vüqardan nisyə yem məhsulları alır. Təqribən iki ay vaxt ərzində ev quşları yetişdirilib realizə olunduqdan sonra onlara satdığı məhsulun qiymətini ona tam ödəyirlər və növbəti mərhələ üçün yenidən ondan yem məhsulları alırlar. Vüqarın şərti belə olmuşdur ki, yem məhsulları nisyə verildiyindən o, kredit müqaviləsi bağlamaq şərti ilə məhsulu buraxa bilər. Yəni, müqavilə bağlayırlar ki, guya ondan borca pul götürmüşlər, həmin borc miqdarında o iddiaçıya yem məhsulları buraxır, yem məhsullarının dəyərini tam ödədikdən sonra isə növbəti müqaviləni bağlayaraq, alverlərini davam etdirirlər. Elə də etmişlər. 2012-ci il avqust ayının 22-də Vüqarın göstərişinə əsasən onun işçisi X3 adlı şəxs atası Talib Əsgərovla formal olaraq 20.000 manat məbləğində borc müqaviləsi bağlamışdır. Müqaviləyə görə, guya X3 atasına 20.000 manat məbləğində borc pul vermişdir. Halbuki, atası ilə Şahidin heç tanışlıqları da olmamışdır. Həqiqətdə isə bu müqavilə gələcəkdə nisyə götürməli olacaqları yem məhsulunun dəyəri idi. Atası məcbur olub borc müqaviləsini bağlamışdır ki, 1-2 aya yetişdirdiyləri cücələri satıb, həmin məbləği tam ödəyərlər. Həmçinin, nisyə mal verən olmadığından, atası, Vüqarın şərti ilə razılaşmalı olmuşdur. Borc müqaviləsi bağlanıldıqdan sonra ev quşları üçün Vüqardan yem məhsulları götürməyə başlamışlar. Əvvəlcədən gəldikləri razılığın şərtlərinə uyğun oaraq götürdüyləri yem məhsullarının dəyərini Vüqara tam ödəmişlər. Aralarında etibarlılıq münasibətləri yarandığından,Vüqarın təklifi ilə xx xxxxxx 2012-ci il tarixdə iddiaçı ilə Vüqarın digər işçisi Cavabdeh arasında daha böyük məbləğə, 65000 manat məbləğində kredit müqaviləsi bağlanılmışdır. Müqavilə bağlanıldıqdan sonra Vüqardan yem məhsullarının alışını davam etdirmişlər və yeni partiya ev quşlarını yetişdirib Vüqara olan borclarını tam ödəmişlər. Həmçinin qazanc da əldə etmişlər. 2013-cü illin əvəllərində Vüqar nisyə satdığı yem məhsullarının qiymətini artırmışdır. O səbəbdən, yetişdirdikləri ev quşlarının yemlənməsində istifadə etdikləri yem məhsullarını başqa satıcılardan almağa qərar vermişlər. Vüqar bir neçə dəfə onunla işlərini davam etdirməyi xahiş etsə də, qiymətdə razılaşmadıqlarından atası bu təklifindən imtina etmişdir. 2013-cü ilin təqribən oktyabr ayında isə Bakı şəhəri, Suraxanı rayon icra şöbəsindən çağırış vərəqəsi almışlar. Araşdırarkən məlum olmuşdur ki, Vüqar formal xarakter daşıyan borc müqaviləsinin birindən, atası ilə Şahid arasında bağlanılmış xx xxxxxx 2012-ci il tarixli 20.000 manatlıq müqavilədən istifadə edərək, notariat kontorunda icra qeydi yazdırmış və həmin icra qeydini İcra şöbəsinə göndətdirərək X1 adı ilə atasından 20.000 manat məbləğində pul tələb etmişdir. Vüqarın məqsədi həqiqətdə pul tələbi yox, atasını ondan yem məhsullarını almağa məcbur etmək idi. Vüqarla mübahisəni məhkəmədən kənar həll etmək mümkün olmadığından, atası icra qeydi verilməsinə əsas olmuş onunla X3 arasında bağlanılmış xx xxxxxx 2012-ci il tarixli Borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. İşin məhkəmə araşdırılması zamanı pulun tam ödənilməsinə dair tərəflər arasında yaranmış fikir ayrılığı məhkəmədən kənar həll olumuşdur. Belə ki, atası, Vüqarın işçisinə ödədiyi, lakin Vüqarın dediyinə görə, ona çatdırılmamış 6.300 manat məbləğində əlavə pul ödəyərək hər iki müqavilə üzrə mübahisəni başa çatdırmışdır. Lakin, bir neçə gün bundan əvvəl ölkədən çıxmaq istəyərkən, iddiaçıya bildirilmişdir ki, Suraxanı rayon İcra şöbəsi tərəfindən axtarışdadır. Axtarışın səbəblərini öyrənərkən, məlum olmuşdur ki, tanımadığı, bilmədiyi Cavabdeh adlı şəxslə 2012-ci ilin noyabr ayında imzaladığı borc müqaviləsindən Vüqar istifadə edərək icra qeydi yazdırmış və icra qeydinə əsasən 65.000 manat məbləğində vəsaiti iddiaçıdan tələb edir. Baxmayaraq ki, həmin məbləğ borc olmamış, həmin məbləğ götürülmüş yem məhsullarının dəyəri olmuşdur ki, həmin dəyər də, 2012-2013-cü illərdə tam ödənilmişdir. İcra qeydi Cavabdeh adından yazılmışdır, o səbəbədən hesab edir ki, icra qeydinin yazılmasına əsas olmuş müqavilə etibarsız hesab edilməlidir. Cavabdeh müdiri Vüqar adlı şəxsin göstərişinə əsasən iddiaçıya borc vermədiyi halda borc adı altında iddiaçı ilə görünüş xətrinə, başqa əqdi pərdələmək üçün bağlanılmış, etibarsızlığa səbəb ola biləcək müqavilədən istifadə etməklə iddiaçıdan 65.000 manat məbləğində pul əldə etmək üçün icra qeydi yazdırmaqla İcra şöbəsinə təqdim etmişdir. Bu səbəbdən və aralarında ümumiyyətlə borc münasibətlərinin olmadığını nəzərə alaraq göstərdiyi hüquqi əsaslara görə həmin müqavilə etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya rəsmi bildirişlər göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddia ərizəsindən görünür ki, iddiaçı 2017-ci ilin avqust ayında hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmiş və iddiasını onunla əsaslandırmışdır ki, cavabdehə borclu olduğu məbləği tam həcmdə geri qaytarmış, ona heç bir borcu yoxdur. Göründüyü kimi iddiaçı cavabdehlə borc münasibətlərində olduğunu etiraf etmiş, lakin iddiaçı borclu olduğu 65000 manatı cavabdehə qaytarmasını bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı xx xxxxxx 2012-ci il tarixli müqaviləni etibarsız hesab etdiyi halda nə üçün hazırki iddia ilə 5 il sonra məhkəməyə müraciət etdiyini də əsaslandırmamışdır. Bütün bu faktlar onu göstərir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsədi xx xxxxxx 2012-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməkdən və götürdüyü borcu qaytarmaqdan yayınmaqdır. Həmçinin iddiaçı qanunvericilikdə müəyyən edilmiş əqdin etibarsızlığı ilə bağlı iddia müddətini ötürmüşdür. Belə ki, əqdin etibarsızlığı ilə bağlı iddia müddəti 1 il təşkil etdyi halda iddiaçı əqdin bağlanmasından 5 il sonra onun mübahisələndirilməsiylə bağlı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı xx xxxxxx 2012-ci il tarixli müqavilənin etibarsızlığı ilə bağlı iddianı 5 il sonra irəli sürdüyündən, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təmin edilməli, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı xx xxxxxx 2012-ci il tarixdə cavabdehdən 65000 manat borc pul götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı xx xxxxxx 2012-ci il tarixdə cavabdehdən 65000 manat borc pul götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən müqavilə xx xxxxxx 2012-ci il tarixdə bağlanmış, lakin həmin tarixdən təqribən 5 ilə yaxın müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. X4 Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olubolmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə (kəsici müddət) məhkəməyə müraciət etdiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar