Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-149/2023 21.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC-nin Sabunçu filialı arasındabağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********06 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin kredit müqaviləsinə əsasən ondan tutulan pul məbləğlərinin "xxxx" ASC-dən alınaraq ona geri qaytarılması və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 101 manat dövlət rüsumunun "xxxx" ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, əldə etdiyi sənədlərə nəzər saldıqda müəyyən etdi ki, "xxxx" ASC-nin Sabunçu filialı ilə o – İddiaçı arasında xx.xx.2018-ci il tarixli, BPM**********06 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank ona faiz dərəcəsi 27 faiz olmaqla, 60 ay müddətinə 2140 manat kredit verilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, belə bir müqavilə bağlamamışdır, həmin müqavilədə olan imzalar onun tərəfindən icra edilməyib və ona "xxxx" ASC-dən kredit də verilməyib. Bu səbəbdən də hesab edir ki, "xxxx" ASC-nin Sabunçu filialı ilə o – İddiaçı arasında bağlanıldığı qeyd edilən xx.xx.2018-ci il tarixli, BPM**********06 saylı kredit müqaviləsi etibarsız heab edilməli və həmin müqaviləyə əsasən qətnamə qəbul edildiyi günə kimi ondan tutulan pul məbləğləri hesablanaraq ona qaytarılmalıdır. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, məhkəmə iclasında iştiral etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2, işə məhaiyyəti üzrə baxılmasını xahiş edərək bildirmişdir ki, İddiaçı ilə "xxxx" ASC (bundan sonra - Bank) arasında xx.xx.2018 il tarixində, BPM**********06 nömrəli kredit müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən borc verən borc alana 60 (altmış) ay müddətinə (15.11,2023-cü il tarixədək) 2140 AZN (iki min yüz qırx manat) məbləğində, kreditdən istifadəyə görə illik 27 (iyirmi yeddi) % ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzətdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən müqavilənin 1.2-ci bəndində göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Bu müqavilənin 4.1.2-ci yarımbəndinə əsasən borc verənin kredit üzrə ödəniş müddəti çatmış əsas borcun qaytarılmasını və faizlərin ödənilməsini müvafiq məbləğdə pul vəsaitlərinin borc alanın borc verəndəki bütün bank hesablarından akseptsiz qaydada silməklə təmin etmək hüququ var. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o belə bir müqavilə bağlamamış, müqavilədə olan imzalar onun tərəfindən icra edilməmiş , ABB tərəfindən ona heç bir kredit verilməmişdir və bu səbəbdən onunla ABB arasında bağlanan sözügedən müqavilə etibarsız hesab edilməli və həmin müqaviləyə əsasən qətnamə qəbul edildiyi günə kimi ondan tutulan pul məbləğləri hesablanaraq ona qaytarılmalıdır. Lakin iddiaçının qeyd etdiyi faktlar heç bir maddi sübutda öz əksini tapmır. Belə ki, kreditin götürülməsi zamanı tərtib olunan bütün sənədlərdə - kredit müqaviləsi, ona 1 saylı Əlavə, kredit tarixçəsinin tərtib edilməsi üçün məlumatların kredit bürosunda təqdim edilməsinə və ya ödəmə qabiliyyətinin təhlili üçün kredit bürosundan kredit hesabının əldə edilməsinə dair, həmçinin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə onun hesablarından aksepsiz qaydada silinmələrə dair Razılıq ərizələrində, o cümlədən Sifarişçi haqqında ümumi məlumat və kassa məxaric orderində iddiaçının öz imzası olmuş və bütün sənədləşmələr onun şəxsən özü tərəfindən həyata keçirilmişdir. İddiaçı həmçinin özünün yaşa görə pensiya alması barədə arayış və şəxsiyyət vəsiqəsini, həmçinin əmək haqqı kartını Banka təqdim etmişdir. Hamıya məlum olan faktdır ki, sözügedən sənədlər yalnız iddiaçının özü tərəfindən təqdim oluna bilərdi. Odur ki, iddiaçının iddia tələbi heç bir mötəbər sübuta əsaslanmamaqla ödənişlərin edilməsindən yayınma məqsədi daşıyır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli, BPM**********06 saylı Kredit Müqaviləsindən görünür ki, bir tərəfdən "xxxx" ASC, digər tərəfdən İddiaçı 60 ay müddətinə 2140 AZN məbləğində kreditdən istifadəyə görə illik 27% ödəmək şərtilə kredit verməti, borc alan isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. xx.xx.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, 2140 manat məlbəğində pul vəsaiti İddiaçı hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4/1671 saylı rəyin nəticə hissəsindən görünür ki, iş materiallarındakı imza nümunələri, qeyd edilən müqavilədəki “borc alan” qrafasındakı imza ilə uyğundur, yəni həmin imza İddiaçı tərəfindən icra edilmişdir. Aparılmış tədqiqatın dəyəri 124 (yüz iyirmi dörd) manat məbləğində müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş kreditin götürülməsi zamanı tərtib olunan bütün sənədlərdə - kredit müqaviləsi, ona 1 saylı Əlavə, kredit tarixçəsinin tərtib edilməsi üçün məlumatların kredit bürosunda təqdim edilməsinə və ya ödəmə qabiliyyətinin təhlili üçün kredit bürosundan kredit hesabının əldə edilməsinə dair, həmçinin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə onun hesablarından aksepsiz qaydada silinmələrə dair Razılıq ərizələrində, o cümlədən Sifarişçi haqqında ümumi məlumat və kassa məxaric orderində iddiaçının öz imzası olmuş və bütün sənədləşmələr onun şəxsən özü tərəfindən həyata keçirilmişdir. Göründüyü kimi, iddiaçı iddia tələbini əsaslandırarkən subyektiv mülahizələrə istinad etmiş, iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bundan başqa, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 124 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddiası rədd edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 124 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-149/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-149/2023
21.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver