Məhkəmə qərarları › İş №2(006)-1492/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1492/2022

24.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1492/2022 24.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, Çoxmənzilli binanın sakinlərinin Cavabdeh ASC-yə qarşı (Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Nəsimi rayon İcra Hakimiyyəti 3-cü şəxslər qismində cəlb edilməklə) «qanunsuz tikilmiş restoranın sökülməsi» tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Çoxmənzilli binanın sakinləri Cavabdeh ASC-yə qarşı (Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Nəsimi rayon İcra Hakimiyyəti 3-cü şəxslər qismində cəlb edilməklə) «qanunsuz tikilmiş restoranın sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Qeyd edilən iddia ərizəsi və ona əlavə edilən sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, iddia ərizəsi çoxmənzilli binanın sakinləri tərəfindən məhkəməyə verilmişdir. Lakin iddia ərizəsində mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçıların adları, onların soyadları, atalarının adları, ayrı-ayrılıqda poçt ünvanları və s. qeyd edilməmişdir. Belə olan halda, hazırki iş üzrə iddiaçı qismində hansı şəxslərin çıxış etdiyini, onların şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, iddia ərizəsinin sonunda onun müəyyən şəxslərın yalnız soyadları göstərilərək, imzalandığı qeyd edilsə də, həmin şəxslərin hazırki iş üzrə iddiaçı olubolmamasını, habelə iddia ərizəsini imzalamaq səlahiyyətlərinin olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsi verilən zaman nəticə etibarı ilə iddia ərizəsinin forma və məzmununa düzgün riayət edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, habelə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Çoxmənzilli binanın sakinlərinin Cavabdeh ASC-yə qarşı (Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Nəsimi rayon İcra Hakimiyyəti 3-cü şəxslər qismində cəlb edilməklə) «qanunsuz tikilmiş restoranın sökülməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar