Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1507/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Ərizəçi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin xx.xx.2005-ci il təvəllüdlü oğlu X5 anadan gəlmə fiziki qüsurlu doğulmuşdur. xx.xx.2023-cü il tarixindən İ-ci qrup müddətsiz əlillik dərəcəsi verilmişdir. Belə ki, oğluna Kvadroplegik spastik serebral iflic, Uşaq serebral iflic tetraplegik forma. Kənar şəxsin köməyinə ehtiyac var. Görmə sinirinin atrofiyası (yüzdə dörd), OU-Görmə sinirinin aftoriyası diaqnozu qoyulmuşdur. Qeyd olunanlara əsasən, oğlu X1 kənar şəxsin daimi nəzarətində olması zəruridir. Oğlu əziyyət çəkdiyi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir, öz hərəkətlərini idarə edə bilmir. Gözləri də görmür. Ona görə də oğluna qəyyumu kimi təyin olunmaq niyyətindədir. Lakin, İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasından bildirilmişdir ki, oğlu üzərində qəyyum və ya himayəçi kimi yalnız məhkəmə qətnaməsinə əsasən təyin edilə bilər. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən, xx.xx.2005-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Əvvəlki məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
5. Məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
7. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, 18 avqust 2005-ci il tarixində Bakı şəhərində anadan olmuş X5 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.
b) Mülki işin materialları:
8. Mülki iş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 08 noyabr 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 692119 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, ata adı qrafasında X3, ana adı qrafasında Ərizəçi qeyd edilmişdir.
9. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 haqqında xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X5 birinci dərəcəli gözdən əlildir. Ona Kvadroplegik spastik serebral iflic, Uşaq serebral iflic tetraplegik forma. Kənar şəxsin köməyinə ehtiyac var. Görmə sinirinin atrofiyası (yüzdə dörd), OU-Görmə sinirinin aftoriyası diaqnozu qoyulmuşdur.
10. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 1021 saylı rəydən görünür ki, X2 uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə müəyyən edilir. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 tam fəaliyyəti qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X5 onda müəyyən edilən uşaq serebral iflici, ağır dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
13. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
16. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
17. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
19. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
Ərizəçi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. 18 avqust 2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyətsiz hesab edilsin. Hazırkı qətnamə X5 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.