Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1510/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" KB ASC, "xxxx" MMC və Cavabdeh1nə qarşı “Hərrac nəticələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Daşınar və Daşınmaz əmlakların satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən 12 aprel 2018-ci il tarixdə keçirilmiş hərracın, həmin tarixdə hərracın keçirilməsi barədə 22/01 nömrəli hərracın yekunları barədə protokolun və “Unibank “ASC-yə verilmiş 21 may 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, atası X11 ilə ‘"xxxx" KB ASC-nin Gəncə filialı arasında 10.12.2010-cu il tarixli 165mi/10 saylı kredit müqaviləsi bağlanılmış və ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Həmin ev hərraca çıxarılmış və "xxxx" MMC-nin 12 aprel 2018-ci il tarixli 22/01 nömrəli hərracın yekunları barədə protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinə əsasən ona məxsus fərdi yaşayış evi “Unibank "ASC-nin mülkiyyətinə keçmiş və banka 21 may 2018-ci il tarixli RX ******* seriyalı çıxarış verilmişdir. Atası müxtəlif vaxtlarda yuxarı instansiyalara qətnamədən şikayət vermiş, hərracın, hərracın keçirilməsi barədə protokolun və Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışdır. Belə ki, hərrac keçirilərkən atası xəstə olmuş ona görə də məktub yazıb bildirmişdir ki, xəstəliyini nəzərə alıb onun iştirakı olmadan hərrac keçirilməsin. Buna baxmayaraq onun nə də anası X3 yazılı razılıq ərizəsi olmadan hərrac keçirilmişdir. Ev 56.000 manata qiymətləndirilsə də şəhərin mərkəzində 10 sot torpaq sahəsində yerləşən 3 otaqlı ev 35.700 manata "xxxx"ASC KB-nin etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən alınmışdır. Eyni zamanda həmin vaxt bu barədə onlara xəbər verilməmişdir. Bundan başqa onların xəbəri olmadan həmin evdən qeydiyyatdan çıxarılmışlar. Lakin atasının verdiyi şikayətlərin heç biri əsassız olaraq təmin edilməmişdir. X20 bankla ipoteka müqaviləsi bağlayıb evlərini ipoteka ilə yükləyən vaxt o və digər qardaşı X10, X12, bacısı X7 azyaşlı olmuşdular. Həmin vaxt onların razılıq ərizələrinin alınmasına ehtiyac olmamışdır. Yetkinlik yaşına çatmışlar və öz tapdalanmış hüquqularını tələb edə bilərlər. Evdə həm də atası X15tu və anası X13 da yaşayır. Hazırda onların yaşamaq üçün başqa evləri yoxdur. Onları icra məmurları evdən çıxarmaq istəyirlər. Atasını bankla bağladığı müqavilədən sonra qazandıqlarının hamısını kredit borcuna ödəmişdir. Bank isə qanunsuz olaraq onu faizə hesablamışdır. Bu günə qədər bankın hesabına 30.000 ABŞ dolları pul ödəmişdilər. Bundan başqa ‘"Unibank”ASC KB dolların məzənnəsinin qalxmasını nəzərə almamış, atasına heç bir güzəşt edilməmişdir. Evləri çox aşağı qiymət qoyulmuşdur, qoyulmuş qiymət real bazar qiymətini əks etdirmir. Bu azmış kimi qanunsuz keçirilmiş hərracda evin qiyməti xeyli aşağı salınıb. İndi isə onlar bankın, məhkəmələrin və Hərrac Mərkəzinin qanunsuz hərəkətləri nəticəsində küçələrdə qalmışlar. Onların bütün pullarını bank qeyri-qanuni olaraq mənimsəmişdir, heç sadə bir ev alıb içinə yığışmağa imkanları yoxdur. Bu qədər ədalətsizliyə yol vermək düzgün deyildir. Ona görə də ailənin yetkinlik yaşına çatmış və hüquqları pozulmuş üzvü kimi hərracın, hərracın keçirilməsi barədə protokolun və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair məcbur olub məhkəməyə müraciət edir. O həmin evdə doğulmuşdur, hal-hazıradək də orada yaşayır, evdən istifadə hüququ vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X4 iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar hç bir üzürlü səbəb təqdim etmədən öz səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdilər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Xanlar rayon VVAQ şöbəsi tərəfindən 17.01.2001-ci il tarixində verilmiş AZ-İ seriyalı, 023931 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 17.01.2001-ci il tarixində Xanlar rayonunda anadan olmuş, ata qrafasında X11, ana qrafasında X13 qeyd edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18.11.2019-cu il tarixli, 2(044)- 3065/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 cavabdehlər "xxxx" ASCti KB-na, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC-nə və Cavabdeh1nə qarşı hərracın, hərracın yekunları barədə protokolun və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia təmin edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.06.2020-ci il tarixli, 2(104)-1271/2020 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18.11.2019-cu il tarixli, 2(044)- 3065/2019 saylı qətnaməsinin dəyşdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28.09.2021-ci il tarixli, 2(102)-4765/2021 saylı qərarının surətindən görünür ki, kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.06.2020-ci il tarixli, 2(104)-1271/2020 saylı qətnaməsinin dəyşdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. İddia ərizəsindən göründüyü kimi iddiaçı ünvan 1 fərdi yaşayış evinin mülkiyyətçisi olmuş X6 oğludur. O, müəyyən əsas göstərmədən "xxxx" MMC-nin təşkilatçılığı ilə12.04.2018-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bu Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Bu Məcəllənin 416.1 və 416.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsində müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək hüququ verilmişdir. Belə ki, müqavilə əqddir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Lakin əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Toxunma müxtəlif formalarda ola bilər: - Hüququn və ya qanuni mənafenin pozulması üçün şərait yarada bilər; - Hüququ və ya qanuni mənafeni mübahisəli edə bilər; - Vəzifənin icrasını çətinləşdirə bilər. Toxunmanın olub-olmadığı müəyyən edilərkən əqdin yaratdığı nəticə əsas götürülür. Belə ki, Mülki Məcəllənin 324.1-ci maddəsinə görə bütün əqdlər nəticə yaratmağa yönəlir, həmin nəticə isə ümumilikdə 3 yerə bölünür: - Hüquq münasibəti əmələ gəlir; - Hüquq münasibəti dəyişir; - Hüquq münasibəti xitam olunur. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna 3 element daxildir: - Münasibətin subyekti; - Münasibətin obyekti; - Münasibətin məzmunu. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna daxil olan üç elementdən hər hansı birinin şəxsə aidiyyəti yoxdursa, həmin şəxs əqdi mübahisələndirmək hüququna malik olmur. Beləliklə, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququnun olduğunu müəyyən edən meyar əqdin əmələ gətirdiyi, dəyişdiyi və ya xitam etdiyi hüquq münasibətinin strukturuna daxil olan üç elementdən heç olmasa birinin həmin şəxsə aid olmasıdır. Hazırki işdə mübahisələndirilən hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə hüquq münasibətinin X11 üçün xitamına, əmlakı əldə edən "xxxx" KB ASC üçün isə əmələ gəlməsinə yönəlmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.09.2016-cı il tarixli qətnaməsi ilə X8 məxsus və 14.04.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olan ünvan 1 fərdi yaşayış evinə mövcud borc üzrə tutma yönəldilmiş, evin açıq hərracdan satılması qət edilmişdir. "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracda 12.04.2018-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi”nə əsasən mübahisəli ev 35.700 manata alıcı “Unibank“ KB ASC-yə satılmışdır. Göründüyü kimi hüquq münasibətinin strukturuna daxil olan üç elementdən heç birinin iddiaçıya aidiyyəti yoxdur. Belə ki, iddiaçı müqavilə münasibətinin subyekti deyildir, müqavilənin predmeti olan ünvan 1 fərdi yaşayış evi üzrə onun hər hansı hüququ (mülkiyyətçi və ya qanuni sahib olmasına əsaslanan özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ) yoxdur. Bundan başqa müqaviləyə əsasən yaranmış öhdəlik münasibətinin məzmununun da iddiaçıya bağlılığı müəyyən edilməyib, çünki subyektiv hüquq (alıcının əmlakın müqabilində pulu ödəmək) və hüquqi vəzifə (satıcının əmlakı təhvil vermək) müqavilənin tərəflərinə aiddir. Belə olan halda hazırki işdə yuxarıda göstərilən üç elementdən heç birinin iddiaçıya aidiyyəti olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Beləliklə pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia, buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından rədd olunmalıdır. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu isə onun özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" KB ASC, "xxxx" MMC və Cavabdeh1nə qarşı “Hərrac nəticələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1510/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1510/2022
25.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver