Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1523/2024 30.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «cavabdeh tərəfindən qüsurlu xidmət göstərilməsi nəticəsində çəkdiyi xərclərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı «cavabdeh tərəfindən qüsurlu xidmət göstərilməsi nəticəsində çəkdiyi xərclərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən qeyd olunan nəqliyyat vasitəsinin alınıb ona çatdırılması ilə bağlı xidmətin göstərilməsi qüsurlu olduğuna görə həmin nəqliyyat vasitəsinin saz vəziyyətə gətirmək üçün çəkdiyi xərcin, yəni 3551 (üç min beş yüz əlli bir) manat məbləğində pulun, Cavabdeh MMC tərəfindən göstərilmiş qüsurlu xidmət nəticəsində keçirdiyi mənəvi sarsıntı və mənəvi iztiraba görə (hər biri ayrı-ayrılıqda 3000 (üç min) manat olmaqla, ümumilikdə 6000 (altı min) manat pul məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında “xidmətlərin göstərilməsi haqqında” 06 avqust 2023-cü il tarixli, DC-23-005 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndində deyilir ki, “bu Müqaviləyə əsasən “icraçı" “sifarişçi”yə hüquqi və ya fiziki şəxsin adına və hesabına Azərbaycan Respublikasına xarici ölkədən nəqliyyat vasitəsinin gətirilməsi, alqı-satqı, hərrac, auksion və logistika ilə bağlı məsələləri üzrə təkliflərin verilməsi və həmin nəqliyyat vasitəsinin hərracda iştirak etməklə alınması xidmətini göstərəcəkdir, “sifarişçi" isə göstərilmiş xidmətlərə görə “icraçı"ya bu Müqavilədə nəzərdə tutulmuş məbləğdə xidmət haqqını ödəməyi öz öhdələrinə götürürlər". Müqaviləyə 1 nömrəli əlavənin 2-ci bəndində göstərilmişdir ki, “bu müqavilə üzrə tərəflər razılığa gəlir ki, icraçı sifarişçi adına onun üçün “qara" rəngli, “2014" baza üzrə qeyd edilən buraxılış tarixli, “KİA RİO” markalı ban/şassi nömrəli, WİN code “KNADMYA **********" olan nəqliyyat vasitəsini və ya əşyanı yuxarı həddi “2428" ABŞ dolları olmaqla və ya yerləşdirilmiş baza məlumatında eyni ilə qeyd edilən qiymətə alır". Cavabdeh MMC tərəfindən qeyd olunan nəqliyyat vasitəsinin alınıb ona çatdırılması təmin olunmuşdur. Lakin, bu xidmət qüsurlu olmuşdur. Belə ki, ona təqdim olunmuş nəqliyyat vasitəsinin mühərrik hissəsi tam yararsız olduğundan onu işlək vəziyyətə gətirmək mümkün olmamışdır. Həmin nəqliyyat vasitəsinin təmir olunmasına ehtiyat hissələrinin alınmasına və iş muzdunun ödənilməsinə ümumilikdə 3551 (üç min beş yüz əlli bir) manat məbləğində pul xərcləmişdir. Qeyd etmişdir ki, çəkdiyi xərcin ödənilməsi ilə əlaqədar cavabdehlə apardığı söhbətlər nəticəsiz qalmışdır. Nəhayət, qanunvericiliyə uyğun olaraq 04 dekabr 2023-cü il tarixdə cavabdehə pretenziya qaydasında yazılı müraciət etmişdir. Cavabdeh tərəfindən yazılı müraciətinə əsasən ona verilən yazılı cavabda deyilir ki, “sizin nəqliyyat vasitənizdə sizə dəymiş zərərlər üzrə məsul tərəf biz deyilik. Belə ki, aramızda bağlanmış müqavilənin 3.2.12-ci maddəsində qeyd edilir ki, “Sifarişçi", “İcraçının" maşın satışı, daşınması və sığortalanması ilə məsul olmadığını dərk edir və bu məsələlər ilə bağlı, yolda olduğu müddətdə ola biləcək qəzalar nəticəsində həmçinin, gömrük ərazisinə daxil olduğu zaman aşkarlanan qüsurlar ilə, əvvəlcədən məlumat bazasında qeyd edilən məlumatlar ilə uyğunsuzluq təşkil etməsi zamanı göstərilən xidməti qəbul etmək vəzifəsini daşıyır". Hesab edir ki, cavabdehin bu mövqedə cavabı əsassızdır. Bununla da cavabdeh onun qüsurlu xidməti ilə bağlı çəkdiyi xərci ödəməməklə, nəinki onun qanuni hüquqlarını pozur, eyni zamanda onunla danışıqlar aparmağa güc və vaxt sərf etməyə onu məcbur edir. Nəticədə o, onların işlətdikləri “get hara şikayət edirsən et”, “biz ancaq belə xidmət göstəririk” ifadələrinin, o cümlədən yol verdikləri “saymamazlıq və süründürməçilik”ləri nəticəsində daim mənəvi sarsıntı və iztirab keçirmişdir. Belə hala görə tez-tez əsəbləşdiyini bildirmişdir. Başqa şəxslərlə və ya ailə üzvləri ilə təmasda özündən asılı olmayaraq əsəbi və kobud davranışlara yol verir. Bütün bu göstərilən amillər nəticəsində cavabdeh tərəfindən ona maddi zərərlə yanaşı, eyni zamanda mənəvi zərər də vurulmuşdur. Ona görə də hesab edir ki, Cavabdeh MMC tərəfindən göstərilmiş qüsurlu xidmət nəticəsində ona vurduğu 3551 (üç min beş yüz əlli bir) manat pul məbləğində maddi zərər, bundan əlavə, keçirdiyi mənəvi sarsıntı və mənəvi iztiraba görə (hər biri ayrı-ayrılıqda 3000 (üç min) manat olmaqla, ümumilikdə 6000 (altı min) manat pul məbləğində isə mənəvi zərər ödənilməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, o, avtomobili gömrükdən götürdüyü an avtomobil işə düşməmişdir, məcbur olub avtomobili evakuator çağırmaqla ustaya aparmışdır. Bu vaxt cavabdehə zəng etmiş və cavabdeh ona bildirmişdir ki, onların təklif etdiyi ustanın yanına aparsın, o da cavabdehlərin sözünə görə avtomobili məhz onların təklif etdiyi ustanın yanına aparmışdır. Cavabdehlərlə ilk danışıqlarında təmiri özlərinin edəcəklərini bildirsələr də, sonradan bundan imtina etmişlər. İddiaçı da məcbur qalıb avtomobilin təmir xərcini həmin ustaya ödəmişdir. Hətta həmin usta da iddiaçıya demişdir ki, cavabdehlər bir neçə dəfə onun yanına sifariş edilmiş avtomobilin təmiri üçün iddiaçı kimi şəxsləri göndərmişlər və xərci də cavabdeh şirkət özü ödəmişdir. Odur ki, həmin ustanın şahid kimi dindirilməsini xahiş etmişdir. Belə ki, usta da təsdiq edə bilər ki, cavabdeh şirkət belə sifarişlərdə avtomobilin qüsurunu özləri aradan qaldırırlar. Lakin məhz onun avtomobilinin qüsuru böyük olduğundan, yəni təmir xərci çox olduğundan cavabdeh bunu etməkdən boyun qaçırır.Həmçinin qeyd edir ki, avtomobilin qüsurlu olduğunu cavabdeh lazimi qaydada araşdırmamışdır, belə ki, cavabdeh sosial şəbəkələrdə olan reklamlarında bildirir ki,sifariş olunan avtomobil şirkətin həmin ölkələrdə olan nümayəndələri tərəfindən yoxlanılır. Lakin cavabdeh üzərinə düşən bu vəzifəni icra etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, onların göstərdiyi xidmət avtomobillərin seçimi ilə bağlıdır. Belə ki, onlar müraciət edən şəxslərə yalnız hərraca çıxarılan avtomobillər və onların qiyməti barədə məlumat verirlər Avtomobilin daşınmasını başqa şirkət həyata keçirir.Müştərinin seçdiyi avtomobil barədə yalnız həmin saytda göstərilən məlumatları verə bilirlər.Avtomobillərin qiymətinin məhz bu qədər ucuz olmasının da səbəbi odur ki, həmin avtomobillərdə nöqsanlar olur. Hətta bu cür vəziyyətdə alınan avtomobil təmir edilib, ölkə bazarında satılanda da müştəri gəlir əldə edir. Əgər avtomobilin qüsuruna görə onların məsuliyyəti varsa, o zaman müştəri gəlir əldə edəndə də onlarla bunu bölməlidir. Onların Yaponiyada nümayəndəlikləri var,həmin ölkədə hərraca çıxarılan avtomobilin qüsurlarını nümayəndə yerində görə bilər, bunun üçün əlavə ödəniş tələb olunur. X2 da nümayəndələri var, lakin hərracın hansı ştatda keçirilməsindən asılı olaraq onun üçün gərək müştəri təyyarə biletinin də pulunu verməlidir ki, nümayəndə həmin ştata gedib avtomobilə baxış keçirə bilsin.Hazırki iddia tələbini ümumiyyətlə qəbul etmirlər, çünki onlar avtomobildə aşkarlanan qüsurlara görə məsuliyyət daşımırlar. İş materialları: Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək etirazını belə əsaslandırmışdır ki, iddiaçı ilə aralarında olan xx.xx.2023-cü il tarixli DC-23-005 saylı müqaviləyə əsasən tərəflərindən müqavilə üzrə qeyd edilmiş bütün xidmətlər göstərilmiş və xidmətlərin qüsurlu olması faktı iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir. Qeyd edilən nəqliyyat vasitəsinin tam saz vəziyyətdə olması barədə cəmiyyət hər hansı bir öhdəlik götürməmiş və yalnız satıcının təqdim etdiyi və sifarişçinin qəbul etdiyi məlumatlar əsasında avtomobil birbaşa iddiaçı tərəfindən satın alınmışdır. İddiaçı ilə aralarında olan müqavilənin 3.2.12-ci maddəsində qeyd edilir ki, “Sifarişçi”, “İcraçının” maşın satışı, daşınması və sığortalanması ilə məsul olmadığını dərk edir və bu məsələlər ilə bağlı, yolda olduğu müddətdə olabiləcək qəzalar nəticəsində həmçinin, gömrük ərazisinə daxil olduğu zaman aşkarlanan qüsurlar ilə, əvvəlcədən məlumat bazasında qeyd edilən məlumatlar ilə uyğunsuzluq təşkil etməsi zamanı göstərilən xidməti qəbul etmək vəzifəsini daşıyır. Qeyd edir ki, sifarişçinin auksiyon vasitəsi ilə əldə etdiyi avtomobil yeni olmamış və müəyyən qüsurları olmuşdur. Bu faktlar sifarişçi tərəfindən əvvəlcədən bilinmiş və qəbul edilmişdir. Eyni zamanda həmin avtomobilin əlavə qüsurları barədə bizə vaxtlı-vaxtında məlumat verilmədən nəqliyyat vasitəsi gömrük ərazisindən təhvil alınaraq rəsmiləşdirilmiş və ərazidən çıxarılmışdır. Uzun bir müddət ötdükdə sonra iddiaçı onlara müraciət edərək belə bir problemlə qarşılaşdığını bildirdikdə onlar iddiaçıya vəziyyət barədə yazılı məlumat vermişlər. İddiaçı öz düşüncələri ilə onların qüsurlu xidmətləri olduğunu irəli sürmüş, bunu əsaslandırmaq üçün özü öz əlyazması ilə əvvəlcədən onları məlumatlandırmadan fərazi rəqəmlər çıxarmış və iddia tələbini heç bir vasitə ilə sübuta yetirə bilməmişdir. Odur ki, iddia ərizəsi ilə razılaşmırlar və heç bir sübut təqdim edilmədən, yalnız iddiaçının mülahizələri əsasında irəli sürülmüş iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişlər. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində fotoşəkilləri çəkilmiş avtomobilin üzərində markası “Kia”, buraxılış tarixi “08/2014” və VİN kodu “KNADMA4A33F6458611” qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş diskdəki ekran görüntülərindən görünür ki, “Carfax” məlumatlarından - avtomobil haqqında məlumatların xülasəsinə əsasən, avtomobil xx.xx.2016-cı il tarixdə qəza etmişdir. Belə ki, avtomobil ağaca çırpılmış və maşının ön hissəsinə zədə dəymişdir. Avtoqəza zamanı maşının hava yastıqları açılmışdır. Sözügedən avtomobil bir daha xx.xx.2023-cü il tarixdə qəza etmişdir. Qəza zamanı arxadan gələn avtomobil KNADMA4A33F6458611 VİN kodlu “Kia Rio” markalı avtomobilin sol arxa hissəsinə ziyan vurmuşdur. Lakin qəza maşın işləkliyini pozmamışdır. “Carfax”dakı son məlumata əsasən, xx.xx.2023-cü il tarixdə maşının ön hissəsində zədə aldığı qeyd edilmişdir. İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DC-23-005 nömrəli “xidmətlərin göstərilməsi haqqında” müqavilədən görünür ki, cavabdeh iddiaçıya hüquqi və ya fiziki şəxsin adına və hesabına Azərbaycan Respublikasına xarici ölkədən nəqliyyat vasitəsinin gətirilməsi, alqı-satqı, hərrac, auksion və logistika ilə bağlı məsələləri üzrə təkliflərin verilməsi və həmin nəqliyyat vasitəsinin hərracda iştirak etməklə alınması xidmətini göstərməsi, iddiaçı isə göstərilmiş xidmətlərə görə cavabdehə 1700 manat xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DC-23-005 nömrəli “xidmətlərin göstərilməsi haqqında” müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, cavabdeh iddiaçı adına onun üçün “qara" rəngli, “2014" baza üzrə qeyd edilən buraxılış tarixli, “KİA RİO” markalı, VİN kodu “KNADMYA **********" olan nəqliyyat vasitəsini dəyərinin yuxarı həddi 2428 ABŞ dolları olmaqla almağı, iddiaçı isə bu məbləği ödəməyi öz öhdəliyinə götürmüşdür. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, MXDMEF08082023-2793 nömrəli qəbzindən görünür ki, həmin tarixdə İddiaçı **********0840-322455 nömrəli hesaba 2793 ABŞ dolları köçürmüşdür. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, MXDMT31102023E nömrəli qəbzindən görünür ki, həmin tarixdə İddiaçı **********0840-322455 nömrəli hesaba 1737 ABŞ dolları köçürmüşdür. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin İnspeksiya Xidməti Orqanının xx.xx.2023-cü il tarixli xx.xx.64512.23 nömrəli texniki eyniləşdirmə şəhadətnaməsindən görünür ki, İddiaçı sifariş etdiyi M1-8703 kateqoriyalı, benzin mühərrikli, mühərikinin həcmi 1591 sm3 olan, xx.xx.2014 zavod buraxılış tarixli və KNADMA4A33F6458611 VİN kodlu “Kia Rio” markalı avtomobil AZS ***- **** 5-ci ekolji sinif normativ sənədlərin tələbinə uyğundur. “Auto 379” adlı satıcıdan “Rəşad usta” adlı alıcıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 15 nömrəli qaimə fakturasından görünür ki, bir neçə avtomobil detalları sifariş edilmiş və həmin sifarişlərin ümumi dəyəri 1651 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, xx.xx.2023-cü il tarixdə Rəşad adlı usta “Kia Rio 1.6 GDİ” markalı avtomobildə dəyişilməli detalların siyahısını tərtib etmişdir. Həmin siyahıda qeyd olunmuşdur: “porşen komplekt-380, şatun qladişlər-60 (genue part), karrinnoy qladişlər-80 (genue part), klapan-4giriş-100, klapan-2 çıxış-50, praklatka qalovka-75 (orjinal), qabaq salnik-12, arxa salnik-24, klapanın salnikləri-70, sep komplekt-250, kolsa-280, yağ nasosu-340, blokun təmiri-400, qalovkanın təmiri-150, zəhmət haqqı-350, val-600”. Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 074/2023 nömrəli məktubundan görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixli pretenziya məktubuna cavab olaraq bildirilmişdir ki, iddiaçı ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli DC-23-005 saylı müqaviləyə əsasən tərəflərindən iddiaçıya göstərilmiş xidmətlərin qüsurlu olması və iddiaçıya dəymiş zərərin qarşılanmayacağı təqdirdə məhkəməyə müraciət edəcəyi qeyd edilmişdir. Pretenziya məktubunda qeyd edilən nöqsanlara dair iddiaçıya bildirilmişdir ki, onun nəqliyyat vasitəsində ona dəymiş zərərlər üzrə məsul tərəf MMC deyildir. Belə ki, aralarında bağlanmış müqavilənin 3.2.12-ci maddəsində qeyd edilir ki, “Sifarişçi”, “İcraçının” maşın satışı, daşınması və sığortalanması ilə məsul olmadığını dərk edir və bu məsələlər ilə bağlı, yolda olduğu müddətdə olabiləcək qəzalar nəticəsində həmçinin, gömrük ərazisinə daxil olduğu zaman aşkarlanan qüsurlar ilə, əvvəlcədən məlumat bazasında qeyd edilən məlumatlar ilə uyğunsuzluq təşkil etməsi zamanı göstərilən xidməti qəbul etmək vəzifəsini daşıyır.” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 1 saylı poliklinikasının xx.xx.2024-cü il tarixli 29 nömrəli tibbi arayışından görünür ki, DİN-in BPQMİ-nin əməkdaşı olan 1994-cü il təvəllüdlü polis baş leytenantı İddiaçı nevrosteniya, depressiv daxilolmalar diaqnozu ilə müayinə olunmuşdur. Məhkəmənin qərardadına əsasən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq və avtomobil-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/3705-8/1451 nömrəli ekspert rəyində göstərilmişdir ki, nəzərə hesablama yolu ilə, iş materiallarında olan “Auto 379 Rəşad Usta” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 15 nömrəli qaimə məlumatlarına əsasən 2014-cü il buraxılışlı, mühərrik həcmi 1591 sm, qara metallik rəngli **-MK-*** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı avtomobilin bərpası üçün tələb olunan xərc yeni detallarla 2553 manat, aşınmaya məruz qalmış detallarla isə 2156,66 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 783.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. 786.5-ci maddəsinə əsasən əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər. Cavabdeh MMC-nin xidmətlərin göstərilməsi haqqında müqavilənin: 1.1-ci bəndinə əsasən “İcraçı” “Sifarişçi”yə hüquqi və ya fiziki şəxsin adına və hesabına Azərbaycan Respublikasına xarici ölkədən nəqliyyat vasitəsinin gətirilməsi, alqı-satqı,hərrac, auksion və logistika ilə bağlı məsələləri üzrə təkliflərin verilməsi və həmin nəqliyyat vasitəsinin hərracda iştirak etməklə alınması xidmətini göstərəcəkdir, “Sifarişçi” isə göstərilmiş xidmətlərə görə “İcraçıya bu Müqavilədə nəzərdə tutulmuş məbləğdə xidmət haqqını ödəməyi öz öhdələrinə götürürlər. 3.1.13-cü bəndinə əsasən göstərilən xidmətlər “İcraçı" tərətındən “Sifarişçinin" adına aparılır və nəqliyyat vasitələrinin və digər əşyaların satışı, daşınması, çatdırılması və sığortalanması məlumat bazasında və ya elektron bazada qeyd edilənlərə uyğun olmadıqda və ya qüsurlu olduqda “İcraçı” bununla bağlı məsuliyyət daşımır. 3.2.9-cu bəndinə əsasən “Sifarişçi” bu Müqavilədə nəzərdə tutulmamış xidmətlərin həyata keçirilməsini “İcraçıdan yalnız həmin xidmətlərlə bağlı ikitərəfli qaydada razılaşdırılmış yeni müqavilə çərçivəsində tələb etmək hüququna malikdir; 3.2.12-ci bəndinə əsasən “Sifarişçi" “İcraçının" maşın satışı, daşınması və sığortalanması ilə məsul olmadığını dərk edir və bu məsələlər ilə bağlı, yolda olduğu müddətdə olabiləcək qəzalar nəticəsində həmçinin, gömrük ərazisinə daxil olduğu zaman aşkarlanan qüsurlar ilə, əvvəlcədən məlumat bazasında qeyd edilən məlumatlar ilə uyğunsuzluq təşkil etməsi zamanı göstərilən xidməti qəbul edir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli qərarında göstərmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçı tərəf məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona göstərilmiş xidmətin qüsurlu olduğunu bildirərək cavabdehdən ona dəymiş maddi və mənəvi ziyanın tutularaq ona ödənilməsini tələb etmişdir. İddiaçının iddia tələbi ondan ibarətdir ki, cavabdeh xidməti icra edərkən avtomobilin qüsurlu olmasını tamam araşdırmamış, avtomobili təhvil aldıqdan sonra avtomobilin təmirini məhz cavabdeh tərəfin ona təklif etdiyi ustada təmir etməsinə də əsas cavabdehin bu məsələni həll edəcəklərinə dair vədləri olmuşdur. Cavabdeh isə aralarında bağlanmış müqaviləyə əsasən avtomobilin satışına, daşınmasına və sığortalanmasına görə məsuliyyət daşımadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdırmış və müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DC-23-005 nömrəli “xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən, cavabdeh iddiaçıya hüquqi və ya fiziki şəxsin adına və hesabına Azərbaycan Respublikasına xarici ölkədən nəqliyyat vasitəsinin gətirilməsi, alqı-satqı, hərrac, auksion və logistika ilə bağlı məsələləri üzrə təkliflərin verilməsi və həmin nəqliyyat vasitəsinin hərracda iştirak elməklə alınması xidmətini göstərməsi, iddiaçı isə göstərilmiş xidmətlərə görə cavabdehə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunmalıdır ki, avtomobilin daşınmasını belə başqa şirkət həyata keçirmiş və bununla əlaqədar olaraq iddiaçı daşıma xərcini ayrıca olaraq daşımanı həyata keçirən şirkətin hesabına ödəmişdir. İddiaçının bildirməsinə və işin faktiki hallarına görə müəyyən edilir ki, tərəflər arasında münasibətləri tənzimləyən müqavilədə avtomobilin qüsurlu olması ilə bağlı məsuliyyət barədə məsələ belə tənzimlənir ki, sifarişçi avtomobili hətta gömrük zonasından götürərkən əvvəlcədən məlum olmayan nöqsanları ilə birlikdə avtomobili qeyd-şərtsiz təhvil almalıdır və müqavilə şərtlərinə əsasən icraçının avtomobilin onlara məlum olmayan nöqsanlarına görə məsuliyyəti istisna edilir. Məhkəmə araşdırması zamanı cavabdehin iddiaçının avtomobilin bəzi qüsurlarından xəbərdar olmasına dair irəli sürdüyü dəlili iddiaçı inkar etməmişdir. Belə ki, iddiaçı da bildirmişdir ki, avtomobilin bəzi görünən qüsurları sifariş verilərkən ona bəlli olmuşdur. Məhkəmə qeyd edir ki, müqavilənin şərtlərindən də göründüyü kimi cavabdeh yalnız nəqliyyat vasitəsinin hərracda iştirak etməklə alınması ilə ilə bağlı xidmət göstərməyi öz öhdəsinə götürmüşdür. Müqavilədə digər xidmətlərə görə, yəni nəqliyyat vasitəsinin daşınması, alqı-satqısı, hərrac, auksion və logistikaya görə məsuliyyət daşıması nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh öz üzərinə düşən vəzifəni qüsursuz şəkildə yerinə yetirmişdir. Məhkəmə vurğulayır ki, cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliyin qüsurlu şəkildə icrası, habelə avtomobildə aşkarlanan qüsurun cavabdehin təqsiri ucbatından baş verməsi faktı öz təsdiqini tapmamışdır. Məhkəmə hazırki işgüzar adətlərdə formalaşmış təcrübəni də nəzərə alaraq xatırladır ki, şəxsin xarici ölkədən bu və ya digər məhsulu əldə etməsində vasitəçilik edən subyektlərin təklif etdikləri xidmət həmin malın vasitəçilik edilməklə şəxsin adına və vəsaiti hesabına əldə edilməsindən ibarət olur. Həmin malda aşkarlanan qüsurlara görə bir qayda olaraq vasitəçinin məsuliyyəti istisna olunur. Tərəflər arasında hazırki mübahisədə də görünən hal ondan ibarətdir ki, cavabdehin xidməti yalnız avtomobilin seçimi və pul ödənilməklə iddiaçının adına qeydiyyat aparılaraq alınması ilə məhdudlaşdır və həmin avtomobildə aşkar görünməyən qüsurlara və üstəlik də cavabdeh tərəfindən hüquqazidd əməlin törədilməsi ilə yetirilməyən qüsurlara görə cavabdehin üzərinə məsuliyyət qoymaq mümkün deyildir. Əlbəttə cavabdehə gələcəkdə bu cür halların təkrarlanmaması üçün sifariş olunan avtomobillərin daha ətraflı araşdırılması tövsiyə oluna bilər, lakin bütövlükdə həmin avtomobillərdə gözlə görünməyən və icraçıya məlum olmayan, sonradan aşkarlanan qüsurlara görə məsuliyyət yüklənməsi əsaslı sayıla bilməz. Məhkəmə iddia tələbinin iddiaçıya qüsurlu xidmət göstərilməsi ilə əlaqədar ona mənəvi zərər yetirilməsi ilə bağlı da qeyd edir ki, iddiaçıya təhvil verilmiş avtomobilin qüsurlu olmasında cavabdehin məsuliyyəti müəyyən edilmədiyindən iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində də əsaslı hesab edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Həmçinin iddia tələbi rədd edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri iddiaçıdan dövlət nəfinə tutulmalı, ödənilmiş dövlət rüsumu isə onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq X1, kod210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SÜİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesablaşma hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1523/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1523/2024
30.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver