Məhkəmə qərarları › İş №2(006)-1529/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1529/2024

24.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1529/2024 24.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «istehlakçı hüquqlarının bərpası və qeyri-qanuni hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «istehlakçı hüquqlarının bərpası və qeyri-qanuni hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 41 saylı mənzilin mülkiyyətçisidir. Mənzil 1 otaq, bir mətbəx və bir sanitar qovşaqdan ibarətdir. İddiaçı məxsus həmin mənzildə yaşayış yoxdur. İddiaçı aylıq borclarını həmişə vaxtlıvaxtında ödəmişdir. Lakin, 2010-cu ildə texniki səhv nəticəsində iddiaçıya məxsus işıq sayğacına artıq borc yazılmışdır. Tələb olunan məbləğ xx.xx.2009-cu ildə 8.58 manat, xx.xx.2010-cu ildə 591.43 manat olmuşdur. Qeyd etmək zəruridir ki, İddiaçı həmin borcun nəyin əsasında hesablanması və belə yüksək olması barədə məlumatı yoxdur. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları iddiaçının mənzilində hər hansı pozuntu barədə akt tərtib etməmişlər və bu barədə məlumat verməmişlər. İddiaçı elektirik sərfiyyatına görə, yaranmış borcun araşdırılması barədə "xxxx" ASC-yə müraciət etmişdir. Müraciətə cavab olaraq xx.xx.2023-cü il tarixində verilmiş məktubda bildirilmişdir ki, mənzildə sərf edilmiş elektirik enerjisi üzrə xx.xx.2010-cu il tarixinə kimi sayğac göstəriciləri əsasında yaranmış borc 603,55 manat təşkil elmişdir. Həmçinin, bildirilmişdir ki, qeyd edilən borcun yaranma səbəblərinin araşdırılması üçün abunə kodu aktivləşdirilməli və “A” statusuna gətirilməlidir və bunun üçün “ASAN kommunal” mərkəzinə müraciət olunmalıdır. Abunə kodu aktiv olunduqdan sonra sayğaca baxış keçirilməli və bundan sonra borcun yaranma səbəblərinə baxılması mümkün olacaqdır. İddiaçı Asan Kommunal mərkəzinə müraciət etmişdir. Sayğac aktivləşdirilib, lakin borc yenə silinməmiş qalıb. Göründüyü kimi, İddiaçı və ailə üzvləri tərəfindən işıq sayğacına müdaxilə edilməmişdir, əgər hər hansı enerji ilkisi faktı aşkarlanıbsa, iddiaçının təqsiri, hərəkət və ya hərəkətsizliyi ucbatından olmamışdır. Hər bir nasazlıq barədə "xxxx" ASC-nin əməkdaşlarına da məlumat verilmişdir. Əslində işıq sayğacına nəzarət, onun təhlükəsizliyi, o cümlədən kənar müdaxilələrə yol verilməməsi istehlakçının vəzifəsi deyildir. İddiaçı, abonent olaraq yalnız vizual, yəni adi gözlə aşkar olunan hallar barədə məlumat verməlidir. Lakin cavabdeh idarənin əməkdaşı nəinki vəziyyətin əsl səbəbini araşdırmağa səy göstərməmişdir. Həmçinin, cavabdeh "xxxx" ASC borcun yazılmasından uzun müddət keçdiyinə görə tələb hüququnu itirmişdir. Məlum olduğu kimi həmin iddia tələbləri üzrə iddia müddəti 3 il təşkil edir. Ona görə də İddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı **********50041 nömrəli abunə kodu üzrə tələb etdiyi 603.55 (altı yüz üç manat, əlli beş qəpik) manat borcun silinməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, ünvanında yerləşən 41 saylı mənzilin mülkiyyətçisidir. Həmin mənzil 1 otaqlı, xurşovka tipli mənzildir. Həmçinin, həmin mənzildə kimsə yaşamadığından bütün kommunal xidmətləri ərizə verərək dayandırmışdır. 2010-cu ildə ona məlum oldu ki, ona əsassız olaraq yüksək məbləğdə borc yazılmışdır. Belə ki, xx.xx.2009-cu il tarixdə elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borc 8.58 manat olmasına baxmayaraq, xx.xx.2010-cu il tarixdə bu borc 591.43 manata yüksəlmişdir. Həmin mənzildə heç kəsin yaşamadığı və 1 otaqlı olması nəzərə alınarsa, bu qədər qısa bir müddətdə belə yüksək bir məbləğin hesablanması inandırıcı deyildir. Həmçinin, həmin mənzilə quraşdırılmış elektrik sayğacı ilə bağlı da heç bir akt tərtib edilməmiş və cərimə yazılmamışdır. O, bununla bağlı cavabdehin Nərimanov rayonunda yerləşən idarəsinə yaxınlaşdı və məsələnin nədən ibarət olmasını öyrənməyə çalışdı. Oradan bildirildi ki, xx.xx.2010-cu tarixinədək elektrik sərfiyyatına görə yaranmış borcu 603.55 manat təşkil edir. Borcun yaranma səbəblərinin araşdırılması üçün də abunə kodunun aktivlşdirilməsi zəruridir. O, bununla bağlı aidiyyatı dövlət orqanına müraciət etdi və abunə kodunu aktivləşdirdi. Lakin bunun heç bir nəticəsi olmadı və borc olduğu kimi qalmaqda davam etdi. Ona cavabdeh qurum özü hesablamada yanlışlığa yol verildiyini etiraf etdi və bildirdi ki, onlat borcu özbaşına silə bilməzlər. Bunun üçün məhkəmə qərarı olmalıdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qaldılar. Ona görə də iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

6. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətçisi olduğu və hazırda yaşayış olmayan ünvan 2 ünvanında yerləşən sayğac üzərinə texniki səhvlik nəticəsində borc yazılmışdır. Hazırda iddiaçı həmin borcun silinməsini tələb edir, cavabdeh isə iddia tələbi ilə razı deyildir.

b) Mülki işin materialları:

7. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən MH seriyalı, 168844 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Heydərov küçəsindəki 35 nömrəli fərdi yaşayış evinin 41 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 31a/c nömrəli reyestr kitabında səhifə 5206-da xx.xx.1999-cu il tarixində qeydiyyat aparılmışdır.

8. Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən xx.xx.2024-cü il tarixdə verilən abunə haqqında arayışdan görünür ki, Nərimanov rayonu, A.N.Heydərov küçəsində yerləşən İddiaçı məxsus (yaşayış olmayan) və abonent kodu **********50041 olan elektrik sayğacına xx.xx.2010-cu il tarixdə 591.43 manat məbləğində əlavə borc yazılmışdır.

9. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 596573 nömrəli protokoldan görünür ki, xx.xx.2010-cu il tarixdə A.N.Heydərov küçəsi, 35/41 ünvanında sayğaca baxış keçirilmiş və protokolda “tender dəyişmə, sayğaca laboratoriya rəy veriləcək” qeydi yazılmışdır.

10. Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli, 13-13/2-2/18-İ-10428-5/2023 nömrəli müraciətin araşdırılmasına dair məktubdan görünür ki, ünvana aid **********50041 saylı abunə kodu üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş və xx.xx.2010-cu il tarixdən mənzildə yaşayış olmadığına görə xidməti məlumat əsasında abunə kodunun müvəqqəti passiv (“T” statusu) edildiyi müəyyən edilmişdir. Mənzildə sərf edilmiş elektrik enerjisi görə xx.xx.2010-cu il tarixinə kimi sayğac göstəriciləri əsasında yaranmış borc 603.55 manat təşkil etmişdir. Qeyd edilən borcun yaranma səbəblərinin araşdırılması üçün abunə kodu aktivləşdirilməli və “A” statusuna gətirilməlidir. Bunun üçün tərəflərindən “Asan kommunal” mərkəzinə müraciət olunmalıdır. Abunə kodu aktiv olunduqdan sonra sayğaca baxış keçirilməli və bundan sonra borcun yaranma səbəblərinə baxılması mümkün olacaqdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır.

12. Qanunun həmin maddəsinin məzmunundan belə nəticəyə gəlinir ki, bu tip mübahisələrdə sübutetmə vəzifəsi icraçının, yəni "xxxx" ASC-nin üzərinə düşür ki, hazırki işdə ASC tərəfindən məhkəməyə həmin borcun yaranma səbəbləri barədə sübut təqdim edilməmiş, əksinə məhkəməyə verdiyi izahatlardan da aydın olmuşdur ki, yaranmıç borc texniki səhvlik nəticəsində olmuşdur.

13. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

14. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyi həyata keçirir.

16. Qaydaların 6.3-cü bəndinə əsasən dövlət enerji nəzarətinin həyata keçirilməsi dövlət elektroenergetika müəssisəsini, enerjitəchizatı müəssisələrini, müstəqil enerji istehsalçılarını, istehlakçıları onların və ya tabeliklərindəki struktur bölmələrinin sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə və istismarına görə nəzarətdən azad etmir və onlar “Elektrik qurğularının quraşdırılması Qaydası”na, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”na və “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”na, bu Qaydalara və digər normativ sənədlərə əməl olunmasına görə cavabdehlik daşıyırlar.

17. Qaydaların 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

19. Məhkəmə hazırki iddia tələbinə münasibətdə hesab edir ki, iddia tələbi borcun silinməsi hissəsində əsaslıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatlarından və iş materiallarından müəyyən edildi ki, **********50041 nömrəli abunə kodu üzrə hesablanmış borc həqiqətən də iddiaçının da qeyd etdiyi kimi texniki səhvlik nəticəsində olmuşdur. Belə ki, iş materiallarında olan abunə haqqında arayışdan da müəyyən edilmişdir ki, xx.xx.2010-cu il tarixdə sayğac üzrə aktiv göstəricilər arasında kəskin fərq yaranaraq sayğac üzərinə heç bir akt olmadan 591.43 və 8,58 manat məbləğində borclar yazılmışdır. Odur ki, həmin məbləğlər əsassız hesab edilərək cavabdeh "xxxx" ASC tərəfindən silinməlidir.

20. Bununla da məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus ünvan 2 (abonent kodu: **********50041) ünvanına əsassız hesablanmış 603,55 (altı yüz üç manat, əlli beş qəpik) manat məbləğində borc iddiaçının **********50041 saylı abunə hesabından silinməlidir.

21. Bundan əlavə, məhkəmə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, hu halda iddia müddətinin axımının başlanğıc anına fikir vermək lazımdır. Belə ki, cavabdeh qeyd edilən akt üzrə məbləğin, aktın düzgünlüyünün real olması barədə iddiaçıya heç bir məlumat verməmiş, aktın iddiaçıya çatması barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə müddət keçmədiyindən əsassız hesab edilməlidir.

22. Bundan əlavə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat təşkil edir.

23. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

24. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

25. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu olaraq ödənilməli olan 30 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

26. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

30. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

31. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 2 (abonent kodu: **********50041) ünvanına əsassız hesablanmış 603,55 (altı yüz üç manat, əlli beş qəpik) manat məbləğində borc iddiaçının **********50041 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar