Məhkəmə qərarları › İş №2(006)-1561/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1561/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1561/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququnun və bununla bağlı verilmiş çıxarışın ləğv edilməsi, mənzildən çıxarılma, alğı-satqı müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənzilin təhvil verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri 7-ci Binəqədi küçəsi 1A saylı evin 36 saylı mənzilin alınması ilə bağlı beh müqaviləsi üzrə verdiyi 65.000 manat pulun ikiqat məbləğdə 130.000 manat, mənzilin dəyəri kimi verdiyi 30.000 manat, bank uçot dərəcəsinə əsasən hesablanmaqla faiz olaraq 21.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını, Cavabdeh1 barəsində xüsusi qərar çıxararaq prokurora göndərilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X5 mülkiyyətində olan Bakı şəhəri 7-ci Binəqədi küçəsi 1A saylı evin 36 saylı mənzilini satışa çıxardıqlarını elan verib, həmin elan əsasında mənzili ona satmağa razılaşmışdır. Cavabdeh1, əvvəlcə, ondan təcili olaraq 5.000 manat, sonra isə 4-5 dəfəyə 20.000 manat, daha sonra isə mənzilin VTB Bankda girovda olduğunu bildirərək, bank mənzili əllərindən almasın deyə ondan daha 5.000 manat pul almışdır. Bunlardan sonra, 28.12.2017-ci il tarixdə mənzili girovdan çıxaracağı və alğı-satqını həyata keçirəcəyini vəd edərək, Bakı şəhəri Nərimanov metrosunun yanında notariat kontorunda onunla beh müqaviləsi bağlayaraq mənzilin pulundan 65.000 manat pul almışdır. Beləliklə, Cavabdeh1 ümumilikdə ondan 95.000 manat pul almışdır. Lakin, cavabdeh mənzili girovdan çıxarıb onunla alğı-satqı müqaviləsi bağlamaq əvəzinə, mənzili başqa şəxsə sataraq, onun 95.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Göründüyü kimi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri 7-ci Binəqədi küçəsi 1 A saylı evin 36 saylı mənzilini satışa çıxarıb, onu aldadaraq mənzili ona satmaq niyyəti olmadan belə bir görüntü yaradaraq, ondan əvvəlcə hissə-hissə 30.000 manat (5.000 + 20.000 + 5.000) almış, daha sonra beh müqaviləsi bağlayıb 65.000 manat pulunu almış, nəticədə cavabdeh mənzili ona deyil, başqa şəxsə sataraq 95.000 manat pulunu ələ keçirib, ona külli miqdarda ziyan vurmuşdur. Bununla bağlı Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılsa da, Cavabdeh1 barəsində cinayət işi başlanılmır. Cavabdeh1 aldığı pulları ona qaytarmasını dəfələrlə tələb etsə də, cavabdeh onun pulunu qaytarmır və öz qanunsuz sahibliyində saxlayır. Ona görə də, cavabdehin ondan mənzili ona satmaq adı ilə aldığı pulu məhkəmə qaydasında mülki qanunvericiliyin tələblərinə uyğun olaraq tələb edir. Qeyd etdiyi kimi, cavabdeh onu aldatmışdır, mənzilin ona satılması ilə bağlı öhdəliyini pozmuş, evi ona satmamış və ona maddi zərər vurmuşdur. Cavabdeh mənzilin dəyərinə daxil olan ondan aldığı 95.000 manat pul vəsaitinin 65.000 manatını beh müqaviləsi bağlayaraq beh olaraq almışdır. Mülki qanunvericiliyin tələblərinə görə cavabdeh həmin məbləği ikiqat qaytarmalıdır. Yəni, 130.000 manat məbləğində. Cavabdeh evin dəyəri kimi ondan aldığı 30.000 manat pulu da ona ödəməlidir. Cavabdeh ona verdiyi 95.000 manat pulu 2017-ci ilin dekabr ayından hal-hazıradək qanunsuz olaraq özündə saxladığı üçün bank uçot dərəcəsi ilə hesablanmaqla 3 il müddət – 2018, 2019, 2020-ci illər üçün cavabdehdən əlavə olaraq 21.000 manat faiz tutulmalıdır. Bundan başqa, cavabdehin hərəkətləri ona mənəvi zərər vurmuşdur. O, cavabdehə inanıb sonuncunun mənzilini almaq üçün pul vermişdir, lakin cavabdeh onu aldatmış, pulu ondan alıb, evi başqasına satmış, pulunu da mənimsəmişdir. Cavabdeh 3 ildir ki, ona olmazın əziyyət verir, o, cavabdehin hərəkətlərindən stress, əsəb gərginliyi keçirir. Bu səbəbdən, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 50.000 manat pul tələb edir. Beləliklə, cavabdehdən mənzilin satılması ilə bağlı beh müqaviləsi üzrə verdiyi 65.000 manat pul ikiqat məbləğdə 130.000 manat, mənzilin dəyəri kimi verdiyi 30.000 manat, bank uçot dərəcəsinə əsasən hesablamaqla faizi olaraq 21.000 manat, mənəvi zərərin əvəzi olaraq 50.000 manat, ümumilikdə 231.000 manat pul və 30 manat dövlət rüsumu tutulmalıdır. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 7-ci Binəqədi (Əlisgəndər İsgəndərov) küçəsi 1A saylı evin 36 saylı mənzilinin ona satılması barədə alğı-satqı müqaviləsi bağlanması öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdeh qismində mülki işə cəlb edilməklə, Bakı şəhəri 7-ci Binəqədi (Əlisgəndər İsgəndərov) küçəsi 1A saylı evin 36 saylı mənzili ilə bağlı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri 7-ci Binəqədi (Əlisgəndər İsgəndərov) küçəsi 1A saylı evin 36 saylı mənzilinin ona satılması barədə alğı-satqı müqaviləsi bağlanması öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 7-ci Binəqədi (Əlisgəndər İsgəndərov) küçəsi 1A saylı evin 36 saylı mənzili ilə bağlı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri 7-ci Binəqədi (Əlisgəndər İsgəndərov) küçəsi 1A saylı evin 36 saylı mənzili ilə bağlı Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququnun və bununla bağlı verilmiş çıxarışın ləğv edilməsi; Cavabdeh2 Bakı şəhəri 7-ci Binəqədi (Əlisgəndər İsgəndərov) küçəsi 1A saylı evin 36 saylı mənzilindən çıxarılması; Bakı şəhəri 7-ci Binəqədi (Əlisgəndər İsgəndərov) küçəsi 1A saylı evin 36 saylı mənzilinin ona satılması barədə alğı-satqı müqaviləsi bağlanması öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması; Bakı şəhəri 7-ci Binəqədi (Əlisgəndər İsgəndərov) küçəsi 1A saylı evin 36 saylı mənzilinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, tərəflər arasında bağlanmış 28.12.2017-ci il tarixli beh müqaviləsi bir ay müddətinə bağlanmışdır. İddiaçı həmin müddət ərzində onun üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün alqı-satqı müqaviləsi bağlanmamışdır. Məhkəmədən iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, 10 dekabr 2019-cu il tarixdə hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh1 alqı-satqı müqaviləsinə əsasən iddia predmeti olan mənzili sonuncuya dəyərini ödəməklə almışdır. Mənzili əldə edərkən mənzilin hər hansısa problemi olmamışdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehlərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki: - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25.04.2019-cu il tarixli 2(005)- 241/2019 saylı qətnaməsi ilə Cavabdeh1 İddiaçı və Bakı şəhəri 3 saylı Notariat Kontoruna qarşı «beh müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası rədd edilmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 138 manatın Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. - Cavabdeh1 ilə İddiaçı arasında 28 dekabr 2017-ci il tarixli beh müqaviləsi bağlanmış, Cavabdeh1 Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 16.02.2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evin 36 saylı mənzilini İddiaçı 105.000 manata satılması barədə müqavilənin bağlanmasına dair razılığa gəlmişlər. Müqavilənin şərtlərinə görə İddiaçı həmin mənzili Cavabdeh1 105.000 manata almaq məqsədi ilə qabaqcadan ona 65.000 manat məbləğində pulu beh vermişdir. Cavabdeh1 həmin göstərilən məbləği qəbul etmiş və özünə məxsus həmin mənzili öz aralarında razılaşdıqları kimi 28.01.2018-ci il tarixədək 105.000 manata İddiaçı satmağı öz öhdəsinə götürmüşdür. Tərəflər arasında alğı-satqı müqaviləsi bağlandıqda İddiaçı tərəfindən Cavabdeh1 əlavə olaraq 40.000 manat ödəniləcəkdir. - Beh müqaviləsi bir ay müddətinə (28.12.2017-28.01.2018) bağlanmışdır. - Cavabdeh1 tərəfindən «xxxx» ASC-nin MUĞ seriyalı 339182 saylı qəbzinə imza edilməklə 65.000 manat pul vəsaitini qəbul etmişdir. Pulun məhz Cavabdeh1 tərəfindən qəbul edilməsi məhkəmənin yuxarıda adı qeyd edilən qanuni qüvvəyə minmiş qətnaməsi ilə (müvafiq ekspert rəyinə əsasən) təsdiq edilir. - 12 yanvar 2015-ci il tarixli 140836-NEDVİJ-3459 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evin 36 saylı mənzili «xxxx» ASC qarşısında Cavabdeh1 öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə ipoteka ilə yüklü edilmişdir. - 10 dekabr 2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evin 36 saylı mənzilini Cavabdeh2 satmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öncə behin, digər ödənişlərin, mənəvi zərərin cavabdehdən tutulmasını xahiş etmişdir. Daha sonra, MPM-in 53-cü maddəsinə əsasən ərizələrlə məhkəməyə müraciət edərək, iddia tələblərini bir neçə dəfə dəqiqləşdirmişdir. İddiaçı iddia edir ki, o, beh müqaviləsi bağlanandan sonra qalan məbləği də ödəməklə mənzili almaq istəsə də, cavabdehin təqsiri üzündən bu baş tutmamışdır. Lakin iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi bu hala dair mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı müqavilə müddəti bitəndən dərhal sonra beh müqaviləsi bağlanmış notariat orqanına, hüquq-mühafizə orqanlarına və yaxud behin qaytarılması, ya da behin iki qatının qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. İş materiallarına əlavə olunmuş 26 sentyabr 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, iddiaçı yalnız 09 oktyabr 2018-ci il tarixdə, beh müqaviləsinin müddəti başa çatandan 9 ay sonra Nərimanov RPİ-yə müraciət etmişdir. İş materialları ilə beh müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən pozulması təsdiq olunmur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququnun və bununla bağlı verilmiş çıxarışın ləğv edilməsi, mənzildən çıxarılma üçün hüquqi əsaslar yoxdur. Alğı-satqı müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənzilin təhvil verilməsi barədə iddia tələbi də təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququnun və bununla bağlı verilmiş çıxarışın ləğv edilməsi, mənzildən çıxarılma, alğı-satqı müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənzilin təhvil verilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququnun və bununla bağlı verilmiş çıxarışın ləğv edilməsi, mənzildən çıxarılma, alğı-satqı müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənzilin təhvil verilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar