Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1566/2024 15.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı AAA oğlunun və cavabdehin nümayəndəsi BBB qızının iştirakları ilə İddiaçı AAA oğlunun cavabdeh «***» Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı AAA oğlu cavabdeh «***» Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 sentyabr 2023-cü il tarixdə «***» ASCnin əməkdaşları tərəfindən akt tərtib olunaraq iddiaçının yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanında olan sayğacın daxili qüsur nəticəsində işləmədiyi, göstəricinin xüsusi cihaz vasitəsi ilə oxunmasının mümkün olmadığı, istismara yaramadığı qeyd edilmişdir. İddiçıya heç bir məlumat verilmədən ona 770,32 manat cərimə hesablanmış, aktın nüsxəsi ona təqdim edilməmiş, bununla da iddiaçının hüquqları pozulmuşdur. İddiaçı «***» ASC-yə müraciət etdikdən sonra aktın surəti ona təqdim edilmişdir. Sözügedən mənzil 01 sentyabr 2012-ci il tarixdən iddiaçının mülkiyyətindədir və bugünədək kommunal xidmətlərlə bağlı heç bir problemi olmamışdır. Hətta elektrik sayğacı smart sayğacdır. İddiaçıya məxsus mənzildə qeyri-qanuni elektrik enerjisindən istifadə olunmamışdır. Əgər kənar xətt olsa idi, illər əvvəl aşkar olunardı. Bundan əlavə, «***» ASC-nin əməkdaşlarının hərəkətlərindən açıq-aydın görünür ki, onlar saxtakarlıq etmişlər. Çünki sayğaca heç bir müdaxilə olunmamış və plombu zədələnməmişdir. Əgər «***» ASC-nin əməkdaşları qanuni hərəkət etmiş olsa idilər, onda mənzilin mülkiyyətçisi kimi iddiaçıya məlumat verərək gəlib akt tərtib edərdilər. Göstərilənlərə əsasən Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi M.Fətəliyev küçəsi ev 15 ünvanında olan 14 saylı mənzilə hesablanmış 770,32 manat məbləğində borcunun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı AAA oğlu iddia tələbini müdafiə edərək 744,72 manat borcun ona səhvən hesablandığını bildirmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh «***» ASC-nin nümayəndəsi BBB qızı iddia tələbinə etiraz edərək bildirmişdir ki, 744,72 manat borc iddiaçıya səhvən hesablanmışdır. Belə ki, məsələ ilə bağlı nəzarətçi tərəfindən xidməti məlumat yazılmış, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi M.Fətəliyev küçəsi ev 15 ünvanında yerləşən 15 saylı mənzilə məxsus sayğacın göstəriciləri səhvən 14 saylı mənzilin sərfiyyatı kimi yazılmış və bunun nəticəsində iddiaçıya artıq borc hesablanmışdır. Lakin sərfiyyat elektron sistemə əlavə olunduğu üçün həmin borcun «***» ASC tərəfndən silinməsi mümkün olmamışdır. Eyni zamanda, iddiaçının mənzilində sayğac yenisi ilə əvəz olunan müddətədək elektrik enerjisindən sayğacsız istifadə etmişdir. Həmin müddətdə istifadə olunan elektrik enerji sərfiyyatı da nəzərə alınmalıdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi M.Fətəliyev küçəsi ev 15 ünvanında yerləşən 14 saylı mənzil AAA oğlunun xüsusi mülkiyyətindədir və bu barədə Daşınmaz əmlakın dövlət reyestrində 1720 nömrəli reyestr kitabının 158009 nömrəli vərəqində qeydiyyat aparılmışdır. «***» ASC-nin R № 305919 saylı, 3 avqust 2023-cü il tarixli aktından görünür ki, «***» ASC-nin əməkdaşlarının iştirakları ilə ünvan 1 ünvanına quraşdırılmış elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, sayğacın ekranı oxunmur və sayğaca hər hansı müdaxilə olunması aşkar edilməmişdir. «***» ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, AAA oğluna məxsus ünvan 1 ünvanına xx.xx.2023-cü il tarixdə 744,72 manat məbləğində borc hesablanmışdır. «***» ASC tərəfindən AAA oğluna ünvanlanmış 13-13/2-2/18-M-9741-5/2023 saylı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2023-cü il tarixinə olan 770,32 manat borcun mənzildə istehlak edilmiş enerjinin dəyəri olduğu qeyd edilmişdir. «***» ASC tərəfindən AAA oğluna ünvanlanmış 13-13/2-2/18-M-9741-5/2023 saylı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, 13442790 saylı sayğac laboratoriya tərəfindən yoxlanılmış və sayğacın artıq sərfiyyat qeyd etməsi aşkarlanmamışdır. «***» ASC tərəfindən AAA oğluna ünvanlanmış 13-13/2-2/18-M-9741-5/2023 saylı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2023-cü il tarixinə olan 770,32 manat elektrik enerjisi sərfiyyatına görə yaranmış borcun mənzildə istehlak edilmiş enerjinin dəyəri olduğu müəyyənləşdirilmiş, laboratoriya rəyində sayğacın öz-özünə hərkətinin olmadığı və dövlət möhürünün normal olduğu müəyyən edilmişdir. «***» ASC-nin Suraxanı rayon Enerji Təchizatı və Satış İdarəsi tərəfindən verilmiş 668 saylı, xx.xx.2023-cü il tarixli xidməti məlumat vərəqəsinin surətindən görünür ki, ünvan 2 ünvanında olan **********50014 saylı abonentin xx.xx.2023-cü il tarixində 13442790 nömrəli sayğacının göstəricisi qeyd olunan zaman mexaniki olaraq səhvən 35835 sərfiyyat göstəricisi kompüter bazasına daxil edilmişdir. Beləliklə, məhkəmə iclasında mülki işin mübahisə olunmayan halı kimi müəyyən edilmişdir ki, iddiaçı AAA oğluna məxsus olan ünvan 2 ünvanında olan **********50014 saylı abunə hesabına səhvən artıq sərfiyyat yazılmış və nəticədə ona 744,72 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Beləliklə məhkəmə qeyd edir ki, faktiki olaraq istehlak olunmayan elektrik enerjisi sərfiyyatının dəyərinin iddiaçı tərəfindən ödənilməsi tələb oluna bilməz. İddiaçı tərəf istehlakçı olaraq elektrik enerjisinin dəyərini yalnız sayğacın real göstəricilərinə əsasən ödəməlidir. Hazırda iddiaçının abunə hesabında göstərilən borcun 744,72 manat hissəsi cavabdehin əməkdaşı tərəfindən sayğac məlumatlarının düzgün qeyd edilməməsi nəticəsində hesablanmışdır. Ona görə məhkəmə hesab edir ki, qeyd olunan məbləğ iddiaçının abunə hesabından silinməlidir. Qalan borc məbləği isə iddiaçının hesablaşma dövrü üzrə elektrik enerjisinin sərfiyyatından yarandığından həmin borcun ödənilməsi üzrə iddiaçı cavabdeh qarşısında öhdəlik daşıyır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının mənzilində sayğacın olmadığı müddət ərzində istifadə olunan elektrik enerji sərfiyyatınən dəyəri barədə məlumatlar olmadığından, hazırda borc silinərkən həmin dövr sərfiyyatının nəzərə alınması mümkün deyildir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdeh «***» ASC tərəfindən xx.xx.2023-cü il tarixdə səhvən hesablanmış 744,72 (yeddi yüz qırx dörd manat yetmiş iki qəpik) manat məbləğində borc iddiaçı AAA oğlunun abunə hesabından (abunə kodu **********50014) silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh «***» ASC tərəfindən xx.xx.2023-cü il tarixdə səhvən hesablanmış 744,72 (yeddi yüz qırx dörd manat yetmiş iki qəpik) manat məbləğində borc iddiaçı AAA oğlunun abunə hesabından (abunə kodu **********50014) silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Qaralov
Məhkəmə qərarları › İş №2(006)-1566/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1566/2024
15.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver