Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1585/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 ünvan 1 ünvanda adına hesablanmış, silinməmiş – dondurulmuş 1.673 manat 33 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 5 nəfər ailə üzvü ilə birlikdə Ağdam rayonu Qiyaslı kəndindən məcburi köçkün kimi gələrək ünvan 2 ünvanda məskunlaşmışdır. Məskunlaşdıqları ev əvvəlcə 2001-ci ildən 2008-ci ilə qədər olan dövr ərzində mərhum anası X2 adına olmuşdur. Həmin evdə anası, qardaşı, qardaşı uşaqları və onun ailəsi yaşamışlar. 18 mart 2009-cu il tarixdə anasının vəfatı ilə əlaqədar olaraq bu mənzil onun adına keçirilmiş və müvafiq qeydiyyat aparılmışdır. Lakin elektrik enerjisindən istifadə ilə əlaqədar mərhum anasının adına silinməmiş - dondurulmuş xx.xx.2001-ci il tarixə 1.542 manat, xx.xx.2002-ci il tarixə 131 manat 33 qəpik olmaqla, cəmi 1.673 manat 33 qəpik borc qalmışdır. Onlar məcburi köçkün kimi bu ünvanda yaşadıqları müddət ərzində «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli qanununa uyğun olaraq kommunal xərclərin ödənilməsindən azad edilmişlər. Həmin vaxtlar təqdim etdikləri rəsmi arayışlar və məcburi köçkün vəsiqələrini təqdim etməklə işlətdikləri elektrik enerjisinin dəyəri müvafiq limit əsasında silinmişdir. Lakin onlara məlum olmayan səbəbdən 2001- 2002-ci illər üzrə məcburi köçkün kimi yaşadığı ünvana hesablanmış 1.673,33 manat məbləğində enerji borcu silinməyərək saxlanmışdır. Tərəfindən məcburi köçkün olmalarına dair zəruri hüquqi sənədlərin təqdim edilməsinə baxmayaraq keçən müddət ərzində bu məbləğ ödənilməli borc kimi yaşayış ünvanının hesabında saxlanmışdır. Bununla əlaqədar olaraq tərəfindən borcun yaranmasına dair hesabat tələb edərkən Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən ona təqdim olunmuş hesabat cədvəlində də borcun yaranma səbəbləri əks olunmur və ya ona aydın deyildir. O, bununla əlaqədar olaraq Bakı şəhəri Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsinə, həmçinin Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə ərizələr ilə müraciət etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən ona göndərilmiş cavab məktubunda göstərilir ki, «Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə daxil olmuş İddiaçı **********70011 saylı abunə kodu üzrə 2017-ci ilə qədər elektrik enerjisində yaranmış borcun silinməsinə köməklik göstərilməsi barədə ərizəsi müvafiq qaydada baxılması üçün sizə göndərilir. "xxxx" ASC tərəfindən Komitəyə təqdim olunmuş 2017-ci ilədək elektrik enerjisindən istifadə haqqı ödənilən məcburi köçkünlərin adlı siyahısında İddiaçı ailə tərkibi 5 nəfər olmaqla adlarının yuxarıda göstərilən «Nizami rayonu, Q.Qarayev 47, m. 11» ünvanında qeyd olunduğunu nəzərə alaraq, yaranmış borcun araşdırılıb silinməsinə müvafiq köməklik göstərilməsini və nəticəsinin vətəndaşa bildirilməsini sizdən xahiş edirik». Lakin keçən müddət ərzində Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsi tərəfindən bu dondurulmuş borcun silinməsi təmin edilməmişdir. Bunun nəticəsində istehlakçı kimi onun hüquqları kobud şəkildə pozulmuşdur. Hesab edir ki, mərhum anası X1 adına 2001-2002-ci illər ərzində hesablanmış 1.673 manat 33 qəpik məbləğində silinməmiş - dondurulmuş borcun silinməsinə dair qətnamə çıxarılması zəruridir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədiklərini və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 34 saylı MKİS-in xx.xx.2022-ci il tarixli 722 saylı arayışından görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkün kimi Bakı şəhəri Q.Qarayev küçəsi 47 saylı evin 11 saylı mənzilində yaşayır. - 01 aprel 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 352404 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 18 mart 2009-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir, bu barədə 01 aprel 2009-cu il tarixdə 250 saylı akt qeydi aparılmışdır. - Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli 01/5973 saylı, 05 dekabr 2022-ci il tarixli 01/6573 saylı məktublarından və iddiaçının həmin Komitəyə ərizəsindən görünür ki, Komitə "xxxx" ASC-yə müraciət edərək, İddiaçı elektrik enerjisinə görə hesablanmış borcun silinməsinə köməklik göstərilməsi barədə ərizə ilə Komitəyə müraciət etdiyi bildirilmişdir. Qeyd olunmuşdur ki, Komitədə elektron şəkildə arxivləşdirilən enerji təchizatı müəssisələri tərəfindən 2016-cı ilə qədər tərtib və Komitəyə təqdim etdiyi elektrik enerji haqqı ödənilən məcburi köçkünlərin elektron adlı siyahılarında İddiaçı ailəsi ilə birlikdə adlarının ünvan 4 ünvanı üzrə qeyd olunması aşkar edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, elektrik enerjisi borcunu araşdıraraq, silinməsi istiqamətində müvafiq köməklik göstərilməsini və nəticəsinin vətəndaşa bildirilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. - Abunə haqqında çıxarışdan görünür ki, iddiaçının yaşadığı mənzildə abunə kodu mərhum X1 adınadır. İddiaçının yaşadığı mənzilə qaçqınlar üçün nəzərdə tutulmuş litim ilə bağlı 1.215 manat borc yazılmış, 380 manat 15 qəpik isə «Barmek» dövrü ilə əlaqədar borc mövcud olmuşdur. Cəmi borc məbləği 1.595 manat 15 qəpik təşkil edir. Hazırda iddiaçıdan xx.xx.2016-cı il tarixdə silinmiş cəmi 1.595 manat 15 qəpik borcun ödənilməsi tələb olunur. İddiaçının adına verilmiş abunə haqqında çıxarışdan da göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin yanvarın 23-də «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» Fərman imzalandıqdan sonra məcburi köçkünlərin, o cümlədən iddiaçının elektrik enerjisinə görə 31 dekabr 2016-cı il tarixədək yaranmış 1.215 manat elektrik enerjisi borcu silinmişdir. Bundan əlavə 380 manat 15 qəpik qəpik borc isə “BARMEK borcu” olaraq tələb olunmayan borc kimi silinmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəzıyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli 15 saylı qərarı ilə təsdiq olunmuş «Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi qaydaları»nın 3-cü və 4-cü bəndlərinə əsasən məskunlaşmamış qaçqın və məcburi köçkünlərin (bundan sonra istehlakçılar) müvəqqəti məskunlaşdıqları şəhər və rayonların xidmət təşkilatları (elektrik, qaz, su təchizatı və sair xidmət idarələri), yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, Komitənin həmin rayon (şəhər) üzrə nümayəndələri ilə birlikdə faktiki istehlakçıların (o cümlədən pasport qeydiyyatına düşmüş və öz hesabına mənzil almış məcburi köçkünlərin) siyahısını onların istifadə etdikləri xidmətlərin növləri göstərilməklə, hər bir işğal olunmuş rayon (şəhər) üzrə ayrı-ayrılıqda bu Qaydaya əlavə olunmuş forma əsasında tərtib edirlər. Həmin siyahılar istehlakçıların məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinin başçıları tərəfindən rübdə bir dəfə dəqiqləşdirilməklə, ildə bir dəfə təsdiq edilərək Komitəyə təqdim olunur. Hər ay həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal və digər xidmət xərcləri üzrə tələb olunan məbləğlər hər bir xidmət növü üzrə müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanır və ödənişin aparılması üçün hər növbəti ayın 5-dən gec olmayaraq Komitəyə təqdim edilir. Komitə öz növbəsində müvafiq ay üzrə kommunal və digər xidmət xərclərinin xidmət təşkilatlarına ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq ödəniş sənədlərini hazırlayıb təqdim edir. Həmin Qaydaların 6-cı bəndinə əsasən kommunal xidmət təşkilatları elektrik enerjisi (adambaşına ayda 150 kvt.s. nəzərdə tutulur), qaz və suya görə istehlakçıların istifadə etdiyi müvafiq xidmətin haqqını sayğacların göstəricilərinə (sayğac olmayan yerlərdə adambaşına müvafiq tarif və normalara) əsasən müəyyənləşdirir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il 11 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydasının təsdiq edilməsi barədə” 2002-ci il 22 yanvar tarixli 15 nömrəli qərarı ləğv edilmişdir. «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il Fərmanının 1-ci bəndinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçıya 31 dekabr 2016-cı il tarixədək hesablanmış 1.215 manat elektrik enerjisi borcu elektrik enerjisi borcu silinmişdir və həmin məbləğdə borc istehlakçıdan tələb edilə bilməz. Bundan əlavə məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan ünvanda borcun yarandığı tarixlərdə yaşamadığı və həmin ünvanda elektrik enerjisindən istifadə etmədiyi üçün “Barmek borcu” kimi qeyd olunmuş 380,15 manat məbləğində istifadə olunmuş elektrik enerjisinin dəyəri ondan tələb edilə bilməz və silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanda yaşayan İddiaçı mərhum anası X1 adına olan **********70011 saylı abonent koduna hesablanmış 1.595 manat 15 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Çünki, iddiaçı 1.673 manat 33 qəpik məbləğində borcun silinməsini xahiş etsə də, 1.595 manat 15 qəpik elektrik enerjisi borcundan əlavə məbləğin silinmiş borc olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanda yaşayan İddiaçı mərhum anası X1 adına olan **********70011 saylı abonent koduna hesablanmış 1.595 manat 15 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-1585/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1585/2023
11.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver