Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1594/2024 30.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi və istehlakçının pozulmuş hüquqlarının müdafiəsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi və istehlakçının pozulmuş hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, NDM 033589 nömrəli aktı ləğv edərək, onun hüquqlarının bərpa edilməsi, həmin akta əsasən göstərilmiş əsassız olan 835,87 manat cərimənin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1 ünvanında (faktiki olaraq M.Ə.Rəsulzadə qəsəbəsi, 15-ci sıra küçəsi,ev 99) yerləşən mülkün sahibidir. Həmin fərdi yaşayış evinin kommunal xərclərini vaxtlı-vaxtında ödəyir. İddiaçının fərdi yaşayış evində 2 fazalı elektrik sayğacı quraşdırılmışdır. 2023-cü ilin iyul ayının təxminən ilk günlərində iddiaçıya "xxxx" ASC-dən bildirdilər ki, guya onun 835 manat (səkkiz yüz otuz beş manat) borcu vardır. İddiaçı bu barədə '‘Azərişıq” ASC-yə müraciət etmiş və səbəbini izah etməyi xahiş etmişdir. "Azərişıq” ASC-nin ona ünvanladığı xx.xx.2023-cü il tarixli, 13- 13/2-2/18-1-4943-5/2023 saylı məktubunda göstərilmişdir ki, müraciətlə əlaqədar **********70099 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən guya məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixində satışa nəzarət idarəsinin əmədaşları tərəfindən "Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən, guya fərdi yaşayış evinə məxsus sayğacdan kənar xətdən (sayğacın girişində sxem pozulmuşdur. Belə ki, faza xəttinin girişinə sıfır xətti daxil olub.Sıfır xəttinin girişinə isə faza xətti daxil olub. Kənar mənbədən götürülmüş sıfır xətti vasitəsilə sayğac qismən dövriyyədən kənarlaşdırılıb) istifadə olunması faktı guya aşkarlanmış, NDM 033589 nömrəli aktı tərtib edilmişdir. İtirilmiş elektrik enerjisinin bərpası məqsədilə 6748kvt (835manat, 87qəpik) dəyərində ödəniş sənədi hazırlanmışdır. Binəqədi rayon İdarəsinin bu əraziyə nəzarət edən nəzarətçisi X3 və ASC-nin digər əməkdaşları daimi olaraq gəlib onun evində quraşdırılmış sayğacı yoxlayırlar və indiyədək heç bir pozğunluq və sayğaca kənar müdaxilə aşkar etməmişlər. Bundan əlavə ASC-nin işçiləri tərəfindən tərtib olunmuş Akt hal-hazıradək iddiaçıya təqdim olunmayıb və təqdim olunmasından da boyun qaçırılır. Göstərmək istəyir ki, bu akt və bildiriş tamamilə saxta və əsassız, "Elektrik enerjisində istifadə" qaydalarının tələblərinə zidd tərtib olunmuşdur. İddiaçı bu aktla razı deyil, çünki ona maddi ziyan vurmuşlar. Qeyd etdiyi kimi, "xxxx" ASCnin X3 adlı əməkdaşı onun mənzilində quraşdırılmış plombunu sistematik olaraq yoxlayır və indiyədək onun tərəfindən sayğacda heç bir nasazlıq və kənar müdaxilə aşkar olunmamışdı. Aşkar olunsaydı, bu barədə akt tərtib olunardı. Bundan əlavə "xxxx" ASCnin NDM033589 nömrəli Aktı tərtib edən əməkdaşları həmin Aktı hadisə yerində deyil, "xxxx" ASC-nin İdarə binasında tərtib etmişlər. "xxxx" ASC-nin Aktı tərtib edən əməkdaşları onun evindəki elektrik sayğacına ailə üzvlərinin heç birinin, o cümlədən, nə iddiaçının və nə də hal şahidlərinin-qonşuların iştirakı olmadan baxış keçirmişlər (əgər buna baxış keçirmək demək olarsa) və bununla da “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərini kobud surətdə pozmuşlar. Çünki onun tərəfindən elektrik sayğacına heç bir müdaxilə edilməyib, sayğacın sxem ardıcıllığı pozulmayıb və dövriyyədən kənarlaşdırılmamışdır. Sual olunur, Bakı "xxxx" ASC-nin əməkdaşları onun evində öz əməkdaşları tərəfindən qoyulmuş sayğaca nə səbəbə görə iddiaçının, qonşularının və yaxud hal şahidlərinin iştirakı ilə baxış keçirməmişlər? Həmin akt halhazırda da ona niyə təqdim olunmur və təqdim etməkdən də boyun qaçırırlar. Bundan əlavə olaraq bildirir ki, xx.xx.2024-cü il tarixində gecə saat təxminən 1-də fərdi evin elektrik enerjisi heç bir səbəb və sənəd təqdim edilmədən, ondan xəbərsiz sayğaca müdaxilə olunaraq şəbəkədən ayrılmışdır. Həmin vaxtdan indiyədək evdə işıqsız və istiliksiz qalmışlar. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, o, anası ilə birlikdə həmin ünvanda yaşayır və anası-hazırki iş üzrə iddiaçı ahıl yaşlarında qadındır, hansı ki günün bütün saatlarında evdə olur və təkbaşına olaraq işıqdan minimal həddə istifadə edir. Onlara hər ay sayğacın göstəricilərinə görə qəbz verilmiş və onlar da davamlı olaraq isitfadə etdikləri elektrik enerjisinə görə haqları ödəmişlər. İyul ayında onların işığını kəsmişlər, lakin onlara nə səbəb bildirilmiş, nə də ki, akt verilməmişdir. Sonradan işıq idarəsinə müraciət etmişlər və işıq idarəsindən onlara şifahi qaydada bildirilmişdir ki, gedib işıq xəttini yenidən birləşdirə bilərlər. Bundan sonra özləri işıq xəttini bərpa etmişlər. Lakin bu ilin yanvar ayında artıq onların işıqlarını tamamilə xətdən ayırmışlar və qışın soyuğunda onlar işıqsız qalmışlar. Bundan sonra yenə işıq idarəsinə müraciət etmişlər, lakin onlara bildirmişlər ki, mənzillərinə kənar xətt aşkar edilmişdir və buna görə də cərimə ödəməlidirlər. Bununla qəti razı deyildir, belə iyul ayında bu hadisə olmuşdursa da, onların heç bir məlumatı olmamışdır. Qərəzli şəkildə onların iştirakı olmadan mənzillərinə dair akt yazmışlar. Həmin aktla razı deyildir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" ASC-də Nəzarət İdarəsində mühəndis vəzifəsində çalışan X4 ifadəsində göstərmişdir ki, hadisə keçən il 15 iyul səhər 9-10 saatlarında baş verib. Baxış keçirən zaman görmüşlər ki, sayğacın qoşulma sxemi səhvdir. Akt tərtib etmişlər. Sayğacdakı sxemlər zavodda qoyulan sxemlərdən fərqli idi, səhvlik var idi. Belə olduğu təqdirdə sayğac qeyd etmir. Video-çəkiliş zamanı da bunu göstərmişlər. Kənardan 0 xətti götürüldüyünə görə sayğac qeyd etməyib. Bunu aşkar etdikdən sonra evin qapısını döymüşlər, lakin açan olmadı. Hətta qonşu qapını da döymüşlər, qapıya balaca boy bir qadın çıxdı. Onlar aktı tərtib etdikdən sonra abunəçini məlumatlandıra bilməmişlər, çünki evin qapısını açan olmadı. Prosedura görə akt abunəçiyə göndərilməli idi və tam xatırlamasa da, akt abunəçiyə göndərilib. Akt tərtib olunarkən iş yoldaşı Vəliyev Gəray onunla birlikdə olmuşdur. İş materialları: Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin xx.xx.2019-cu il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 475 saylı reyestr kitabının 44591 saylı vərəqində qeydiyyata alınmışdır. "xxxx" ASC-nin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13-13/2-2/18-1-4943- 5/2023 saylı məktubunda göstərilmişdir ki, müraciətlə əlaqədar **********70099 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixində satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən "Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən, fərdi yaşayış evinə məxsus sayğacdan kənar xətdən (sayğacın girişində sxem pozulmuşdur. Belə ki, faza xəttinin qrifinə sıfır xətti daxil olub. Sıfır xəttinin qrifinə isə faza xətti daxil olub.Kənar mənbədən götürülmüş sıfır xətti vasitəsilə sayğac qismən dövriyyədən kənarlaşdırılıb) istifadə olunması faktı aşkarlanmış, NDM 033589 nömrəli aktı tərtib edilmişdir. İtirilmiş elektrik enerjisinin bərpası məqsədilə 6748 kvt (835,87 manat) dəyərində ödəniş sənədi hazırlanmışdır. Abunə haqqında bildiriş vərəqinin təhlili də təsdiq edir ki, aktın hesabatı “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq aparılmışdır. "xxxx" ASC-nin NDM 033589 nömrəli xx.xx.2023-cü il tarixli akta əsasən **********70099 abunə kodu üzrə İddiaçı məxsus fərdi yaşayış evində sayğaca baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın girişində sxem pozulmuşdur. Belə ki, faza xəttinin qrifinə sıfır xətti daxil olub. Sıfır xəttinin qrifinə isə faza xətti daxil olub. Kənar mənbədən götürülmüş sıfır xətti vasitəsilə sayğac qismən dövriyyədən kənarlaşdırılıb. "xxxx" ASC Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər adlı xx.xx.2023-cü il tarixli sənəddən görünür ki, **********70099 abunə kodu üzrə itirilmiş elektrik enerjisinə görə 835,87 manat məbləğində borc hesablanmışdır. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, **********70099 nömrəli kod üzrə istehlakçı İddiaçı xx.xx.2024-cü il tarixədək yaranmış 843 manat borcun xx.xx.2024-cü ilə qədər ödənilməsi tələb olunmuşdur.Əks halda ona verilən elektrik enerjisi xəbərdarlıq edilmədən dayandırılacaqdır. "xxxx" ASC-nin bildiriş-xəbərdarlıq qəbzindən görünür ki, **********70099 abunə kodu üzrə xx.xx.2023-cü il tarixdə 30 manat ödəniş edilmiş, ödəniləcək məbləğ 853,61 manat təşkil edir. Tətbiq edilən qanunvericilik: 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1.-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanında iddiaçıya məxsus olan yaşayış sahəsi üçün quraşdırılmış elektrik enerjisi sərfiyyatını ölçən sayğaca xx.xx.2023-cü il tarixdə keçirilən baxış zamanı sayğacın sxeminin pozulması müəyyən edilmişdir. Faktla bağlı müvafiq akt tərtib edilmiş, lakin istehlakçıya təqdim edilməmişdir. Aktı tərtib etmiş Azərişıq ASC-nin əməkdaşı məhkəmə iclasında verdiyi ifadəsində aktın istehlakçının iştirakı ilə tərtib edilməməsini və həmin an aktın istehlakçıya təqdim edilməməsini istehlakçının evinin qapısını açan kimsənin olmaması ilə əsaslandırmışdır. Bununla belə qeyd edilən qaydaların müddəalarına əsasən müəyyən edilmiş faktla bağlı videoçəkiliş aparılmışdır. Hazırda məhkəmə tərəfindən abunə vərəqəsi təhlil edilərkən müəyyən edilir ki, abunəçinin xx.xx.2022-ci il tarixədək limitdən artıq sərfiyyatı olsa da, xx.xx.2022-ci il tairxdən etibarən abunəçi elektrik enerjisindən yalnız limit çərçivəsində istifadə etmişdir. Abunəçinin 2023-cü ilin yanvar ayından etibarən limitdən artıq olmadan, yəni bir kvt-a görə hesablanan məbləğ 0,08 manat olmaqla elektrik enerjisindən istifadəsi müəyyən edilir.Abunə vərəqəsində abunəçi barəsində mübahisələndirilən akt tərtib edildikdən sonra isə xx.xx.2023-cü il tarixdən etibarən yenidən limitdən artıq istifadəsi müəyyən edilmişdir. Bu hal ona dəlalət edir ki, abunəçinin sayğaca müdaxilə etməsi halı istisna edilmir. İddiaçının aktın ləğv edilməsi barədə tələbini məhkəmə əsassız hesab edir və bu hissədə iddianın təmin edilməməsi qənəatinə gəlir. İddia tələbinin hesablanmış 835,87 manat cərimənin silinməsi ilə bağlı qeyd olunmalıdır ki, məhkəmə bu hissədə tələbi qismən əsaslı hesab edir. İddiaçının şəxsiyyəti, xx.xx.1953-cü il təvəllüdlü olmaqla yaşının ahıl yaşlarında olması nəzərə alınmaqla ona hesablanmış cərimənin azaldılmasını məqsədəuyğundur. Belə ki, iddiaçıya hesablanmış cərimə 244 gün üçün 835,87 manat məbləğində hesablanmışdır. Məhkəmə hesab edir ki, həmin hesablamaya əsasən bir gün üçün orta sərfiyyat məbləği müəyyən edilməklə (835,87:244 ≈3,43 manat) məhkəmə 30 gün müddəti üçün (30x3,43=102,90 manat) iddiaçıya cərimə hesablanmasını ağlabatan hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "aktın ləğv edilməsi və cərimənin silinməsi” tələbinə dair iddiası qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. **********70099 abunə kodu üzrə NDM 033598 nömrəli akta əsasən İddiaçı hesablanmış cərimə məbləği azaldılsın və 102,77 (yüz iki manat yetmiş yeddi qəpik) manat məbləğdə müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1594/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1594/2024
30.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver