Məhkəmə qərarları › İş №2(006)-1607/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1607/2022

10.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1607/2022 10.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik təchizatı üçün ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik təchizatı üçün ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektrik təchizatı üçün iddiaçı tərəfindən ödənilən 543 (beş yüz qırx üç) manat məbləğində pulun cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən yaşayış evinin elektrik enerjisi ilə təchiz edilməsi üçün cavabdeh "xxxx" ASC-yə yazılı şəkildə müraciət etmişdir. "xxxx" ASC tərəfindən onun müraciətinə cavab olaraq 06.01.2021-ci il tarixdə bildiriş ünvanlanmış və həmin bildirişdə əhali abonentinin enerji təchizatı şəbəkəsinə 24 gün müddətində qoşulma üçün bildiriş təqdim olunduqdan 3 gün sonra 543 (beş yüz qırx üç) manat ödəniş etməli olduğu qeyd edilmişdir. Həmin bildiriş əsasında "xxxx" ASC-nin Dəmiryol şöbəsində "xxxx" ASC-nin balansına 543 (beş yüz qırx üç) manat ödəniş etmişdir (müvafiq qəbz və bildiriş qoşmaya əlavə edilmişdir). Lakin, "xxxx" ASC üzərinə düşən öhdəliyi icra etməmiş və fərdi yaşayış evi bu günə qədər elektrik enerjisi ilə təchiz edilməmişdir. Bununla bağlı dəfələrlə həm 2 saylı Bakı Asan Kommunal mərkəzinə, həm də "xxxx" ASC-yə öhdəliyin lazımi qaydada icrası və ya ödənişin geri qaytarılması barədə müraciət etsə də, müraciətləri nəticəsiz qalmış və rəsmi qaydada müvafiq cavab ünvanlanmamışdır (müvafiq qəbzlər qoşmaya əlavə edilmişdir). 11 oktyabr 2021-ci il tarixdə “Asan Xidmət”lə İş və Elektron İdarəetmə Departamentinə ərizə ilə müraciət edərək elektrik enerjisi çəkilməsi üçün ödədiyi vəsaitin ona geri qaytarılmasını tələb etsə də, adı çəkilən qurum ona ödədiyi pulunu geri qaytarmamış və müvafiq cavab verməmişdir. Qeyd olunanları nəzərə alaraq, sonda iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06.01.2021-ci il tarixli cavabdeh "xxxx" ASC tərəfindən ünvanlanan Bildirişdən görünür ki, əhali abonentinin enerji təchizatı şəbəkəsinə 24 gün müddətində qoşulmasına görə qoşulma haqqı 543 (beş yüz qırx üç) manat müəyyən edilmişdir. Qeyd olunmuşdur ki, qoşulma haqqı bildiriş təqdim olunduqdan 3 gün sonra ödənilə bilər. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı tərəfindən 543 (beş yüz qırx üç) manat məbləğində pul cavabdeh "xxxx" ASC-yə ödənilmişdir. İş materiallarında olan 11.10.2021-ci il tarixli cavabdeh "xxxx" ASC-yə iddiaçı tərəfindən ünvanlanan Ərizədən görünür ki, iddiaçının yaşadığı ünvana 4 ay ərzində işıq çəkilməmişdir və buna görə də, ödədiyi pulun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 3.5-ci maddəsinə görə yeni elektrik qurğularına gərginliyin verilməsi yalnız uçot cihazları quraşdırılıb yoxlanıldıqdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən yuxarı elektrik qurğularına münasibətdə isə, X1 Agentliyi tərəfindən istismara buraxılış aktı verildikdən, elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlandıqdan sonra yerinə yetirilir. Həmin Qaydaların 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qeyd olunan qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Odur ki, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı tərəfindən elektrik təchizatı üçün ödənilən 543 manat məbləğində pul iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdiqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı elektrik təchizatı üçün ödədiyi 543 (beş yüz qırx üç) manat pul cavabdeh "xxxx" ASC tərəfindən iddiçıya geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar