Məhkəmə qərarları › İş №2(006)-166/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-166/2024

18.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-166/2024 18.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı İmanverdi oğlunun iştirakı ilə, İddiaçı İmanverdi oğlunun (üçüncü şəxs qismində X8, X5, X1, X13 və X7 cəlb edilməklə) cavabdeh 1 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı "vərəslik hüququ üzrə ötürülmüş müddətin bərpası” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İmanverdi oğlu cavabdeh 1 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı "vərəslik hüququ üzrə ötürülmüş müddətin bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasın qəbulu müddətinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışlar ki, xx.xx.2022-ci ildə onun 1 saylı Bakı Asan Xidmət mərkəzinə müraciəti əsasında xx.xx.2020-ci il tarixdə vəfat etmiş atası X4 adına xx.xx.2020-ci il tarixdə vərəsəlik işi açılmış, təqdim olunan sənədlər araşdırılmış və onun vərəsəliyinin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Məhkəmə iclasında İddiaçı İmanverdi oğlu iddia tələbini müdafiə edərək, onun təmin edilməsi məhkəmədən xahiş etmişdir. Cavabdeh 1 saylı Bakı "ASAN xı̇ dmət" mərkəzı̇ ndə notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 17 may 2022-ci il tarixdə verilmiş AZ-Vİ seriyalı 702306 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı İmanverdi oğlu xx.xx.1965-ci ildə Bakı şəhərində doğulmuşdur. Onun atası X6r. İş materiallarında olan 1 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən 08 sentyabr 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 121660 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan 1 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinin İddiaçı İmanverdi oğluna ünvanlanmış 25 may 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş atası X4 adına xx.xx.2020-ci il tarixdə vərəsəlik işi açılmış, təqdim olunan sənədlər araşdırılmış və müəyyən edilmişdir ki, X9 tərəfindən vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüş, ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət edilə bilər. İş materiallarında olan 25 may 2022-ci il tarixli “məcburi vərəsəlik hüququ” haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X4 vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan X2r və o miras əmlakdan 1/8 hissədə pay almalıdır. İş materiallarında olan 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisində təsdiqlənmiş 02 mart 2018-ci il tarixli vəsiyyətnamənin sürətindən görünür ki, X10 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün əmlakını- ünvan 3 ünvanında qeydiyyatda olan X12 vəsiyyət etmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(005)-3809/2022 saylı qətnaməsi ilə İddiaçı İmanverdi oğlunun iddiası təmin edilərək, 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisində təsdiqlənmiş 02 mart 2018-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilməsi qət edilmişdir. Beləliklə, iş üzrə müəyyən edilmişdir ki, iddiaçının atası X9 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Vərəsə İddiaçı İmanverdi oğlu mirasın qəbul edilməsi ilə bağlı müraciət etmişdir. Lakin ona mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyü bildirilmişdir. Hazırda iddiaçı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edərək bərpa edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin iddiaçıya nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri iddiaçının ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəl qüvvədə olan 1246-cı maddəsinin müddəalarına uyğun olaraq müddətin ötürülməsi müəyyən edilmiş, lakin Konstitusiya Məhkəməsinin Plenumunun yeni hüquqi mövqeyi nəzərə alınaraq mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətlər yığışdırıldığından, İddiaçı İmanverdi oğlu cavabdeh 1 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı "vərəsəlik hüququ üzrə ötürülmüş müddətin bərpası” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı iddiaçıya Konstitusiya Məhkəməsinin Plenumunun yeni hüquqi mövqeyinə əsasən cavabdeh Notariat Ofisinə müraciət olunması təklif edilmiş, iddiaçı bu təklif əsasında şifahi olaraq Notariat Ofisinə müraciət etmiş, lakin onun müraciəti müsbət şəkildə öz həllini tapmamışdır. Bununla əlaqədar da məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun yeni hüquqi mövqeyini əsas götürərək işə mahiyyəti üzrə baxılmasını məqsədə uyğun hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 qalmış mirasın İddiaçı İmanverdi oğlu tərəfindən qəbul edilməsi üzrə ötürülmüş müddət bərpa edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar