Məhkəmə qərarları › İş №2(006)-1671/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1671/2023

18.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1671/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yəqarşı "zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əvvəllər tanıdığı X11 ona müraciət edərək, bildirmişdir ki, ona pul lazımdır və o, həmin pulu "xxxx" ASC-dən kredit şəklində götürmək istəyir. Lakin bankda ona bildirmişlər ki, kreditin götürülməsi üçün ona zamin lazımdır. Bundan sonra X11 ondan xahiş etmişdir ki, ona 1500 manat pul götürmək üçün bankda zamin dursun.O da razılıq verib onunla bankın “Qaradağ” filialına getmiş və orada zaminlik müqaviləsi ilə tanış olan zaman məlum olmuşdur ki, X11 1500 manat yox, 3000 manat məbləğində kredit götürür. Belə olan halda təbii ki, o müqavilənin bağlanmasına etiraz etmiş və həmin zaminlik müqaviləsinə qol çəkməmişdir. Bundan sonra isə bank əməkdaşı Etibara 3000 manat yox, 7000 manat kredit vermiş və onu da 7000 manat üzrə zamin təyin etmişlər. Bütün bu olanlardan sonra "xxxx" ASC ilə X11 arasında xx.xx.2013-cü il tarixli 285 nömrəli kedit müqaviləsi bağlanmış və onu həmin kredit müqaviləsi üzrə zamin təyin etmişlər. Halbuki o, həmin kredit müqaviləsinə imza atmamış və onun bununla bağlı heç bir şeydən xəbəri yoxdur. Bundan sonra o ərizə ilə "xxxx" ASC-yə zaminlik müqaviləsinin alınması üçün müraciət etmiş və bank tərəfindən onun ünvanına xx.xx.2013-cü il tarixli, 161 nömrəli zaminlik müqaviləsi göndərildi. Halbuki həmin zaminlik müqaviləsi onun tərəfindən imzalanmamış və onun əvəzinə kimsə həmin müqaviləni imzalamışdır. Bu hadisələrdən sonra prokurorluq orqanları onu çağırdılar və onun izahatını aldıqdan sonra dedilər ki, onun heç bir günahı yoxdur və evinə gedə bilər. Bir müddətdən sonra ona məlum olmuşdur ki, bankın tanımadığı həmin əməkdaşı saxtakarlığa yol verdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və həbs edilmişdir. Hal-hazırda o “Socar” şirkətində işləyir və onun əmək haqqısından zamin kimi kredit müqaviləsi üzrə hər ay çıxılmalar aparılır. Hesab edir ki, onunla saxta şəkildə bağlanmış xx.xx.2013-cü il tarixli, 161 nömrəli zaminlik müqaviləsi etibarsız heab edilməli və onun aylıq əmək haqqısından çıxılmış 5000 manat pul "xxxx" ASC tərəfindən ona geri qaytarılmalıdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, öz izahatında bildirmişdir ki, əvvəllər tanıdığı X11 ona müraciət edərək, ona pul lazım olduğunu və o, həmin pulu "xxxx" ASC-dən kredit şəklində götürmək istədiyini, lakin bankda ona bunun üçün zamin lazım olduğunu bildirmişdir. Bundan sonra o, ona müraciət etmiş və 1500 manat kredit götürmək üçün ona zamin olmağını xahiş etmişdir. O bununla razılaşmış və onunla birlikdə Qaradağ filialına getmiş, lakin orada müqavilə ilə tanış olarkən ona məlum olmuşdur ki, müqavilə 3000 manatlıq krediti özündə ehtiva edir. O buna görə də zamin olmaqdan imtina etmişdir. Bundan sonra bank əməkdaşı ona 7000 manat kredit vermiş və onu da zamin kimi qeyd etmişdir. Halbuki o həmin müqaviləyə imza atmamışdır. Onun əvəzinə kimsə həmin müqaviləni imzalamışdır. Bu hadisədən sonra prokurorluq orqanları onu çağırmış, onun izahatını aldıqdan sonra ona deyilmişdir ki, onun heç bir təqsiri yoxdur və evə gedə bilər. Sonradan ona məlum olmuşdur ki, bankın əməkdaşının yol verdiyi saxtakarlıq səbəbindən o, cinayət məsuliyyətinə cəlb edilmişdir. Hal-hazırda o, Socar şirkətində işləyir və onun əmək haqqından zamin kimi hər ay pul çıxılmaqdadır. Hesab edir ki, həmin zaminlik müqaviləsi etibarsız hesab edilməli və onun bank hesabından çıxılmış ümumilikdə 5000 manat pul geri qaytarılmalıdır. İddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək, öz izahatında bildirmişdir ki, hazırki işlə bilavasitə bağlılığı olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 1(101)-844/2017-ci il tarixli hökmü elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunmuşdur. Ona görə də həmin imzalarla bağlı məsələ təkrarən mübahisələndirilə bilməz.

5. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli, 161 №-li Zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC X11 arasında bağlanmış müqaviləyə əsasən X10 24 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Zamin X1 Etibar Nəsibala oğlunun öhdəliklərinin yerinə yetirilməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür.

7. İş materiallarında olan X3 "xxxx" ASC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, X6 "xxxx" ASC ilə X11 arasında bağlanmış kredit müqaviləsinin və onunla bağlanmış zaminlik müqaviləsinin yenidən araşdırılmasını və məsələnin həllində ona köməklik edilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi bildirilmişdir.

8. "xxxx" ASC tərəfindən X4 ünvanlanmış cavab məktubunun surətindən görünür ki, X4 bildirilmişdir ki, onunla "xxxx" ASC Qaradağ filialı arasında xx.xx.2013-cü il tarixdə 24 ay müddətinə 7000 manat məbləğində zaminlik kredit müqaviləsi rəsmiləşdirilmişdir. Rəsmiləşdirilmiş kredit müqaviləsinin və təqdim edilmiş ödəniş cədvəlinin şərtləri tərəfindən razılaşdırılaraq imzası ilə təsdiqlənmişdir. Zaminlik müqaviləsinin surəti təqdim edilmişdir.

9. İş materiallarında olan 1(101)-844/2017 saylı, xx.xx.2017-ci il tarixli Hökmdən görünür ki, ekspertizaya təqdim olunmuş xx.xx.2013-cü il tarixli 161 nömrəli zaminlik müqaviləsində zamin və X6 yazısının altındakı imza X6 tərəfində icra olunmuşdur.

10. İş materiallarında olan 17 mart 2017-ci il tarixli ekspert rəyinin 13-cü vərəqində, 15-ci hissəsində görünür ki, hazırki mübahisəli xx.xx.2013-cü il tarixli, 161 nömrəli zaminlik müqaviləsi İddiaçı tərəfindən icra olunmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" ASC Qaradağ filialı ilə X11 arasında bağlanmış xx.xx.2013-cü il tarixdə 285 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən X10 24 ay müddətinə, 7000 AZN məbləğində kredit verilmiş, X2 borclu X8 bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. X2 müqavilənin onun razılığı olmadan bağlandığını və imzaların ona məxsus olmadığını iddia edərək məhkəməyə müraciət etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir;

13. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir;

14. Eyni Məcəllənin 337.1-ci maddətinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;

15. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir;

16. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır;

17. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

18. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

19. Əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları).

20. Dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

21. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-844/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü və 17 mart 2017-ci il tarixli ekspert rəyi hazırki iş üzrə (imzanın ona məxsus olması hissəsində) əsas sübut növü kimi qiymət verilməlidir.

22. Belə ki, idddiaçı "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinin imzaların ona məxsus olmadığını əsas gətirərək, etibarsız hesab edilməsini tələb etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-844/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmündə imzaların iddiaçıya aid olması keçirilmiş ekspertiza ilə öz təsdiqini tapmışdır. X4 məxsus olması faktı ekspert rəyində qeyd edilməsinə baxmayaraq, iddiaçı hazırki iddia ilə zaminlik müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Bununla da müqavilə bağlanarkən müqavilə tərəfləri arasında qarşılıqlı iradə ifadəsi mövcud olmuş, bu da əqdin etibarsızlığı qənaətini formalaşdırmır və iddiaçının əqdin etibarsızlığı tələbini irəli sürməsi əsassız hesab edilməlidir. Bu da öz nöbəsində hazırki iddianın rədd edilməsini şərtləndirir.

23. Məhkəmə həmçinin iddiaçı tərəfindən məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi barədə verilmiş vəsatətə münasibətdə qeyd edir ki, vəsatət məhkəmə hazırlıq mərhələsində deyil baxışı iclası zamanı verilmiş, bu hal isə mülki prosessual məcəlləsinin tələblərinin pozulması deməkdir (sübutlar, vəsatətlər və s. məhkəmənin hazırlıq iclası zamanı təqdim edilməlidir). Lakin məhkəmə iddiaçının prosessual hüquqlarının və ədalətli məhkəmə araşdırılması prinsipini nəzərə alaraq verilmiş vəsatətə mahiyyəti üzrə baxaraq onun rədd edilməsi qənaətinə gəlmişdir. Belə ki, verilmiş vəsatət də qaldırılan məsələyə artıq dövlət ekspertizası tərəfindən hüquqi qiymət verilərək imzanın ona məxsus olması müəyyən edilmiş, həmçinin iddia ərizəsindəki və digər iş materiallarındakı imzaların mübahisəli zaminlik müqaviləsindəki imza ilə yüksək oxşarlığın olması açıq müəyyən edildiyindən verilmiş vəsatət təmin edilməməlidir.

24. Məhkəmə iddianın pul tələbi hissəsi ilə bağlı qeyd edir ki, zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbi təmin edilmədiyindən, pul tələbi isə ilkin tələblə birbaşa bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparılmadan pul tələbi də təmin edilməməlidir.

25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əqdin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddiası rədd edilməlidir. İddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

30. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar