Məhkəmə qərarları › İş №2(006)-1676/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1676/2023

28.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1676/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcların silinməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcların silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən **********00000 nömrəli abunə kodu olan ünvan 1 saylı fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 1036 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, istehlakçı kimi onunla Cavabdeh İBnin Bakı Regional Qazın Satışı Departamenti arasında “qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı barədə” müqavilə bağlanaraq yaşadığı Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, döngə 4 ünvanına “Zenner Smart G-4T” tipli “Smart kart" sayğacı quraşdırılmış, istehlakçı kimi ona **********00000 nömrəli abunə kodu verilmişdir. Təxminən 2022-ci ilin sentyabr ayında əraziyə xidmət göstərən “Azəriqaz" İBnin BRQSD-nin Nəsimi rayonu üzrə əməkdaşları tərəfindən ona qeyri-rəsmi bildirilmişdir ki, guya sayğacın göstəriciləri həddindən artıq az sərfıyyat yazır, sayğaca müdaxilə edilib və bunun araşdırılmasına zərurət yaranıb. Bunun üçün BRQSD-nin Nəsimi rayonu üzrə əməkdaşları onun iştirakı olmadan sayğacı çıxarıb apardılar. Sayğac dəyişdiriləndən sonra ona bildirildi ki, onun qazdan istifadəyə görə xeyli borcu var, yəni 8640 m3 sərfıyyat olub və bunun üçün 1036 manat məbləğində pulu ödəməlidir. Halbu ki, əvvəlki ayların sərfıyyatı o qədər təşkil etməmişdir. Cavabdeh İB BRQSD-nin Nəsimi rayonu üzrə əməkdaşları tərəfindən yuxarıda istinad etdiyi halların təsdiqi kimi sənədlər (akt və s.) ona təqdim edilməmiş, sayğacın açılaraq yenisi ilə əvəz etməsində qeyd etdiyi sənədlər imzalanmaq üçün ona təqdim edilməmiş, həmin sənədləri xeyli sonra əldə etmişdir. Göründüyü kimi, Cavabdeh İB-yi tərəfindən aparılan hesablamalar, yəni onun 90 gün ərzində sərfıyyatının 8640 m3 olması və bunun prosessual tərəfi olaraq nə sayğac açılaraq götürülməsində və yenisi ilə əvəz edilməsində, xüsusən də aparılan laboratoriya yoxlaması zamanı iştirakının təmin edilməməsi bir istehlakçı kimi hüquqlarının kobud şəkildə pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə görə dövlət tərəfindən qorunan istehakçı hüquqları ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzi nləyən “Qaz təchizatı haqqında” AR Qanunun tələblərinə görə isə bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00000 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 10567953 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK- 29/1710-03595-1 saylı Akta əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfindən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunmuşdur. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X1nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 8640 m3 təşkil etmişdir. Hesablanmış 1036,80 manat məbləğində dəymiş ziyan 2023-cü ilin yanvar ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. **********00000 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2023-cü il tarixli ******* saylı “Təbii X1nın pozulması haqqında” aktlardan görünür ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən evdə quraşdırılmış sayğaca baxış keçirilmiş və baxış zamanı sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı Akta əsasən hesablanmış dəymiş ziyanın həcmi 8640 m3 təşkil etmişdir. Abonentin saldosunun “Qalıq və aktlar” adlı qrafasından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2023-cü ilin yanvar ayına 1036,80 manat borc hesablanmış, iddiaçı tərəfindən 2023-cü ilin yanvar-mart aylarında borcdan ümumilikdə 113,50 manat ödəniş edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X1”nın 1.3-cü bəndinəsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinəsasən həyata keçirilir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. “X1”nın 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqısatqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, Cavabdeh İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. “X1nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80№-li Qərarının 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıların əməkdaşları tərəfindən Cavabdeh İB-nin balansında və istismarında olan küçə qaz xətlərinə, həmçinin cavabdehin yaşadığı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdın qanunsuz istifadə olunması aşkar edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya məxsus evdə sayğaca baxış keçirilərək akt tərtib edilmiş, həmin akt əsasında Bakı Regional Qazın Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının qərarı ilə iddiaçıya xx.xx.2023-cü il tarixli 037617 saylı akta əsasən 90 gün hesabat müddəti nəzərə alınmaqla 8640 kub metr dəymiş ziyan hesablanmış, dəymiş ziyanın məbləği 1036,80 manat təşkil etmişdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktı öz təsdiqini tapsa da, cavabdeh tərəfindən bu faktın aşkara çıxarıldığı xx.xx.2023-cü il tarixli akt əsasında dəymiş ziyan kimi 90 günə hesablanmış əlavə sərfiyyat ağlabatan deyil və real hesab oluna bilməz. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müqavilə şərtlərinə zidd olaraq sayğacdan kənar qazdan istifadə etməsi halı öz təsdiqini tapdığından, iddiaçı buna görə mülki məsuliyyət daşımalıdır. “X1nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay qazın sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə paylayıcı qazın verilməsini dayandıra bilər. Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, qaz paylayıcısının əməkdaşları hər ay iddiaçının sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. Cavabdeh təşkilat tərəfindən itirilmiş qazın bərpası ilə bağlı dəymiş ziyan hesabat dövrü kimi 90 gün əsas götürülmüşdür. Lakin göründüyü kimi hesabat dövrünün 90 gün götürülməsi yuxarıda göstərilən Qanunun tələblərinə cavab vermir. Bu səbəbdən məhkəmə hesab edir ki, dəymiş ziyan hesablanarkən hesabat dövrü kimi 90 gün deyil, 30 gün əsas götürülməlidir. Belə olan halda xx.xx.2023-cü il tarixli akta əsasən itirilmiş qazın həcmi 30 gün üçün 2880 kub metr kimi qəbul edilməli və vurulmuş ziyan 0.12 manat nəzərə alınmaqla 345,60 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, silinməsi tələb olunan 1036 manat borc məbləğindən 345,60 manat məbləğində vurulmuş ziyan çıxılaraq, qalan 690,4 manat borc silinməklə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən **********00000 nömrəli abunə kodu olan ünvan 1 saylı fərdi yaşayış evinə hesablanmış 690,4 manat məbləğində borc silinməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən **********00000 nömrəli abunə kodu olan ünvan 1 saylı fərdi yaşayış evinə hesablanmış 690,4 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar