Məhkəmə qərarları › İş №2(006)-1685/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1685/2020

16.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1685/2020 16.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı2, İddiaçı1 nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "Cavabdeh" X9 Təşkilatı X5rşı "girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh Bank” ASC-nin Ağcabədi filialı ilə aralarında bağlanmış xx.xx.2015ci il tarixli kredit müqaviləsinin təminatı kimi girov qoyulmuş 145,70 qram çəkidə qızıl və 4,50 qram çəkidə qaşı olan qızıl-zinət əşyalarının cavabdehdən alınıb özlərinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar hər ikisi məcburi köçkündürlər. Ailəlikcə Tərtər rayonunda məskunlaşmışlar. Dövlət tərəfindən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün yaradılmış və məcburi köçkünlərin istifadəsinə verilmiş Tərtər rayonu, Yenişıxah qəsəbəsində yerəşən 2 sayli binada olan mənzillərdə yaşayırlar, qonşudurlar. 2015-ci il tarixdə nəvəsinin baş beyin əməliyyatı edilməsi zərurəti ilə əlaqədar ona təcili pul lazım idi. “xxxxxxxxxxxx” ASC-də kredit borcu olduğuna görə ona heç bir bank kredit vermək istəmirdi. Lakin uşağın yaşaması üçün təxirə salınmadan əməliyyat edilməsi lazım idi. Onun adına kredit verilməsi mümkün olmadığından qonşusu, hazırkı iş üzrə digər İddiaçı1 ilə razılaşmışlar ki, tələb olunan məbləği onun adına götürələr. O, əvvəlcədən kredit barədə “Cavabdeh Bank” ASC-nin Ağcabədi filialı ilə razılaşdığı üçün həmin bankdan Rafiqin adına xx.xx.2015-ci il tarixdə kredit almışlar. Bankdan onun adına 2.600 ABŞ dolları mələğində götürülmüş kreditin qaytarılmasının təmin edilməsi üçün o, 145,70 qram qızıl-zinət əşyasını girov qoymuş, Rafiq həmin pulu alıb ona təhvil vermişdir. O, girov qoyub “Cavabdehbankdan” götürmüş olduğu 2.600 ABŞ dolları kredit pulunu nəvəsinin müalicəsinə sərf edib onun həyatını xilas edə bilmişdir. Sonradan götürülmüş puldan cəmi 200 ABŞ dolları məbləğində borc ödəmiş, qalan hissəsini isə maddi vəziyyətlə əlaqədar ödəyib qaytarmaq mümkün olmamışdır. Belə ki, dolların məzənnəsi qalxdığına görə ödənilən məbləğin borcdan çıxılması ilə bağlı bankla narazıçılıq yaranmış, ödənilən pulu faizə, cəriməyə silinəcəyi bildirilmiş, tələb edilən artmış məbləği ödəmək bu şəkildə mümkün olmamışdır. Prezidentimizin məlum Sərəncamından sonra onlar Banka müraciət edərək ona olan borclarını ödəyib qızılları qaytarmaq istədiklərini bildirmişlər. “Cavabdeh Bankın” hüquqi varisi olan “Cavabdeh BOKT” əməkdaşları onlara qızılları satdıqlarını bildirmişlər. Bank tərəfindən heç bir xəbərdarlıq edilmədən, həm də ki onların xəbərləri olmadan girov qoyulmuş 11.000 manat dəyərində qızılları satıb mənimsəmələrinə etiraz etmişlər. “Cavabdeh Bankın” hüquqi varisi olan “Cavabdeh BOKT” əməkdaşlarından qızıllarını tələb edib ala bilməmişlər. Satış aktının onlara verilməsini tələb etmiş, lakin onlara heç bir sənəd verilməmişdir. Cavabdeh bizim banka girov qoymuş olduqları 145,70 qram çəkidə qızıl və 4,50 qram çəkidə qaşı olan qızıl-zinət əşyalarını sataraq qanunsuzluq etmiş, onların hüquqlarını və qanunla qorunan mənafelərini pozulmuşdur. Belə ki, onlar yuxarıda qeyd etdikləri kimi yaşadıqları ərazidən yaranmış müharibə şəraiti ilə əlaqədar hər bir əmlakını düşmən tapdağında qoyub gəlmiş, maddi yardıma ehtiyacı olan insanlardır. Onlar yalnız bu səbəbdən kredit götürüb cavabdehə borclu qalmışlar. Cavabdeh burada onlardan asılı olmayan və onun belə ağır vəziyyətə düşmələrini, üstəlik ABŞ dollarının məzənnəsinin süni surətdə artırılması nəticəsində yaranmış fövqəladə halı nəzərə almamışdır. Bundan başqa, onların heç biri qızılların satılması barədə notarial qaydada razılıq verməmişlər. Ümumiyyətlə, cavabdeh qızılları harada, hansı qiymətə və necə satılması barədə heç bir məlumat verməmişdir. Onlar borcu aybaay ödəməyə hazırdırlar. Qızılları cavabdehdən alınaraq özlərinə qaytarılmalıdır. Cavabdeh qızılları könüllü olaraq qaytarmaq fikrində deyildir. Ona görə də pozulmuş hüquqlarının bərpasının təmin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 və İddiaçı1 nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə İddiaçı1 ilə “Cavabdehbank” ASC-nin Ağcabədi filialı arasında kredit və girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçıya 24 ay müddətinə 42,5 %-lə 2.698 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank öhdəliyinin təminatı kimi 2.453 ABŞ dolları məbləğində qiymətləndirilmiş qızıllar girov qoyulmuşdur. Ümumilikdə 4049 ABŞ dolları ödənilməli olsa da, cəmi 200 ABŞ dolları ödəniş edilmişdir. 2018-ci ilin sentyabr ayında qızıllar 3.305 ABŞ dollarına satılmış, tam şəkildə borc öhdəliyinə yönəlmişdir. Qızıllarla birlikdə 3.505 ABŞ dolları ödəniş olmuşdur. Borc öhdəliyi yerinə yetirilmədiyindən qızıllar satılmışdır. Borc ödənilməsə, qızıllar borclunun razılığı olmadan satıla bilərdi. İddiaçı qeyd edir ki, kompensasiyanı da götürüblər. Deməli, qızılın satılıb borcun ödənilməsinə razıdırlar ki, kompensasiyanı da götürüblər. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan “Cavabdehbank” ASC ilə İddiaçı1 arasında bağlanmış xx xxx 2015-ci il tarixli PB/0xx/xx/088803 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdeh İddiaçı1 24 ay müddətinə, illik 42,5 % ödəmək şərti ilə 2.698 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən borc öhdəliyinin təminatı xx xxx 2015-ci il tarixli zərgər aktı ilə təsdiq edilmiş, 2453 USD qiymətləndirilmiş İddiaçı1 mülkiyyətindəki qiymətli metaldır.Eyni zamanda, borclu-girov qoyan tərəf öhdəliyini icra etmədikdə və ya layiqincə icra etmədikdə, girov predmetinin onun razılığı olmadan satılaraq, borcun əvəzinə yönəldilməsi haqqında götürdüyü öhdəliyə dair iltizam vermişdir. İş materiallarında olan İddiaçı1 tərəfindən yazılan xx xxx 2015-ci il tarixli ərizədən görünür ki, İddiaçı1 onunla “Cavabdehbank” ASC ilə aralarında bağlanmış xx xxx 2015-ci il tarixli PB/0xx/xx/088803 saylı kredit müqaviləsinə əsasən verilmiş 2.698 ABŞ dolları məbləğində krediti ödəniş cədvəlinə əsasən 5 (beş) iş günü müddətində gecikdirdiyi halda kreditin təminatı kimi ona məxsus xx xxx 2015-ci il tarixli qiymətləndirmə aktına əsasən 2453 USD qiymətləndirilmiş qızıl-zinət əşyalarının məhkəməyə müraciət edilmədən satılaraq borcun əvəzinə ödənilməsinə razıdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İ̇ddiа ərizəsindən və işin məhkəmə iclаsındа müəyyənləşdirilən hаllаrındаn görünür ki, iddiаçı İddiaçı1 ilə cavabdeh “Cavabdehbank” ASC ilə arasında bağlanmış xx xxx 2015ci il tarixli PB/0xx/xx/088803 saylı kredit müqaviləsinə əsasən İddiaçı1 Banka 24 ay müddətinə, illik 42,5% ödəmək şərti ilə 2.698 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə borc öhdəliyinin təminatı kimi İddiaçı1 mülkiyyətində olan 2453 ABŞ dolları məbləğində qiymətləndirilmiş qızıl-zinət əşyaları girov qoyulmuşdur. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit (borc) və girov müqaviləsi üzrə borc öhdəlikləri lazımınca yerinə yetirilmədiyi üçün Bank tərəfindən qızıl-zinət əşyaları iddiaçının rəsmi razılıq ərizəsi əsasında satılmış və borc məbləğinə silinmişdir. Məhkəmə eyni zamada qeyd edir ki, iddiaçı banka girov qoyduğu qızıl-zinət əşyalarının Bank tərəfindən ona heç bir xəbərdarlıq edilmədən satıldığını bildirsə də, onunla bank arasında bağlanmış xx xxx 2015-ci il tarixli, PB/0xx/xx/088803 saylı kredit müqaviləsinin 3-cü bəndində borclu-girov qoyanın öhdəliyi icra etmədikdə və ya layiqincə icra etmədikdə girov predmetinin onun razılığı olmadan satılaraq borcun əvəzinə yönəldilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı1 və İddiaçı2 cavabdeh "Cavabdeh" X9 Təşkilatı X5rşı girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması" tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "Cavabdeh" X9 Təşkilatı X5rşı "girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar