Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-351/2022 31.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh X8 və Cavabdeh2 qarşı nəqliyyat vasitəsinə dair alqı-saqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X8 və Cavabdeh2 qarşı nəqliyyat vasitəsinə dair alqı-saqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh X8 arasında bağlanmış 03.03.2021-ci il tarixli nəqliyyat vasitəsinə dair alqı-saqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, **-TO-*** dövlət qeydiyyat nömrəli ( Ban nömrəsi 1G1PG5SB6D7318216) Chevrolet Cruze markalı avtomobil ona məxsusdur. 03.03.2021-ci ildə o, tanışı Cavabdeh2 tərəfindən Baş Dövlət Yol Polisinin inzibati binasına aparılmış və burada ona məxsus olan həmin avtomobilin alqı-satqısı həyata keçirilmişdir. Lakin İraq Respublikasının vətəndaşı olan Al X4 alqı-saqı barədə heç bir məlumatın verilmədiyini, avtomobilin satılması barədə sonradan xəbər tutduğunu və bu satışdan pul əldə etmədiyini qeyd edir. Hesab edir ki, 03.03.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsızdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər X8 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan 03 mart 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Al X4 məxsus olan **-TO-*** dövlət qeydiyyat nömrəli (Buraxılış ili: 2013, Tip: Sedan, Rəng: Gümüşü Metalik, Ban nömrəsi 1G1PG5SB6D7318216) Chevrolet Cruze markalı avtomobili X6 16.000 (on altı min) manata satmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin 02.12.2021-ci il tarixli, məhkəmə sorğusuna cavabından müəyyən edilir ki, **-TO-*** dövlət qeydiyyat nömrəli ( Buraxılış ili: 2013, Tip: Sedan, Rəng: Gümüşü Metalik, Ban nömrəsi 1G1PG5SB6D7318216) Chevrolet Cruze markalı avtomobil 22.11.2021-ci il tarixdə alqısatqı müqaviləsi əsasında X3 mülkiyyətindən çıxmış, X1 mülkiyyətinə daxil olmuşdur. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı alqı-satqı müqaviləsi əsasında mülkiyyətində olan avtomobili cavabdeh Ş.Abbasova satmışdır. Sonradan, həmin avtomobil sonuncu tərəfindən alqı-satqı müqaviləsi əsasında üçüncü şəxsə satılmışdır. İddiaçının tələbinin əsaslandırması ondan ibarətdir ki, o, xarici ölkə vətəndaşıdır və azərbaycan dilini yaxşı bilmir. Cavabdeh2 onu aldadaraq, avtomobilinə dair alqı-satqı müqaviləsi bağlatdırmışdır. Həmçinin, avtomobilin satışından ona pul da verilməmişdir. Məhkəmə hazırkı iddiaya Mülki Məcəllənin əqdlər və əqdlərin etibarsızlığını tənzimləyən normaları baxımınddan qiymət verir. Mülki Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəlləsinin 347.1-ci maddəsinə görə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. İddia tələbinin faktiki əsaslandırılması vacib əhəmiyyətli yanılma anlayışına uyğundur. Çünki, iddianın məzmunundan belə aydın olur ki, iddiaçıya onun nəzərdə tutduğu əqdi yox, digər əqdi imzalatmışlar. (hər bir halda, iddiaçı Baş Dövlət Yol Polis İdarəsinin inzibati binasına hansısa bir əqdi imzalamaq üçün getmişdir) Hazırkı işdə mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən iddiaçının iradə ifadəsinin olub-olmaması müəyyənləşdirilməlidir. Bu xüsusda, məhkəmə iddiaçının irəli sürdüyü faktiki halları ağılabatan hesab etmir. Belə ki, işə məhkəmə iclasında baxılarkən, iddiaçı tərəfin izahatlarından müəyyən edildi ki, tərəflər arasında işgüzar münasibətlər mövcud olmuşdur və bu münasibətlər zəmnində də mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə 03 mart 2021-ci il tarixdə imzalanmış, iddia ərizəsi isə 25.10.2021-ci il tarixdə nümayəndə tərəfindən imzalanaraq, verilmişdir. Bu müddət ərzində iddiaçı avtomobilin onun mülkiyyətindən çıxmasına heç bir reaksiya verməmiş, yalnız 25.10.2021-ci il tarixində iddia ərizəsi verilmişdir. Məhkəmə bu fikirə gələrkən nəzərə alır ki, iddiaçı xarici ölkə vətəndaşıdır, lakin o da qeyd edilməlidir ki, iddiaçı qısa müddət deyil ki, Azərbaycan Respublikasında işgüzar fəaliyyətlə məşğuldur, müəyyən qədər Azərbaycan dili bacarıqları əldə edib, həmçinin onun həyat yoldaşı Azərbaycan vətəndaşıdır. Bütün bu hallar onu deməyə əsas verir ki, iddiaçının mübahisələndirilən müqavilə üzərində iradə ifadəsi olub. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-351/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-351/2022
31.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver