Məhkəmə qərarları › İş №2(103)-3306/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3306/2022

28.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3306/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu Cavabdeh1 xahişinə əsasən 08 noyabr 2018-ci il tarixdə adından müəyyən sənədlərin alınması üçün ona etibarnamə verdiyini, sonradan oğlunun ona məxsus ünvan 1 ünvanında yerləşən 19 saylı mənzili 18 yanvar 2019-cu il tarixdə 14 saylı notariat kontorunda bağladığı alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satdığından xəbər tutduğunu, bu alqı-satqıdan xəbəri olmadığını, mənzilinin onun qanuni maraq və mənafelərinə zidd olaraq satıldığını, Cavabdeh1 verdiyi etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlərin əks olunmadığını, oğluna özünün maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək, onun maraqları daxilində hərəkət etmək səlahiyyəti verdiyini, mənzili satmaq niyyətinin olmadığını irəli sürmüş, buna görə də Cavabdeh1 və Cavabdeh2 arasında 18 yanvar 2019-cu il tarixdə 14 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunaraq iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün təfsir etmədiyini, sübutlara düzgün hüquqi qiymət vermədiyini, etibarnamə əsasında bağlanan əqdlərlə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqeyi nəzərə almadığını, oğluna verdiyi etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətin əks olunmadığına əhəmiyyət vermədiyini irəli sürmüşdür. İşə baxılmasının yeri (vaxtı) barəsində lazımi qaydada məlumatlandırılmış İddiaçı nümayəndəsi (vəkili) Vəkil teleqram ünvanlayaraq məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, Cavabdeh1 isə məhkəməyə gəlməmişdir. İşin halları, iddiaçının nümayəndəsinin teleqramda qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla işə, gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, iddiaçı ilə digər Cavabdeh1 qabaqcadan əlbir olmaqla belə bir iddia qaldırmışlar və məqsədləri alqı-satqıdan əldə edilib uğursuz biznesə görə itirdikləri pulu qaytarmaqdan ibarətdir. Mənzilin vicdanlı alıcısıdır və onun bağladığı müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud deyildir. Məhkəmə kollegiyası Cavabdeh2 izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş halına əsasən, ünvan 2 ünvanında yerləşən 19 saylı mənzil 20.05.2010-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmış, onun adından etibarnamə əsasında çıxış edən oğlu Cavabdeh1la Cavabdeh2 arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış 18.01.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında mənzil 46 000 manata Cavabdeh2 satılmış, 18.05.2020-ci il tarixdə sonuncunun adına mənzilə dair müvafiq çıxarış verilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 İddiaçı və Cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab olunması, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbləri təmin edilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı öz iddiasını, 18.01.2019-cu il tarixli alqı-satqı müqaviləsinin onun həqiqi iradəsini ifadə etmədiyini, adından etibarnamə ilə çıxış edən oğlu Cavabdeh1 mənzili etibardan sui-istifadə etməklə və öz mənafeyi üçün satdığını irəli sürməklə əsaslandırmış, tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 359.3-cü maddəsinə istinad etmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır: Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı isə Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. İşin hallarından görünür ki, İddiaçı 08.11.2018-ci il tarixdə oğlu Cavabdeh1 50 il müddətli etibarnamə vermiş, etibarnamə ilə ona bütün əmlakını idarə etmək, onun üzərində sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etmək, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq-hesab aparmaq, miras qəbul etmək və yaxud ondan imtina etmək və s. hüquqlarını həvalə etmiş, mübahisəsi gedən mənzil məhz həmin etibarnamə əsasında İddiaçı adından çıxış edən Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır. Beləliklə, İddiaçı müvafiq etibarnamə ilə Cavabdeh1 mənzil üzərində sərəncam vermək səlahiyyəti vermiş, müqavilə bağlanan zaman sözügedən etibarnamə qüvvədə olmuş, etibarnamə verilərkən İddiaçı fəaliyyət qabiliyyətsiz olduğu, yaxud aldadıldığı isə müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir. Kollegiya həmçinin hesab edir ki, mübahisələndirilən alqı-satqı müqavilə bağlanarkən Mülki Məcəllənin 359.3-cü maddəsinin pozulduğuna dair arqument də əsaslı hesab oluna bilməz. Belə ki, Mülki Məcəllənin həmin normasına əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz; Cavabdeh1 isə mənzilə dair özü ilə əqd bağlamamış, mənzilin alqı-satqısı müqaviləsi üzrə alıcının ödədiyi vəsait notariusun bank hesabına, oradan isə İddiaçı nümayəndəsi olaraq Cavabdeh1 depozit hesabına köçürülmüşdür. Qeyd olunmalıdır ki, təmsil edənin bağladığı əqd üzrə əldə etdiyini təmsil edilənə verməməsi həmin əqdin etibarsızlığı üçün deyil, təmsil edilənin əldə olunmuşların qaytarılması barədə iddia irəli sürməsi üçün əsas yarada bilər; həmçinin nəzərə alınmalıdır ki, İddiaçı Cavabdeh1 verdiyi etibarnamədə “...əqdlər bağlamaq, ...bu əqdlər üzrə haqq-hesab aparmaq, ...əmlakı, pulu...almaq, bank hesabları üzərində sərəncam vermək” səlahiyyətləri nəzərdə tutulmuşdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunmalıdır ki, belə hüquqi mövqe mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da qanunidir. Xüsusilə nəzərə alınmalıdır ki, işin hallarından mübahisəli mənzili alan Cavabdeh2 vicdanlı alıcı olduğu müəyyən edilmişdir; bu isə o deməkdir ki, iddianın təmin edilməsi onun əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-4087/2021 saylı iş üzrə 22 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar