Məhkəmə qərarları › İş №2(006)-169/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-169/2024

04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-169/2024 04.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi, borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı MMC Cavabdeh qarşı «lizinq

2. müqaviləsinin ləğv edilməsi, borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh Arasında bağlanmış 16 yanvar 2021-ci il tarixli MAS-3177 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobil lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə nömrə 3) əsasən lizinq alan illik 19% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 22488 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22488 manatın 16700 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən şirkətə “Daxili lizinq” müqaviləsi üzrə sonuncu ödəniş 14 oktyabr 2022-ci il tarixdə 860 manat məbləğində olmuşdur. İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 yanvar 2023-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən lizinq obyekti olan avtomobilin təmir-bərpa xərcləri 8838.46 manat təşkil edir. Eyni zamanda, Cavabdeh 16 yanvar 2021-ci il tarixli, MAS-3177 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 yanvar 2023-cü il tarixə ümumilikdə 1668.23 manat gecikmə borcu yaranmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edilir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir.Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3% hesablanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edilə bilər. Göstərilənlərə əsasən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2021-ci il tarixli MAS-3177 saylı «Daxili lizinq» müqaviləsinin ləğv edilməsi, Cavabdeh 16 yanvar 2021-ci il tarixli MAS-3177 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 yanvar 2023-cü il tarixə 780.69 manat gecikdirilmiş əsas, 354.78 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 532.76 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 8838.46 manat olmaqla ümumilikdə 10506.69 manat borc və ödənilmiş 121.52 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Məhkəmə iclas protokol-qərardadı ilə X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC öz mülkiyyətində olan “Khazar SD” markalı, **-PN-*** dövlət nömrə nişanlı minik avtomobilini lizinq obyekti qismində Cavabdeh haqq müqabilində müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Cavabdehə verilən etibarnamənin müddəti xx.xx.2022-ci il tarixdə bitmiş, bundan bir gün sonra, yəni xx.xx.2022-ci il tarixdə cavabdeh gecə içkili olduğundan ayıq sürücü (X1) çağırmış, avtomobil onun tərəfindən idarə olunarkən (sürücülük vəsiqəsi əsasında) onun idarəetməsindən çıxaraq aşmışdır. Baş vermiş qəza nəticəsində avtomobilə ziyan vurulmuşdur. Hazırda iddiaçı cavabdehlə bağladığı müqavilənin ləğv edilməsini, müqavilə üzrə gecikdirilmiş borcun, həmçinin avtomobilə dəymiş zərərin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir.

b) Mülki işin materialları:

9. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan xx.xx.2021-ci il tarixli, MAS-3177 nömrəli Daxili lizinq müqaviləsinə əsasən iddiaçı “Khazar SD” markalı, NVAW01HHFME320079 ban, qara rəngli avtomobili illik 19 % olmaqla 48 aylıq müddətə hər ay 397.67 manat sabit məbləğ olmaqla, ümumilikdə 22488 manat məbləğinə cavabdehə lizinqə verməyi, cavabdeh isə lizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşlər. Ödənilməli olan ümumilikdə 22488 manatın 16700 manatı əsas məbləğ təşkil etmişdir.

10. Mülki işin materiallarında olan 16 yanvar 2021-ci il tarixli Təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən mülkiyyətində olan “Khazar SD” markalı avtomobil cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır.

11. Mülki işin materiallarında olan İddiaçı MMC Servis tərəfindən verilən qüsur aktından görünür ki, “Khazar SD” markalı, **-PN-*** dövlət nömrə nişanlı minik avtomobilinə servis mərkəzində ilkin texniki baxış zamanı aşkar olunmuşdur ki, avtomobilə vurulmuş ziyan ümumi xidmət haqqı, ehtiyat hissələrinin ümumi dəyəri daxil olmaqla ümumilikdə 8838.46 manat məbləğində müəyyən edilmişdir.

12. Mülki işin materiallarında olan AD seriyalı, 988717 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar SD” minik markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobilin sahibi İddiaçı MMC-dir.

13. Mülki işin materiallarında olan iddiaçı tərəfindən cavabdehə verilən xx.xx.2022ci il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix daxil olmaqla etibarlıdır.

14. Mülki işin materiallarında olan iddiaçı tərəfindən cavabdehə verilən xx.xx.2022ci il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix daxil olmaqla etibarlıdır.

15. Mülki işin materiallarında olan TP ******* X5 Haqqında Qərardan və İXP ******* X4 Protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə “Khazar SD” minik markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobili idarə edən X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

16. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, 1431 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin 16 yanvar 2021-ci il tarixli MAS-3177 saylı Daxili lizinq müqaviləsi üzrə iddiaçıya xx.xx.2023-cü il tarixə əsas borcu 780.69 manat, mükafat borcu 354.78 manat, cərimə 532.76 manat, cəmi 1668.23 manat təşkil edir.

17. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdeh borcunun olması, ödəmədiyi halda cərimənin hesablanacağı, eyni zamanda avtomobilin idarə edilməsinə görə verilən etibarnamənin müddətinin bitməsi, bu halların aradan qaldırılmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

18. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdeh borcunun olması, lizinq obyektinə 8838.46 manat məbləğində maddi zərər dəydiyi, bu halların aradan qaldırılmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

19. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2023-cü il tarixli, 9/7748-9/7825 nömrəli Ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi borcalan Cavabdeh tərəfindən İddiaçı MMC-dən alınmış lizinq vəsaiti üzrə ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2022-ci il tarixə-əsas borc üzrə 7844.48 manat, mükafat borcu üzrə 8.28 manat. Nəzəri hesablama yolu ilə iş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2020-ci il buraxılışlı mühərrik həcmi 1650 sm3, “Khazar” markalı, “SD” model, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir:

1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 7921.00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti-4501.00 manat Təmir-bərpa işlərinin qiyməti-3420.00 manat.

2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7402.20 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti-3982.20 manat Təmir-bərpa işlərinin qiyməti-3420.00 manat. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli, 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2020-ci il buraxılışlı mühərrik həcmi 1650 sm3, “Khazar” markalı, “SD” model, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(006)-2805/2023 nömrəli mülki iş materiallarında olan qüsur aktı əsasında hesablanır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil etmişdir.

20. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 121.52 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

22. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

24. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

25. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

26. Həmin Məcələnin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

27. Həmin Məcəllənin 447-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

28. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

29. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır;

30. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir;

31. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir;

32. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir;

33. Məhkəmə hazırki iddia tələbinin tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-3177 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb əsassızdır. Belə ki, mülki işin materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə pretenziya məktubları ilə müraciət edərək, öz iradə ifadəsi əsasında aralarında bağlanmış müqavilənin birtərəfli qaydada ləğv edilməsini cavabdehə bildirmişdir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023cü il tarixli qərarındakı hüquqi mövqeyə əsasən ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

35. Daha sonra məhkəmə iddia tələbinin xx.xx.2021-ci il tarixli, MAS-3177 saylı Daxili lizinq müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə olan 780.69 manat əsas borc, 354.78 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 532.76 manat dəbbə pulunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də tələb əsassızdır. Belə ki, hazırda iddiaçı müqavilə müddətinin sonuna olan tarixə qədər yaranmış borcun tutulmasını tələb edir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş qəza nəticəsində avtomobilə ziyan vurulmuş, avtomobil istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir, yəni avtomobil həmin tarixdən cavabdehin sahiblik və istifadəsindən çıxmışdır. İddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasında iş üzrə keçirilmiş ekspertiza nəticəsində tərtib edilən ekspert rəyində qeyd edilən məbləğin tərəflər arasında bağlanmış müqavilə müddətinin sonunadək hesablanmış məbləğ olduğunu, hadisə baş verdiyi tarixə qədər, yəni xx.xx.2022-ci il tarixə qədər isə cavabdehin borcunun olmadığını, sadəcə cavabdehin idarəetmə hüququ olmadan (etibarnamənin müddəti bitmişdir) avtomobili idarə etdiyini etiraf etmişdir. Eyni zamanda, iş materiallarında olan hesabdan çıxarışdan müəyyən edilmişdir ki, cavabdeh sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 300 manat və xx.xx.2022-ci il tarixdə isə 860 manat məbləğində ödəniş etmişdir.

36. Belə olan halda məhkəmə hesab edir ki, hadisə baş verdikdən sonra avtomobil cavabdehin sahiblik və istifadəsindən çıxdığından, lizinq münasibətləri isə istifadə ilə bağlı oldiğundan və cavabdehin hadisə baş verdiyi tarixə qədər borcunun olmaması iddiaçının nümayəndəsi tərəfindən etiraf edildiyindən iddia tələbi müqavilə üzrə yaranmış borcun tutulması hissəsində təmin edilə bilməz.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

38. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

39. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

40. Hazırki iş üzrə göründüyü kimi yol-nəqliyyat hadisəsi vaxtı üçüncü şəxs X1 (avtomaşını idarə etməyə sürücülük vəsiqəsi olan şəxs) yüksək təhlükə mənbəyi olan «Khazar SD» markalı, ** PN *** dövlət nömrə nişanlı avtomobili etibarnamə olmadan (sürücülük vəsiqəsi əsasında) idarə etmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə cavabdeh olan Cavabdeh hazırki tələb üzrə cavabdehlik daşıması məhkəmə tərəfindən müəyyən edilməmişdir.

41. Məhkəmə bununla bağlı qeyd edir ki, sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyildir. Etibarnamənin olmaması sığortanın məqsədləri baxımından əhəmiyyət kəsb etmir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir.

42. Bundan başqa etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilib. Lakin bu qadağaların sığorta şirkətlərinin mənafeyinə heç bir təsiri ola bilməz. Çünki, avtomobilin mülkiyyətçisi yaxud qanuni sahibi avtomobildə sərnişin kimi olarkən sürücülük hüququ olan digər şəxsin avtomobili idarə etməsi inzibati məsuliyyət yaratmır. Son vaxtlar mülki dövriyyəyə daxil olan “ayıq sürücü” xidməti ilə məşğul olan şəxsləri də buna aid etmək olar.

43. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, İddiaçı MMCnin X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi, borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.

44. Məhkəmə iddia tələbinin dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi əsas hissədə təmin edilmədiyindən iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

48. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı MMC-nin X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi, borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar