Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1734/2020 15.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4 və cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 30.000 manat məbləğində əsas borc, həmin məbləğə illik 5% dərəcəsi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək hesablanmış 875 manat məbləğində faiz borcu, cəmi 30.875 manat məbləğində pul vəsaiti, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və Kredit müqaviləsinin notariat qaydasında təsdiq olunmasına görə çəkilmiş 6 manat məbləğində xərcin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən o, cavabdehə xx.xx.2019-cu il tarixədək qaytarılması şərtilə 40.000 manat məbləğində pul vəsaiti verilmişdir. Cavabdeh müqavilə öhdəliklərini pozaraq Kredit müqaviləsi üzrə borcun 10.000 manat məbləğində hissəsini qaytarmış, yerdə qalan 30.000 manat məbləğində hissəsini isə qaytarmaqdan boyun qaçırmışdır. Cavabdehə qalıq borcun qaytarılması barədə telefon vasitəsilə dəfələrlə zəng edilsə də, heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illikbeş faiz ödəməyəborcludur.Mülki Məcəllənin bu normasına əsasən, Cavabdeh Kredit müqaviləsi üzrə borc məbləğinin qaytarılmasını gecikdirdiyi üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il tarixədək illik 5 % dərəcəsi hesablanmış 875 manat məbləğinə faiz də ödəməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X4 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı cavabdehə 40.000 manat pulu notarial qaydada vermişdir. Ona görə də notariat orqanında kredit müqaviləsi bağlamışlar. Müqavilənin müddəti bitdikdən sonra iddiaçı ondan pulu geri qaytarmasını tələb etmişdir. Cavabdeh 10.000 manatı qaytarmış, qalan məbləği bu günə qədər iddiaçıya geri verməmişdir. İddiaçı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək cavabdehə qarşı dələduzluq faktı ilə cinayət işinin başlanmasını tələb etmiş, lakin cinayət işinin başlanılması rədd edilmişdir. Ona görə də onlar mülki qaydada məhkəməyə müraciət etmişlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X6 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh aldığı 40000 manat pulun 10000 manat hissəsini notariat orqanında geri qaytarmış, 10000 manat hissəsini isə sonradan qaytarmışdır. Cəmi 20000 manat borcu qalmışdır. Göstərilənlərə əsasən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında şahid qismində dindirilən X9 izahatında bildirdi ki, onun Rasimlə aralarında dostluq münasibəti var. Rasim 3 il bundan əvvəl Vidadiyə 10000 manat pul qaytarmışdır. Belə ki, pulun məbləğini görməsə də, Rasim 10000 manat verəcəyi olduğunu demişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx xxx 2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, borcverən İddiaçı 35000 manat məbləğində pulu borcalanHüseynov İlqar Fikrət oğluna borc vermiş, İlqar Hüseynov borcu xx.xx.2019-cu il tarixədək Cavabdeh qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləndirirlər. (Reyestrdə 1S-7326 № ilə qeyd edilib). İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********548 saylı ərizənin surətindən görünür ki, Cavabdeh İddiaçı borc aldığı 40000 manatın 10000 manatını İddiaçı qaytarmışdır. (Reyestrdə 8İ-4548 № ilə qeyd edilib). İş materiallarında olan cinayət işinin rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarından görünür ki, vətəndaş X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. HəminMəcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, iş materiallarında olan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Cavabdeh 40000 manat borc pul vermiş, sonuncu borcunu xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Borcun 10000 manat hissəsinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması işin mübahisəsiz halıdır. Hazırda iddiaçı ödənilməmiş 30000 manatın və borcun gecikdirilməsinə görə 875 manat məbləğində faizin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkili X6 qalan 30000 manat borcun 10000 manat hissəsinin sonradan ödənildiyini bildirsə də, bunu təsdiq edən əsaslı sübutları sübut etmə yükü üzərinə düşməsinə baxmayaraq məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb əsas borcun ödənilməsi hissəsində əsaslıdır və cavabdehdən 30000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin borcun gecikdirilməsinə görə 875 manat məbləğində faizin ödənilməsi hissəsinə münasibətdə bildirir ki, tələb bu hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Hazırkı iş üzrə iddiaçı məhkəməyə cavabdehin müvafiq pul vəsaitindən faydalanmış olduğuna dair sübutlar təqdim etməmişdir. Məhkəmə iddia tələbinin kredit müqaviləsinin notariat qaydasında təsdiq olunmasına görə çəkilmiş 6 manat məbləğində xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə bildirir ki, tələb həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh borc müqaviləsi üzrə ödənilməli olan 30000 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh borc müqaviləsi üzrə ödənilməli olan 30000 (otuz min) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 30030 (otuz min otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində BakışəhəriNəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-1734/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1734/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver