Məhkəmə qərarları › İş №2(006)-1748/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1748/2024

15.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1748/2024 15.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu, İddiaçı Cavabdeh QSC-yə qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh QSC-yə qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Beynəlxalq Bank ASC-nin törəmə müəssisəsi Cavabdeh Qapalı Səhəmdar Cəmiyyəti ilə (əvvəlki adı “X4” QSC) arasında 5xx/xx/2014 saylı,xx.xx.2014-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə onunla bağlanmış zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixdə cavabdehlər X1 və İddiaçı müştərək qaydada 11766 manat məbləğində lizinq haqqı borcu, 1829 manat məbləğində faiz borcu, cəmi 13595 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun iddiaçı “X4” QSC-nin xeyrinə tutulması barədə xx.xx.2016-cı il tarixli 2(011)-4010/2016 saylı icra vərəqəsi verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli № 02/2022 saylı qərardadının 53-cü maddəsinə əsasən əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olmaqla icraya yönəldiyindən İddiaçı Mühmud oğlunun eyni məzmunlu iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddia tələbinin yolverilməzliyinə görə qəbul edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh QSC-yə qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar