Məhkəmə qərarları › İş №2(006)-175/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-175/2022

15.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-175/2022 15.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «zaminlik müqavilələrinə əlavələrin etibarsız hesab edilməsi və zaminlər siyahısından çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «zaminlik müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 ilə "xxxx" İKB ASC arasında bağlanmış 12.06.2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq onunla bank arasında bağlanmış 12.06.2014-cü il tarixli, 4-M-1-0-606-14 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, X10 ilə "xxxx" İKB ASC arasında bağlanmış 12.06.2014cü il tarixli kredit müqaviləsinin təminatı olaraq onunla bank arasında bağlanmış 24.06.2015-ci il tarixli, 4-M-1-0-606-14 saylı və 04.11.2015-ci il tarixli zaminlik müqavilələrinə əlavələrin etibarsız hesab edilməsi və onun zaminlər siyahısından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC artıq uzun müddətdir ki, "xxxx" İKB ASC-nin hüquqi varisidir. X10 onun tanışıdır və 2014-cü il tarixdə "xxxx" İKB ASC-nin Sumqayıt filialına kredit götürmək məqsədi ilə yaxınlaşmışdır. Elgünlə Bank arasında 12.06.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, X10 "xxxx" İKB ASC-dən 29%-lə, 24 ay müddətinə 19.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Götürülən kreditin təminatı olaraq o, bankla 4-M-1-0-606- 14 saylı, 12.06.2014-cü il tarixli zaminlik müqaviləsi bağlayaraq özü imza atmışdır. Lakin borclu X10 banka yaxınlaşaraq ayrı-ayrı vaxtlarda 24.06.2015-ci il və 04.11.2015-ci il tarixli zaminlik müqavilələrinə əlavə edərək aralarında müəyyən razılığa gəlmişlər. Halbuki onun bu zaminlik müqavilələrinə edilmiş əlavələrədn heç bir məlumatı olmamışdır. Həmin əlavələrə çəkilən imzalar ona aid deyil. Bank və maraqlı tərəf arasında gəlmiş razılıq barədə xəbəri olmamışdır. Habelə, "xxxx" İKB ASC ödənilməyən kredit borcu ilə əlaqədar olaraq ona və qeyrilərinə qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 13589/2017 saylı, 22.11.2017-ci il tarixli qətnaməsi ilə (hakim İlqar Məmmədov) bankın iddiası təmin olunmuş, "xxxx" İKB ASC ilə X10 arasında bağlanmış 12.06.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, borcludan, ondan və digər iki zamin X1 və X2 müştərək qaydada kredit müqaviləsi üzrə 10.876 ABŞ dolları 03 sent əsas borc, 4.147 ABŞ dolları 42 sent faiz borcu və 30 ABŞ dolları 18 sent cərimə borcu, cəmi 15.053 ABŞ dolları 78 sent ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Qətnamə çıxarılarkən hakim işi düzgün qiymətləndirməmiş, işin hallarını şəffaf araşdırmamışdır. Həmçinin onu da qeyd edir ki, keçirilən məhkəmə prosesləri barədə ona heç bir bildiriş gəlməmişdir. Bu səbəbdən də məhkəmə proseslərində iştirak edərək, hüquqlarını müdafiə etmək mümkün olmamışdır. Ona görə də, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 məhkəməyə “iddia müddətinin tətbiqinə dair” ərizə təqdim etdi və ərizəni müdafiə edərək bildirdi ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Göstərilənlərə əsasən mülki iş üzrə iddia müddətini tətbiq etməklə, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «zaminlik müqavilələrinə əlavələrin etibarsız hesab edilməsi və zaminlər siyahısından çıxarılma» tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, xitam verilməlidir. İş materiallarında olan X10 ilə "xxxx" İKB ASC arasında bağlanmış 12.06.2014-cü il tarixli, 4-M-1-0-606-14 saylı kredit müqaviləsinə əsasən, "xxxx" İKB ASC tərəfindən Elgün Qənbərova 24 ay müddətinə illik 29% dərəcəsi ilə 19.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ilə "xxxx" İKB ASC arasında bağlanmış 12.06.2014cü il tarixli, 4-M-1-0-606-14 saylı zaminlik müqaviləsinə əsasən İddiaçı borclu X6 bank qarşısında götürdüyü öhdəliklər üzrə zamin durmuşdur. İş materiallarında olan borclu X10, zamin İddiaçı və "xxxx" İKB ASC arasında bağlanmış 24.06.2015-ci il tarixli və 04.11.2015-ci il tarixli “4-M-1-0-606-14 saylı, 12.06.2014 tarixli kredit və 4-M-1-0-606-14 saylı, 12.06.2014-cü il tarixli zaminlik müqaviləsinə əlavə” müqavilələrindən görünür ki, qeyd edilən tarixlərdə kredit və zaminlik müqavilələrinə dəyişikliklər edilərək, müqavilə üzrə yeni şərtlər müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli, 2(060)-13589/2017 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "xxxx" İKB ASC ilə X10 arasında bağlanmış 12 iyun 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, X4, İddiaçı, X1 və X2 müştərək qaydada 12.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə 10.876,03 ABŞ dolları əsas borc, 4.147,42 ABŞ dolları faiz borcu və 30,18 ABŞ dolları cərimə borcu, cəmi 15.053,78 ABŞ dolları ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti "xxxx" İKB ASC-nin xeyrinə tutulması qət edilmişdir. Yuxarıda qeyd edilən qətnamədən cavabdeh X8 tərəfindən apelyasiya şikayəti verilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(105)-199/2021 saylı qətnaməsi ilə cavabdeh X8 tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, cavabdeh X3 apelyasiya şikayəti üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli, 2(060)-13589/2017 saylı qətnaməsinin müştərək qaydada X1 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10.876,03 ABŞ dolları əsas borcun, 4.147,42 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilməsi, cavabdeh X1 digər cavabdehlərlə müştərək qaydada tutulacaq borcun məbləğinin əsas borc üzrə 10.271,68 ABŞ dolları, faiz borcu üzrə 2.028,96 ABŞ dolları müəyyən edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 manatın 25 manatının iddiaçı "xxxx" İKB ASC-dən (Cavabdeh ASC), 25 manatın cavabdeh X1 ekspertiza mərkəzinin müəyyən etdiyi hesaba ödənilməsi qət edilmişdir. Yuxarıda qeyd olunan qətnamənin 3-cü səhifəsindən (mülki işin 57-ci səhifəsindən) görünür ki, cavabdehlər X9, İddiaçı və X5 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İş materiallarında olan İddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 28 fevral 2020-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli, 2(060)-13589/2017 saylı qətnaməsinin ona rəsmi qaydada verilməsini xahiş etmiş, habelə həmin ərizəyə imza edərək, qeyd edilən qətnamənin surətini 13 aprel 2020-ci il almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmin qərara əsasən, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Həmin qərara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan iş materialları ilə müəyyən edilmişdir ki, X10 ilə "xxxx" İKB ASC (hazırda Cavabdeh ASC) arasında kredit müqaviləsi və həmin müqavilənin təminatı olaraq bankla İddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən, İddiaçı E.Qənbərovun bank qarşısında götürdüyü öhdəlikləri üzrə zamin durmuşdur. Daha sonra kredit və zaminlik müqavilələri üzrə 24.06.2015-ci il tarixli və 04.11.2015-ci il tarixli əlavələr imzalanmış və qeyd edilən müqavilələrə dəyişikliklər edilərək, yeni şərtlər müəyyən edilmişdir. Borclular tərəfindən müqavilə üzrə öhdəliklər icra edilmədiyindən, bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və bunun nəticəsi olaraq Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 22 noyabr 2017-ci il tarixli, 2(060)-13589/2017 saylı qətnamə qəbul edilmişdir. Qeyd edilən qətnamədən cavabdeh X8 tərəfindən apelyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(105)-199/2021 saylı qətnaməsinə əsasən A.Şatirovanın apelyasiya şikayəti qismən təmin edilərək, yalnız əsas və faiz borcu hissəsində qətnaməyə dəyişiklik edilmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, iddiaçının hazırki tələbi onun zamin olduğu müqavilə üzrə bağlanmış əlavələrin ləğv edilməsi və sonuncunun zaminlər sırasından çıxarılmasıdır. Lakin yuxarıda qeyd edilən iş materiallarından görünür ki, iddiaçı hazırki tələbi ilə əlaqədar bankın ona və digər borclulara qarşı pul tələbinə birinci instansiya məhkəməsində, habelə digər zaminin apelyasiya şikayəti üzrə işə apelyasiya instansiyasında baxılan zaman müraciət etmək imkanına malik olsa da, həmin hüququndan istifadə etməmiş, iddiaya qarşı olan öz tələblərini və etirazlarını təqdim etməmiş və təqdim etməməklə, barəsində qəbul edilmiş məhkəmə qətnaməsini mübahisələndirməmişdir. Habelə məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə vermiş olduğu iddia ərizəsində məhkəmə proseslərinin vaxtı barəsində məlumatlı olmadığını qeyd etsə də, iş materiallarından, daha dəqiq isə Sumqayıt Şəhər Məhkəməsinə ünvanlamış olduğu ərizəsindən görünür ki, İddiaçı barəsində qəbul edilmiş qətnaməni 13 aprel 2020-ci il tarixdə almış, həmin qətnamədən apelyasiya şikayəti verməmiş, habelə onun qətnaməni aldığı vaxtdan xeyli müddət sonra işə digər borclunun apelyasiya şikayəti üzrə apelyasiya instansiyasında baxılan zaman məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və hazırki tələbini irəli sürməmişdir. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsini rəhbər tutaraq hesab edir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməz olduğundan, hazırki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «zaminlik müqavilələrinə əlavələrin etibarsız hesab edilməsi və zaminlər siyahısından çıxarılma» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar