Məhkəmə qərarları › İş №2(006)-1750/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1750/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1750/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər LPO "xxxx" ASC və LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliyin qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər LPO "xxxx" ASC və LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliyin qoyulması” tələbi barədə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit kart müqaviləsi üzrə hər hansı borcunun olmamasının müəyyən edilməsi və Əmanətlərin Sığortalanması Fondunun üzərinə qeyd edilən xx.xx.2014-cü il tarixli kredit kart müqaviləsi üzrə olan məlumatlara borcunun olmaması ilə bağlı düzəliş edilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla ləğvetmə prosesində olan "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit kart müqaviləsi üzrə hər hansı borcunun olmamasının müəyyən edilməsi və Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qeyd edilən xx.xx.2014-cü il tarixli kredit kart müqaviləsi üzrə olan məlumatlara borcun olmaması ilə bağlı düzəlişlərin Mərkəzləşdirilmiş Kredit Reyestrində əks etdirilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı özü üçün banklardan birindən kredit əldə etmək istəyən zaman ona məlum olmuşdur ki, onun adında ləğv olunan "xxxx" ASCdə aktiv olan kredit kartı mövcuddur və həmin karta onun borcu olduğundan mənfi kredit tarixçəsinə malikdir. Ona görə də ona kredit verilməsindən imtina edilmişdir. Bu səbəbdən qeyd edilən halı aydınlaşdırmaq məqsədilə Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək qeyd edilən hal barədə ona məlumat verilməsini xahiş etmişdir. Fonddan verilmiş 05 iyul 2021-ci il tarixli, **********615 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, “ləğv prosesində olan "xxxx" ASC ilə mənim aramda bağlanmış xx.xx.2014-cü il tarixli kredit kart müqaviləsi üzrə mənə 12 (on iki) ay müddətinə 3000 (üç min) avro məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixində bank əməliyyat sisteminin məlumatlarına əsasən 181.85 (bir yüz səksən bir avro 85 sent) avro məbləğində borc öhdəliyim mövcuddur.” Lakin, verilən cavabda əks olunan məlumatlar həqiqəti əks etdirmir və Fondun (ləğv prosesində olan "xxxx" ASC) verdiyi cavab məktubu tamamilə qanunsuz və əsassızdır. Belə ki, o, qeyd edilən kredit kartı müqaviləsi üzrə bütün öhdəliklərini vaxtında və tam şəkildə icra etmişdir. Lakin, ləğv prosesində olan "xxxx" ASC qanunsuz və əsassız olaraq bank məlumat sistemində onun borcunun olmaması barədə məlumatları yeniləməmişdir. Ona görə də, hazırki halda onunla ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit kart müqaviləsi üzə hər hansı borcunun olmamasının müəyyən edilməsinə, Fondun üzərinə isə qeyd edilən məlumatlara düzəliş edilməsi öhdəliyinin qoyulmasına zərurət vardır. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə qabaqcadan heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan LPO "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 05 iyul 2021-ci il tarixli cavab məktubundan görünür ki, Ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, kredit kart müqaviləsi üzrə İddiaçı 12 ay müddətinə 3.000 avro məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə bank əməliyyat sisteminin məlumatlarına əsasən, 181.85 avro məbləğində əsas borc öhdəliyi mövcuddur. Mülki işin materiallarında olan LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim etmək üçün verilən arayışdan görünür ki, LPO "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 20 noyabr 2014-cü il tarixli **********024732000 saylı kredit müqaviləsi üzrə 11 noyabr 2021-ci il tariixnə yaranmış tələb: müqavilə üzrə əsas borc 181 avro 85 sent, müqavilənin müddəti-20 noyabr 2014-cü il-20 noyabr 2015-ci il, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 247 avro 34 sent. Mülki işin materiallarında göründüyü kimi iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərardadları ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və rəy təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 31 may 2022-ci və 16 sentyabr 2022-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina olunması barədə məlumatlardan görünür ki, tərəflər arasında bağlanmış 20 noyabr 2014-cü il tarixli kredit kartı müqaviləsinin əsli və ya surəti ekspertə təqdim edilmədiyindən, ekspertizaların aparılmasından imtina edilərək, iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Mülki işin materiallarında olan LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim etmək üçün verilən 29 iyul 2022-ci il tarixli arayışdan görünür ki, LPO "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 20 noyabr 2014-cü il tarixli **********024732000 saylı kredit müqaviləsi üzrə 27 iyul 2022-ci il tarixinə yaranmış tələb: müqavilə üzrə əsas borc 181 avro 85 sent, müqavilənin müddəti-20 noyabr 2014-cü il-20 noyabr 2015-ci il, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 255 avro 08 sent. Beləliklə, iş materialları əsasında işin faktiki halları kimi müəyyən edilmişdir ki, İddiaçı ilə LPO "xxxx" ASC arasında 20 noyabr 2014-cü il tarixli, **********024732000 saylı kredit kart müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank tərəfindən İddiaçı 12 ay müddətinə 3.000 Avro məbləğində kredit verilmişdir. Hazırda iddiaçı iddia tələbi üzrə məhkəməyə müraciət edərək, müqavilə üzrə banka borcunun olmamasının müəyyən edilməsini və borcun olmaması ilə bağlı düzəlişin Mərkəzləşdirilmiş Kredit Reyestrində əks etdirilməsi öhdəliyinin Mərkəzi Bankın üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Cavabdeh tərəf isə hazırda iddiaçının banka 181.85 avro məbləğində əsas borc öhdəliyinin olduğunu bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hazırkı iddia tələbinin hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Mülki işin araşdırılması zamanı məhkəmənin ilk növbədə diqqət yetirdiyi hal İddiaçı hesabında qalıq borcun göstərilməsinin əsaslı olub-olmadığı olmuşdur. Məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh tərəf iddiaçının müqavilə üzrə borcunun olmasını iddia etsə də, kredit kart müqaviləsinin nə əslini, nə də ki surətini məhkəməyə təqdim edə bilməmişdir. Habelə, iş materiallarından göründüyü kimi məhkəmə tərəfindən bir neçə dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, lakin kredit müqaviləsinin əsli və ya surəti ekspertizaya təqdim edilmədiyindən iş üzrə ekspertiza keçirilməsindən imtina edilmişdir. Beləliklə, cavabdeh tərəf borcun yaranmasının əsası olan kredit müqaviləsini məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə hesab edir ki, borc məbləğinin borclunun hesabında saxlanılması əsassızdır. Bu isə öz növbəsində iddiaçının gələcəkdə kredit götürməkdə və buna bənzər işlərdə çətinliklərlə üzləşə biləcəyinə gətirib çıxara bilər ki, bu da onun hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, iddiaçı İddiaçı ilə LPO "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit kart müqaviləsi üzrə borcunun olmaması müəyyən edilməlidir. Digər tərəfdən məhkəmə iddia tələbinin “...Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qeyd edilən xx.xx.2014-cü il tarixli kredit kart müqaviləsi üzrə olan məlumatlara borcun olmaması ilə bağlı düzəlişlərin Mərkəzləşdirilmiş Kredit Reyestrində əks etdirilməsi öhdəliyinin qoyulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı borcun olmaması ilə bağlı düzəlişin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulmasını tələb edir. Halbuki, tərəflə kredit kart müqaviləsini ləğv prosesində olan "xxxx" ASC bağlamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit kart müqaviləsi üzrə olan məlumatlara borcun olmaması ilə bağlı düzəlişlərin Mərkəzləşdirilmiş Kredit Reyestrində əks etdirilməsi öhdəliyi LPO "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı Məlikov Nəcəf Surxay oğlu ilə LPO "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit kart müqaviləsi üzrə borcunun olmaması müəyyən edilməli, cavabdeh LPO "xxxx" ASCnin üzərinə xx.xx.2014-cü il tarixli kredit kart müqaviləsi üzrə olan məlumatlara borcun olmaması ilə bağlı düzəlişlərin Mərkəzləşdirilmiş Kredit Reyestrində əks etdirilməsi öhdəliyi qoyulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə LPO "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit kart müqaviləsi üzrə borcunun olmaması müəyyən edilsin. Cavabdeh LPO "xxxx" ASC-nin üzərinə xx.xx.2014-cü il tarixli kredit kart müqaviləsi üzrə olan məlumatlara borcun olmaması ilə bağlı düzəlişlərin Mərkəzləşdirilmiş Kredit Reyestrində əks etdirilməsi öhdəliyi qoyulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar