Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1756/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Qürbət oğluna qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qürbət oğluna qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh Qürbət oğlu arasında 1 saylı Bakı “ASAN xidmət” mərkəzində bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2011-ci il tarixində “xxxx” ASC-dən 24 ay müddətinə illik 25% dərəcəsi olmaqla 4300 manat məbləğində kredit götürmüş, Cavabdeh Qürbət oğlu kredit müqaviləsi üzrə ona zamin durmuşdur. İddiaçı bir müddət ödənişləri vaxtlı-vaxtında ödəsə də, sonradan maddi durumunun ağır olması və ailəsində baş vermiş bədbəxt hadisələrlə əlaqədar olaraq ödənişlər edə bilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh Qürbət oğlundan cəmi 4809 manat pulun tutularaq “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Lakin İddiaçı ödənişləri edə bilmədiyindən borc Cavabdeh Qürbət oğlundan tutulmuşdur. Sonradan “xxxx” ASC-nin tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən əlavə olaraq Cavabdeh Qürbət oğlundan 1000 manat faiz dərəcəsinə görə pul tutulmuşdur. xx.xx.2013-cü il tarixdən sonra Cavabdeh Qürbət oğlu İddiaçı pulu təkidlə tələb etməyə başlamış, lakin İddiaçı pulu qaytara bilmədiyinə görə Cavabdeh Qürbət oğlu tələblər irəli sürmüşdür. Belə ki, onlar xx.xx.2013-cü il tarixdə notariusa gedərək, guya İddiaçı Cavabdeh Qürbət oğluna 5000 manat pulu faizsiz borca götürməsi barədə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlamış, eyni zamanda 5809 manat borcun İddiaçı əmək haqqısından hər ay 200 manat tutulmaqla Cavabdeh Qürbət oğlunun bank hesabına köçürülməsi razılaşdırılmışdır. Həmin razılaşma üzrə 3550 manat pul Cavabdeh Qürbət oğlunun bank hesabına köçürülməklə ödənilmişdir. İddiaçı işlədiyi “X4” MMC bağlandığı üçün yerdə qalan 1450 manat pulu ödəyə bilməmiş, Cavabdeh Qürbət oğluna faktiki olaraq 2259 manat borcu qalmış, lakin hazırda həmin borcu hissə-hissə ödəyir. İddiaçı 1 saylı Bakı “ASAN xidmət” mərkəzində bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin ləğvi ilə bağlı Cavabdeh Qürbət oğluna müraciət etsə də heç bir nəticə əldə edilməmişdir. Məhkəmə baxış iclasında İddiaçı iddianı müdafiə edib, əlavə olaraq izahatında bildirdi ki, Cavabdeh Qürbət oğlu mübahisə predmeti olan müqaviləni Qəbələ Rayon Məhkəməsinə təqdim edərək ondan pulun tutulmasını tələb etmişdir. Halbuki, həmin müqavilə şərti olaraq bağlanmışdır. Əslində həmin müqavilə uydurma müqavilədir və etibarsızdır. Qəbələ Rayon Məhkəməsinin 2(025)-592/2020 saylı mülki iş üzrə xx.xx.2019-cu il tarixli qətnamə ilə ondan 7361 manat pulun tutularaq Cavabdeh Qürbət oğluna ödənilməsi qət edilmişdir. Hazırki iş üzrə qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, Hümbətov X2 Namit Qürbət oğlundan 2 il müddətinə, yəni xx.xx.2013-cü il tarixdən, xx.xx.2015-ci il tarixinədək 5000 (beş min) manat məbləğində pulu faizsiz borc götürmüş, həmin borcu onun adına olan maaş hesabından hər ay 200 manat məbləğini Cavabdeh Qürbət oğlunun adına “xxxx” ASC-də açılmış hesaba ödəməyi öz öhdəsinə götürmüşdür. Mülki işin materialında olan xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Hümbətov X2 Namit Qürbət oğluna müraciət edərək 1 saylı Bakı “ASAN xidmət” mərkəzində bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı ödənilmişdir. Məhkəmə araşdırmaları zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Hümbətov X2 Namit Qürbət oğlundan 2 il müddətinə, yəni xx.xx.2013-cü il tarixdən, xx.xx.2015-ci il tarixinədək 5000 (beş min) manat məbləğində pulu faizsiz borc götürmüş, həmin borcu onun adına olan maaş hesabından hər ay 200 manat məbləğini Cavabdeh Qürbət oğlunun adına “xxxx” ASC-də açılmış hesaba ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin hazırda İddiaçı həmin «müqavilənin etibarsız hesab edilməsi»ni tələb edir. İddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi dəlilinə gəldikdə məhkəmə bunları qəbul etmir və hesab edir ki, bu dəlillər əsassızdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34-cü fəslində əqdin etibarsızlığına səbəb olan halların təsnifatı verilmiş və göstərilmişdir ki, həmin hallardan birinin mövcudluğu əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Məhkəmə ümumilikdə iddia tələbi ilə bağlı qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. İddiaçı tərəfindən irəli sürülmüş tələblə bağlı məhkəmə qeyd edir ki, həmin tələbin qanuni əsasını Mülki Məcəllənin 340.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Lakin, məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan maddənin dispozitv şərtlərinin mövcudluğunu təsdiq edən sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Onun təqdim etdiyi sübutlar isə mübahisələndirilən müqavilənin görünüş üçün bağlanıldığını təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, İddiaçı kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqavilələri bağlamış və qeyd olunan müqavilələr əsasında öz üzərinə borcun vaxtında və tam şəkildə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Habelə, hazırki işə baxılarkən iddiaçının cavabdeh ilə müqavilə bağlayarkən həmin müqavilə şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması, cavabdeh tərəfindən aldadılması halı öz əksini tapmamışdır. Belə ki, mübahisələndirilən müqavilə yazılı şəkildə tərtib olunmuş və notarial qaydada təsdiq edilmişdir. Müqavilənin şərtləri aydın şəkildə göstərilmiş və tərəflər müqavilə şərtləri ilə razı olduqlarını və müqavilənin bağlanıldığını öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə, həmçinin qeyd edir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qeyd edildiyi kimi iddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən «müqavilənin etibarsız hesab edilməsi» üçün əsaslar yoxdur və ona görə də, həmin «müqavilənin etibarsız hesab edilməsi» barədə iddia təmin edilməməlidir. Eyni zamanda məhkəmə iddia müddətinin tətbiqi barədə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Digər tərəfdən, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. Mülki işin materillarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində bağlanmış kredit müqaviləsi xx.xx.2013-cü il tarixində bağlanmışdır. İddiaçı isə həmin «müqavilənin etibarsız hesab edilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə 1(bir) ildən artıq müddət keçdikdən sonra xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Qanunvericliyin tələbindən göründüyü kimi, İddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə müddət ötürülməklə verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh Qürbət oğluna qarşı 1 saylı Bakı “ASAN xidmət” mərkəzində bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməməli, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Qürbət oğluna qarşı 1 saylı Bakı “ASAN xidmət” mərkəzində bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1756/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1756/2021
29.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver