Məhkəmə qərarları › İş №2(006)-1778/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1778/2022

09.06.2022 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1778/2022 09.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «müqaviləyə dəyişiklik edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «müqaviləyə dəyişiklik edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarındakı xx.xx.2021-ci tarixli müqaviləyə 1) ona veriləcək mənzil sahəsinin 65,28 m2 göstərilməsi, 2) mənzil təhvil verilənə kimi Şirkət tərəfindən ona verilən kirayə haqqının 400 manat göstərilməsi, 3) ona veriləcək mənzilin təmirli olacağının göstərilməsi, 4) ona veriləcək mənzilin otaqlarının sayının göstərilməsi, 5) ona veriləcək mənzilin hansı binadan, hansı blokdan və hansı mərtəbədən veriləcəyinin onunla razılaşdırılmaqla göstərilməsi, 6) tikintinin başa çatdırılma müddəti və mənzilin ona təhvil verilməsi müddəti və qaydasının onunla razılaşdırılmaqla göstərilməsinin müqavilə şərtlərinə əlavə edilməsinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə aralarında xx.xx.2021-ci il tarixdə mülkiyyət hüququ üzrə sərəncamında olan ona məxsus sahənin şirkət tərəfindən sökülməsi, əvəzində yeni tikiləcək hündürmətrəbəli yaşayış binasından ona mənzil verilməsi, tikinti işləri yekunlaşanadək ona kirayə haqqı verilməsi və onun köçürülməsi üçün maddi yardım edilməsi ilə bağlı müqavilə bağlanmışdır. Hesab edir ki, cavabdeh tərəfindən onun hüquqları ən kobud şəkildə pozulmuşdur. Belə ki, müqavilədə ona veriləcək mənzil sahəsinin normativ sənədlərdə nəzərdə tutulduğundan az təklif edilməsi göstərilmiş (sökülən sahəyə 20 % əlavə), mənzil təhvil verilənə kimi Şirkət tərəfindən ona 400 manat deyil, cəmi 200 manat təklif edilmiş, mənzilin təmirsiz olacağı göstərilmiş, ona verilməsi nəzərdə tutulmuş mənzilin neçə otaqlı olması göstərilməmiş, mənzilin hansı binadan, hansı blokdan və hansı mərtəbədən veriləcəyi göstərilməmiş, həmçinin tikintinin başa çatdırılma müddəti, mənzilin ona təhvil verilmə müddəti və qaydası göstərilməmişdir ki, bu da bağlanmış müqavilənin icrasında qeyri-müəyyənlik yaranacağını labüd edir. Hesab edir ki, Şirkət hüquqi məlumatsızlığından istifadə edərək onun üçün əlverişsiz şərtlərlə müqavilə bağlamışdır. O, qanunla əldə edəcəklərindən qismən məhrum olunmuş, hüquqları pozulmuşdur. Onu da qeyd edir ki, onun mülkiyyətində olan 54,4 m2 sahə qeyri-yaşayış sahəsi olsa da, həmin sahədən mənzil kimi istifadə olunmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən hüquqları əhəmiyyətli dərəcədə pozulduğundan aralarındakı müqavilə dəyişdirilməli, əldə edəcəyindən məhrum olduğu şərtlər əlavə edilməlidir. Şirkətlə aralarındakı müqavilənin 2.3-cü bəndinə görə hər ay ona cəmi 200 manat kirayə haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Hansı ki, digər bütün payçılarla bağlanmış müqavilələrdə hər ay 400 manat ödənilməsi göstərilmişdir. 3.4-cü bəndinə görə qanunvericilikdə və müqavilədə nəzərdə tutulmuş hüquqlarını Şirkətdən tələb etmək hüququ vardır. Müqavilənin 6.1 və 6.2-ci bəndlərinə görə yaranan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə, bu mümkün olmadıqda isə qanunvericiliyə uyğun olaraq məhkəmələr qaydasında həll edilir. Müqavilənin 7.5-ci bəndinə görə bu müqaviləyə birtərəfli qaydada heç bir əlavə və dəyişiklik edilə bilməz, əlavə və dəyişikliklər tərəflərin razılığı ilə edilə bilər. Bundan başqa, cavabdeh olan hüquqi şəxsin səlahiyyətli şəxsi tərəfindən aldanıldığı, etibarından sui-istifadə olunduğu üçün əməllərində cinayətin tərkibinin elementləri olduğundan iş üzrə xüsusi qərardad çıxarılmalı və aidiyyəti üzrə prokurorluğa göndərilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, iddianı 4, 5, 6-cı bənd şəklində verilmiş tələblər hissəsində qəbul edirlər. Belə ki, müqavilə tərəfi olan iddiaçı ona veriləcək mənzilin otaqlarının sayını bilməli, mənzilin hansı binadan, hansı blokdan və hansı mərtəbədən veriləcəyi onunla razılaşdırılmaqla qeyd edilməli, müəyyənlik prinsipinə görə tikintinin başa çatdırılma müddəti və mənzilin ona təhvil verilməsi müddəti və qaydası onunla razılaşdırılmaqla göstərilməsi zəruridir. Lakin iddia tələbi 1, 2 və 3-cü bəndlərlə bağlı hissədə əsassızdır. Belə ki, qeyd olunan bəndlər üzrə iddiaçı ilə müqavilə bağlanarkən sonuncu müqavilənin dəqiq şəkildə göstərilmiş bəndləri ilə tanış olmuş, bununla bağlı razılıq vermiş və iradə ifadəsinə əsasən müqaviləni imzalamışdır. Müqavilədə mənzilin sahəsi, mənzil təhvil verilənə kimi Şirkət tərəfindən iddiaçıya veriləcək kirayə haqqının məbləği, həmçinin veriləcək mənzilin təmirsiz olacağı dəqiq göstərilmişdir. Müqavilənin 2.2-ci bəndində iddiaçıya məxsus 54,4 m2 sahədən ibarət qeyri-yaşayış sahəsinin əvəzinə 62,0 m2 sahədən ibarət təmirsiz mənzil veriləcəyi, 2.3-cü bəndində isə mənzilin tikinti işləri başa çatanadək şirkət tərəfindən iddiaçıya hər ay 200 manat kirayə haqqı ödəniləcəyi aşkar şəkildə qeyd olunmuşdur. Şirkət tərəfindən qeyd olunan bəndlər üzrə iddiaçının hər hansı hüquqları pozulmamışdır. Bu səbəbdən, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 18 iyul 2017-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 54,4 m2 sahəsi olan qeyriyaşayış sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına tam pay şəklində daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 5327 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 02 mart 2021-ci il tarixli 67/3 saylı müqavilədən görünür ki: - Bir tərəfdən Azərbaycan Respublikasının qüvvədə olan qanunları və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh («Şirkət»), direktor X2 şəxsində təmsil olunan, digər tərəfdən Azərbaycan Respublikasının vətəndaşı, İddiaçı (şəxsiyyət vəsiqəsi - AZE № ********, ASAN1 tərəfindən xx.xx.2017-ci il tarixdə verilmişdir) («Mülkiyyətçi») aşağıdakı şərtlərlə bu Müqaviləni imzalamışlar: Tərəflər bu Müqaviləni imzalayarkən nəzərə almışlar ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 59 saylı sərəncamı ilə, Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazini Cavabdeh MMC-yə ayrılmasını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi «Azərdövlətsənayelayihə» DLİ tərəfindən təsdiq olunmuş xx.xx.2020-ci il tarixli rəyini əsas tutaraq bu ərazidə yerləşən, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli və istismar müddəti keçmiş, əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, həmin ərazidə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə uyğun yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış və qeyri-yaşayış binaların tikilməsi nəzərdə tutulmuşdur.

1. Müqavilənin predmeti: Bu Müqavilə «Mülkiyyətçi»nin mülkiyyət hüququna əsasən sərəncamında olan pay üzrə ona məxsus yaşayış sahəsinin «Şirkət» tərəfindən sökülərək əvəzində ona tikiləcək hündürmətrəbəli yaşayış binasından mənzil verməsi, tikinti işləri yekunlaşanadək «Şirkət» tərəfindən «Mülkiyyətçi»yə kirayə haqqı verməsi və «Mülkiyyətçi»nin köçürülməsi üçün ona maddi yardım etməsi ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. 1-2. Bu Müqavilənin 1.1-ci yanmbəndində qeyd edilmiş məsələlərin həlli Müqavilənin 2-ci bəndinə uyğun şəkildə həyata keçiriləcək.

2. Mənzilin ünvanı, sahəsi, təhvil verilmə, ödənişlər və köçürülmə qaydası: Bu Müqaviləyə əsasən «Mülkiyyətçi» yaşadığı ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 54,4 m2 olan qeyri-yaşayış sahəsini (zirzəmini) aşağıdakı qaydada «Şirkət»ə təhvil verəcək. Qeyri-yaşayış sahəsinin yüklülüyünə dair «forma-1» arayışını təqdim edir; Qeyri-yaşayış sahəsinin reyestrdə qeydə alınmış mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə nəzərdə tutulmuş arayışı təqdim edir; Müqavilə təqdim olunduğu gündən 10 gün müddətində qeyri-yaşayış sahəsini (zirzəmini) tam boşaldaraq (döşəmə, tavan, qapı, pəncərə saxlanılması şərti ilə) təhvil verir; 2.2. Bu Müqaviləyə əsasən «Şirkət» Yasamal rayonu Sübhi Salayev küçəsi 5 ünvanda «Mülkiyyətçi»yə məxsus, 54,4 m2 sahədən ibarət olan qeyri-yaşayış sahəsini (zirzəmini) sökmək məqsədi ilə «Mülkiyyətçi»dən təhvil alır, əvəzində tikiləcək yaşayış binasmm girişinin, mərtəbəsindən güzəştli sahəni əlavə etməklə ümumilikdə 62 m2 sahədən ibarət olan, otaqlı təmirsiz mənzil verir. «Şirkət» mənzilin tikinti işləri başa çatanadək (mənzil «Mülkiyyətçi»yə verilənədək) «Mülkiyyətçi»yə hər ayın əvvəlində 200 manat kirayə haqqı ödəyir; 2.4. Bu Müqavilə üzrə «Mülkiyyətçi»yə verilməli olan 200 manat kirayə haqqı «Mülkiyyətçi»yə təqdim edilmiş saylı karta köçürmə yolu ilə həyata keçirilir. Müəyyən olunmuş məbləğ karta köçürüldüyü andan «Mülkiyyətçi»nin sərəncamına keçir və həmin andan «Şirkət» heç bir məsuliyyət daşımır. İddiaçı qeyd olunan müqavilənin şərtləri ilə tanış olaraq razılığını bildirməklə, müqaviləni imzalamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İşin yuxarıda qeyd olunan faktiki hallarından göründüyü kimi, tərəflər aralarında imzalanmış müqavilə əsasında sərbəst şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirmiş, qanunvericiliyə zidd olmayan müqavilə şərtləri təsbit etmişlər. Hazırda iddiaçı müqavilə şərtlərinin 6 bənd üzrə dəyişdirilməsini (dəqiqləşdirilməsini) tələb edir. Cavabdeh tərəf iddianı 4, 5 və 6-cı bəndlər üzrə etiraf edir və bildirir ki, həqiqətən də həmin bəndlər üzrə müqavilə şərtlərinin dəqiqləşdirilməsinə zərurət var. Cavabdeh tərəf həmin hissədə iddia tələbini ədalətli və haqlı hesab edir. Bununla bağlı cavabdeh tərəf məhkəməyə müvafiq ərizə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı 4, 5 və 6-cı bəndlər üzrə əsaslı hesab etməklə yanaşı, cavabdehin həmin hissədə iddianı etirafını nəzərə alaraq hesab edir ki, iddia qeyd olunan hissədə təmin edilməlidir. İddia tələbi 1, 2 və 3-cü bəndlər üzrə təmin edilə bilməz. Belə ki, müqavilədə mənzilin sahəsi, mənzil təhvil verilənə kimi cavabdeh tərəfindən iddiaçıya veriləcək kirayə haqqının məbləği, həmçinin veriləcək mənzilin təmirsiz olacağı dəqiq göstərilmişdir. Müqavilənin 2.2-ci bəndində iddiaçıya məxsus 54,4 m2 sahədən ibarət qeyri-yaşayış sahəsinin əvəzinə 62,0 m2 sahədən ibarət təmirsiz mənzil veriləcəyi, 2.3-cü bəndində isə mənzilin tikinti işləri başa çatanadək cavabdeh tərəfindən iddiaçıya hər ay 200 manat kirayə haqqı ödəniləcəyi qeyd olunmuşdur. Cavabdeh tərəfindən qeyd olunan bəndlər üzrə iddiaçının hər hansı hüquqları pozulmamışdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı həmin bəndlər üzrə hüquqlarının pozulduğunu qeyd etsə də, hüquqlarının cavabdeh tərəfindən pozulmasına (iddia tələbinin əsası kimi istinad etdiyi hallara) dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, iddia həmin hissədə təmin edilə bilməz. Ödəniş qəbzindən (tapşırığından) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 02 mart 2021-ci il tarixli 67/3 saylı müqaviləyə – iddiaçıya veriləcək mənzilin otaqlarının sayının göstərilməsi; iddiaçıya veriləcək mənzilin hansı binadan, hansı blokdan və hansı mərtəbədən veriləcəyinin iddiaçı ilə razılaşdırılmaqla göstərilməsi; tikintinin başa çatdırılma müddəti və mənzilin iddiaçıya təhvil verilməsi müddəti və qaydasının iddiaçı ilə razılaşdırılmaqla göstərilməsi barədə şərtlərin əlavə edilməsi Cavabdehnə həvalə edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 02 mart 2021-ci il tarixli 67/3 saylı müqaviləyə – iddiaçıya veriləcək mənzilin otaqlarının sayının göstərilməsi; iddiaçıya veriləcək mənzilin hansı binadan, hansı blokdan və hansı mərtəbədən veriləcəyinin iddiaçı ilə razılaşdırılmaqla göstərilməsi; tikintinin başa çatdırılma müddəti və mənzilin iddiaçıya təhvil verilməsi müddəti və qaydasının iddiaçı ilə razılaşdırılmaqla göstərilməsi barədə şərtlərin əlavə edilməsi Cavabdehnə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar