Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1778/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X7 oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən qeyd olunan 633 manat borcun tam şəkildə silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olan obyekt uzun illərdir ki, müvafiq müqavilələr əsasında icarədə olmuşdur. Həmin icarədarlar bütün kommunal xərcləri vaxtlı-vaxtında ödəməklə işləmişlər. İddiaçı özü də daim bu işlərə nəzarət etmişdir. xx.xx.2024-cü il tarixdə isə elektrik enerjisinin verilməsi dayandırılmışdır. Sayğaca pul köçürmək istəyəndə 633 AZN borc göstərilmişdir. İddiaçı aidiyyəti qurumlara müraciət etdikdən sonra həmin borcun 2020-ci ildən 2023-cü ilə qədər olan müddətdə yarandığı bildirilmişdir. 2023-cü ilin may ayından obyekt işləməmişdir. xx.xx.2024-cü ilə qədər də sayğacda pul vəsaitini artırdıqda borc olmamışdır. Bununla əlaqədar iddiaçı aidiyyəti yuxarı instansiyalara müraciət edərək, bütün dövrlərdə sözügedən obyektin xx.xx.2024-cü ilə qədər heç bir borcunun olmadığını, qəflətən belə bir borcun ortaya çıxmasının və borcun ödənilməsinin tələb edilməsinin onda narazılıq və təəssüf hissi doğurduğunu, elektrik enerjisi sərfiyyatına görə ödənişin onunla icarədarlar arasında bağlanmış icarə müqavilələrinə əsasən icarədarlar tərəfindən ödənildiyini bildirmişdir. Göründüyü kimi, iddiaçının çoxsaylı müraciətlərinə cavab olaraq cavabdeh tərəfindən həmin dövrdə yaranmış borcun vaxtında aşkar edilərək təqdim olunmaması, məhz özlərinin texniki səhvi nəticəsində elektrik enerjisi borcunun yaranması etiraf edilmişdir. İddiaçı dəfələrlə borcun silinməsi ilə bağlı xahişlə cavabdehə müraciət etsə də, cavabdeh borcun silinməsini təmin etməmişdir. Sonda iddiaçının istehlakçı hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması ona bildirilmişdir.
3. Cavabdeh "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının tələbini qəbul etmədiyini bildirmişdir.
4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında cavabdeh “Azərişıq» ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı Filialının mütəxəssisi X4 iddiaçının tələbində haqlı olduğunu, qanunvericiliyə əsasən texniki səhv nəticəsində yaranmış borcun istehlakçıdan tələb olunmasının yolverilməz olduğunu bildirdi.
7. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2011-ci ildən İddiaçı mülkiyyətindədir.
9. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, texniki səhvin araşdırılmasını və araşdırma başa çatanadək obyektə elektrik enerjisi verilməsini xahiş etmişdir.
10. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi məlumat bazasında 07/37-214 saylı abonent kodu ilə qeydiyyatdadır və xx.xx.2015-ci il tarixdən etibarən əvvəlcədən ödənişli, SMS tipli elektrik sayğacı ilə təchiz edilmişdir. Müxtəlif dövrlərdə qeyri-yaşayış sahəsinin təchiz edildiyi elektrik sayğacında yaranmış texniki xəta nəticəsində sayğacın balansına həyata keçirilən ödənişlərdən əlavə məbləğlər oturmuşdur. Bunun nəticəsində ümumi istehlak həcmi ödənilmiş vəsait qarşılığında istifadə edilə biləcək elektrik enerjisi həcmini üstələmiş və bu səbəblə dəyəri ödənilməmiş elektrik enerjisi borcu yaranmışdır. Enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının sərf etdiyi elektrik enerjisi miqdarının hesablanması və abunə vərəqinə inteqrasiyası düzgün icra edilmiş, lakin elektrik sayğacı əvvəlcədən ödənişli olduğundan sayğacın daxili yaddaşında yaranmış texniki nasazlığın anında aşkarlanması mümkün olmamışdır. Qeyri-yaşayış sahəsi üzrə yalnız sərf edilmiş elektrik enerjisinin dəyəri tələb olunmuş və istifadə miqdarının dəyərindən artıq vəsait tələb olunmamışdır.
11. Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində istehlak edilmiş elektrik enerjisinin hesabatı üçün E350 markalı, zavod nömrəsi 14728266, dövlət möhürü 55090 olan hesablaşma elektrik sayğacına xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək yüklənən məbləğlərdən əlavə olaraq vəsaitlər daxil olmuşdur. Müəyyən edilmişdir ki, SMS tipli sayğaca əlavə olunan vəsaitlər məhz texniki nasazlıq və mobil şəbəkə problemi səbəbindən yaranmışdır. Bununla da SMS tipli sayğacın daxili yaddaşında yaranmış çatışmazlıq əlavə borc yaranmasına səbəb olmuşdur. Göstərilən dövr ərzində enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən aylar üzrə oxunma aparılsa da, sayğacda qeyd edilən qüsur aşkar olunmamış və ya bu barədə heç bir araşdırma aparılmamışdır. Bununla da qüvvədə olan müvafiq qanunvericiliyin tələbləri pozularaq təqsirkar bilinərək iddiaçının hesabına əlavə borc daxil edilmişdir. Müvafiq dövr ərzində SMS tipli sayğacda yaranmış qüsur səbəbindən iddiaçının hesabına əlavə olunmuş borcun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinin tələbinə uyğun olaraq silinməsi və nəticəsi barədə məlumat verilməsi məqsədilə cavabdehə müvafiq məktublar ünvanlanmışdır. Cavab olaraq iddiaçının hesabına əlavə olunmuş borcun sayğac sərfiyyatından yarandığı, qeyri-yaşayış sahəsində istehlak edilmiş və ödənişi təmin edilməmiş enerji dəyərinin olduğu bildirilmişdir. Məsələ ilə bağlı iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya bildirilmişdir.
12. İş materiallarında, həmçinin, icarə müqavilələri, abunə haqqında sənədlər və hesab ödəniş vərəqləri əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı ilə müxtəlif şəxslər arasında bağlanmış icarə müqavilələrinə əsasən, qeyd olunan qeyri-yaşayış sahəsi icarəyə götürənlərin istifadəsində olmuşdur. Qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğacın əvvəlcədən ödənişli, SMS tipli olması, yəni ödəniş etmədən elektrik enerjisindən istifadənin mümkün olmaması hazırkı işin mübahisəsiz halını təşkil edir. İddiaçı kommunal xidmətlərdən istifadə ilə bağlı ödənişlərin qeyri-yaşayış sahəsini icarəyə götürənlər tərəfindən ödənildiyini, sonuncu dəfə obyekti təhvil-təslim edərkən icarəyə götürənin sayğac üzrə heç bir borcunun olmadığını, 2023-cü ilin may ayından isə qeyri-yaşayış sahəsinin işləmədiyini, 2024-cü ilin avqust ayının ortasına qədər heç bir borc olmadığı halda, həmin vaxtdan sonra sayğac üzrə 633 manat məbləğində borcunun olmasının müəyyən edildiyini bildirmişdir.
14. Məsələ ilə bağlı iddiaçının yazılı müraciətinin araşdırılması nəticəsində cavabdehin verdiyi xx.xx.2024-cü il tarixli cavab məktubunda borcun müxtəlif dövrlərdə qeyri-yaşayış sahəsinin təchiz edildiyi elektrik sayğacında olan texniki xəta nəticəsində yaranması, istehlakçı tərəfindən ödənilmiş məbləğdən artıq məbləğin sayğaca yüklənməsi və sərf olunması, yazılan borcun ödənilmiş məbləğdən artıq sərf edilmiş enerjinin dəyəri olması ona bildirilmişdir.
15. İddiaçının X1 Agentliyi Bakı Filialına etdiyi müraciətə cavab olaraq ona ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda elektrik sayğacına xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək yüklənən məbləğlərdən əlavə olaraq vəsaitlər daxil olması, SMS tipli sayğaca əlavə olunan vəsaitlərin məhz texniki nasazlıq və mobil şəbəkə problemi səbəbindən yaranması, bununla da SMS tipli sayğacın daxili yaddaşında yaranmış çatışmazlığın əlavə borc yaranmasına səbəb olması, göstərilən dövr ərzində enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən aylar üzrə oxunma aparılsa da, sayğacda qeyd edilən qüsurun aşkar olunmaması və ya bu barədə heç bir araşdırma aparılmaması, müvafiq dövr ərzində SMS tipli sayğacda yaranmış qüsur səbəbindən iddiaçının hesabına əlavə olunmuş borcun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinin tələbinə uyğun olaraq silinməli olması və bu barədə tələblə cavabdehə müraciət edilsə də, cavabdehin tələbi təmin etməməsi ona bildirilmiş, məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
16. Hazırda iddiaçı həmin borcun texniki xəta nəticəsində yaranması səbəbindən silinməsini, cavabdeh isə borcun sərfiyyat borcu olması və borcun bir hissəsinin artıq iddiaçı tərəfindən ödənilməsi səbəbindən silinməməsini məhkəmədən xahiş edirlər.
17. Məhkəmə araşdırmaları zamanı zəruri texniki və digər biliyə malik olan X1 Agentliyi Bakı Filialının mütəxəssisi Xatınov Rauf işə cəlb edilmiş, hazırkı məhkəmə iclasında onun mübahisəyə dair şərhi dinlənilmişdir. Mütəxəssis mübahisələndirilən borcun xx.xx.2021ci il tarixindən xx.xx.2023-cü il tarixinədək texniki nasazlıq və mobil şəbəkə problemi səbəbindən yarandığını, belə ki, istehlakçının etdiyi ödənişlərdən əlavə məbləğlərin də hesaba yükləndiyini, lakin cavabdehin əməkdaşlarının bu problemi hər hesablaşma dövrü (aylıq) üzrə aşkar etmək imkanı olduğu halda, səhlənkarlıq səbəbindən gec aşkar etdiklərini, qanunvericiliyə əsasən isə texniki səhv nəticəsində yaranmış borcun istehlakçıdan tələb olunmasının yolverilməz olduğunu bildirmişdir.
c) Məhkəmənin mövqeyi:
18. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
19. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçıya məxsus obyektə quraşdırılmış elektrik sayğacının əvvəlcədən ödənişli sayğac olması işin mübahisəsiz halıdır. Bu isə o deməkdir ki, həmin sayğac üzrə hesabda pul olmadan obyektdə elektrik enerjisindən istifadə etmək mümkün deyildir. Yəni hesabda nə qədər pul varsa, istehlakçı da həmin məbləğ həddində elektrik enerjisi sərf edə bilir, məbləğ bitdikdə isə elektrik enerjisinin verilişi dayanır. İstehlakçının hesaba yüklədiyi puldan daha artıq pul məbləğinin texniki xəta nəticəsində hesaba yüklənməsini, başqa sözlə ödədiyi puldan artıq həcmdə elektrik enerjisini sərf etməsini müəyyən etməsi mümkün deyildir, yəni istehlakçı elektrik enerjisinin verilişi dayanana qədər məhz ödədiyi pul həddində elektrik enerjisi istehlak etdiyini düşünməkdə haqlıdır. Bu hesablaşmanın doğru olub-olmamasını müəyyən etmək, sistemdəki texniki problemləri vaxtında müəyyən edərək aradan qaldırmaq və istehlakçıya bunlar barədə vaxtında məlumat vermək isə enerjitəchizatı müəssisəsinin vəzifəsidir.
20. Elektrik enerjisindən istifadə qaydalarını tənzimləyən müvafiq qanunvericilik aktında hesablaşma dövrünün 1 ay, sərfiyyatın isə sayğac göstəricilərinə əsasən hesablanmalı olması təsbit edildiyindən məhkəmə hesab edir ki, ən azı texniki xətanın baş verdiyi ilk aydan sonra cavabdeh bu xətanı müəyyən edərək aradan qaldırmalı idi. Lakin göründüyü kimi, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək sistemdə texniki xəta olsa da (cavabdeh xətanın yalnız 2023-cü ildə olduğunu bildirir), cavabdeh bu xətanı yalnız 2024-cü ilin avqust ayında müəyyən edərək, iddiaçının hesabına borc kimi yazmış, iddiaçı məsələnin araşdırılması üçün müraciət etdikdən sonra isə cavabdeh bunun texniki xəta səbəbindən əlavə yüklənmiş məbləğ üzrə sərf edilən enerjinin dəyəri olduğunu bildirmişdir.
21. Yuxarıda qeyd edilmiş Qaydalarda istehlakçı tərəfindən hesab tam ödənildikdən sonra enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin istehlakçı tərəfindən ödənilməsinin tələb edilməsinin yolverilməz olması vurğulandığından, iş üzrə şərh vermiş mütəxəssisin izahatının da qanuna uyğun, mötəbər olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə yazılmış 633 manat məbləğində borcun iddiaçıdan tələb edilməsi əsassızdır, buna görə də həmin borc silinməlidir. Cavabdeh tərəf iddiaçının həmin borcun bir hissəsini ödədiyini, hazırda borcun daha az məbləğdə olmasını mübahisələndirsə də, iddiaçının borcdan xəbəri olmadan etdiyi ödənişlər cavabdeh tərəfindən borca silindiyinə görə məhkəmə hesab edir ki, cavabdehin bu dəlili əsassızdır. Çünki iş materialları ilə müəyyən edilir ki, iddiaçı borcdan xəbər tutan kimi bu məsələni mübahisələndirmiş, əvvəlcə cavabdehə, sonra nəzarət qurumuna və nəhayət məhkəməyə müraciət etmişdir. Buna görə də iddiaçıya əsassız yazılmış 633 manat məbləğində borcun silinməsi cavabdeh tərəfindən təmin edilməli, bu zaman hesabda həmin məbləğdə borc olmadığına görə ödənilmiş məbləğdən həmin borca silinmiş pul vəsaiti hesaba geri qaytarılmalıdır.
d) Tətbiq edilən hüquq və gəlinən nəticə:
22. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13, 8-ci bənd. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır; Maddə 17, 1-ci bənd. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: 8.2-ci bənd. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.12-ci bənd. Enerjitəchizatı müəssisəsi öz vəsaiti hesabına elektrik enerjisinə görə hesablaşmada əvvəlcədən ödəmə üsulunu tətbiq edə bilər. Bu halda elektrik enerjisinə görə hesablaşma aparmaq üçün əvvəlcədən ödəmə sistemli elektrik sayğaclarından istifadə olunur. 8.26-cı bənd. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
26. Məhkəmə yuxarıda istinad edilən hüquq normalarına əsasən belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən səhvən hesablanmış 633 (altı yüz otuz üç) manat məbləğində borc İddiaçı abunə hesabından (abunə kodu **********39190) silinməlidir.
Nəticə:
27. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən səhvən hesablanmış 633 (altı yüz otuz üç) manat məbləğində borc İddiaçı abunə hesabından (abunə kodu **********39190) silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X8