Məhkəmə qərarları › İş №2(006)-1798/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1798/2020

22.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1798/2020 22.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı Tanrıverdi qızının, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Tanrıverdi qızının cavabdeh “xxxxxxxx” ASC-yə qarşı "aktın etibarsız hesab edilməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Tanrıverdi qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxx” ASC tərəfindən tərtib olunmuş ******* saylı, xx xxxxxxx 2019-cu il tarixli aktın etibarsız hesab olunması, həmçinin qanunsuz olaraq işıq sərfinə görə hesablanmış 515,72 manat borcun silinməsi, habelə tərəfindən cavabdeh təşkilata 2019-cu ilin dekabr ayında ödənilmiş 50 manat və xx xxxxxx 2020ci il tarixdə ödənilmiş 80 manat məbləğində pulun alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 mənzil 005K ünvanında yaşayır. Qeyd olunan mənzilin kommunal xərcləri, xüsusilə də elektrik xərcləri tərəfindən hər zaman vaxtı-vaxtında ödənilir. xx xxxxxxx 2019-cu il tarixdə cavabdeh “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən ******* saylı akt tərtib edilmiş və ona 515,72 manat əsassız borc hesablanmışdır. Həmçinin xx xxxxxxx 2019-cu il tarixli akta əsasən guya yuxarıda qeyd etdiyi mənzilə aid sayğac arxa tərəfdən açılaraq müdaxilə olunmuşdur. Hesab edir ki, xx xxxxxxx 2019-cu il tarixli akt tamamilə əsassızdır və qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Belə ki, birincisi ona məxsus mənzilin sayğacına tərəfindən hər hansı müdaxilə edilməmişdir. Əgər edilibsə də, o, buna cavabdehlik daşımamalıdır. Çünki sayğac mənzildə deyil, mənzildən çöldə, hər kəs üçün nəzərdə tutulan ümumi istifadədə olan yerdə quraşdırılmışdır. Ona pislik etmək niyyəti olan və ya istənilən şəxs sayğacına rahat şəkildə müdaxilə edə bilər. Bundan əlavə, cavabdeh təşkilatın işçiləri tərəfindən hər ay onun yaşadığı ünvandakı elektrik sayğacı yoxlanılmış və orada heç bir qüsur aşkar edilməmişdir. Beləliklə, bütün bunlara görə, yəni etmədiyi əmələ görə onun məsuliyyət daşımağı absurd və gülüncdür. Digər tərəfdən cavabdeh tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə ******* saylı akt qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edilmişdir. Belə ki, həmin aktda göstərildiyi kimi aktı “xxxxxxxx” ASC-nin əməkdaşları tərtib edərək imzalamışlar. Halbuki, qanunvericiliyin tələblərinə görə akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və 2 nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Aktdan göründüyü kimi onu nəinki 2 nəfər, hətta 1 nəfər belə hal şahidi imzalamamışdır. Bundan başqa həmin akt ümumiyyətlə ondan xəbərsiz, iştirakı təmin edilmədən tərtib olunmuşdur ki, o, bir məişət abonenti kimi izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququndan da məhrum olunmuşdur. Bu hallar isə cavabdehin əməkdaşlarının ona qarşı qərəzli olmalarını bir daha sübut etmiş olur. Eyni zamanda o, cavabdeh təşkilata aktın etibarsızlığı və borcun əsassız hesablanması ilə bağlı müraciətlər etsə də, müraciətləri cavabsız qalmış, cavabdehin nümayəndələri isə dəfələrlə gəlib onun işığını kəsəcəkləri ilə hədələmişlər. Buna görə də o, məcbur olub 2019-cu il ilin dekabr ayında ödənilmiş 50 manat və xx xxxxxx 2020-ci il tarixdə isə 80 manat məbləğ ödəmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri və həmçinin digər halları nəzərə alaraq “xxxxxxxx” ASC tərəfindən tərtib olunmuş ******* saylı, xx xxxxxxx 2019-cu il tarixli aktın etibarsız hesab olunması, həmçinin qanunsuz olaraq işıq sərfinə görə hesablanmış 515,72 manat borcun silinməsi, habelə tərəfindən cavabdeh təşkilata 2019-cu ilin dekabr ayında ödənilmiş 50 manat və xx xxxxxx 2020-ci il tarixdə ödənilmiş 80 manat məbləğində pulun alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Tanrıverdi qızıyuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X2 iddia tələblərinə etiraz edərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. xx.xx.2019-cu il tarixli sayğacların və cərəyan transformatorlarının yoxlanması protokolundan görünür ki, sayğacın “o” xəttinin hər iki yuvası ərimiş, xəta fazilərini yoxlamaq mümkün deyil. Yoxlama zamanı məlum olmuşdur ki, sayğacın arxası germetik hissədən açılaraq sayğaca müdaxilə olunmuşdur. Sayğac istismara yararsızdır. “xxxxxxxx” ASC tərəfindən İddiaçı Tanrıverdi qızına ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, İddiaçı Tanrıverdi qızına 515,72 manat borc hesablanmışdır. “xxxxxxxx” ASC-nin Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı protokoldan görünür ki, yoxlama zamanı məlum olmuşdur ki, elektrik sayğacının giriş və çıxış faza yuvası ərimişdir. Axam yük tərəflərindən apermaşa vasitəsi ilə ölçülmüşdür (3,2 A). Abunə kodu **********T005K olan abunə haqqında sənəddən görünür ki, İddiaçı Tanrıverdi qızına xx.xx.2019-cu il tarixli US ******* saylı akta əsasən 509,53 manat əlavə ödəniş hesablanmışdır.İddiaçı Tanrıverdi qızı tərəfindən xx xxxxxx 2019-cu il tarixdə 50 manat və xx xxxxxx 2020-ci il tarixdə 80 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cıbəndinəəsasənenerjitəchizatı müəssisəsiiləistehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılmasıüçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğaclarıilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir vəistismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-cibəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. HəminQaydaların8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda(abunə kodu- **********T0005K) quraşdırılmış sayğac laboratoriya yoxlamasından keçmiş, sayğacın “o” xəttinin hər iki yuvasının əridiyi, sayğacın arxası germetik hissədən açılaraq sayğaca müdaxilə edildiyi aşkar olunmuş, bununla əlaqədar həmin tarixdə US ******* saylı akt tərtib edilmiş və akta əsasən iddiaçıya 509,53 manat əlavə ödəniş hesablanmışdır. Sayğac istismara yararsız olduğundan yenisi əvəz olunmuşdur. İddiaçı Tanrıverdi qızı tərəfindən 2019-cu il ilin dekabr ayında 50 manat və xx xxxxxx 2020-ci il tarixdə isə 80 manat məbləğ ödəmişdir. Hazırda nə iddiaçı, nə də cavabdeh tərəfindən borcun yaranmasına əsas olmuş aktın əsli məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Təqdim edilmiş aktın surətinə əsasən isə görünür ki, sayğac dəyişdirilərkən iddiaçının iştirakı təmin edilməmişdir. Eyni zamanda iddiaçının Aktı imza etməkdən imtina etməsi barədə qeydin aparılması, hal-şahidlərinin iştirakı da aktdan müəyyən edilmir. Ümumiyyətlə sayğacın yoxlanılması, yenisi ilə əvəz edilməsi, başqa yerə daşınması və quraşdırılması zamanı iddiaçının iştirakını sübut edə biləcək hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Qaydaların tələblərinə riayət edilmədən tərtib edilmiş akt etibarlı deyil və beləliklə də onun əsasında hesablanmış borc silinməlidir. Eyni zamanda iş materialları ilə sayğacın iddiaçıya məxsus həyət evinin çöl divarında quraşdırılması müəyyən edilmişdir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə abonent məsuliyyət daşımamalıdır. Bundan başqa iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıdan borc kimi yazılmış 509,53 manat məbləğində əlavə ödənişin tələb edilməsi sayğacdakı qüsurlara görə cavabdehlik daşımadığı üçün qanunvericiliyə ziddir. Belə ki, Mülki Məcəllənin (bundan sonra - MM) 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, İddiaçı Tanrıverdi qızı tərəfindən qüsurlu hesab edilmiş akta əsasən **********T0005K saylı abunə koduna hesablanmış borcu ödəmək məqsədilə xx xxxxxx 2019-cu il tarixdə 50 manat və xx xxxxxx 2020-ci il tarixdə 80 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddənin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün şərtlər aşağıdakılardır: Borclu əmlak əldə etsin; Həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin; Bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə US ******* saylı, xx xxxxxxx 2019-cu il tarixli aktın qüsurlu olduğu qənaətinə gəldiyi üçün hesab edir ki, həmin akta əsasən yaranmış borcu ödəmək məqsədilə iddiaçı tərəfindən “xxxxxxxx” ASC-nin hesabına köçürülmüş 130 manat məbləğində pul, ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununlabelə, tərəfin öz tələblərini təsdiqetmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cümaddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab dir ki, iddia qismən təmin edilməli, cavabdeh “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş US ******* saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış 509,53 manat məbləğində borc **********T005K saylı abunə hesabından silinməli, İddiaçı Tanrıverdi qızı tərəfindən “xxxxxxxx” ASC-nin hesabına köçürülmüş 130 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş US ******* saylı akt etibarsız hesab edilsin və həmin akta əsasən hesablanmış 509,53 manat məbləğində borc İddiaçı Tanrıverdi qızına məxsus **********T005K saylı abunə kodundan silinsin. 130 manat məbləğində pul cavabdeh “xxxxxxxx” ASC-dən tutularaq İddiaçı Tanrıverdi qızına ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar