Məhkəmə qərarları › İş №2(006)-1826/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1826/2022

05.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1826/2022 05.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı və eyni zamanda, digər iddiaçı X3 qanuni nümayəndəsi İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı və eyni zamanda, digər iddiaçı X3 qanuni nümayəndəsi İddiaçı Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı və eyni zamanda, digər iddiaçı X3 qanuni nümayəndəsi İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1/3, oğlu X3 1/3 və Cavabdeh 1/3 pay hüququ ilə mülkiyyətlərində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsindəki 241 saylı evin 52 saylı mənzilinin Cavabdeh məxsus 1/3 pay hüququnun kompensasiyasını ödəmək yolu ilə cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi, bu mümkün olmadıqda açıq hərracda satılaraq dəyərinin paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ildə X4 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından X9 anadan olmuşdur. xx.xx.2020-ci ildə X1 vəfatından sonra qanun üzrə vərəsəlik hüququ əsasında mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsindəki 241 saylı evin 52 saylı mənzilinin 1/3 pay hüququ iddiaçının qayınanası Cavabdeh, 1/3 hissəsi iddiaçının və 1/3 hissəsi isə mərhumla birgə nikahlarından anadan olan X3 arasında 1/3 paylarla miras kimi qəbul edilmiş və bu barədə hüquqların dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh əmlakın razılıqla satılaraq dəyərinin paylarına mütənasib şəkildə bölünməsinə razı deyil. İddiaçı qanunvericiliklə nəzərdə tutulan pretenziya qaydasına riayət etmiş və ilkin olaraq cavabdehə bu barədə təklif göndərmişdir. Cavabdeh pay hüququnu satmır və iddiaçıya məxsus pay hüququnu almaq istəmir, buna görə də cavabdehin pay hüququnu iddiaçıya satması və ya iddiaçının pay hüququnu alması, bu, mümkün olmadıqda mənzilin açıq hərracda satılması yolu ilə pay hüququna xitam verilməsi barədə məhkəmə qərarının olması vacibdir. Belə ki, mənzilin pay hüququnun satılması barədə razılıq olmadığından hərracda satılaraq paylara uyğun bölünməsi də zəruridir. Cavabdehlə paylı mülkiyyətə sahib olmaq onlar arasında olan bütün normal qohumluq münasibətlərini korlamış və mübahisələri məhkəmə müstəvisinə daşınaraq müxtəlif iddialarla məhkəmə çəkişmələri çoxalmışdır. Halbuki, cavabdeh onun qayınanasıdır, ona mərhum həyat yoldaşının anası və uşağının nənəsi kimi hörmət edir, aralarında olan mübahisədən övladının da təsirlənib nənə-nəvə münasibətlərinin soyumasını istəmir. Lakin cavabdeh insani və hüquqi qaydalara əməl etmir. Buna görə də iddiaçı Cavabdeh qarşı “payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 241 ünvanında yerləşən 52 saylı mənzilin 2/3 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-293/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Həmin mübahisə zamanı dəqiqləşmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 241 ünvanında yerləşən 52 saylı mənzilin real bölgüsünün aparılması, həmin mənzilin tərəflərin paylarına uyğun bölünməsi texniki cəhətdən mümkün deyildir. Cavabdehə mənzildəki 1/3 pay hüququnu iddiaçıya satmasını təklif etməsinə baxmayaraq o, heç bir təkliflə razılaşmır və əsassız süründürməçilik yaradır. Mənzildə yaşamasına mane olmasa da, cavabdeh iddiaçını məhkəməyə verərək ona maneçilik törətdiyi üçün əsassız olaraq 5 000 manat pul tələb edir. Bütün bu mübahisələrə son qoyaraq, normal qohumluq bağlarının qalmasını təmin etmək məqsədilə son variant kimi cavabdehə 30 000 (otuz min) manat kompensasiya ödəməklə cavabdehin mənzildəki pay hüququnun ona keçməsi və onun pay hüququna xitam verilməsi, bu mümkün olmadıqda isə mənzilin açıq hərracda satılaraq satışdan əldə olunan məbləğin paylara mütənasib olaraq bölünməsi zəruridir. Mənzilin digər 1/3 pay hüququ iddiaçının oğlu X6 məxsusdur ki, o, yetkinlik yaşına çatmadığından və iddiaçının himayəsində olduğundan iddiaçı onun qanuni nümayəndəsidir və uşağın hüquqlarının da ən yüksək səviyyədə qorunmasını təmin etməyə çalışır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və eyni zamanda, digər iddiaçı X3 qanuni nümayəndəsi İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 241 ünvanında yerləşən 52 saylı mənzil ilə bağlı kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi, həmin mənzilin bazar qiymətinin müəyyələşdirilib hərraca çıxarılaraq satılması, payların bölünməsinin kompensasiya şəklində ödənilməsi və Cavabdeh mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə iddiaya etiraz təqdim edərək, mübahisələndirilən mənzildə cavabdehin mərhum qızının azyaşlı oğlu (onun nəvəsi) X3 da payı olduğunu, iddiaçının bu tələbinin uşağın mənafeyinə zidd olmasını bildirmişdir. Onların hər birinin mənzilə dair 1/3 hissədə payları müəyyən olunmuşdur. Həmin mənzil cavabdehin mərhum həyat yoldaşı tərəfindən Salyandakı evlərini satdıqdan sonra burada qızının adına alınmış və həmişə də orada özləri yaşamışlar. Qızı bir səhv edərək 2017-ci ildə iddiaçı ilə rəsmi nikaha daxil olmuş, 2020-ci ildə isə ailələrində faicə baş vermiş, belə ki, qızı rəhmətə getmiş, körpə uşağı qalmışdı. İddiaçının heç nəyi yox idi, cavabdehin qızının bütün əmlaklarını (yeni tikili binada mənzil, avtomobil) ələ keçirmiş, lakin bununla kifayətlənməmiş, hökmən bu mənzili də onlardan almağa çalışır. Hər gün onlara zənglər gəlir ki, iddiaçının kənar şəxslərə külli miqdarda borcları vardır. Cavabdeh qorxur və əmindir ki, iddiaçı onun qızından qalan bütün əmlakları satacaq. Amma ortada bir azyaşlı uşaq var və onun taleyi cavabdehi narahat edir. İddiaçı artıq aylardır ki, uşağı cavabdehə göstərmir. İddiaçının hazırki tələbi (son dəqiqləşmə nəzərə alınmaqla) Mülki Məcəllənin 220-ci maddəsinin (paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payların ayrılması), xüsusən də 220.4-cü maddəsinin tələblərinə tamamilə ziddir. İşin hazırki mərhələsində nə mənzilə dair qiymətləndirmə aparılmış, nə də Qəyyumluq və Himayəçilik Komissiyasından azyaşlının maraqları ilə bağlı rəy məhkəməyə daxil olmuşdur. Odur ki, Nəsimi Rayon İH-nin Y/1160 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunu, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, №10/4638 saylı məktubunu da nəzərə almaqla iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və eyni zamanda, digər iddiaçı X3 qanuni nümayəndəsi İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlara uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X8 bildirdi ki, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının icrası məqsədilə müvafiq rəy verilməsi üçün tərəflər Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına dəvət olunmasına baxmayaraq, onlar hər hansı üzrlü səbəb bildirmədən komissiya iclasında iştirak etməmişlər. Bu səbəbdən müvafiq rəyin verilməsi mümkün olmamışdır. İddianın təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və eyni zamanda, digər iddiaçının qanuni nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə və iddiaya etiraz ərizəsi ilə müqayisədə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı 084442 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası qrafasında İddiaçı, anası qrafasında X4 qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********59-05301-093002 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43,40 kv.m-dən ibarət olan mənzil 1/3 hissədə İddiaçı adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 1/3 hissədə Cavabdeh adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə və 1/3 hissədə X3 adına qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 vərəsələri İddiaçı, X7r və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak “Hyundai Accent” minik markalı 10TS837 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Qeyd olunan miras əmlakın 1/3 hissəsi açıq saxlanılmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-293/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsindəki 241 saylı evin 52 saylı mənzilinin 2/3 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/5769 saylı ekspert rəyi əsasında Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 241 saylı evin 52 saylı mənzilinin altı mərtəbəli yaşayış binasında altıncı mərtəbəsində yerləşməsini, yardımçı (mətbəx, dəhliz) və yaşayış tikililərinin və giriş qapısının yeganə olmasını, tikililərin planlı yerləşməsini nəzərə alaraq, həmin mənzillərin paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada təcrid şəkildə bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun və Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmiş, nəticədə İddiaçı Cavabdeh qarşı “payların naturada ayrılması” tələbinə dair iddiası təmin edilməmişdir. Mülki işin materiallarında olan X3 qanuni nümayəndəsi və payçı İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli pay hüququnun satılması tələbinə dair pretenziya məktubundan görünür ki, paylı mülkiyyət hüququ əsasında onlara məxsus olan mənzildə Cavabdeh məxsus 1/3 pay hüququnu 30000 manat müqabilində iddiaçıya satması xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə məlumat verilmişdir. Mülki işin materiallarında olan X3 qanuni nümayəndəsi və payçı İddiaçı Cavabdeh ünvanladığı pay hüququnun alınması barədə xx.xx.2022-ci il tarixli təklifindən görünür ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 241 saylı evin 52 saylı mənzilinin pay hüququ üzrə ona məxsus 1/3 hissəsinin və qanuni nümayəndəsi olduğu oğlu X6 pay hüququ üzrə məxsus 1/3 hissəsinin satın almasını cavabdehə təklif etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1826/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadlarına əsasən:

1. ünvan 2 ünvanında yerləşən mənzilin hazırda real bazar qiymətinin nə qədər təşkil etməsinin müəyyən edilməsi ilə əlaqədar mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi, ekspertizanın aparılmasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi, iş üzrə icraatın dayandırılması qərara alınmışdır.

2. Mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddia tələblərinin təmin edilibedilməməsinin yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X3 mənafeyinə uyğun olubolmamasını müəyyən etmək üçün müvafiq rəyin verilməsi məqsədi ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilməsi, iş üzrə icraatın Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi alınanadək dayandırılması qərara alınmışdır. Mülki işin materiallarında olan Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının İ müavini, Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Gülarə Verdiyeva tərəfindən X6 və Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1826/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə əlaqədar rəy verilməsi üçün onlar Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına dəvət olunmuşlar. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının aparatının Nəsimi Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 7/1160 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1826/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının icrası zamanı müvafiq rəy verilməsi üçün tərəflər Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının iclasına dəvət olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb bildirmədən komissiya iclasında iştirak etməmişlər. Mülki işin materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elmar Səidovun xx.xx.2022-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatından görünür ki, qərardadda qoyulmuş sualların həlli məqsədilə tədqiqat obyektinə baxış keçirilməsinin təşkil olunması barədə 25 iyul 2022-ci il tarixli vəsatət göndərilmiş, vəsatətə cavab olaraq xx.xx.2022-ci il tarixə baxış təyin olunmuşdur. Həmin tarixdə tədqiqat obyektinə gedilmiş, lakin qapı bağlı olduğundan baxış baş tutmamışdır. Göstərilənləri nəzərə alaraq, hazırki ekspertizanın aparılmasından imtina edilərək icrasız geri qaytarılmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı 2017-ci ildə Cavabdeh övladı X4 ilə nikaha daxil olmuş, xx.xx.2018-ci il tarixdə birgə nikahlarından digər iddiaçı X9 dünyaya gəlmişdir. X4 xx.xx.2020-ci ildə vəfat etmiş, iddiaçılar və cavabdeh onun vərəsələri qismində tanınmış və hazırki mübahisənin predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43,40 kv.m-dən ibarət olan mənzilə hər birinin 1/3 hissədə pay hüququ müəyyən edilmişdir. İddiaçı əvvəlcə paylı mülkiyyət hüququ əsasında onlara məxsus olan mübahisəli mənzildə Cavabdeh ilə birgə yaşamalarının və mənzildən birgə istifadə etmələrinin mümkün olmaması səbəbindən Cavabdeh qarşı “payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 241 ünvanında yerləşən 52 saylı mənzilin 2/3 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-293/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Həmin mübahisə zamanı dəqiqləşmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 241 ünvanında yerləşən 52 saylı mənzilin real bölgüsünün aparılması, həmin mənzilin tərəflərin paylarına uyğun bölünməsi texniki cəhətdən mümkün deyildir. Bundan sonra iddiaçı cavabdehin mənzildə 1/3 hissədə olan pay hüququnu 30000 manat müqabilində ona satmasını xahiş etmiş, daha sonra isə özünə və oğluna məxsus olan payların alınmasını cavabdehə təklif etmiş, lakin heç bir nəticə əldə etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə tərəfindən sözügedən mənzilin hazırda real bazar qiymətinin nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin ekspertizanın keçirilməsinə müvafiq şərait yaradılmadığından məhkəmənin qərardadı icra olunmadan geri qaytarılmışdır. Bundan başqa, məhkəmə tərəfindən iddia tələblərinin təmin edilibedilməməsinin yetkinlik yaşına çatmayan iddiaçı xx.xx.2018-ci il təvəllüdlü X3 mənafeyinə uyğun olub-olmamasını müəyyən etmək üçün müvafiq rəyin verilməsi məqsədi ilə hazırki mülki iş Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmiş, lakin tərəflər üzrlü səbəb bildirmədən komissiyanın iclasında iştirak etmədiyindən müvafiq rəyin verilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə iddia tələblərinin təmin edilməməsi qənaətinə gəlir və gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırmağı zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-213.4-cü maddələrinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Mülki Məcəllənin 220-ci maddəsinə müvafiq olaraq, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə görə, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin, paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki idda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, məhkəmə iddia tələblərinin əsassız olduğu qənaətinə gələrək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, hazırki işin faktiki halları maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia haqlı sayıla bilməz. Qeyd edilməlidir ki, hazırki mübahisə üzrə payın naturada ayrılmasının mümkün olmaması Nəsimi Rayon Məhkəməsinin 2(006)-293/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə öz təsdiqini tapsa da, iddiaçıların növbəti addımı cavabdehə qarşı onlara pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək olmalı idi. Lakin iddiaçılar sözügedən məzmunda tələblə (təklif) cavabdehə müraciət etsələr də, cavabdehə göndərdikləri təklifdə paylarının dəyərini müəyyən etməmiş, bundan başqa, məhkəməyə təqdim etdikləri iddia ərizəsində həmin tələbin əvəzinə cavabdehin özünə pul kompensasiyasının verilməsi ilə paylı mülkiyyətdəki pay hüququna xitam verilməsi tələbi irəli sürülmüşdür. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçıların belə bir tələblə məhkəməyə müraciət etmək kimi subyektiv hüquqları yoxdur. Bundan sonra iddiaçılar iddia tələbi üzrə dəqiqləşdirmə aparsalar da, yenə də özlərinə pul kompensasiyasının ödənilməsi tələbini tələblər sırasına daxil etməmiş, əlavə olaraq, həmin mənzilin bazar qiymətinin müəyyələşdirilib hərraca çıxarılaraq satılması, payların bölünməsinin kompensasiya şəklində ödənilməsi tələblərini də irəli sürmüşlər. Deməli, mənzilin naturada bölünməsi texniki cəhətdən mümkün deyildirsə, iddiaçı tərəf ən azından cavabdehə qarşı onlara kompensasiya ödənilməsi tələbini irəli sürməli idi, lakin belə bir tələb olmamışdır. Buna görə də məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, bu halda məhkəmə iddia tələbinin hədlərindən kənara çıxmış olar. Bundan başqa, cavabdehin iddiaçılara kompensasiya vermək imkanı olmadıqda və ya cavabdeh kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilərdi. Eyni zamanda, yuxarıda da qeyd edildiyi kimi, iddiaçılar əmlakın açıq hərracdan satılmasını birbaşa tələb etmək hüququna malik deyillər. Qeyd edilənlərə müvafiq olaraq, iddiaçı və eyni zamanda, digər iddiaçı X3 qanuni nümayəndəsi İddiaçı Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinin tələbinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Hazırki iş üzrə iddia təmin edilmədiyindən, məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı və eyni zamanda, digər iddiaçı X3 qanuni nümayəndəsi İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar