Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1871/2024 14.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ərzaq mağazasına hesablanmış borcun qanunsuz hesab edilib ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «ərzaq mağazasına hesablanmış borcun qanunsuz hesab edilib ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən abunə kodu 01/2-409 olan ərzaq mağazasına hesablanmış 2215.86 manat borcun qanunsuz hesab edilib ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 yanvar 2024-cü il tarixində saat 06:10-da iddiaçıya məxsus olan ərzaq mağazasının elektrik enerjisinin verilməsi dayandırılmış və 5-6 dəqiqədən sonra enerjinin verilməsi bərpa edilmişdir. İddiaçının qonşusu olan Xalıq adlı şəxs digər qonşu Abdulla adlı şəxsə zəng edərək 2 nəfər şəxsin əllərində fanar iddiaçının sayğacını qurdaladıqlarını bildirmişdir. Abdulla da öz növbəsində həmin şəxslərin orada olmadığını görərək iddiaçı ilə qapı qonşu olan Mübarizə adlı şəxsdən soruşduqda sonuncu bir nəfərin əlində qara şnur və sayğac qutusunun açarı olan 2 nəfərin İİ sıraya keçdiyini bildirmişdir. Abdulla qeyd edir ki, dəfələrlə onların kim olduqlarını soruşsa da həmin şəxslər özlərini təqdim etməmişlər. İddiaçı xx.xx.2024-cü il tarixdə səhər Binəqədi rayon İşıq idarəsinə yaxınlaşaraq məlumat vermiş və həmin tarixli ərizə ilə həmin idarəyə müraciət etmişdir. Qeyd olunan idarədə qeyri-əhali abunə kodlarına baxan "xxxx" ASC-nin Məhəmməd adlı əməkdaşı bildirmişdir ki, portal heç nə görünmür, əgər akt tərtib edildiyi halda hər hansı bir qeyd olar. İddiaçı hər gün Məhəmmədə zəng edərək məlumatlar almış, ancaq xx.xx.2024-cü il tarixdə ona məlum olmuşdur ki, süni kənar xətt düzəldilərək akt tərtib edilmişdir. İddiaçı özü Binəqədi rayon İşıq idarəsinin X7 yaxınlaşaraq lazımi sənədləri təqdim etməyi xahiş etsə də ala bilmədiyindən o "xxxx" ASC-yə yazılı müraciət edərək müvafiq sənədlərin (akt, protokol və s.) təqdim edilməsini xahiş etsə də müsbət cavab almamışdır. Nəyahət Binəqədi rayon İşıq idarəsi tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə akt təqdim edilmiş və həmin akt qeyd edilmişdir ki, 1. Yuxarıda “abonent özünü təqdim etmədi”, 2. Aşağıda “abonent özünü təqdim etmədi”. Sual yaranır ki, abonenti görmüsünüzmü? Görsəniz tanıyarsınızmı? Sayğac yerləşdiyi çöl divar iddiaçının yaşadığı evin giriş qapısından 1.1 metr məsafədə yerləşir. “Abonent özünü təqdim etmədi yox, abonenti narahat etmədik və qapını döymədik” yazsaydılar daha inandırıcı olardı. xx.xx.2024 (saat 16:22) tarixli bildiriş xəbərdarlıq vərəqində 64.46-dan başqa qalıq borcu görünmür. Lakin portalda 2215.86 manat borcun qeyd olunması öz əksini tapmışdır. Həmin borcla bağlı tərtib edilmiş akt qanunsuz tərtib edilmiş və əsassızdır. Məhkəmə hazırlıq iclasında İddiaçı işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədi. Məhkəmə hazırlıq iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədi. Məhkəmə mülki işin materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib hesab edir ki, hazırki mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki işin materiallarında olan Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında AZ-İ seriyalı 003405 nömrəli şəhadətnamədən görünür ki, X4 xx.xx.2006-cı il tarixdə soyadını, adını, ata adını X6 dəyişdirmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanı paylı mülkiyyət hüququ əsasında İddiaçı və X6 məxsusdur. X5 notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, 01/2-409 saylı abonent kodunun İddiaçı adına keçməsinə razı olduğunu, heç bir etirazı olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli 018864 nömrəli aktdan görünür ki, Binəqədi rayonu, Xutor qəsəbəsi, 3-cü sıra ünvanının (X2 məxsus olan abunə kodu: 01/2-409) çöl divarında quraşdırılan sayğaca baxış keçirilməsi nəticəsində kənar xəttin ləğv edilməsi, sayğac sxeminin EEİQ-na uyğun bərpa edilməsi qərara alınmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Gülmalıyev Yusif Abbas oğlu (VÖEN: **********) xx.xx.2006-cı ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmış (VÖEN statusu: aktiv) və əsas fəaliyyət istiqaməti “ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı”, fəaliyyət obyekti isə “İnstal” ərzaq mağazasıdır. "xxxx" ASC-yə aid sənədlərdən o da görünür ki, İddiaçı (VÖEN: **********) abonent kodu 01/2-409 olmaqla istehlakçı adı ərzaq mağazası” qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, İddiaçı (VÖEN: **********) və cavabdeh "xxxx" ASC (VÖEN: **********) müvafiq qaydada dövlət qeydiyyatına alınmış vergi ödəyiciləridir. Belə ki, İddiaçı fərdi sahibkar statusuna malik olan fiziki şəxs, cavabdeh "xxxx" ASC isə kommersiya hüquqi şəxsidir. Deməli, hazırki mübahisənin subyektiv tərkibi olan İddiaçı "xxxx" ASC sahibkarlıq fəaliyyəti subyektləridir. Tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinə gəldikdə isə qeyd edilməlidir ki, iş materialları əsasında müəyyən edilir ki, İddiaçı (VÖEN: **********) məhz fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək, ərzaq mağazasında digər ərzaq məhsullarının pərakəndə satışını həyata keçirir və cavabdeh "xxxx" ASC (VÖEN: **********) tərəfindən edilən hərəkətlər həmin obyektə təchiz edilən elektrik sayğacı ilə bağlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26-cı maddəyə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının: 10-cu bəndində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. 11-ci bəndində göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bəndinə əsasən bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 24-cü bəndinə görə nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Həmçinin nəzərə alınmalıdır ki, təbii inhisar subyektləri olan “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC-yə qarşı sahibkarlıq subyektlərinin, dövlət, bələdiyyə orqanlarının, eləcə də kommersiya məhkəmələrinə aid olduğu halda qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərin iddialarına, sonuncunun yerləşdiyi yer üzrə müvafiq kommersiya məhkəmələrində baxılması Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı (VÖEN: **********) məhz fərdi sahibkarlıq fəaliyyətini həyata keçirdiyindən, "xxxx" ASC (VÖEN: **********) təbii inhisar subyekti olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva etdiyindən, hazırki mübahisəyə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxıla bilməz. Beləliklə, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən məhkəmə hesab edir ki, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin: 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-32.4, 32.7-ci maddələrinin tələblərinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, İddiaçı (fərdi sabibkar) cavabdeh "xxxx" ASC-yə qarşı “ərzaq mağazasına hesablanmış borcun qanunsuz hesab edilib ləğv edilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-32 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ərzaq mağazasına hesablanmış borcun qanunsuz hesab edilib ləğv edilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1871/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1871/2024
14.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver